Respublika. - 2018.- 24 oktyabr. - ¹ 237. - S. 5-6.

 

Redaksiyanın arxivindən: Cənubi Qafqazı sarsıdan faciə

 

Yunis Abdullayev,

Basarkeçər rayonu, “Vardenis” qəzetinin redaktoru

 

(əvvəli 21 oktyabr tarixli sayımızda)

Saqqallı daşnaklar gecələr kəndlərə hücum edir, atəş açıb, insanları qorxu və vahiməyə salırdılar. Belə bir şəraitdə Ermənistan hökumətinin nüfuzlu nümayəndələri rayonlara göndərilmişlər ki, sözgəlişi sabitlik yaratsınlar. Əslində bu, belə deyildi. Bunu Basarkeçərdə olan Respublika Nazirlər Soveti sədrinin birinci müavini Vladimir Movsisyanın məkrli mövqeyindən daha aydın görmək olardı.

Vəziyyətin faciəvi forma alması respublikadakı müsəlmanların ata-baba ocaqlarından ayrılmaları ilə nəticələndi. Göyçədə Seyid Əlinin, Seyid Bayramın, Qara Seyidin, Miskin Abdalın, Aşıq Alının, Dədə Ələsgərin, Daşkəndli Nəcəfin, Şair Məmmədhüseynin, Şişqayalı Aydının, Səmədağanın, Məşədi İsanın, Zodlu Mirzə Bəylərin və bir çox başqalarının sönməz ocaqları, ölməz ruhları, neçə-neçə şəxsiyyətlərin ayaq izləri, qurub yaratdıqları xanimanlar, bağ-bağatlar, var-dövlət xain və xəbis ermənilərin əsarətində qaldı.

1988-ci ilin noyabrın 20-dən müsəlmanların kütləvi qaydada qovulması prosesi başlandı. Qısa vaxtda adamların çoxu evini, əmlakını qoyub müxtəlif istiqamətlərə Qazağa, Qubadlıya, Kəlbəcərə, Gədəbəyə, Naxçıvana, Gürcüstana meşələrlə, sıldırımlı yollarla qaçmalı oldu. Şişqaya kəndində beş nəfər qara-çovğuna düşüb həlak oldu. Daşkənd, Qayabaşı kəndliləri yollarda həlak oldu. Daşkəndli müəllim İsmayıl Cabbarovun arvadı qucağındakı uşaqla Kəlbəcərin aşırımında donub qalmışdı. Spitak, Quqark, Kirovakan, Masis, Vedi rayonlarında daha dözülməz faciələr olmuşdu. Spitak rayonu Saral kəndinin sakinlərindən Kərəm Ömərov, Almaz Süleymanov və bir çox başqaları qeyd edirdilər ki, 1988-ci ilin noyabr ayında kəndə gələn Spitak Rayon Təhsil Şöbəsinin işçiləri, daxili işlər şöbəsinin rəisi Sarkisyan şagirdlərin şəxsi işlərini özlərinə paylamağı, məktəbi də bağlamağı tələb etdilər.

Noyabrın 29-da daxili işlər şöbəsinin rəisi Sarkisyan, rayon təhlükəsizlik şöbəsinin işçisi Mehrabyan, raykom katibi Lambaryan kənd adamlarından 24 saat ərzində köçüb getmələrini tələb edirlər. Şərtləri də o oldu ki, evdən çəkisi yüngül əşyalar götürülməlidir. Onlara 40 avtobus, üç ailəyə də bir yük maşını verdilər. Beləliklə, dekabrın 1-də maşın karvanını Kirovakan-Dilican istiqamətində yola saldılar. Elə ki, maşın karvanı Kirovakandan çıxıb Quqark rayonu Marqavit kəndinə çatdı erməni silahlı quldurlarının atəşi ilə qarşılandılar. Ölən və yaralanan oldu.

Saral kənd sakinlərindən A.Yusifov, Ə.Allahverdiyev söyləyirdilər ki, Azərbaycanın Qazax rayonundan köməyə göndərilən vertolyotla gündə 5-6 reys uşaq, qoca və xəstələr kənddən çıxarılırdı. Bunu görən ermənilər fitnəkarlığın digər fəndindən istifadə edərək Ermənistana məxsus vertolyotla uçub kəndə gəlirlər. Kəndin adamları elə bilirdilər ki, yenə də Qazaxdan göndərilib. 26 nəfər qoca, xəstə və uşaq vertolyota minir. Vertolyot havaya qalxanda Qazaxa deyil, Yerevana istiqamət götürür. O, Yerevana enəndə adamlar hiss edirlər ki, bu reys tamamilə başqa məqsədlə gəlibmiş. Onlar təşvişə düşərək haray-həşir qoparırlar. Vəziyyəti görən rus zabiti adamların köməyinə gəlir, digər hərbçiləri də köməyə çağırır.

Beləliklə, adamları saqqallı cəlladların əlindən xilas edib qatarla Azərbaycana yola salır.

Sarallılar yana-yana danışırdılar ki, ermənilər Əşrəf Ramazan oğlu Yusifovun başına baltanı endirərkən deyirmişlər: “səni Zori Balayana qurban kəsəcəyik”.

Yeğeqnadzor (Dərələyəz) rayonunun Ələyaz kənd sakini Famil Rüstəmov (o, hazırda Şəmkir rayonu, Çinarlı qəsəbəsində məskunlaşmışdır) söyləyir ki, onların gözü qabağında erməni millətçiləri evlərini talan etmiş, əmlaklarını əlindən almış, özlərini də döyüb kənddən qovmuşlar.

Basarkeçər rayonu Böyük Məzrə kənd sakini Tapdıq Mustafayevin də başına olmazın oyun açıblar: erməni “qonşu”ları onu su quyusuna salmaq istəyərkən xoşbəxtlikdən karıxıb su olmayan quyuya salırlar. Gecə səs-səmir çəkiləndə çıxıb qaçıb.

Erməni daşnakları azərbaycanlıları ata-baba yurdlarından didərgin salanda onlar doğma Azərbaycana pənah gətirdilər. Didərginlər Azərbaycanın ozamankı rəhbərlərinə deyil, xalqın köməyinə sığındılar.

O zaman Azərbaycanda ictimai-siyasi sabitlik yox idi. Xalq mövcud hakimiyyətə, Kommunist Partiyasına, Sovet dövlətinə olan inamını itirmişdi. Bakıda, Gəncədə, Sumqayıtda, respublikanın əksər rayonlarında milli azadlıq hərəkatının ab-havası duyulurdu. Xalq açıq-aşkar mövcud siyasi rejimə qarşı etirazını bildirirdi. Azərbaycanın o vaxtkı rəhbərləri isə Moskvanın rəğbətini qazanmaq naminə Kremlin buyruğuna quyruq bulayır, millətin, xalqın səsini eşitmirdirlər. Azərbaycanlı qaçqınlar hamılıqla Dağlıq Qarabağda məskunlaşmaq istəyirdilər. Çünki onların əksəriyyəti dağlıq şəraitdə yaşayan insanlar idi. Lakin respublikanın o dövrdəki başabəla rəhbəri Əbdürrəhman Vəzirov buna imkan vermədi. O, açıq-aşkar “Yerazların” Dağlıq-Qarabağa üz tutmasına inzibati yolla imkan vermədi.

Bakı televiziyasının axşam verilişlərinin birində Vəzirov Azərbaycan xalqına gözaydınlığı verərək sevinclə dedi ki, gözünüz aydın, qaçqın ermənilər geri qayıdır.

Azərbaycan xalqı yurdundan didərgin düşmüş soydaşlarını hərarətlə qarşılayır, əksəriyyətinə öz evlərində sığınacaq verirdilər. Şəmkirlilər xüsusilə fərqlənirdilər. Həmin dövrdə rayon partiya komitəsinin birinci katibi işləyən Əhməd Əhmədzadənin millətsevərliyi, insanpərvərliyi, xüsusilə qeyrəti sayəsində 15 mindən çox qaçqının məskunlaşmasına şərait yaradıldı.

Etiraf olunmalıdır ki, rayonun Çardaxlı (Çənlibel) kəndi Sovet məkanında yaşayış məntəqəsi kimi ad çıxarmışdı. Oradakı ermənilər Qorbaçova bel bağladıqlarından kəndin toxunulmazlığına arxayın idilər. Ona görə də erməni daşnaklarının məkrli planlarına görə, bu bölgədə də fitnə-fəsad törətmək arzusundaydılar. Onların bu arzusu raykom katibi Əhmədzadənin uzaqgörən siyasəti sayəsində gözlərində qaldı. Ermənilərin kənddən getmələrinə ciddi səy göstərildi. Nəticədə rayonun on bir kəndindən ermənilər köçürüldü və həmin kəndlərdə qaçqınlar yerləşdirildi.

Vicdanla demək lazımdır ki, bu işdə Mərkəzi Komitənin o zamankı katiblərindən Həsən Həsənovun da xidməti danılmazdır.

Bundan xəbər tutan Əbdürrəhman Vəzirov Əhmədzadəni hədələyərək demişdi: “Siz Əliyevçilər (yəni ermənistanlılar) üçün şərait yaratdığınıza görə cavab verməli olacaqsınız”.

Əhmədzadə isə hədə və təzyiqlərə məhəl qoymadan didərginlərin məskunlaşmaları ilə daha səylə məşğul olurdu. Rayonun ərazisindəki təsərrüfatlarda, məktəblərdə, ticarət və mədəniyyət obyektlərində, kənd sovetlərində, xəstəxana və tibb məntəqələrində işləməyi qaçqınlara tapşırırdı. Əhmədzadə qaçqınların yeni ilini — 1989-cu ilin 1 yanvarını təbrik etməklə, onlara bayram sovqatları göndərməyi də unutmadı.

Əhmədzadə ilə birlikdə rayon prokuroru Əli Əliyev (camaat arasında ona insan Əli deyilirdi) qaçqınlara köməklik və qayğı göstərməkdə imkan daxilində əlindən gələni əsirgəmirdi. O, Şəmkirdə işləyən dövrdə qaçqınların məskunlaşdıqları Ələsgərli, Nərimanlı, Yeni Göyçə kəndlərinə gedən yolların qaydaya salınmasında əsl insanpərvərlik nümunəsi göstərdi. Qaçqınlar isə Əli müəllimə borclu qalmadılar. Onu respublika Ali Sovetinə deputat seçdilər. İndi də Əli müəllimi əsl insan kimi xatırlayır, onu bayram və digər təqvimi günlərdə təbrik teleqramları ilə yad edirlər.

Şəmkirdə qaçqınlara dayaq durmaq, çətin günlərində onlara həyan olmaqla İsaq Məhəmmədəli oğlunun, Əlirza Əsgərovun, Davud İsayevin, Əli Aslanovun, Qədim Məmmədovun, Ağa Məmmədovun, Məmməd Əmirovun, Qəşəm Xasıyevın, Qafqaz Süleymanovun və digərlərinin əsl insanpərvərliklərini heç zaman unutmaq olmaz.

Ailəmiz altı ay Şəmkir şəhərində İsaq Məmmədəli oğlunun evində qaldı. Bu xeyirxah və mərd insan yeni tikib və təmirini təzə başa çatdırdığı ikimərtəbəli evinin ikinci mərtəbəsini bütün avadanlığı ilə bizə vermişdi. Qaldığımız altı ayda İsaqın altı nəfərlik ailə üzvləri bizdən ayrı süfrə ətrafında oturmadılar. Belə bir xeyirxahlıq qardaş doğmalığı idi.

... Dünya yaxşılardan xali deyilmiş kəlamının hikməti, həqiqətən, böyükdür. Həyatda dostun, tanışın çox olması xoşbəxtlikdir. Lakin çətin günlərin dostları daha qiymətlidir, deyiminin təsir gücü unudulmazdır, yaddaqalandır. Həmin çətin günlərimizdə böyük insan, görkəmli alim, yazıçı-publisist mərhum Nurəddin Babayev, şair-alim Qasım Qasımzadə, kəlbəcərli şair alim Şəmil Əsgərov, kəlbəcərli Tapdıq Cəfərov, naxçıvanlı alim, şair Firudin Şimşək, Mingəçevirdən tələbə dostum Fidail Abdullayev, “Gəncə” qəzetinin redaktoru Sabir Hacıyev və adlarını çəkə bilmədiyim digər dostların qayğısı ilə əhatə olunmuşduq. Bəli, əsl dostlar çətin gündə tanındılar.

İnsanlar gələcəyə olan nikbinliyini itirməməlidir. Aqillərin dediyi kimi, hər bir qaranlıq gecəni işıqlı səhər günəşi əvəz edir. Belə kəlamlar elə-belə söz gəlişi deyil, həqiqətdir. Həyatda çətinliklə xoşbəxtlik əkizdir. Qaçqın düşüb doğma torpaqlarımızın həsrətilə yanıb yaxılsaq da, doğmalarımız arasında özümüzü tənha deyil, daha arxalı hesab edirdik. Dost və qohumlardan ayrı düşsək də, şükürlər olsun yeni dostlar, qardaşlar və qohumların arasındaydıq. Doğma Azərbaycanın hər bir qarışı bizim üçün əzizdir. Onun səxavətli və xeyirxah insanlarını minnətdarlıqla yad edirik.

1990-1993-cü illərin qanlı-qadalı günləri heç kəsin yaddaşından silinməyib. Xüsusilə, qonşu Gürcüstanda yaşayan yarım milyondan çox soydaşımız vahimə və qorxu içindəydilər. Onlar ev-eşiyini qoyub Azərbaycana pənah gətirirdilər. Əgər vəziyyət belə davam etsəydi, respublikamızda yarana biləcək gərginliyin aqibətini göz önünə gətirmək belə çətin olardı. Atalar demişkən, bir yandan bağlanan qapı, qüdrətli Tanrının köməyilə o biri tərəfdən açıldı. Azərbaycan xalqının iradəsi ilə görkəmli şəxsiyyət, böyük siyasətçi Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışı xalqımızı fəlakətdən xilas etdi.

Respublikada müstəqillik yolu enişli, yoxuşlu olsa da, dövlətçilik möhkəmləndirildi. Demokratiya, söz və fikir azadlığı meydanı genişləndirildi. Şəhər, rayon, qəsəbə və kəndlərdə özbaşınalıq aradan qaldırıldı. İşbilənlər, vicdanlılar, xalqın qayğısına qalmaq səriştəsi olanlar məsul vəzifəyə təyin olundular.

Onlardan biri Aslan Əli oğlu Aslanov 180 min nəfər əhalisi olan Şəmkir rayonuna başçı təyin olunan gündən Prezident Heydər Əliyev kursunun həyata keçirilməsində, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsində əlaqələrin möhkəmlənməsində çox iş gördü. Məhz ona görə də gürcüstanlı soydaşlarımız yerlərindən, yurdlarından tərpənmədilər.

Şəmkir rayonunda 15 mindən çox qaçqın və məcburi köçkün var.

Onların dərd-sərinə qalmağın çətinliklərini təsəvvür etmək mümkün olmasa da, qaçqın və köçkünlər Aslan müəllimdən ona görə razılıqla danışırdılar ki, hər birinin problemlərini həll etməkdə, yaralı və kövrək qəlblərini ovundurmaqla gənc olsa da, böyük atalıq qayğısı göstərirdi. Toylarında, hüzrlərində iştirak etməklə onlara mənəvi dayaq dururdu. Çalışırdı ki, qaçqınlar və köçkünlər özlərini qayğısız və tənha hiss etməsinlər.

Tanıdığım, ünsiyyətdə olduğum insanlardan kəlbəcərli Şamil Əsgərovu, Tapdıq Cəfərovu, Qubadlı İsaq Məmmədovu, Cahangir Şamiloğlunu, laçınlı Xasay Əliyevi, şəmkirli Şeşən Xasıyevi, Naxçıvanlı Firudin Şimşəli və bir çox başqalarını iftixarla xatırlayıram. Onların hər birinin özünəməxsus insani keyfiyyətləri deməyə əsas verir ki, belə adamları əsl insan kimi heç zaman unutmaq olmaz.

Şəmil Əsgərovla 45 illik tanışlığım və dostluğum elə doğmalaşmışdı ki, bir-birimizin uğurlarıyla sevinmiş, ürcah olduğumuz çətinliklərin ağrı-acılarını birgə hiss etmişik. Şəmilin dəyanətinə həsəd aparmışam. Onda hadisələri qabaqlamaq məharəti, adamlarla davranmaq bacarığı, ağsaqqallıq etmək qabiliyyəti, xüsusilə xarakterik idi. Onu tanımayan, elmi və bədii yaradıcılığından xəbəri olmayan, xüsusilə şeirlərini əzbər bilməyən adama təsadüf etmək olmaz.

Yetmişinci illərin sonunda bir xəbisin fitnəkarlığı ucbatından Şəmilə böhtan atıb cinayətə cəlb etdilər. Bundan xəbər tutan hər bir vicdanlı adam, xüsusilə alimlər, yazıçılar, şairlər, ziyalılar və yüzlərlə digər vicdan sahibləri ayağa qalxaraq lazımlı yerlərə müraciət etdilər ki, şər və böhtana məruz qalan Şamilin azadlığa buraxılmasına nail olsunlar.

... Şəmil respublika Daxili İşlər Nazirliyinin Xalacdakı islah əmək düşərgəsinə göndərilmişdir. Onunla görüşə getmişdim. İslah əmək düşərgəsinin qanunlarına görə məhbusla ancaq müəyyən olunmuş vaxtda yalnız doğmaları ilə görüşmək icazəsi verilirdi. Mən Xalaca Göyçədən gəlmişdim. Səhər tezdən düşərgə rəisinin işdə olmadığını katibəsindən öyrəndim. Qonaqları ilə düşərgəyə getdiyini dedilər. Düşərgə darvazası ətrafında gözləməli oldum. Düşərgə hasarının dəmir darvazasının qapıları açıldı. Gözətçilər ciddi bir intizamla dövlətə məxsus nömrəli “Volqa” maşınını müşayiət edərək avtomaşından düşən rəisə təzim etdilər. Ucaboylu rəis qonaqlarla səmimi görüşüb onları yola saldıqdan sonra iş otağına getdi.

Rəisin iş otağına daxil olmaq üçün icazə istədim. O, məni xoş sifətlə içəri dəvət etdi və gəlməyimin məqsədini soruşdu. Xahiş etdim ki, uzaq yerdən gəlmişəm. Dostum başçılıq etdiyiniz düşərgədədir. Əgər mümkünsə, onunla görüşməyimə icazə verəsiniz.

Soruşdu ki, haradan gəlmisiniz, dostunuz kimdir. Pasportumu və xidməti vəsiqəmi göstərərək dedim ki, Göyçədən gəlmişəm. Dostum isə kəlbəcərli Şəmil Əsgərovdur.

Rəis iki əli ilə başını tutaraq dedi ki, görəsən, Şəmil müəllimi tanımayan adam varmı? Gürcüstandan, Tovuzdan, şair Mikayıl Azablı dünən gəlmişdilər görüşüb getdilər. Özümdən asılı olmayaraq islah əmək düşərgəsinə dair mövcud qanunları pozmalı oluram. İndi gördüyünüz “Volqa” maşınındakı qonaqlar da rəsmi adamlar idi. Şəmillə görüşə gəlmişdilər. Nə etməliydim, görüşdürdüm. Hər gün Bakıdan, rayonlardan dəstə-dəstə alimlər, yazıçılar, şairlər, hətta ali məktəb tələbələri, müəllimlər, mülki paltar geyinmiş hüquq-mühafizə işçiləri də görüşə gəlirlər. Məcburiyyət qarşısında qalaraq xahişlərini yerinə yetirməli oluram. Xalq yazıçıları Süleyman Rəhimov, Əli Vəliyev, görkəmli şair Bəxtiyar Vahabzadə, Xəlil Rza, dünya şöhrətli alim Xudu Məmmədov, şair Qasım Qasımzadə və başqaları.

Siz də Oğuz eli Göyçədən gəlibsiniz, məni cəzalandırsalar da, görüşdürəcəyəm. Rəis (təəssüf ki, adı yadımdan çıxıb) insanlıq naminə məni Şəmillə görüşdürdü.

... Şəmil müəllim pərəstişkarlarının iradəsilə azadlığa buraxıldı. Naxçıvanlı dostumuz riyaziyyatçı alim şair Firudin Şimşəyin qayınatası Naxçıvanda rəhmətə getmişdir. Şamil Kəlbəcərdən Göyçəyə gəlib birlikdə Naxçıvana hüzr yerinə getdik. Oradan qayıdanda Firudinin doğulduğu Qarabağlar kəndində olduq. Burada Şəmilin pişvazına çoxlu adamlar gəlmişdir. Əməkdar elm xadimi, vaxtı ilə dövlət işlərində rəhbər vəzifələrdə çalışan Səfərli Babayevin başçılığı ilə Naxçıvanın bir qrup alimi, yazıçı və şairləri də orada idilər.

Qarabağlar kəndində Şəmil müəllimə çoxlu qurbanlar kəsildi, Firudin müəllimin qardaşının evində qurulan məclisdə məşhur aşıq Qulu Firudin Şimşəyin, digər şairlərin və eləcə də görkəmli xalq aşıqlarının şeir və qoşmalarından oxudu. Məclis sabaha kimi davam etdi.

Şəmili İrəvanda və eləcə də Göyçədəki dostlarından Knyaz İbrahimoğlu, Əli Əbdrrəhman, Mikayıl Bayramov, Cəmşid Hənifəyev, Ziyad Abdullayev, Tapdıq Cəfərov və bir çox başqaları şən əhval-ruhiyyə ilə qarşıladılar.

Şəmil müəllim yaddaqalan şairdir, elm fədaisidir, ziyalıdır, pedaqoqdur, tarixçi arxeoloqdur, sözün əsl mənasında, böyük insandır. Azərbaycan oxucusunun çoxunun kitab rəfində və yazı masasında onun monoqrafiyasına, şeirlər kitabına və kürd-Azərbaycan dilində sanballı lüğətinə rast gəlinir.

Xain ermənilər tərəfindən Kəlbəcərin işğalında misilsiz maddi-mədəniyyət abidələri ilə yanaşı, Şəmilin fədakar əməyi, elmi, axtarışları ilə yaranan tarix diyarşünaslıq muzeyi, zəngin eksponatları olan mədəniyyət xəzinəsi də qaldı.

Vətən, el, oba və yurd həsrətli qaçqın və məcburi köçkünlər barədə istənilən qədər danışmaq və yazmaq olar. Onların yeganə dərdi torpaq, ev, ocaq və pərən-pərən düşən elin adamlarının bir daha həmin yerlərə birlikdə qayıtmasıdır. Ahılın da, cavanın da, uşağın da dilindən el bayatısı olan:

Eləmi Vətən yaxşı,

Geyməyə kətan yaxşı:

Gəzməyə qürbət eli

Ölməyə vətən yaxşı.

Bu bayatı heç kəsin dilindən düşmür. Bunu hər gün, hər an, hər yerdə qaçqınların da, köçkünlərin də ağzından eşitmək olur.

Bəli, ömrümün qaçqınlıq səhifələri belə üzüntülü və kədərli əhvalatlarla doludur.

... Atam dünyasını dəyişəndə səkkiz yaşım olub. İllər ötüb yaşa dolduqca xəyalən atama bağlılığım daha da çoxalıb. Tanıyan elə bir insana rast gəlməmişəm və eşitməmişəm ki, atam barədə xoş söz deməsin. El qədri bilən, namuslu, qeyrətli və zəmanəsinə görə təhsil almış bir gənc kimi dəyərləndirilibdir.

Atam barədə bu sözləri xatırlatmaqda məqsəd və amalım onun şərəfli adına layiq övlad kimi insanlığını, insaflılığını, vicdan paklığını, işgüzarlığını, ailəyə, dosta, qohuma, qonşuya xalqa və dövlətçiliyə gərəkli olmağını hər şeydən üstün tutmağa çalışmışam.

Atam rəhmətə gedəndə qardaşım Yusifin bir yaşı olub. Allah ona ömür versin. O da özünün ləyaqətli davranışı və kamalı ilə atamızın şərəfli adını doğrultmağa səy göstərirdi.

... Övladlarımın doqquzu da ali və orta ixtisas təhsili alıblar. Onların səkkizi ailə qurubdur. Xoşbəxt olsunlar. Təəssüf ki, qızım Mənsurə mənim talesizliyim ucbatından ailə qurmaqdan imtina edibdir. Səbəbi ömür-gün yoldaşım Qubanın 54 yaşında qəflətən dünyasını dəyişməsi olub.

Xoşbəxtlikdən övladlarımın əksəriyyəti ailəcanlıdır. Şamo ilə Rövşən ləyaqətləri, təmiz adları, həyatda davranışları ilə babalarının şərəfli adına layiq nəvələrdir. Nankor deyillər, böyük olan yerdə kiçik, kiçiklər olan yerdə böyüklük etməyi bacarırlar. İftixarla deyə bilərəm ki, oğlanlarım Həsən, Səlahəddin və Şaməddində də valideyninə olan doğmalıq hissləri güclüdür. Ona görə nəvələr də bu ruhda böyüyürlər. Kamilləşən nəvələrdən razıyam. Onlardan beşi Vətənin keşiyində rəşadətli borclarını şərəflə yerinə yetiriblər. Mir Cəlal, Camal, Mir Xaliq və Şərafəddin əsgəri xidmətlərini baş ucalığı ilə yerinə yetirdilər. Bəxtiyarla Mir Məftun da xidmətlərini davam etdirirlər.

Qızlarım — Rahilə, Sevil və Mənsurə orta ixtisaslı tibb işçisi kimi insanların sağlamlığı naminə əllərindən gələni əsirgəmirlər. Sonbeşik Aişənin də orta ixtisas təhsili var. Onların qəlbindəki nigarançılıq, gözlərindəki nisgil əlamətləri sanki ürəklərini didib parçalayır. Bu doğulub ərsəyə çatdıqları torpaq həsrəti, babalarının, nənələrinin, gənc yaşında dünyasını dəyişən ananın qəriblikdə daşa dönüb qalan qəbirləri və ruhlarıdır. Büruzə verməsələr də, hiss edirəm ki, hər dəfə mənimlə görüşəndə ürək ağrısı ilə köks ötürərək başımdakı ağaran seyrək saçları, suala dönən qamətimi gördükdə keçirdikləri narahatçılıqdır.

... Atam dünyasını dəyişəndə üç bacısı, ixtiyar anası, bir üzü qız, bir üzü gəlin həyat yoldaşı, iki oğlu və bir qızı boynubükük, gözüyaşlı, ürəkləri nisgilli qalmışlar. Həmin hüznlü vaxtdan altmış ildən çox keçməsinə baxmayaraq, doğmalarının qəlbindəki kədər, üzlərindəki həsrət dolu izlər yenə də hiss olunur. Atamın adı indinin özündə də bacısı Heyratın oğlanlarının, qızının, nəvə və nəticələrinin and və inam simvolu kimi yaşamaqdadır.

Bibilərim Gülxandan, Gülüstan, nənəm Mehri ana Güllü axirət dünyasına qovuşmuşlar. Kiçik bibim Heyrat isə bu yaxınlarda rəhmətə getdi. Heyrat bibim altmış ildən çox qardaş nisgilindən şam kimi əriyirdi. Ömür sürdüyü illərdə elə gün olmazdı ki, qardaşını anmasın, ağı deyib gözünün yaşını sel kimi axıtmasın. Ona görə də ömrünün son altı ilində gözləri işıq üzünə həsrət qaldı.

Heyrat bibimin üç oğlu, üç qızı, çoxsaylı nəvə və nəticəsinin olmasına baxmayaraq, sağlığında hər bir sözünün, söhbətinin əvvəlində madar qardaşının qəbrinə and içərdi. Oğlanları da, qızları da, nəvə-nəticələri də dayılarının (yəni atamın) qəbrinə and içərlər.

Atam dünyasını dəyişməmişdən əvvəl kiçik bacısı Heyrat bibimə qanovuz ipəkdən koftalıq alıbmış. Sən demə, bu, qardaşın bacısına olan son hədiyyəsiymiş. Atam xəstələnir və rəhmətə gedir. Alınan hədiyyəni tikmək olmur. Qanovuzdan olan koftalıq hədiyyə altmış ildən çox Heyrat bibimin boğçasında yadigar kimi saxlanılırdı. Uşaqları nə qədər təkid etsələr də, həmin qanovuz parçanı tikməmiş saxlamışdır. Hər dəfə gözlərinin yaşını leysan kimi axıdaraq demişdi ki, mən öləndə qardaşımın hədiyyəsini kəfənimə büküb qəbrə qoyarsınız. Bəli, Heyrat bibim rəhmətə getdi, özü də Madar qardaşının 62 il əvvəl rəhmətə getdiyi ayda və gündə. Qardaşının hədiyyəsi də sözü ilə birlikdə qəbrə qoyuldu. Allah sənə rəhmət etsin, gənc qardaşın etibarlı bacısı Heyrat bibi. Qaçqınlıq ucbatından məzarın qərib düşsə də, ruhlarınızın cənnətdə olmasını Allahdan təmənna edirəm.

Ömrün enişli-yoxuşlu çağları arxada qalsa da, mənalı və üzüntülü günləri daim xatırlanır. Taleyin qismətinə naşükürlük etmirəm. Ləyaqətli və çətin günlərin dostlarını hər zaman anmaqla nankor, xəbis və müsəlmanların qatı düşməni olan ermənilərə nifrətimi də yaddan çıxarmıram və gələcəyə inamla baxıram. Gün gələcək, el-oba doğma yurduna qayıdacaqdır.