Bizim Yol. - 2018.- 23 oktyabr. - ¹ 188. - S. 11.

 

Azərbaycan – Türkiyə enerji əməkdaşlığının növbəti parlaq nümunəsi

 

Nəzakət Məmmədova,

politoloq

 

Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi ilə ölkələrimizin enerji sahəsində əhəmiyyəti dünyada getdikcə artmaqdadır. Həyata keçirilən layihələr ilk növbədə Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artırmaqdadır. Azərbaycan enerji mənbəyi, Türkiyə isə əlverişli tranzit ölkə, etibarlı tərəfdaş və müttəfiq kimi qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələrinin həyata keçirilməsi strategiyasını uğurla davam etdirirlər. Bu siyasətin növbəti parlaq təzahürlərindən biri bu günlərdə Türkiyənin İzmir şəhərində açılışı olan “Star” zavodudur. Bu zavod Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir.

Məlumata görə, “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək.

“Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak TANAP layihəsinin açılışından 4 ay sonra dünyaya örnək olacaq daha bir önəmli layihənin açılışına toplaşdıqlarını qeyd edərək, Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandıraraq deyib ki, “bu gün burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur”.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası münasibətilə təbriklərini çatdırdı, Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını vurğulayaraq deyib ki, “Türkiyə-Azərbaycan münasibətlərini əbədiyyətə daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə qürur duyuruq. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir”. Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının ən önəmli tərəfini, həmçinin qarşılıqlı yatırımların, dünya səviyyəli enerji və nəqliyyat sahələrində əməkdaşlığın təşkil etdiyini deyən Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin, Türkiyənin və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladığı sənədlərlə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında 1991-ci ildən etibarən 200-dən çox müqavilə, protokol və digər sənədlər imzalandığını diqqətə çatdıran Binəli Yıldırım bildirib ki, “mərhum Prezident Heydər Əliyevin, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə imzalanan bu müqavilələr əlaqələrimizi “Bir millət, iki dövlət” anlayışına bir addım da yaxınlaşdırıb. Bölgəmiz və dünya iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edən bu əsərlər məhz iki ölkənin bu anlayışının nəticəsidir”.

Təbii ki, layihəyə ən doğru qiymət verən Azərbaycan prezidenti və Türkiyə prezidentidir. Onlar layihənin 7 il əvvəl təməlinin atılmasından bu günədək gedən proseslərə bilavasitə rəhbərlik etmiş, onun uğurla həyata keçməsinə nail olmuşlar. Prezident İlham Əliyev öz çıxışında bildirib: “Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.

Mən yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Deməliyəm ki, bu il bu səfər mənim Türkiyəyə üçüncü səfərimdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana iki dəfə səfər etmişdir. Bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.

Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində Cümhuriyyət yaranmışdır. Ancaq Bakı, bizim qədim tarixi şəhərimiz işğal altında idi. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi və öz sahibinə, Azərbaycan xalqına qaytarıldı. O gündən bir neçə gün sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilmişdir. Bu, unudulmaz tarixdir və yüz il o tarixdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik.

Onu da qeyd etməliyəm ki, dünən biz Azərbaycanda müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd etdik.

Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük.

Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir. Fürsətdən istifadə edərək, qardaş türk xalqını əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk.

“Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır.

Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik.

Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq.

Bir sözlə, bu gün “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışının əvvəlində Azərbaycanı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib. Sovet İttifaqının dağılması ərəfəsində – 1991-ci il oktyabrın 18-də yenidən azadlığa qovuşan Azərbaycan dünəndən etibarən müstəqilliyinin 27-ci ilini geridə qoyduğunu bildirib.

Türkiyə prezidenti bildirib: “əslində bugünkü Azərbaycan Türkiyə Respublikasının – bizim son dövlətimizin yaranması kimi qardaşlarımızın da ən gənc dövlətidir. Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi.

Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.

 

(Ardı var)