Respublika. - 2018.- 21 oktyabr. - ¹ 235/2. - S. 5-6.

 

Redaksiyanın arxivindən: Cənubi Qafqazı sarsıdan faciə

 

Yunis Abdullayev,

Basarkeçər rayonu, “Vardenis” qəzetinin redaktoru

 

Azərbaycanın qədim torpağı İrəvan xanlığı - indiki Ermənistan ərazisində Sovet hakimiyyəti dövründə 70 il qonşuluq şəraitində dinc yaşayan azərbaycanlı, erməni, kürd, aysoru xalqlarına sovet xalqlarının dostluğu, qardaşlığı təbliğ olunurdu. Amma fürsət düşən kimi bolşevik libaslı erməni dövlət başçılarının “ermənilik azarı” şiddətləndi, erməni general Samsonovun başçılıq etdiyi rus sovet ordusunun köməyi ilə müsəlman-türk camaatını kütləvi halda ata-baba yurdlarından vəhşicəsinə sıxışdırıb çıxardılar. Həmin günlərdən otuz il ötsə də, bir zaman gələcək həmin nacinsləri doğma torpaqlarımızdan qovub çıxaracağıq.

1988-ci ilin Yer kürəsinə “Əjdaha” ili kimi qədəm qoyması sanki dünyanın bir sıra xalqlarına bəla gətirdi. İlin uğursuzluğu sanki çoxdan bəri bədnam qonşuların ürəklərində yuva salmış kinlərini, qəzəbini üzə çıxartdı. Bu, yüz ilə yaxın dünyanın bir çox ölkəsində fəaliyyət göstərən daşnak partiyasının “Böyük Ermənistan” yaratmaq xülyasının birbən-birə əndazədən çıxmasının nəticəsi idi.

Təəccüb etmək lazım deyil. Daşnak partiyasının riyakarlıq ideyasından havalanan ermənilər dünya erməni lobbilərinə və onlara havadarlıq edən Mixail Qorbaçova arxalanaraq mövcud dövlət sərhədlərini dəyişdirmək, bununla da “böyük Ermənistan”ın sahibi olmaqla, dünyanın sabitliyini pozmaq planını həyata keçirmək üçün “Qarabağ” və “Krunk” komitələrini yaratdılar.

Əvvəlcə guya Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həlli məqsədilə Stepanakertdə - Xankəndidə və Yerevanda planlı qaydada keçirilən nümayiş və tətillər aylarla davam etsə də, sonralar o, siyasi xarakter aldı. Bunun nəticəsində respublika iqtisadiyyatına, hətta ovaxtkı, Sovet İttifaqına dəyən zərər yüz milyonlarla hesablanırdı. Adamların əsəbləri tarıma çəkildi, mənəviyyatı korlandı. Qarşısı alınmadığından ermənilər qol-qanad açmağa, meydan sulamağa başladılar. Nəticəsi o oldu ki, Ermənistanda yaşayan azərbaycanlıları və digər müsəlman camaatını gözümçıxdıya salaraq, onların respublikadan çıxarılması üçün qeyri-insani hərəkətlər etməyə başladılar.

Başsız qalan xalq pərən-pərən düşdü. Həmin dövrdə ermənilərin xaç atası olan Mikoyan Sovet Dövlətinin rəhbərlərindən biri kimi daşnak partiyasının proqramını həyata keçirərək müsəlmanları deportasiyaya məruz qoydular.

İrəvandakı küçələr, məhəllələr müsəlmansız yetimlik günlərini yaşamalı oldu. Müqəddəs ocaqlar söndürüldü, məscidlər dağıdıldı, institut bağlandı, İrəvan Pedaqoji Texnikumu Xanlar rayonuna köçürüldü, C.Cabbarlı adına Dövlət Dram Teatrı Basarkeçərə sürgün edildi. Şəhərdəki Əzizbəyov və Nərimanov adına orta məktəblər şagirdsiz və müəllimsiz qaldılar. Yazıq o günə, nə dinən, nə danışan nə də həyəcan təbili çalan olmadı. Azərbaycanlılara məxsus kənd və rayonların adları müxtəlif bəhanələrlə dəyişdirildi.

1965-ci ilin aprel ayı idi. Göyçənin baharı ecazkarlığı ilə göz oxşayırdı. Gözəlliyinin başlıca əlamətlərindən olan dağlarının yamaclarında, çəmənliklərində yenicə boy atıb qalxan əlvan güllərin, çiçəklərin, can dərmanı olan kəklikotunun, bənövşənin, yasəmənin ətrafı bürüyən rayihəsi insanı bihuş edirdi.

Təbiətin bu fəslində canlanma ağacların koğuşunda, kolların dibində, əlçatmaz qayaların sinəsində yuva quran quşların cəh-cəhini eşidən, arıların çiçəklərdən, güllərdən necə həvəslə şirə topladıqlarını görən insanlarda təbiətə məhəbbət, əməyə qayğı daha da çoxalırdı. Əvvəlki illərdən fərqli olaraq göyçəlilər təsərrüfat işlərinə işgüzarlıqla girişmişdilər. Yaz əkini vaxtında başa çatdırıldığından becərmə həvəslə davam etdirilirdi. Kənd və qəsəbələrdə böyük şövqlə tikinti və abadlıq işləri görülürdü.

İlin belə uğurlu günlərində daşnak partiyasının ideoloqları saxta erməni soyqırımının 50 illiyini qeyd etmək ideyasını ortaya çıxarmışdılar. Bununla da müsəlmanların əsəblərini qıcıqlandırırdılar. İrəvandan müsəlmanlar yaşayan rayonların rəhbərlərinə tapşırmışlar ki, aprelin 24-dən mayın əvvəlinədək müsəlmanlar şəhər və rayon bazarlarına buraxılmasınlar.

Həmin dövrdə respublikada ən çox azərbaycanlılar yaşayan Basarkeçərdə Yunis Rzayev, Krasnoseloda Əli Həsənov rayon partiya komitəsində birinci katib işləyirdilər. Onlar respublikada milli ədavətin bu formada qızışdırılmasını dözülməz hal hesab etsələr də, əhali arasında çaşqınlıq yaranmaması naminə rayon mərkəzlərində, kəndlərdə quruculuq və yaşıllaşdırma iməcilikləri təşkil edirdilər.

Ermənilərin soyqırımı kimi qələmə verdikləri aprelin 24-də Basarkeçərdə “Dostluq” xiyabanının və yeni pivə zavodu tikintisinin təməli qoyuldu. Bu münasibətlə rayon özfəaliyyət kollektivlərinin şən çıxışları oraya toplaşan müsəlmanlarla ermənilərin qol-qola tutub birlikdə rəqs edib şənlənmələrinə səbəb oldu.

Krasnoselo rayonunda da iməcilik keçirilmişdir. Cahan Əliyevin direktor işlədiyi Kolkənd sovxozunda iməcilik yolu ilə 30 hektar sahədə yeni meyvə bağı salınmışdı.

Erməni soyqırımının yarıməsrlik tədbiri dərin hüzn və kədərlə qeyd olunduğu günlərdə Basarkeçər və Krasnoselo rayonlarında bayramsayağı keçirilən tədbirlər respublikanın erməni rəhbərlərini narahat etməyə bilməzdi. Yunis Rzayevə və Əli Həsənova (Allah hər ikisinə rəhmət etsin) ciddi iradlarını bildirmişdilər.

1967-ci ilin yayında erməni yazıçısı, qatı millətçi Sero Xanzadyan Basarkeçərə gəlmişdi. O, Yunis Rzayevdən xahiş etmişdir ki, rayonun görməli, gəzməli yerlərlə tanış olmaq arzusundadır. Xüsusilə yaylaqlarda olmağı, diş göynədən bulaqlarından su içməyi qarşısına məqsəd qoyubmuş.

Yunis Rzayev öz qonaqpərvərliyilə fərqlənən insan idi. Erməni yazıçısını Göyçənin mənzərəli yerləri, gözoxşayan yaylaqları, buz bulaqları ilə tanış edir. Rayonun yaylaqları ilə sərhəd olan Azərbaycanın yay otlaqlarında da olurlar. Hər yerdə Yunis Rzayevin və qonağının şərəfinə qoyunlar kəsilir, sazlı-sözlü məclislər düzəldilir, sağlıq badələri qaldırılır.

Bütün bunlar məkrli erməni yazıçısının ürəyindən deyilmiş. İrəvana qayıdan kimi, respublikanın rəhbər dairələrində haray-həşir qopararaq Basarkeçər kimi böyük bir rayonun türkə tapşırılması erməni xalqı üçün təhqir olduğunu demişdir. Hər yerdə hörmət-izzətlə, duz-çörəklə qarşılandığı halda, nankorluq, pislik etmək ermənilik xislətindən gəlirmiş.

Bundan sonra müxtəlif bəhanələrlə azərbaycanlı raykom katiblərini vəzifədən azad edərək yerlərinə erməni millətçisini qoydular.

1988-ci ilin fevralında ermənilərin təşkil etdikləri mitinqlərin sədası bütün bölgəni bürümüşdü. “Qarabağ, Miatsum” (Birləşmə) şüarı Ermənistan respublikasının və Dağlıq Qarabağın erməni yaşayan şəhər, rayon, qəsəbə və kəndlərində tüğyan etdi. Göyçənin Basarkeçər rayon mərkəzində akademik Viktor Hampartsumyanın büstü qarşısında mitinqə toplaşmışlar. Rayon meliorasiya dəstəsinin rəisi Sarıbek Barsovyan mitinqçilərin arasında oğlunu gördükdə soruşur ki, bu nə həngamədir. Oğlu atasına deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılıb Ermənistana birləşdirilməsini tələb edirik. Sarıbek bu sözü eşidcək oğlunun üzünə sillə vuraraq demişdir ki, kəs səsini Qarabağ heç vaxt bizim ola bilməz. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Sarıbekin sözündən hiddətlənən ermənilər gecə onun həyətindəki ot tayasına od vurub yandırdılar.

Göyçədə Norakerd adlı bir kənd vardı. Orada 1945-ci ildə Türkiyədən köçürülüb gətirilən qaxtaqanlar (qaçqınlar) yaşayırdı. Həmin qaçqınlardan Qazar adlı birisinin 90 yaşı olardı. Çox gümrah və yaddaşdan iti adam idi. O, ermənilərin Türkiyədən qovulmasında ermənilərin təqsirkar olduqlarını hər yerdə deyirdi. Qeyd edirdi ki, ermənilər duz-çörəyin qədrini bilmədiklərindən həmişə bəlalara ürcah olurlar. Türkiyədə ermənilər orada yaşayan digər millətlərdən daha yaxşı dolanırdılar. Ancaq atalar demişkən, buğda çörəyinin buynuzu olarmış. Həmin buynuz ermənilərin mədəsini deşirdi. Xəyanətkarlıq, xəbislik, nankorluq, iddiaçılıq onları yurd-yuvalarından didərgin saldı. Qazar sözün sonunda deyirdi ki, ağılsız ermənilər gəmidə oturub gəmiçi ilə dava edirdilər.

Basarkeçər rayon mərkəzində Ohan adlı bir yaşlı erməni vardır. Ona dərzi Ohan deyərdilər. Yüzə yaxın ömür sürmüşdü. Azərbaycanlılarla daim təmasda olan adam idi. Aşıq Ələsgərin şeir və qoşmalarını sinədəftər bilirdi. Ölüm ayağında yanına gələn qohum-əqrəbasından xahiş edirdi ki, öləndə üstümə keşiş çağırmayın. Zoddan Aşıq Ağayarı gətirin Ələsgərdən bircə bənd oxusun. Övladları Aşıq Ağayarı gətirirlər. O, sazı köynəyindən çıxarıb Ələsgərin qoşmalarından bir bənd oxuyur. Ohan kişi dərindən köks ötürərək canını tapşırır.

Erməni millətçiləri Sovet məkanında da fitnəkarlıqlarından əl çəkmirdilər. Cidd-cəhdlə, müxtəlif şər və böhtanlarla, bəzən də miskin və əzab çəkmiş xalq kimi özlərini qələmə verərək ərazilərini genişləndirmək iddiasından dönmürdülər. Dağlıq Qarabağın Azərbaycanın əzəli ərazisi olmasına baxmayaraq, onu Ermənistana birləşdirmək məqsədilə hər cür şayiələr yaymaqla, Qarabağ ermənilərinin ağır sosial-iqtisadi şəraitdə yaşadıqlarını bəhanə edərək mitinqlər təşkil edir, iğtişaşlar yaradırdılar. Beləliklə də milli ədavətin qızışdırılması şəraiti yaranırdı.

1988-ci ilin iyun ayının əvvəllərində Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsində şəhər və rayon qəzetləri redaktorlarının müşavirəsi keçirildi. Gündəlikdə respublikada yaranan ictimai-siyasi durumun qəzet səhifələrində işıqlandırılmasında partiyalılıq mövqeyinin gözlənilməsi olsa da, Mərkəzi Komitənin ideoloji iş şöbəsi müdirinin müavini Kirakosyan əsl millətçi daşnakların “Böyük Ermənistan” dövləti yaratmaq ideyasının gerçəkləşməsi uğrunda, erməniləri daha da ruhlandırmağı tövsiyə etdi.

Qəzet redaktorlarından Amasiya rayon qəzetinin redaktoru Səyyad Məmmədov (Ağbabalı) və mən müşavirədə iştirak edirdik. Kimsə eyhamla şöbə müdirinə çatdırdı ki, burada qeyri-millətdən olan redaktorlar da var. Kirakosyan isə fərqinə varmadan sözünə davam edərək dedi ki, daha bəsdir qorxaqlıq etməyimiz. İndiyədək Heydər Əliyev Moskvadaydı, hamı ondan çəkinirdi. İndi kimdən qorxmalıyıq, deyərək yerində oturdu.

İclası aparan Mərkəzi Komitənin şöbə müdiri başqa heç kəsə söz vermədən, redaktorların buradan “Qlavlit”ə (mətbuatda dövlət sirlərini qoruyan baş idarəyə) getməyi tapşırdı. Orada gündəlikdə duran məsələ ilə əlaqədar daha ətraflı məlumatlar alacağımızı bildirdi.

Qlavlitdə olduq. Onun sədri qatı millətçi Martirosyanın iş otağına toplaşdıq. Martirosyan sözə başlamazdan əvvəl kinli baxışlarıyla Səyyadla məni nəzərdən keçirərək dedi ki, uzun müddətdir türklərin (Azərbaycanın) köləliyində qalan Dağlıq Qarabağın erməni əhalisi cana doyduqlarından üç aydır qan qardaşlarına Ermənistana birləşmək uğrunda mübarizə aparırlar. Daha onlar tək deyildir. Ermənistandakı, hətta dünyadakı soydaşlarımız da onların ədalətli mübarizəsinə dəstək verirlər. Erməni xalqının illərdən bəri gizlin-aşkar arzuladıqları vaxt çatmışdır. Mübarizəmizi davam etdirməklə təkcə Dağlıq Qarabağı deyil, Naxçıvanı da, Cavaxiyanı da (Gürcüstanı), Türkiyədəki torpaqlarımızı da almalıyıq. Qəzetlərdə bu istiqamətdə də sanballı, özü də tanınmış adamların imzası ilə yazılar dərc etməkdə heç kimdən qorxmayın.

Səyyad və mən icazə almadan iclası tərk etdik. Vəziyyətin gərginliyini bir daha dərk edərək rayona qayıtdıq. Yəqin etdik ki, ermənilərin Sözükeçənlərin əksəriyyəti xalqımıza düşmən mövqeyindədir. “Vardenis” qəzetinin Azərbaycan və erməni dillərində olan nömrələrində milli ədavətin qızışdırılması, ermənilərin arzularının həyata keçirilməsi naminə heç bir yazı dərc etmədim. Ermənistan Yazıçılar Birliyinin orqanı “Qrakan tert” (“Ədəbiyyat” qəzeti) qəzetinin 1988-ci il iyul saylarından birində barəmdə tənqidi məqalə verdi.

1988-ci ilin 27 noyabrında Göyçədən üzübəri Azərbaycana gələn qaçqın maşın karvanının qabağı Krasnoselo rayon mərkəzinin ortasından axan çayın üstündəki körpüdə dayandırılmışdı, karvanın sonuncu maşını isə həmin rayonun Şorca kəndindəydi. Krasnoselo rayonunun o dövrdəki rəhbərləri guya əmin-amanlıq yaradan sovet əsgərləri ilə birlikdə körpüdə qaçqınların maşın karvanının qabağını kəsmişlər. Səbəbini belə izah edirdilər ki, Azərbaycanda yaşayan erməni uşaqlarını gətirmək üçün nəqliyyat vasitələri göndərilmişdir. Əgər Azərbaycandan gətiriləcək erməni uşaqları təhlükəsiz gəlsələr, o vaxt maşın karvanının hərəkətinə icazə veriləcəkdir. Əgər uşaqların xətrinə dəyilsə, hamını məhv edəcəkləri ilə hədələyirdilər.

Göyçəlilərin köməyinə o dövrdə Gədəbəy Rayon Partiya Komitəsinin yenicə seçilmiş birinci katibi Zakir İsgəndərovun göstərdiyi qayğı və diqqət unudulmazdır. Onun köməyi ilə vertolyotlarla yüzlərlə uşaq, qoca və xəstə adamlar ermənilərin əlindən xilas edildi.

Təəssüflər olsun ki, Zakir müəllimin millətsevərliyi, xeyirxahlığı Azərbaycanın həmin dövrdəki rəhbəri Əbdürrəhman Vəzirov tərəfindən qiymətləndirilmədi. Əksinə, Zakir müəllim şər və böhtana məruz qalmaqla bir ay katib işləməmiş həbs olundu.

Ermənistandakı erməni rəhbərləri isə məsələyə tamamilə başqa mövqedən yanaşırdılar. Respublika Nazirlər Soveti sədrinin birinci müavini Vladimir Movsisyan isə Basarkeçərdə azərbaycanlıları hədələyərək deyirdi ki, siz burada Azərbaycanda olan ermənilərin təhlükəsizliyinə təminatçısınız, yəni girovusunuz. Başınızın salamat qalmasının yeganə çarəsi hamılıqla Qarabağın Ermənistana qeydsiz-şərtsiz birləşdirilməsini tələb etməsindən ibarətdir. Əgər deyilənlərə əməl etməsəniz, aqibətiniz pis olacaqdır. Belə hədələr hər gün, xüsusən gecələr kəndlərə həmlə edən erməni quldurları tərəfindən eşidilirdi.

Azərbaycanlı kəndlərindən rayon mərkəzinə gələn adamlar hüquq-mühafizə orqanları işçilərinin gözü qarşısında döyülüb təhqir olunurdular.

1988-ci ilin mart, aprel və may aylarında İrəvan şəhəri yaxınlığındakı Masis rayonunda yaşayan azərbaycanlıların müsibətli günləri başladı. Erməni quldurları gecələr kəndlərə basqınlar təşkil edir, evləri yandırırdılar, talan və qarətlə məşğul olurdular.

Müsəlman kəndlərinin əksəriyyəti gecələr səksəkəli və narahat günlərini yaşayırdılar. Güllə səsindən qulaq tutulur, alovun dilləri, ətrafı bürüyən acı tüstü burulğanı müharibə dəhşətlərini xatırladırdı. Cinayətkarların və onu törədənlərin qarşısı alınmadığından, o respublikanın azərbaycanlılar yaşayan bütün kənd və rayonlarını bürüməyə başladı. Vəziyyət günbəgün çətinləşdiyindən adamlar arasında 1905, 1918-ci illərin xofu və qorxusu yaranmışdır.

Kəndlərdə yaşayan azərbaycanlı əhalisinin rayon mərkəzləri ilə əlaqəsi kəsilmişdi. Hətta telefonlar işləmirdi, xəstələrin, təcili müalicəyə ehtiyacı olanların yolu hər tərəfdən bağlanmışdı. Heç bir yandan ümid yox idi. Quldur erməni yaraqlıları Masislə qonşu olan Vedi rayonunda yaşayan azərbaycanlılara və müsəlman kürdlərinə həmlə etməyə başladılar. Şirazlı, Kiçik Vedi, Şidli və digər kəndlərə müntəzəm basqınlar edir, adamları döyür, evlərini yandırır, onları qədim dədə-baba torpaqlarından qovurdular. Həmin kəndlərin sakinləri iki aydan çox Türkiyənin sərhədində axan Araz çayı sahilində çadır qurub yaşadılar. Ümumiyyətlə, respublikada yaşayan müsəlmanların şəhər və rayon mərkəzləri ilə əlaqələri tamamilə kəsilmişdi.

Son illərdə İrəvanda çox az sayda qalan azərbaycanlıların vəziyyəti daha acınacaqlı idi. Gecələr şəhərdə yaşayan azərbaycanlıların evlərinə basqın edib yandırır, nalayiq hərəkətlərə yol verirdilər. Buna görə də “Sovet Ermənistanı” qəzetinin əməkdaşları şəhəri tərk etməli oldular. C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının (adı var idi, binası yox) kollektivi qaçqın düşdü. İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin müəllim və tələbələri də şəhəri tərk etdilər.

Millətçi Daşnaksutyun partiyasının icra idarəsi olan “Qarabağ” komitəsinin saqqallı yaraqlıları respublikanın əksər yaşayış məntəqələrində fitnəkarlıq edirdilər. Şəhərlərdə, rayon mərkəzlərində nümayiş və mitinqlər ancaq millətçilik əhval-ruhiyyəsi ilə keçirilirdi. Daşnaksutyun partiyasının şüarları səslənir, bayrağı dalğalanır, qatı millətçi, cani Andronikin portreti əllərdə gəzir, ona həsr olunmuş mahnılar böyük avazla oxunurdu. Bunu hələ sovet məkanında, yəni 1988-ci ilin noyabrında İrəvan şəhərində keçirilən zəhmətkeşlərin ənənəvi bayramı olan Böyük Oktyabrın ildönümü şərəfinə nümayiş zamanı televiziya ilə göstərilməsinə də hamı təəccüb etmişdir. Ermənistan radiosunda, televiziya ekranlarında, qəzet və jurnal səhifələrində başdan-ayağadək millətçilik ruhlu verilişlərə və böhtançı yazılara tez-tez rast gəlmək olardı. Bu işlə Kommunist Partiyasına “sadiq” olan respublikanın rəhbərləri də, alimləri də, ziyalıları da hüquq-mühafizə orqanlarının başçıları da ciddi canfəşanlıqla məşğul olurdular.

1988-ci ilin noyabrın 7-də azərbaycanlılar yaşayan rayonların əksəriyyətində vəziyyət gərginləşmişdi. Azərbaycanlı əhalisi daha çox olan Basarkeçər rayonunda siyasi ab-hava bir gün ərzində pisləşdi. Həmin ilin iyul ayında SSRİ Xalq artisti Sos Sarkisyanın Basarkeçərə səfəri, azərbaycanlılarla ermənilərin birlikdə divar-divara yaşadıqları Çaxırlı kəndindəki mədəniyyət evində yalnız ermənilərin iştirakı ilə keçirdiyi görüşün səhəri kəndin erməniləri, qonşu Tüstülü və Qırxbulaq kəndlərinin erməniləri nümayişə toplaşdılar. Nümayişin əsas məqsədi rayon mərkəzində vəzifədə olan azərbaycanlıların işdən qovulmaqla rayonun ərazisini tərk etmək tələbi idi.

Çaxırlı kəndində rayon partiya komitəsinin ikinci katibi Koryun Hakopyanın, katib Flora Danielyanın, raykomun təşkilat şöbə müdiri Suren Yeqiazaryanın, Dövlət Təhlükəsizliyi Komitəsi rayon bölməsinin rəisi Koçaryanın, sovxozun direktoru Arkadi Petrosyanın və digər yanların fəal iştirakı nəticəsində vəziyyət pisləşdi. Kənd məktəbindən azərbaycanlı uşaqları və müəllimləri qovuldular. Azərbaycanlıları təsərrüfat işlərinə buraxmadılar. Kənd evlərinə basqın etməyə, adamları döyüb təhqir etməyə başladılar. Bundan kifayətlənməyərək, azərbaycanlıları təqsirləndirir, xüsusilə ziyalılar barədə cinayət işi qaldırırdılar.

Göyçədən və respublikanın digər bölgələrindən bir qrup azərbaycanlılar (onların arasında SSRİ Ali Sovetinin deputatı və digər ziyalılar da vardır) şikayət etmək məqsədi ilə Moskvaya uçmaq istədilər. Ancaq ermənilər onları İrəvanın təyyarə meydanından qovdular. Bakıdan uçmaq üçün ora getdilər. Burada da Azərbaycanın ozamankı rəhbərləri Ermənistandan gələn azərbaycanlıları nəinki eşitməyi, hətta Moskvaya uçmaq üçün şərait yaratmağı özlərinə ar bildilər, onlar üzüntülü vəziyyətdə geri qayıtdılar.

Ermənistanın hər yerində qatı millətçilik əhval-ruhiyyəsi tüğyan edirdi. Mitinqlər səngimirdi. Azərbaycanlılar Şişqaya, Nərimanlı və Krasnoselo rayonu Şorca kəndlərinə toplaşaraq etiraz səslərini ucaltdılar. Mitinq iştirakçıları onlara muxtariyyət verilməsini, parlamentdə əhalinin say tərkibinə görə deputat kürsüsünün müəyyən edilməsini, idarəetmə və hüquq-mühafizə orqanlarında da bu nisbətə görə azərbaycanlı kadrların yerləşdirilməsini, azərbaycanlı kəndlərinin tarixi adlarının bərpa edilməsini tələb edirdilər. Həmin tələblər yerinə yetirilmədikdə özünü müdafiə dəstələrinin yaradılması da təklif olundu.

Bundan xəbər tutub xoflanan ermənilər respublikada hərbi vəziyyət və qadağan rejiminin elan edilməsi, bunun üçün silahlı döyüşçülərin və texnikanın gətirilməsi tədbirinə əl atdılar.

Rayon mərkəzinə, respublikanın şəhər və kəndlərinə gətirilən sovet hərbçiləri millətlərarası münaqişəni zərərsizləşdirmək əvəzinə erməniləri qoruyur, onların azərbaycanlılara göstərdikləri hər cür zorakılıqlara isə göz yumurdular.

Bəli, Mixail Qorbaçov hakimiyyəti dövründə xalqın başına gətirilən bəlalardan ən dəhşətlisi ona arxalanan ermənilərin iki yüz mindən çox müsəlmanı tarixi ata-baba yurdlarından qovulması, müqəddəs ruhların uyuduqları torpağın nankor ermənilərin əsarətində qalması oldu.

... Böyük Məzrə kəndi Göyçənin ən böyük yaşayış məntəqələrindən biri idi. Kəndin tam ortasından axan çay onu iki hissəyə ayırmışdır. Çayın sağ tərəfi “Plan” məhəlləsi adlanır. Burada yaşayanların əksəriyyəti ermənilər idi. Sol tərəfində daha çox əhali yaşayırdı. Orada isə əksəriyyəti azərbaycanlılar təşkil edirdilər.

Bu kənddə yaşayan ermənilərə “qaxtaqan” (qaçqınlar) deyilirdi. Onlar 1915-ci ildə Osmanlı Türkiyəsindən qovulmuşdular. Həmin ermənilərin əksəriyyəti daşnak partiyasının üzvləri olduğuna görə açıq-aşkar özlərini tayqulaq Andronikin nəvələri hesab edirdilər. Noyabrın 8-də “Plan” məhəlləsində bir zaman rayon partiya komitəsində, rayon soveti icraiyyə komitəsində məsul vəzifələrdə işləmiş A.Menkonyanın rəhbərliyi ilə çoxadamlı mitinq keçirildi. Bura qonşu Martuni, Kamo və Krasnoselo rayonlarının erməni nümayəndələri də gəlmişdilər. Mitinq, demək olar ki, bir neçə gün əvvəl Çaxırlı kəndində keçirilən nümayişin təkrarı və davamı idi. Tələb və təkliflər eyni idi.

Noyabrın 10-dan kənddəki azərbaycanlı uşaqları və müəllimləri, hətta məktəbin direktoru Nağı Veyisov da məktəbə buraxılmadı.

Yaranan ekstrimal vəziyyətdən narahat olub təşvişə düşən azərbaycanlılar yenidən noyabrın 11-də nümayişə toplaşıb sözlərini deyib, tələblərini irəli sürdülər. Ancaq kim idi onların səslərini eşidib, tələblərinə əməl edən.

Noyabrın 12-də Basarkeçər qəsəbəsində ermənilər nümayişə çıxaraq əllərində daşnak hökumətinin bayraqları, cani Andronikin portreti Sovet hökumətinin, Kommunist Partiyasının ünvanına nalayiq sözlər yazılmış şüar və transparantlar tutmuşdular. Onlar müsəlman xalqının respublikadan getmələrini qətiyyətlə tələb edirdilər. Elə həmin gün rayon mərkəzindəki idarələrə, müəssisə və təşkilatlara (rayon Soveti İcraiyyə Komitəsi sədrinin və qəzet redaktorunun iş yerlərinə) hücum etdilər. Küçədə əllərinə düşən müsəlmanları döyüb təhqir edirdilər, yollarını kəsir, maşınlarını sındırırdılar. Bu dövrdə respublikanın hər yerində çoxsaylı silahlı hərbçilərin və hərbi texnikanın olmasına baxmayaraq, vəziyyət günbəgün pisləşirdi. Azərbaycanlılar yaşayan kəndlərdə adamlara tibbi xidmət göstərilmir, mağazalara çörək və digər ərzaq məhsulları verilmirdi, elektrik enerjisini tez-tez kəsirdilər.

 

(davamı növbəti saylarımızda)

 

1988-ci il.