Səs.-2018.-18 oktyabr.-¹197.-S.2.

 

18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

 

İlham Əliyev: “Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”

 

Zümrüd Bayramova

 

Müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. 27 illik müstəqillik tariximizdə Azərbaycanın etibarlı tərəfdaş, təhlükəsizliyə, sabitliyə, multikulturalizmə və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, ölkəmiz qısa bir zamanda, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf, məhz bu müstəqillik tarixində əldə olunan nailiyyətlərdir.

Bu gün - 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunduğu tarixi gündür. 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik Sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq arzusu özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. 1995-ci il 12 noyabrda baş müəllifi Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi.

 

Azərbaycan siyasi, iqtisadi,

sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib

 

“Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır”, - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - “Əsrin Müqaviləsi” imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna hörmətdən, tezliklə Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan, ən əsası isə, Azərbaycanın artıq öz sərvətlərinə tam sahiblik etdiyinə etibar və əminlikdən yaranmışdı.

1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

“Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə

Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq”

 

Beləliklə, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və Onun əbədiliyi təmin edilir. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu, müasir Azərbaycan insanının xoşbəxtliyidir. Dövlət başçısı Cənab İlham Əliyev dediyi kimi: “Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi-iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.

 

“Azərbaycan bundan sonra

ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var”

 

Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: “Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var”.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə ciddi nailiyyətlərin əldə olunması, artıq 15 ildən çoxdur ki, əsas prioritet olaraq qarşıya qoyulub. Hazırda Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub. Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, Yer səthini müşahidə edən “Azersky” peyki, bu yaxınlarda orbitə çıxarılan “Azerspace-2” peyki ölkəmizin iqtisadi gücünü nümayiş etdirməklə yanaşı, hər il Azərbaycanın milyonlarla dollar gəlir əldə etməsinə imkan yaradır.

Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləş- dirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. “ASAN Xidmət” şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.

 

Müstəqil Azərbaycanın tarixi gerçəklikləri

 

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər “Euravision” Mahnı Yarışması, ilk Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu, islam Həmrəyliyi Oyunları və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.

Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Azərbaycanın ötən illərdəki uğurlarının fonunda işlənib-hazırlanan və təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyası da Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmağa istiqamətlənib. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş rəqabətqabiliyyətli ölkə olacaq.

Qeyd edilənlər göstərir ki, Azərbaycan iqtisadi gücə malik dinamik inkişaf edən ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın uğurlu inkişafı, bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar: “Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.

Bütün bu və ya digər amillər 27 illik müstəqil Azərbaycanın tarixi gerçəklikləridir.