Xalq qəzeti. - 2018.- 18 oktyabr. - ¹ 234. - S. 3.

 

Azərbaycanın dövlət müstəqilliyinin daimi olacağına inam tükənməzdir

 

18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası Günüdür

 

Səbuhi Məmmədov

 

Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.

Heydər Əliyev

Ümummilli lider

 

18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpası günüdür. 27 il öncə Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, Azərbaycan özünün həqiqi müstəqilliyini ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazanmışdır. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarmış və ölkə möhkəm əsaslar üzərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün dövlət müstəqilliyimiz güclü liderin – Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində daha da güclənir və Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən ölkə kimi tanınır.

Azərbaycan xalqının tarixində 18 oktyabr milli qürur günüdür. 27 il öncə məhz həmin gün Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etmişdir. Bu mühüm tarixi sənədlə xalqımız uzun əsrlər boyu həsrətində olduğu azadlığına qovuşmuşdur. Lakin dövlət müstəqlliyinə aparan yol çox mürəkkəb olmuşdur. Milli-azadlıq hərəkatından 20 Yanvar faciəsinə qədər qürurverici, eyni zamanda, kədərli prosesi yaşayan Azərbaycan xalqı qurbanlar bahasına olsa da, müstəqilliyini elan etməyi bacarmışdır.

Əlbəttə, müstəqillik qanla qazanılır. Lakin istiqlal mübarizəsinin məntiqi sonluğundan sonra, yəni müstəqillik elan edildikdən sonra ölkədə baş verən ictimai-siyasi proseslər Azərbaycan xalqını yeni təhlükələrlə üzləşdirmişdi. Müxtəlif siyasi qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi, xüsusilə də ölkədə güclü liderin olmaması Azərbaycanı növbəti geosiyasi fəlakətlə – tarixin verdiyi müstəqillik şansını itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkə vətəndaş müharibəsinin astanasında dayanmışdı. Bununla bağlı Prezident İlham Əliyev belə demişdir: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi”.

Dövlət başçısı müstəqilliyin ilk illərində Azərbaycanın çox böyük problemlərlə qarşılaşdığını və həmin illəri ölkəmiz üçün itirilmiş imkanlar dövrü kimi xarakterizə etmişdir. Strateji əhəmiyyətli Laçın və Şuşa da məhz həmin dövrdə, yəni 1992-ci ilin may ayında işğal olunmuşdu.

Müstəqilliyimizin ilk illərində Azərbaycan həm də Ermənistanın hərbi təcavüzü, cinayətkar rejimin azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti ilə üzləşmişdi. Bir tərəfdən dərin siyasi və iqtisadi böhran, digər tərəfdən də Dağlıq Qarabağ regionunda tüğyan edən hərbi münaqişə dövlət müstəqilliyinə böyük təhlükə yaratmışdı. Zəif siyasi və iqtisadi bazaya, eləcə də vətəndaş dəstəyinə malik olmayan hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti, eləcə də cinayətkar qruplaşmaların geniş əl-qol açması nəticəsində Azərbaycan ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Milli birliyin olmaması və digər mənfi amillər Azərbaycanda ictimai-siyasi böhranı dərinləşdirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsində ciddi itkilərin baş verməsinə səbəb olmuşdu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 1992-ci ilin yayından 1993-cü ilin iyun ayına qədərki dövrü biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü adlandırmışdır.

Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Böyük dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı. Digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu. Qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən eşidilməyə başladı. Suverenliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ən əsası, böyük siyasi xadimin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokra-tiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu.

Görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərini bu gün Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə etmişdir. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilmişdir. Bundan başqa, dövlət neft strategiyasının uğurla həyata keçirilməsi, ümumilikdə, iqtisad-sosial sahələrdə aparılan köklü islahatlar Azərbaycanı gücləndirir, hər bir vətəndaşın sosial həyatına müsbət təsir göstərir. Hazırda Azərbaycanda güclü infrastruktur yaradılmış və ölkəmiz xarici investisiyaların cəlbedici məkanına çevrilmişdir. Güclü orduya, idman ölkəsinə çevrilmiş Azərbaycan ötən 27 il ərzində böyük inkişaf yolu keçməklə beynəlxalq arenada da mövqelərini gücləndirməyə nail olmuşdur. 2012-ci ildə “Eurovision”, 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və “Formula-1” kimi nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsi, bir çox geosiyasi əhəmiyyətli enerji-nəqliyyat dəhlizlərinin formalaşdırılmasında iştirakı Azərbaycanın güclü dövlət olduğunu bir daha təsdiqləmişdir. Bu mühüm tədbirlərin Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə ­Avropa arasında körpü rolunu ­oynayan ölkəmizin ­sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir. Bundan başqa, qeyri-neft sektorunu uğurla inkişaf etdirən Azərbaycan bu gün kosmik dövlət kimi də tanınır və bu uğurların arxasında xalqın böyük etimadını qazanmış Prezident İlham Əliyevin gərgin əməyi və Vətənə olan tükənməz sevgisi dayanır.

Bir sözlə, Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti nəticəsində müstəqil Azərbaycan son 27 il ərzində kifayət qədər böyük uğurlar qazanmışdır. Güclü siyasi iradəyə, böyük maliyyə resurslarına malik olan Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş etibarlı tərəfdaşdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə evsahibliyi edən humanitar məkan kimi tanınır. Sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmiş Azərbaycan bəşəriyyətin cavab axtardığı bir sıra vacib məsələlərin müzakirəsinin qlobal səviyyəyə yüksəlməsində müstəsma rol oynayır və bu strateji kurs artıq dönməz xarakter almışdır. Bütün bu faktorlar Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq arenada nüfuzunun güclənməsinə öz töhfəsini verir. Ən əsası, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar-mədəniyyət həyatında cərəyan edən güclü inkişaf dinamikası hər bir azərbaycanlının Azərbaycanın dövlət müstəqiliyinin daha da güclənəcəyinə və üçrəngli bayrağımızın əbədi dalğalanacağına olan inamını artırır.