Xalq qəzeti. - 2018.- 16 oktyabr. - ¹ 232. - S. 11.

 

Azərbaycanı daha firavan və xoşbəxt gələcəyə aparan lider

 

Prezident İlham Əliyev: Əsl siyasət konkret real iş görməkdir

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı

 

Son 15 ildə Azərbaycan davamlı inkişaf yolu ilə inamla irəliləyib. Dövlətçiliyin əsasları, eləcə də respublikadakı  ictimai-siyasi sabitlik möhkəmləndirilib. Ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramları hazırlanaraq, işlək mexanizmlər əsasında həyata keçirilib. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri uğurla gerçəkləşdirilib, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu  artıb. Neft strategiyası milli mənafelərə uyğun davam etdirilib, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisi yüksəldilib. Regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilib, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi iqtisadi siyasətin əsas qayəsini təşkil edib.

 

Qeyd olunan dövrdə Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin, habelə  ölkədə güclü insan kapitalının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi kimi məsələlər diqqət mərkəzində saxlanılıb və bu istiqamətlərdə yüksək nəticələr qazanılıb.  

Prezident İlham Əliyev bu il aprelin 11-də keçirilən seçkilərdə ona yenidən göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib və son 15 ildə Azərbaycan iqtisadiyyatının dinamik  inkişaf yolu keçdiyini, dünyada baş verən böhranlardan ən az itkilərlə çıxa bildiyini, hazırda isə ölkədə iqtisadi, maliyyə sabitliyinin hökm sürdüyünü, əlverişli investisiya mühitinin mövcudluğunu, biznes şəraitinin daha da yaxşılaşdığını xatırladıb.

Cənab İlham Əliyev həmin müraciətində bir məqama da xüsusi toxunaraq demişdir: “Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son illər ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.

Prezident İlham Əliyevin ötən illər ərzində yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artıb, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənib.

Aydın həqiqətdir ki, ölkədə uğurlu daxili və xarici siyasət, ilk növbədə, iqtisadi fəaliyyətin səmərəliliyini şərtləndirir, bu sahədə dinamik inkişafa zəmin yaradır. Məhz elə buna görə də son 15 ildə reallaşdırılan ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesi yekunlaşıb. Ümumi Daxili Məhsulda özəl sektorun payı 80 faizi ötüb, makroiqtisadi sabitlik möhkəmlənib, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı uğurla həyata keçirilib və Nazirlər Kabinetinin sonuncu iclasında qeyd edildiyi kimi, yeni ildən başlayaraq dördüncü proqramın qəbul edilməsi nəzərdə tutulub. 

Regionların tarazlı və dinamik inkişafından danışarkən, qeyd edək ki, Prezident İlham Əliyev bölgələrə səfərlərində sakinlərlə görüşüb, onları diqqətlə dinləyir, rəylərini nəzərə alır. Məhz bu görüşlər zamanı qaldırılan məsələlərə həssaslıqla yanaşan dövlət başçısı paytaxta qayıdan kimi bununla bağlı müvafiq sərəncamlar imzalayır, əlaqədar təşkilatlara konkret göstərişlər verir. Bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bu barədə bildirib: “Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik ki, görülən bu işlərin böyük hissəsi orada əks olunmamışdır. Çünki biz bu proqrama və ondan sonrakı ikinci və üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla təmaslar əsnasında yeni təkliflər gəldi. Mən hər il onlarla rayona səfərlər edirəm, keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən təkliflər alıram. Ona görə bu proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr olunur. Odur ki, proqramların təhlilini apararkən biz mütləq əlavələri də nəzərə almalıyıq.

Əlbəttə ki, bizim məqsədimiz bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik. Bugünkü reallıqlar, bölgələrimizin çiçəklənməsi, bütün şəhərlərimizdə gedən quruculuq, abadlıq işləri göstərir ki, biz düzgün yoldayıq”.

 Azərbaycanda iqtisadi uğurların mənzərəsini aydın təsəvvür etmək üçün diqqəti bəzi göstəricilərə yönəltmək istərdim. On beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004)  46 milyard dollara (2018) çatdırılıb.   2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşüb.

Son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Belə ki, bu dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Respublikada 15 min kilometr yol çəkilib, 443 körpü  inşa olunub. Paytaxtda 4 yeni metro stansiyası işə salınıb, bir neçə stansiyada yenidənqurma işləri aparılıb. Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilib. 

Bu müddətdə respublikada ümumi generasiya gücü 2500 MVt olan 30 elektrik stansiyası tikilib istifadəyə verilməklə, Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilib. İlin sonuna qədər 400 meqavat  gücündə daha bir elektrik stansiyasının da (“Şimal-2”)  istifadəyə verilməsi nəzərdə tutulub.

Əhalinin təbii qaza olan ehtiyacının tamamilə ödənilməsi də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə bölgələrdə qazlaşdırmanın  sürətlə aparılması mühüm vəzifə kimi qarşıya qoyulub. Elə bunun nəticəsidir ki, hazırda respublika üzrə təbii qaz təchizatı 51 faizdən 95 faizə yüksəlib.

İçməli su məsələsi də yüksək səviyyədə öz həllini tapıb. Belə ki, Oğuz–Qəbələ–Bakı su kəməri layihəsi uğurla icra edilib, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu inşa olunub, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli kiçik sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təminatı yaxşılaşdırılıb. 

Cənab İlham Əliyev prezidentliyi dövründə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, “ASAN xidmət” mərkəzləri yaradılıb. Bu mərkəzlərə 2013–2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olub, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb. Bu ilin avqustunda isə əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) fəaliyyətə başlayıb. 

Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Son 15 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Bu ilin sonuna qədər həmin kateqoriyadan olan daha 500 nəfərin yeni mənzillərlə təmin olunacağı nəzərdə tutulub. Azərbaycan Prezidenti bu məqsədlə Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayırıb. 

Regionlarda tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Rayon mərkəzlərinin, kənd və qəsəbələrin siması dəyişib. Çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı və s.) yaradılıb, istehsal sahələri genişləndirilib. Sumqayıtda alüminium, karbamid, plastik emalı, “SOCAR Polymer” şirkətinin  800 milyon dollardan çox investisiya hesabına başa gələn polipropilen və yüksək sıxlıqlı polietilen, Bakıda gəmiqayırma, Gəncə, Naxçıvan və Neftçalada avtomobil, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncədə kənd təsərrüfatı texnikası zavodları, Balaxanıda məişət tullantılarının təkrar emalı müəssisəsi və digər sənaye obyektləri istifadəyə verilib. 

Aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin dinamik  inkişafına zəmin yaradıb. 2003-2018-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə, bu sahəyə əsaslı kapital qoyuluşu 21 dəfə artıb. Ölkədə 4 iri su anbarı (Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay), 4 min kilometr suvarma kanalları, 2,4 min kilometr kollektor-drenaj şəbəkələri tikilib və bərpa olunub, 360 min hektar torpağın su təminatı, 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 219 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.   Prezident İlham Əliyevin təşəbbüsü ilə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çəltikçilik  və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi istiqamətində görülən işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb. 

 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri,   2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə həyata keçirilərək, bu il mayın 29-da uğurla yekunlaşdırılıb. Bundan bir ay sonra isə həmin dəhlizin tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimi keçirilib.

1994-cü il sentyabrın 20-də Bakıda imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəyi nəzərdə tutulub. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görülüb. Təməli 2007-ci ildə qoyulan Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Yeri gəlmişkən, Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı – Ələt Dəniz Ticarət Limanının fəaliyyətə başlaması da Azərbaycanın mühüm tranzit və logistika mərkəzi kimi tanınmasında mühüm rol oynayıb.

Cənab İlham Əliyevin prezidentliyi dövründə respublikamız dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub. 2010-cu ilin fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki -  “Azerspace-2”  orbitə çıxarılıb. 

Bütün yuxarıda sadalanan, eyni zamanda, görülən işlərin bir qismi “Əsl siyasət konkret real iş görməkdir” - deyən möhtərəm Prezident İlham Əliyevin müasir müstəqil Azərbaycanı son 15 ildə inamla irəliyə doğru apardığını, davamlı uğurlara hesablanan məqsədyönlü və uzaqgörən siyasət yürütdüyünü təsdiqləyir.