Paralel. - 2018.- 16 oktyabr. - ą 176. - S. 10.

 

Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür

 

Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır

 

 Bütün dünya dövlətlərinin Azərbaycanda mövcud olan tolerant və multikultural dəyərlərə böyük marağının əsas səbəbi, burada nə millətlər, nə mədəniyyətlər, nə də dinlərarası münasibətlərdə assimilyasiya hallarına yol verilməməsidir. Bu da ilk növbədə, Azərbaycan dövlətinin həm xarici, həm də daxili siyasətində ayrı-seçkiliyə yol verməməsindən, tolerantlığın və multikulturalizmin prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlamasında özünü göstərir. Bunu sübüt edən bir çox faktlar sadalamaq olan. Lakin ən diqqətçəkəni və bir çox dövlətlərin təəccübünə səbəb olanı odur ki, Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.

Bu gün multikultural dəyərlərin iflasa uğradığı iddiasında olan və buna səbəb kimi, müsəlman ölkələrindən Avropaya mühacir axınının artmasın göstərən bir sıra Qərb dövlətlərindən fərqli olaraq, Azərbaycanın həm Qərb, həm də İslam dövlətləri ilə sıx əməkdaşlıq etməsi, təəccüb doğurduğu qədər də, təqdir olunan bir haldır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da bu yaxınlarda keçirilən Nazirlər Kabinetinin iclasında bu mövzuya toxunaraq bildirib ki, müsəlman ölkələri ilə əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir: "Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik".

Bu da məlumdur ki, beynəlxalq təşkilatlar İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsində Azərbaycanın fəaliyyətini çox yüksək qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatı da bu əməkdaşlıqdan məmnündür. Bu səbəbdən də, Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini davam etdirir və etdirəcək. Bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı adına layiq görülüb. Bu bütün müsəlman aləminin Azərbaycana olan hörmətinin təzahürüdür. Bu eyni zamanda, Azərbaycanın İslam aləmində oynadığı müsbət rolu ilə bağlıdır və bu istiqamətdə işlər davam edir. Azərbaycan dövləti İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səyləri davam etdirir, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atacaq. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilib, həm İslam aləmində, həm Avropada bu səylər yüksək qiymətləndirilir və bu səylərin gözəldə nəticələri var.

Bu nəticələrin əldə olunmasında, multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olması, mühüm əhəmiyyət daşıyır. Bunun əsas göstəricisi də ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsidir. Bu, özünü, ilk növbədə, ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində, dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir.

Bunun da ölkədə ilk növbədə maarifləndirmə işinin keyfiyyətinin və kəmiyyətinin yüksəldilməsindən irəli gəldiyini deyə bilərik.

Təqdirəlayiq haldır ki, dövlət qurumlarının bu istiqamətdə gördüyü işləri, qeyri-hökumət təşkilatları (QHT) və dini icmalar da yaxında dəstəkləyirlər.

Bu işlər çərçivəsində sentyabrın son ongünlüyündə Yevlax şəhərində "Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum" mövzusunda  zona müşavirəsi keçirilib. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Ağdam, Laçın, Xocavənd, Beyləqan şəhər və rayon icra hakimiyyəti başçılarının müavinləri - dini işlər üzrə komissiya sədrləri, dini qurumlarla işin təşkilatçıları, hüquq-mühafizə orqanlarının, Mədəniyyət, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumağa çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə də milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası üçün əlverişli imkan təklif edir:

"Tarixən Azərbaycanda məskunlaşan milli azlıqlar etnik, dini və mədəni mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə burada əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmayıb və birgə əmin-amanlıq şəraitində yaşayıblar"-deyə, E. Nəcəfov vurğulayıb. Bu da danılmaz həqiqitdir ki, ölkəmizdə multikultural mühit dövlət müstəqilliyimizdən sonra daha da güclənib. Bu gün bir sıra Qərb ölkələrində multikulturalizmin iflasa uğraması məsələsi gündəmdə olduğu halda, Azərbaycan Respublikası bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib. Bunun əsas göstəricisi, tarixin heç bir dönəmində burada etnik, dini və irqi zəmində  qarşıdurmanın, münaqişənin olmamasıdır.

Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olan "Bakı prosesi"ni qeyd etmək lazımdır. Bu il on illiyini qeyd etdiyimiz və qlobal hərəkata çevrilən "Bakı prosesi" müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində Azərbaycanda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. "Bakı prosesi" çərçivəsində də paytaxtımızda çoxsaylı Forumlar və digər tədbirlər keçirilib və oktyabr ayının 25-26-da Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi planlaşdırılb.

Bütün bunlara baxmayaraq, ölkəmizdə dinin ideoloji sahədə həssas və incə mahiyyətə sahib olduğunu bilən və ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn və bunun nəticəsində digər vətəndaşların hüquqlarını pozan, bir sözlə, insanların saf duyğularından öz məkrli məqsədlərini həyata keçirmək istəyində olanlar da yox deyillər və öz çinkin niyyətlərin həyata keçirmək üçün məqam axtarırlar.

Lakin bu qüvvələr yaddan çıxarırlar ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir və dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə bu işlərə kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb və bundan sonra da alınacağına heç bir şübhəmiz yoxdur.

Bu da bizə onu deməyə əsas verir ki, Azərbaycanda mövcud olan etno-siyasi və dini durum bütün dünyaya nümunədir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan həm Avropa dövlətləri, həm də İslam dünyası ilə sıx əməkdaşlıq edir, bu dövlətlərin də bir-biriləri ilə münasibətlərini tənzimləməyə çalışır. Bu baxımdan Azərbaycanın cari ilin sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclasında iştirakı da anlaşılandır.

Hər ilin payız aylarında keçirilən bu mötəbər tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat verirlər. Sentyabrın 21-dək davam edən tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri ilə yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləridə iştirak ediblər.

Tədbirdə "Antisemitizmlə mübarizə; dini və ya etiqadi zəmində, o cümlədən xristianlara, müsəlmanlara və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə" mövzusuna həsr olunmuş işçi sessiyası keçirilib. Sessiyada məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarına "Bakı prosesi" haqqında geniş məlumat verərək bildirib ki, bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin hərəkatın, 10 illik yubiliyi ölkəmizdə geniş tədbirlər planı ilə qeyd olunur.

 

 “Paralel”in Araşdırma Qrupu