Respublika.-2018.-11 oktyabr.-¹227.-S.6.

 

Müstəqillik xalqımızın böyük - tarixi nailiyyəti və milli sərvətidir

 

Vəli Albəndov,

“Qarabağ-E.R” MMC-nin baş direktoru, Əməkdar mühəndis,

Yeni Azərbaycan Partiyasının üzvü

 

İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Həmin gün respublika parlamenti - Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.

 

Sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmışdı. O, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.

Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və sovet dövlətinə etirazını bildirdi. 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edən Heydər Əliyev Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərinə biganə qalmayaraq Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.

1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və ya Qanun qəbul etdilər. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Adbaad səsvermədə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” yekdilliklə qəbul olundu.

Azərbaycanın dövlət müstəqilliyini birinci olaraq qardaş Türkiyə Cümhuriyyəti tanıdı. Dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. Dekabrın 11-də müstəqilliyimizi tanıyan 2-ci ölkə isə Rumıniya oldu. Dekabrın 13-də Pakistan analoji bəyanat verdi. Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik aktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu. Azərbaycan Xarici İşlər Nazirliyinin 1992-ci ilin yanvarında yaydığı məlumata görə dünyanın 50 dövləti Azərbaycan Respublikasını rəsmən tanımışdı. İrəlidə müstəqilliyin mürəkkəb, keşməkeşli illəri dururdu...

Azərbaycan özünün müstəqilliyinin ilk illərindən yeni geosiyasi vəziyyətin diktə etdiyi ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşmalı oldu. Ermənistanın hərbi təcavüzünün nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ problemi və iqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər, zorakılıqlarla müşayiət olunan hakimiyyət ambisiyaları dövlət həyatını, cəmiyyəti idarəolunmaz vəziyyətə gətirmişdi.

1993-cü ilə qədər Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Özbaşınalıq şəraiti yaranmışdı, problemlər baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi. Çünki hələ 1969-cu ildə hakimiyyətə gələndən sonra Heydər Əliyevin necə böyük işlər gördüyünün şahidi idi.

Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyin nicatını ancaq böyük şəxsiyyət və siyasətçi Heydər Əlirza oğlu Əliyevdə görərək onu təkidlə Bakıya dəvət etdi. Xalqın çağırışına heç vaxt biganə qalmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi, iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi.

Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında ölkə parlamentinə sədr seçilərkən xalq qarşısında bəyan etdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Íeç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etdirilməsinə həsr edəcəyəm...”. Belə bir çətin məqamda yalnız Heydər Əliyev yeganə düzgün qərar verməyə qadir idi.

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən milli ordunun formalaşması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, nəhayət 1994-cü ilin mayında atəşkəs əldə edildi. Cəmiyyət dərin böhrandan çıxmaq, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başlamaq, davamlı inkişaf yoluna çıxmaq üçün müqəddəm şərtlər yarandı.

Şübhəsiz yeni müstəqil dövlətin həyatında ən əlamətdar hadisələrdən biri 1994-cü ilin sentyabrında xarici neft şirkətlərinin iştirakı ilə ilk neft müqaviləsinin - “Əsrin müqaviləsi”nin imzalanması idi. Azərbaycan iri regional qüvvələrin ciddi təzyiqləri ilə üzləşdi. Həmin qüvvələr müqavilənin reallaşması, eləcə də sonralar Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısını almaq üçün hər vasitədən istifadə etdilər. Amma Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu maneələri məharətlə aradan qaldırdı və nəticə etibarilə Xəzər hövzəsində gərginliyə son qoyuldu, əməkdaşlıq mühiti yarandı. Milli iqtisadiyyatın lokomotivi olan neft sənayesi müstəqil ölkə üçün böyük perspektivlər vəd edirdi. Heydər Əliyevin müəllifi olduğu milli neft strategiyası sonrakı illərdə böyük uğurla həyata keçirildi və bütövlükdə iqtisadiyyatın dirçəlməsinə, ölkənin müstəqilliyinin möhkəmlənməsinə, dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətin beynəlxalq aləmdə, ilk növbədə Avropada nüfuzunu artırmasına şərait yaratdı.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirib, ölkəmizin iqtisadi qüdrətini, gücünü artırıb. Ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.

Ötən on beş il ərzində infrastrukturun yenidən qurulması və inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.

Yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. İyirmi yeddi il müstəqillik yolunda inamla, qətiyyətlə irəliləyən ölkəmiz artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş müttəfiq respublikalarla müqayisədə Azərbaycan sürətli inkişaf edib, bəzi sahələr üzrə təkcə regionda deyil, dünyada öncül yerlərdədir. Bu uğurlar ildən-ilə daha da artıb, əhəmiyyətli islahatlar aparılıb və ölkəmiz iqtisadiyyatın inkişaf tempinə görə dünyada lider dövlətə çevrilib.

Son 15 ildə ulu öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən də bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verib: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Ölkəmizdə dövlət başçısının qətiyyəti sayəsində daxili risklərin hamısı aradan qaldırılıb, eyni zamanda, Azərbaycan xarici risklərdən də özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Demokratik dövlət quruculuğunu hədəfləyən və buna ölkə Prezidenti səviyyəsində böyük siyasi iradə göstərən Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib, respublikamızda bütün azadlıqlar təmin edilib. Ölkəmizin demokratik inkişaf yoluna diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir: “Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir”.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan demokratik inkişaf yolunu heç də kimə isə xoş gəlmək üçün seçməyib. Ölkəmiz demokratiyaya ona görə sadiqlik nümayiş etdirir ki, respublikada siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan daha qüdrətli ölkəyə çevriləcək.

Bəhs olunan dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Son 15 il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı dəstək tədbirləri, aparılan məqsədyönlü islahatlar sayəsində qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. O cümlədən qeyri-neft ixracı 4,1 dəfə artıb. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 70 faizi Azərbaycanın payına düşür.

Bu gün mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanı qoruyub yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının borcudur. Göründüyü kimi, Heydər Əliyev ideyaları daim yaşayır və müstəqil Azərbaycan dövləti, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt gələcəyə doğru inamla gedir.