Azərbaycan.-2018.-31 yanvar.-22.-S.1,6.

 

Ənənələrə sadiqik və onları yaşadırıq

 

Nurlana Əliyeva,

YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor

 

2018-ci il Azərbaycan xalqının milli dövlətçilik tarixində son dərəcə əlamətdar bir dövrə təsadüf edir. Bu ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü tamamlanır.

 

Tarixin hansısa məqamında öz dövlətini qurmuş, milli varlığını dünyanın siyasi xəritəsində konkret dövlətçilik atributları ilə ifadə etmiş xalqlar Yer üzündə çoxdur. Amma cəmi bir əsr ərzində iki dəfə istiqlalını dünyaya bəyan edən, bu yolda qurbanlar verən və əsrin əvvəllərində nakam qalmış istiqlal arzusunu əsrin sonlarında tam reallaşdıraraq qüdrətli bir dövlətə sahib olan xalqların sayı çox azdır.

Azərbaycan xalqı belə nadir xalqlardandır.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyimizin 100 illiyi münasibətilə 2018-ci ili Cümhuriyyət ili elan etdi: Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq.

 

***

 

Azərbaycan Xalq Cümhuriyyəti XX əsr tarixinin təsadüfi bir faktı deyildi. Bu demokratik respublika ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olmaqla, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

Əsrin əvvəllərində elan edilmiş Azərbaycanın İstiqlal bəyannaməsi mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışı prosesinin məntiqi nəticələrini özündə ehtiva edirdi. Xalqımızın milli istiqlalına doğru gətirən yol hələ XIX əsrin birinci yarısından cəmiyyətdə tədricən geniş vüsət alan maarifçilik hərəkatı ilə başlamışdı.

O dövrdən etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırlamışdı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafında mühüm rol oynamışlar. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. XX əsrin əvvəllərində türkləşmək, islamlaşmaq və çağdaşlaşmaq ideyalarının genişlənməsi və beləliklə, milli azadlıq hərəkatının güclənməsi Azərbaycan xalqının milli ruhunu daha da gücləndirmişdi. Rusiyanın dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. I Dünya müharibəsi də beynəlxalq münasibətlər sistemində bir sıra dəyişikliklərin meydana gəlməsinə səbəb oldu və başqa regionlarla yanaşı, Qafqazda yeni dövlətlərin yaranması üçün münbit şərait yetişdi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirilirdi. Mayın 27-də Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, yekdilliklə Azərbaycanın idarə olunması vəzifəsini öz öhdəsinə götürdü və özünü Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də keçirilmiş iclasında Azərbaycanın İstiqlal bəyannaməsi qəbul olundu. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət İstiqlal bəyannaməsi, yaxud Misaği-milli Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi.

 

***

 

İstiqlal bəyannaməsi ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşməklə yanaşı, Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə əsaslı imkanlar yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyətində Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və Azərbaycanın digər böyük şəxsiyyətlərinin xidmətləri olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli sərəncamında Cümhuriyyətin tarixi xidmətlərinə tam obyektiv qiymət verilmiş, cəmi 23 ay ərzində görülmüş genişmiqyaslı işlərə diqqət yönəldilmişdir. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti, sərəncamda da qeyd edildiyi kimi, üzərinə düşən çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirmişdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdi.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək hər cür bərabərsizliyi aradan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin olunması, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişaf etdirilməsi, Azərbaycanın ilk universitetinin təsis olunması da bu 23 ayda əldə olunmuş tarixi nailiyyətlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə təhsil milliləşdirilmiş, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülmüşdü.

 

***

 

Cümhuriyyət ilində Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində formalaşdırdığı mühüm dövlətçilik irsi barədə, yəqin ki, çox yazılacaq. Ziyalılarımız bu 23 aylıq tarixin ayrı-ayrı məqamları barədə düşüncələrini cəmiyyətə təqdim edəcəklər. Bu qeydlərimizdə isə cümhuriyyət qurucularının daha çox təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsindəki fəaliyyətlərinə diqqət yönəltmək istərdik. Çünki bu sahədəki nailiyyətlər, yaradılan dəyərlər Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da yaşadı və cəmiyyətin inkişafında, tərəqqisində, son nəticədə müstəqilliyimizin bərpasında misilsiz rol oynadı. Həmin dövrdə bu gün özünün 100 illik yubileyi ərəfəsində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci də Bakı kişi müəllimləri, daha sonra Bakı qadın müəllimləri seminariyası kimi təsis edildi.

O ağır illərdə seminariya Azərbaycan xalqına elmi və pedaqoji cəhətdən hazırlıqlı kadrlar yetişdirib ərsəyə çatdırdı. İndi vaxtilə burada müəllimlik etmiş mərhum dahi bəstəkarımız Uzeyir bəy Hacıbəyliyə, ömrünü gəncliyin təhsili yolunda əritmiş Abdulla Şaiqə, görkəmli pedaqoq Camo Cəbrayılbəyliyə, Azadbəy Əmirova, Pənah Qasımova, ziyalı qadınlarımızdan Mədinə xanım Qiyasbəyliyə bizim üçün zəngin və ibrətli bir irs qoyub getdikləri üçün çox minnətdarıq.

Həmin dövr ziddiyyətlərlə dolu bir dövr olduğundan, qanla, fəlakətlə yoğrulduğundan, ziyalılar ehtiyac içərisində yaşayır, xalqın ən yaxşı övladları təhqirlərə, çətinliklərə məruz qalırdılar. Həmin dövrdə cəmiyyətdə düzgün xalq mövqeyində durmaq fədakarlıq tələb edirdi. Ziddiyyətlərlə dolu olan o dövrdə xalqın ləyaqəti, istedadı, mədəniyyəti, təhsili boğulur, pərdələnir, onun görkəmli oğullarının fəaliyyətinə kölgə salınırdı.

Milli mədəniyyətimiz, sənətimiz, tariximiz proletkultçu deyilən cərəyan tərəfindən inkar olunurdu.

Nə zaman ki, görkəmli bir mədəniyyət xadimi milli alətimiz olan tarı inkar və qadağan edirdi, qabaqcıl proletar şairi:

 

Kəs səsini, kəs səsini, kifayətdir, sus, ey tar!

İstəməyir proletar səndə çalınsın, Qatar! -

deyərkən, ona cavab olaraq şair M.Müşfiq:

Oxu tar! Mən səndə

istənilən havanı çala da bilərəm,

Mən səndən bu günün zövqünü

Ala da bilərəm,

 

- deyib tarın milli mədəniyyətimizdəki mövqeyini düzgün müəyyənləşdirdi.

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, sənətinə, tarixinə şüursuz ağılla hücum edən adamları Ü.Hacıbəyil, H.Cavid, S.Vurğunun parlaq zəkası ilə susdurur, yatmış beyinləri öz qüdrətli sənətləri ilə oyadırdılar. Elə buna görə də bu gün milli tarımızın, muğamımızın şöhrəti ölkəmizin birinci xanımı Mehriban Əliyevanın qüdrətli təəssübü və məhəbbəti ilə bütün dünyanı dolaşarkən həmin şəxsiyyətlərin nurla dolu siması göz önünə gəlir, sanki ənənələrimizi yaxşı qoruyun deyib bizi vətəndaşlığa çəkirlər.

1 sentyabr 1919-cu ildə Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Həmçinin Azərbaycanda ilk muzey olan İstiqlal muzeyi fəaliyyətə başladı. Eyni zamanda, Bakıda Etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırıldı. Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuat ənənələrimizin inkişafında da böyük rol oynadı. 1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunurdu ki, onlardan biri də cümhuriyyətimizin yadigarlarından olan Azərbaycan qəzeti idi. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdı. Ümumiyyətlə, istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı və teatrın cəmiyyətin həyatında rolunun artması ilə əlamətdardır. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu, gördüyü işlərlə türk-müsəlman maarifçiliyi ilk dəfə dövlət səviyyəsinə qalxmışdı. Avropanın ən nüfuzlu təhsil ocaqlarının məzunu olan cümhuriyyət qurucuları təhsilin, maarifin qədrini, xalqın mədəni inkişafındakı rolunu bilirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin ən əhəmiyyətli hökumət təsisatlarından biri Xalq Maarif Nazirliyi idi. Burada Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Rəşid xan Qaplanov, Nurməmməd bəy Şahsuvarov, Fətulla bəy Rizabəyov, Azad bəy Əmirov, Eynül xanım Yusifbəyli kimi şəxsiyyətlər çalışırdılar. Xarici müdaxiləyə, daşnak Ermənistanla aparılan müharibəyə, ölkədaxili siyasi qüvvələr arasındakı ziddiyyətlərə, eləcə də iqtisadi böhrana,maliyyə çatışmazlığına və başqa amillərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq təhsilinin inkişafı üçün var qüvvəsini sərf etmişdi.

 

***

 

1918-ci ilin 27 iyul günündə Azərbaycan hökuməti dövlət dili haqqında qanun qəbul etdi. Dövlət sənədlərinin Azərbaycan türkcəsində tərtibinə başlandı. Bununla belə, uzun illər ərzində formalaşmış ənənələri nəzərə alaraq, müəyyən bir müddətədək rus dilinin də tətbiqinə icazə verildi.

Avqustun 28-də hökumətin məktəblərin milliləşdirilməsi haqqında qərarı çıxdı. Məktəblərin milliləşdirilməsi dedikdə, respublikanın təhsil ocaqlarında təlimin ana, yəni, Azərbaycan dilində aparılması nəzərdə tutulurdu. Azərbaycan balalarının doğma dildə təhsil almaq, öz dilini, ədəbiyyatını, tarixini və mədəniyyətini öyrənmək hüququ ilk dəfə olaraq qanuniləşdirildi. Milliləşdirilən məktəblərdə Azərbaycan dilində təhsil almaq icbari idi.

Qeyri-Azərbaycan məktəblərində Azərbaycan dilinin dövlət dili səviyyəsində tədrisindən ötrü külli miqdarda vəsait ayrıldı. Bu illərdə xalqın təhsilə marağı, həvəsi xeyli gücləndi. Xalq təhsili müfəttişlikləri, demək olar ki, bütün qəza və kəndlərdən məktəb açmaq haqqında ərizə alırdılar. Təhsil xərclərini əhali öz boynuna götürürdü. Azərbaycan Xalq Cümhuriyyətinin birinci tədris ili 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra başladı. Tədris üçün şərait ağır idi. Müəllim və şagirdlərin bir hissəsi 1918-ci ilin martında daşnak ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı zamanı qırılmış, bir çoxları ölümdən xilas olmaq üçün yaşayış yerlərini atıb getmişdi. Məktəb binaları acınacaqlı vəziyyətdə idi. Onların bir çoxu dağıdılmışdı. Bakıdakı məktəblərin çoxunda vaxtilə ya ingilis, ya da daşnak silahlı qüvvələri yerləşdirildiyindən binalara xeyli ziyan dəymişdi. Bir sıra məktəblərdə isə daşnakların bölgələrdə soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlardan qorunmaq üçün Bakıya pənah gətirmiş qaçqınlar yaşayırdılar. Cümhuriyyət hökuməti məktəblərin təmiri üçün məktəb komissiyasından vəsait ayırdı. Bu pul ilə xeyli məktəb təmir olundu. Hökumətin səyləri nəticəsində təlim və tədris işləri qısa müddətdə qaydaya salındı. Beləliklə, 1919-cu ilin martında Bakıda şəhər məktəblərində oxuyanların sayı 6.400, həmin ilin noyabrında isə 9.100 nəfərə çatdı. Şagirdlərin dərsə davamiyyəti xeyli yüksək idi. Bu, məşğələlərin normal keçməsi və ölkədə vəziyyətin sabitləşməsi ilə bağlı idi. Azərbaycan dilli məktəblərdə müvəffəqiyyətlər daha böyük idi. Belə ki, zəif oxuyanların faizi köhnə rejimdə 50 faizə çatdığı halda, indi 10-15 faiz olmuşdu.

Azərbaycanda məktəb quruculuğu işinə Türk müəllimləri ittifaqının yaradılması da böyük təsir göstərdi. İttifaqın sədri Ağababa bəy İsrafilbəyov idi. 1919-cu ildə avqustun 20-dən sentyabrın 1-dək Azərbaycan müəllimlərinin qurultayı keçirildi. Qurultayda yeni proqram və dərsliklərin hazırlanması, müəllimlər seminariyaları və kurslarının açılması, məktəblərin abadlaşdırılması və yenilərinin tikilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və digər bu kimi mühüm məsələlərə baxıldı. Ölkədə siyasi durumun müzakirəsi zamanı aşağıdakı qətnamə qəbul olundu: Azərbaycan müəllimləri xalq kütlələri arasında Vətən müstəqilliyinin möhkəmləndirilməsi, sağdan və ya soldan hər hansı bir təhlükə zamanı onun müdafiəsi üçün fədakarlıq və vətənpərvərlik mövqeyi baxımından güclü, mütəmadi iş aparmalıdırlar. O dövrdə Müsəlman Ziyalıları İttifaqı da fəaliyyət göstərirdi. Azərbaycanın görkəmli məktəb xadimlərindən Camo Cəbrayılbəyli, Mehdi bəy Hacıbabayev, Teymur bəy Bayraməlibəyov, Əlməmməd Mustafayev və başqaları Müsəlman Ziyalıları İttifaqının işində fəal iştirak edirdilər. Dövlət orqanlarının və parlamentin işində də müəllimlərin fəaliyyəti güclü idi.

Həmin dövrdə məktəblər milliləşdirilərkən dərslik məsələsi xüsusilə aktual problem kimi qarşıda dayandı. Xalq maarifi naziri Şahsuvarovun sədrliyi ilə Azərbaycan dilində dərsliklər tərtib etmək üçün komissiya yaradıldı. Bundan əlavə, dərsliklərin Azərbaycan dilinə tərcüməsi məsələləri ilə məşğul olan xüsusi komissiya təşkil olundu. Milli hökumət dərslik layihələrinin hazırlanması üçün 152 min manat, onların nəşrindən ötrü kağız alınmasına 500 min manat, ana dilində şriftin alınmasına isə daha 200 min manat pul ayırmışdı. Komissiyaların gördükləri böyük iş sayəsində qısa müddət ərzində üç hissədən ibarət Təzə Elmül- hesab, İkinci il, Ədəbiyyat dərsləri, Müntəxəbat, Yeni məktəb, Müəllimi-sərf, Sərfi-türki,Türk çələngi, Tarixi-təlibi, Rəhbəri-cəbr, Coğrafiya, Hikməti-tərbiyə dərslikləri hazırlanmışdı. Bu kitablar müəllim və şagirdlərə maya dəyərinə satılırdı.

Rus dilində dərsliklərin alınmasına hökumət 500 min manat sərf etmişdi. Yəhudi, erməni və alman məktəblərinə də aylıq subsidiya ayrılmışdı. Parlamentin 1918-ci il 26 dekabr tarixli iclasında baş nazir Fətəli xan Xoyski qeyd etmişdi ki, xalqın maariflənməsi sahəsi dövlət və cəmiyyətimizin özülünü qoyan bir sahədir. Hamının öz dilində təhsil almaq hüququ vardır. Bütün məktəblərdə qeyri-müsəlman şagirdlər üçün ilahiyyat dərsləri keçilirdi. Əgər qeyri-millətlərdən olan şagirdlərin sayı 10 nəfərdən yuxarı idisə, onlara ana dili dərsləri tədris olunurdu. Özü də bu məktəblərdə ilahiyyat və ana dili dərslərinin xərcini dövlət öz xəzinəsindən ödəyirdi. Xristian dininə etiqad edən müəllim və şagirdlər üçün istirahət günü olan cümə bazar günü ilə əvəz edildi. Dini bayramların da keçirilməsinə icazə verilirdi.

 

***

 

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində xüsusi diqqət yetirilən daha bir sahə Azərbaycan qadınlarının maariflənməsi idi. Məsələn, Keşlədəki müsəlman qadınlar cəmiyyətinin xahişini nəzərə alaraq hökumətin səyi nəticəsində 1919-cu ilin oktyabrında burada qızlar üçün ibtidai məktəb açılmışdı. Keşlə qadın cəmiyyətinin müvəkkili İzzət xanım Rəsizadənin coşqun fəaliyyəti sayəsində məktəb kəndlilərin hörmətini elə qazanmışdı ki, artıq noyabr ayında burada 100 qız təhsil alırdı. 1919-cu il mart ayının 24-də Azərbaycan milli gimnaziyasında qadınlar üçün kursların təntənəli açılışı oldu. Bu mərasimdə 120 azərbaycanlı qadın iştirak etdi. Sara xanım Xuramoviç, Şəfiqə xanım Qaspıralı, Hənifə xanım Məlikova çıxışlar etdilər. Kurslara Gövhər Usubova rəhbərlik edirdi. 1920-ci ilin yanvarında artıq 200 azərbaycanlı qadın burada savad alırdı.

1920-ci il aprel ayının 1-dən Azərbaycan dilini öyrənmək üçün qadın kursları açılmışdı. Kurslarda təhsil pulsuz idi. Məşğələləri aparmaqdan ötrü Türkiyədən müəllimlər dəvət olunmuşdu. Onlar kursda təmənnasız, ictimai əsaslarla çalışırdılar. Dərslər 2-ci türk qadın məktəbinin binasında keçirilirdi. Birinci şəhər məktəbində isə savad öyrənmə və əl işləri üzrə qadın kursları fəaliyyətə başlamışdı. Müəllimlər yalnız müsəlman qadınlarından ibarət idi. Gigiyena dərsini tanınmış həkim Əminə xanım Batirşina aparırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin xalq təhsilinin inkişafı istiqamətində gördüyü işlərdə Nəhri-Maarif, Nicat, Səfa, Səadət, Türk ocağı, İran Maarif Cəmiyyəti və başqa bu kimi Azərbaycan mədəni-maarif cəmiyyətlərinin də böyük xidmətləri olmuşdu. 1919-cu ilin sentyabrında orta məktəblər üçün yeni proqramlar tərtib edən komissiyalar işə başladı. Əgər köhnə proqramlarda Azərbaycan dili, ədəbiyyatı, Azərbaycan xalqının tarixi ümumiyyətlə öyrənilmirdisə, 1919-1920-ci tədris ilində dərslər artıq yeni proqramla keçilirdi. Aşağı siniflərdə Türk xalqları tarixinin qısa kursu, yuxarı siniflərdə isə Türk xalqları tarixinin tam kursu fənləri öyrənilirdi. Azərbaycan Cümhuriyyəti dövründə əlifba islahatı məsələsi qaldırıldı və bu məqsədlə yaradılmış komissiya latın əlifbasına keçməyi qərara aldı. Abdulla bəy Əfəndiyev Maarif Nazirliyinə latın qrafikalı yeni Azərbaycan əlifbasını təqdim etdi.

 

***

 

Azərbaycan Xalq Cümhuriyyəti müəllimlərə yüksək qayğı göstərirdi. Bu dövrdə müəllimlərin maaşı bir neçə dəfə artırılmışdı. Bayram ərəfələrində onlara pul müavinəti verilir, müəllimlər az tapılan ilkin tələbat və ərzaq malları ilə təmin olunur, kasıb ailələrdən olan uşaqlar isə təhsil haqqından azad edilirdilər. Orta təhsil müəssisələrində bu cür şagirdlər üçün təqaüd təsis edilmişdi. Ehtiyacı olanlar hətta naharla təmin olunurdular.

Təlimin Azərbaycan dilində aparılması ilə bağlı ən böyük problem ixtisaslı müəllim kadrların çatışmazlığı idi. Bu problemin aradan qaldırılması üçün 10 noyabr 1918-ci ildə Qazaxda müəllimlər seminariyası açıldı. Bu, təkcə qəza üçün deyil, bütün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Seminariyanın direktoru tanınmış maarifçi-pedaqoq və ədəbiyyatşünas Firudin bəy Köçərli idi. Bakıda və Gəncədə də müəllimlər seminariyaları fəaliyyət göstərirdi. Bundan başqa, müxtəlif bölgələrdə müəllimlər hazırlayan qısamüddətli kurslar təşkil olunmuşdu. Azərbaycan qadınlarının bu kurslara can atması xüsusilə sevindirici idi. Parlament üzvləri kurslara gəlir, onların işi ilə maraqlanır, lazımi kömək göstərirdilər. Cümhuriyyətin dəvəti ilə Türkiyədən çalışmaq üçün Azərbaycana 50 müəllim gəlmişdi. O dövrdə ən təqdirəlayiq addımlardan biri kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkəmiz üçün son dərəcə gərəkli mütəxəssislərin hazırlanmasından ötrü 100 azərbaycanlı övladını Avropanın məşhur ali məktəblərinə göndərmişdi. Dünya standartlarına uyğunluğu ilə Azərbaycanda ali təhsil sisteminin bünövrəsini qoyan Azərbaycan Dövlət Universitetindən başqa, 1920-1921-ci tədris ilinin başlanğıcında ölkədə Pedaqoji İnstitutun açılması, Bakı Kənd Təsərrüfatı İnstitutunun yaradılması, Bakı musiqiçilər cəmiyyətinin nəzdində yaradılmış musiqi məktəbinin Bakı Konservatoriyasına çevrilməsi nəzərdə tutulurdu.

 

***

 

Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin 28 aprel günü baş vermiş bolşevik işğalı nəticəsində süquta uğraması Azərbaycan cəmiyyətinin inkişafına yönəlmiş bu işlərin davam etdirilməsinə imkan vermədi. Üstəlik, cümhuriyyət qurucularının Vətəndən didərgin salınması, istiqlal ideyalarının daşıyıcısı olan ziyalılarımıza qarşı repressiyalar, ötən əsrin 30-cu illərində onların kütləvi şəkildə məhvi Azərbaycanda milli düşüncənin inkişafına böyük zərbə vurdu. Yalnız ötən əsrin 70-ci illərində ölkənin siyasi rəhbərliyinə milli ruha, azərbaycançılıq ideyalarına bağlı şəxsiyyətin, cümhuriyyət qurucularının Azərbaycanın istiqbalı ilə bağlı bütün arzu və amallarını öz nəcib əməlləri ilə zaman-zaman doğruldan - ümummilli lider Heydər Əliyevin gəlməsi vəziyyəti dəyişdi. Cəmiyyətdə milli şüurun oyanışı baş verdi. Heydər Əliyev Azərbaycanın yüksəlişi üçün fürsət bildiyi ən kiçik imkanı belə diqqətdən kənarda qoymadı. Bu imkanları dəyərləndirdi və hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ölkəmizin, cəmiyyətimizin hərtərəfli tərəqqisi naminə gördüyü misilsiz işlərlə milli müstəqilliyimiz üçün əsaslı zəmin hazırlamış oldu.

Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsi üçün mühit formalaşdırdı. Bütün bunların məntiqi nəticəsi isə Azərbaycan xalqının 71 ildən sonra yenidən öz istiqlalına qovuşması oldu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hər zaman ürək ağrısı ilə xatırladığımız aqibəti, tarixi təcrübəsi, o cümlədən müstəqilliyimizin bərpası və ondan sonrakı ictimai-siyasi proseslər bizə bir daha göstərdi ki, istiqlalı əldə etmək hələ işin yarısıdır. Onu hər vəchlə qorumaq və möhkəmləndirmək lazımdır.

Xalq Cümhuriyyəti dövründə olduğu kimi, dövlət müstəqilliyimizin bərpası dövrü və ondan sonrakı ilk illər də cəmiyyətimiz üçün rəvan keçmədi. Minlərlə qurban verdik. Təcavüzkar Ermənistan istiqlalımızı gözü götürməyən güclü havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal etdi. Xalqın arasına təfriqə salmaq, Azərbaycanı parçalamaq üçün müxtəlif fəndlər işə salındı. Təxribat ocaqları alovlandırıldı, cəmiyyət vətəndaş müharibəsinə doğru sürükləndi. Azərbaycan yenicə qazandığı müstəqilliyi hər an itirə bilərdi. Belə bir məqamda Azərbaycanın kövrək müstəqilliyini qorumaq və onun bu dəfə yadlara təslim edilməsinə imkan verməmək üçün xalqın xilaskar kimi üz tutduğu ulu öndər Heydər Əliyev son dərəcə mürəkkəb vəziyyətdə Azərbaycana dayaq oldu. İstiqlalımızı xalqın gücü, vəhdəti ilə qorudu. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edildi. Dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi üçün qətiyyətli addımlar atıldı. Ölkədə ictimai-siyasi sabitlik təmin olundu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə demokratik, hüquqi dövlət quruculuğu prosesi ardıcıl xarakter daşıdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirirdi: Bu gün - bu bayram günü (28 May) biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Ulu öndər Heydər Əliyevin strateji inkişaf kursunu, cümhuriyyət qurucularının milli dövlətçilik ənənələrini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti bu gün müstəqil Azərbaycan dövlətini öz tarixinin ən qüdrətli mərhələsinə yetirib. Dövlətin əldə etdiyi hər bir nailiyyət bütün tarixi mahiyyəti ilə yanaşı, eyni zamanda bu dövlətin təşəkkülü və inkişafında əməyi olmuş mütəfəkkirlərimizin ruhuna böyük bir ehtiram nümunəsidir.

Cümhuriyyət ilində təşkil olunan çoxsaylı tədbirlərlə cümhuriyyət dövrünə bir daha nəzər salınacaq. Onun tariximizdəki yeri və rolu ətraflı təhlil ediləcək. Dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrəniləcək. Uğur və uğursuzluqlar təhlil edilərək nəticə çıxarılacaq. Milli dövlətçilik tariximizdə belə bir möhtəşəm dəyəri yaratmış düşüncə adamlarının hər birinin mənəvi ucalığı təfəkkürümüzdə canlanacaq.

İndiyə qədər Azərbaycanın istiqlalı, tərəqqisi, güclənməsi uğrunda əmək sərf etmiş insanların isə bir ümumi mənəvi abidəsi var: Bu, gündən-günə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilən, qüdrətli Azərbaycan dövlətidir!