Palitra. 2018. - 4 oktyabr. - 170. S. 7.

 

Milli dövlətçilik tariximizin şanlı səhifəsi

 

(Azərbaycan Xalq Cümhuriyyəti)

 

Nizami Süleymanov,

UNEC-in professoru, tarix elmləri doktoru

 

(əvvəli ötən sayımızda)

Milli hökumətin neft və neft məhsullarının Avropa ölkələrinə daşınmasını təmin etmək üçün Qara dəniz sahilindəki limandan istifadə edilməsi barədə qaldırdığı iddia müttəfiq dövlətlər (İngiltərə, ABŞ, Fransa) tərəfindən nəzərə alınmış və 1920-ci il aprelin 19-26-da İtaliyada keçirilən konfransda A-nin Batum limanından azad istifadə hüququ təmin olunmuşdu. Bu, Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının inkişafı üçün əlverişli beynəlxalq şəraitin yaradılması istiqamətində mühüm uğuru idi.

Azərbaycan hökuməti dövlət büdcəsinin formalaşdırılmasına və milli valyutanın yaradılmasına yönələn maliyyə siyasəti yeridirdi. Bakı bonu adlandırılan milli pul vahidinin dövriyyəyə buraxılması haqqında 1918-ci il sentyabrın 22-də qərar qəbul edildi. Hökumət maliyyə-pul sistemini nizamlamaq üçün 1919-cu il sentyabr ayının 30-da Dövlət Bankı yaratdı.

Beləliklə, çox çətin şəraitində fəaliyyət göstərməsinə baxmayaq, AXC Azərbaycan xalqının mənafeyinə uyğun iqtisadi tədbirlər həyata keçirmişdir.

Cəmi 23 ay fəaliyyət göstərmiş AXC milli mədəniyyətimizin inkişafı üçün çox böyük işlər görmüşdür.

Milli hökumətin mədəniyyət sahəsindəki siyasəti ilk növbədə milli təhsil sisteminin yaradılmasına, milli dövlətçiliyə sədaqətli və milli mənəviyyata malik olan gənc nəsil hazırlamağa yönəlmişdi.

Hökumətin 1918-ci il 28 avqust tarixli qərarı ilə respublikanın ibtidai məktəblərində şagirdlər öz ana dillərində təhsil almalı idilər. 1919-cu ilin sonuna kimi 5 gimnaziyanı çıxmaqla, bütün orta məktəblər milliləşdirilmişdi. 1919-cu ilin martında yaradılmış xüsusi komissiya tərəfindən əlifba islahatı bəyənilmişdi.

Milli məktəblərin pedaqoji kadrlara ehtiyacını ödəmək məqsədilə Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsi 1918-ci ildə Qazaxa köçürülərək müstəqil seminariyaya çevrildi. Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də BDU-nun yaradılması haqqında qanun qəbul etdi.

1919-1920-ci tədris ili üçün xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almaq üçün 100 azərbaycanlı gənci göndərildi. 1919-cu il dekabrın 7-də çoxlu sayda kitab fondu olan Milli kitabxana açıldı. 1919-cu ildə Azərbaycan radiosu fəaliyyətə başladı. Həmin ilin noyabrında Azərbaycan Dram Teatrı yaradıldı. Ümumiyyətlə, 1918-1920-ci illərdə bütövlükdə mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənətə yüksək dövlət qayğısı və himayəsi göstərilmişdir.

Cümhuriyyət hökuməti yarandığı gündən Azərbaycan Respublikası mövcudluğu üçün əlverişli və təhlükəsiz beynəlxalq şəraitin yaradılması və yeni dövlətin dünya birliyi tərəfindən tanınması üçün çox çevik və ardıcıl xarici siyasət xətti yeritmişdir. Hökumətin xarici siyasətində ilk uğurlu addımı 1918-ci il iyunun 4-də Batumda Türkiyə ilə sülh və dostluq müqaviləsi bağlaması oldu. Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olaraq Antanta dövlətləri ilə 1918-ci il oktyabrın 30-da bağladığı Mudros sülh müqaviləsinə əsasən Türkiyə ordusunun Azərbaycandan çıxarılması və 1918-ci il noyabrın 17-də İngiltərə qoşunlarının general Tomsonun komandanlığı ilə Bakıya daxil olması vəziyyəti ağırlaşdırsa da, Cümhuriyyətin siyasi liderlərinin məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddətdə Qərbi Avropa demokratiyası modelində qanunverici məclis olan Parlamentin çağırılması və Koalisiyon hökumətin təşkil edilməsi (26.12.1918)

Azərbaycam xarici işğaldan azad etdi. General Tomson F. Xoyskinin sədrliyi ilə yaradılmış koalisyon hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı. Tomson hələ 1918-ci ilin noyabrında Londona göndərdiyi məktubunda Fətəli xan Xoyski ilə görüşü barədə yazırdı: O, ağıllı adamdır, hüquqşünasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət quranlardan daha qabil olan dövlət yaratmışdır. Mənimlə görüşü-zamanı ermənilərin xəyanətlərindən yana-yana danışdı.

Milli hökumət xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verirdi. Ə. M. Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris konfransında uğurlu fəaliyyəti nəticəsində 1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. 1920-ci ilin əvvəlində Bakıda dünyanın 20-dən çox dövlətinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.

Milli hökumətimiz daxili və xarici siyasət sahəsində böyük uğurlar qazandığı bir şəraitdə Sovet Rusiyasının timsalında Azərbaycan Respublikasının müstəqilliyi üçün böyük təhlükə yarandı. Sovet Rusiyasının açıq hərbi müdaxiləsi nəticəsində AXC süquta uğradı. AXC süquta uğrasa da, onun Azərbaycan xalqının şüurunda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini aşağıdakı kimi qeyd etmişdi: Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bu gün yaranmasının 100 illik yubileyini qeyd etdiyimiz AXC Azərbaycan tarixinin qürur salnaməsinə çevrilmişdir. Xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs ideyalar uğrunda mübarizəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində zəfərlə sona çatdı. , XX əsrin 90-cı illərində nəinki Azərbaycan dövlətçiliyini faciədən və iflasdan xilas etdi, eyni zamanda AXC-nin varisi olaraq hüquqi, demokratik, müstəqil Azərbaycan Respublikasının sarsılmaz əsasını yaratdı. Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamında deyilir: Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.