Paralel.-2018.-31 yanvar.-¹19.-S.10.

 

İslam bütün səmavi dinlər arasında ən mükəmməl şəkildə tolerantlığı və dözümlülüyü ehtiva edən dindir

 

Azərbaycan hökuməti dini vəziyyəti daim nəzarətdə saxlamaq, qarşıdurma meyillərinin qarşısını almaq, sağlam dini maarifləndirmə işinə xüsusi önəm verir

 

Bu gün dini və milli tolerantlıq, eləcə də multikulturalizmin iflasa uğraması barədə bəzi Avropa dövlətlərində yaranmış qənaətlər, əsasən miqrasiya problemləri ilə bağlıdır desək, yəqin ki, yanılmarıq.

Çünki demokratiyanı əsas inkişaf qayəsi hesab edən Avropada son zamanlar İslam dininə və onun daşıyıcıları olan müsəlmanlara münasibəti anlaşılan deyil. Buna səbəb isə Qərbin bəzi qüvvələrinin İslam dinini, eləcə də bu dinin daşıyıcıları olan müsəlmanların dünyada baş verən bütün pisliklərdə suçlama cəhdləridir. Əslində isə islam bütün səmavi dinlər arasında ən mükəmməl şəkildə toleranlığı və dözümlülüyü ehtiva edən dindir və biz bu gün oxucularımıza bu barədə məlumat verməyə çalışacağıq.

Məlumdur ki, Məscid insanın həm ruhən rahatlıq tapdığı məkan, həm də mənsub olduğu mənəvi irsin göstəricisidir. Bu müqəddəs yer həmçinin insanın hər zaman özünü təhlükəsizlikdə hesab etdiyi məkan olub. Bu məkanın təhlükəsizliyi isə ilk növbədə binanın vəziyyətindən asılıdır. Bildiyiniz kimi, hər bir tikili kimi məscidlərin də müəyyən istismar müddəti var. İstismar dövrü başa çatan tikililər, binalar ya bərpa edilir, ya da sökülərək yenidən inşa olunur. Bu qaydalara əməl edilmədiyi halda, insanların həyatı birbaşa təhlükə altında qalır. Təbii ki, təhlükəsizlik mühitinin yaradılması və ona nəzarət edilməsi dövlətin vəzifəsidir. Məsələyə insan həyatının təhlükəsizliyini əsas götürərək müqayisəli şəkildə baxsaq dinimizdə də insan həyatına böyük dəyər verildiyini görərik. Qurani-Kərimdə buyurulur:"...Özünüzü öz əlinizlə təhlükəyə atmayın..." (Bəqərə, 195).

Bütün bunları nəzərə alan Azərbaycan dövləti də hər zaman yararsız vəziyyətə düşən ibadət məkanlarını bərpa etmək mümkün olduğu təqdirdə sökməyə deyil, yenidən qurulmasına çalışır. Bu, dövlətimizin dinə və dindarlara qayğısının bariz nümunəsidir. Müstəqilliyimizin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrin təmir və bərpası istiqamətində zəruri addımlar atılıb. Bir faktı da qeyd edək ki, müstəqillik dövründə ölkəmizdə 800-dən artıq məscid inşa olunub, yüzlərlə məsciddə əsaslı təmir işləri aparılıb və yaxud yenidən qurulub. Təbii ki, görülən bu işlərin əsasında vətəndaşların rahat ibadət etmələrinin təminatı dayanır. Özünəməxsusluğu qorunaraq təmir olunan və ya inşa edilərək istifadəyə verilən bu cür məscidlərdə ibadətlə yanaşı, elm öyrənilməsi üçün də şərait yaradılır. Şübhəsiz, dinə bu cür qayğının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, Azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur. Dövlətimiz ölkədə yaşayan digər dinlərin nümayəndələrinə də qayğı göstərərək onların problemlərinin həllinə şərait yaradır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Xüsusilə, din sahəsində sabitliyin, o cümlədən dini dözümlülük və multikultural ənənələrin qorunub saxlanılması, radikalizm meyillərinin qarşısının alınması istiqamətində ciddi işlər görür.

Yuxarıda da qeyd etdiyimiz kimi, son dövrlərdə dünyada baş verən neqativ hadisələrə nəzər salsaq, belə bir addımın xalqımız üçün nə dərəcədə bəşəri əhəmiyyət daşıdığını görərik. Bəzi ölkələrdə dindən sui-istifadə edərək yaradılan qarşıdurmalar sabitliyin pozulmasına və vətəndaş müharibələrinə gətirib çıxarır. Odur ki, Azərbaycan hökuməti dini vəziyyəti daim nəzarətdə saxlamaq, qarşıdurma meyillərinin qarşısını almaq, sağlam dini maarifləndirmə işi aparmaqla yanaşı, ölkədə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradır, onlara lazımi qayğı göstərir.

İndi isə gəlin İslam dininin bəzi aspektlərinə diqqət yetirək.

İslam dinində ifratçılıq və ya ekstremizm hərfi mənada bir şeyi son həddə çatdırmaq, həddi aşan tədbirlərə əl atmaq kimi ifadə olunur. Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və s. formalarda özünü göstərə bilir. Siyasi ekstremizm siyasətin ifratçı vasitələrlə həyata keçirilməsidir. Onun geniş yayılan formalarından biri də, millətçi ekstremizmdir. Bu forma millətlər və xalqlar arasında ayrı-seçkilik və düşmənçilik yaratmaqla özünü göstərir. Müasir dünyamızda ekstremizmin, ifratçılığın ən qabarıq şəkildə özünü göstərən formalarından biri isə dini ekstremizmdir. Dini ekstremizm isə o yerlərdə daha çox inkişaf edir və yayılır ki, orada toleranlıq və maultikulturalizm anlayışı ötəri xarakter daşıyır və sadəcə olaraq gözdən pərdə asmaq vasitəsi kimi başa düşülür. Tolerantlıqdan uzaq düşmək isə radikalizm və ifratçılıq meyillərini artırır. Əslinə baxanda, dini ifratçılıq Allahın qoyduğu qanunlardan və Peyğəmbərin sünnəsindən uzaqlaşmaq, dində qoyulan hədləri aşmaqdır. Uca Yaradan Qurani-Kərimdə müsəlmanlara həddi aşmamalarını, həddi aşanlara və insanlar arasında çaxnaşma salanlara isə itaət edilməməsini təkidlə bildirib: "De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azan, bir çoxlarını da azdıran və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!" (Maidə, 77). Dində orta mövqe tutmaq, elə tolerantlığı qəbul etmək deməkdir. İfrata və təftirə səbəb isə nəfsdir. Nəfsinə hakim ola bilməyən hər bir insan orta yoldan azacaq və ona qul olacaq. Orta yoldan azmamaq üçün isə nəfs ağıla tabe edilməlidir. Yəni insanı duyğuları, nəfsi yox, məhz ağlı idarə etməlidir. İmam Əli (ə) insanın nəfsi ilə mübarizəsi haqqında belə buyurub: "Nəfsinizlə amansız döyüşərək onun cilovunu öz əlinizə alın" ("Ğurərul Hikəm", hədis 2489).

Səmavi dinlərin tarixinə nəzər salsaq, kitab nazil olan cəmiyyətlərin hər birində ifratçılıq və təfritə yol verildiyini görərik. Hədislərin birində İmam Əlinin (ə) belə nəql etdiyi bildirilir: "Rəsulullah mənə dedi: Ya Əli, sən İsa kimisən. Sənin üzündən iki qrup zəlalətə düşəcək. Biri səni alçaldar, aşağılayar, necə ki, yəhudilər İsanı aşağılayıb çarmıxa çəkmək istədilər. Başqa bir qrup da səni ilahiləşdirər, necə ki, xaçpərəstlər İsanı ilahiləşdirib yollarını azdılar" (Şeyx Səduq, "Əmali" əsəri). Bu ifratçı davranışlara qarşılıq Allah-Təala sonuncu din olan İslamı göndərib və Peyğəmbəri vasitəsilə Özünün qoyduğu qanunların dəyişdirilməməsini əmr edib. Allah müsəlmanları dində orta yolu tutmalı olan ümmət kimi yaradıb: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (mötədil, ədalətli) bir ümmət etdik ki, (qiyamət günü) siz insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun..." (Bəqərə, 143).

İfratçılıq və təfrit mövcud cəmiyyətlər üçün olduqca təhlükəli yanaşmadır. Dini əsl məqsədindən kənarlaşdıraraq doğru olmayan aspektdən dərk edilməsinə səbəb olur. Bu da Allahın əmrlərindən kənarlaşmaya - Allahın halal buyurduğunun haram, haram buyurduğunun isə halal sayılmasına, insanlara Allahın əmr etmədiklərinin təlqin olunmasına gətirib çıxarır.  Orta yolu azıb ifrat və ya təfrit kimi doğru olmayan yolla getməmək üçün Quran ayələrinin əsl mahiyyəti dərk edilməli və onun məna etibarı ilə bütünlük pirinsipinə əməl edilməlidir. Quranın hər hansı ayəsini ayrıca götürsək, bir çox suallar meydana çıxar. Lakin Yaradan insanların hər bir işini asanlaşdırdığı kimi, burada da öz bəndələrini çətin və dolaşıq vəziyyətə salmayıb. Ayələrin bir-birini izah etdiyinə diqqət yetirsək, ağıllarda sual yaradan bir ayənin izahını başqa ayədə aydın görərik. Məsələn, "İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi" (Maidə, 78) ayəsini əsas götürüb İsrail oğullarına (yəhudilərə) kin, nifrət bəsləyərək onlara qarşı zor tətbiq etsəydik, bu məsələdə ifrata yol vermiş olardıq. Amma Müqəddəs Qurani-Kərimin digər bir  ayəsinə nəzər salaraq onlarla mehriban, sülh şəraitində yaşamalı olduğumuzu görürük: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!"(Mumtəhinə, 8).

Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, dində ifratçılıq, radikalizm, terrorizm və bir çox mənfi hallar cahillikdən yaranır. Heç şübhəsiz ki, bütün mövcud mənfi halların qarşısının alınması, gələcəkdə gənclərimizin dini ekstremizmin, radikalizmin, terrorizmin qurbanına çevrilməmələri üçün əsas vasitə dini maarifləndirmədir. Gənclərimizin kənar qüvvələrin təsirlərindən qorunması üçün din saf şəkildə, ifratçılıqdan, təhriflərdən uzaq formada çatdırılmalıdır. Dini maarifləndirmə isə nəticə etibarı ilə hər bir vətəndaşın İslam dinini təhrifsiz və daha mükəmməl öyrənməsinə gətirib çıxaracaq.

Və sonda ümummilli lider Heydər Əliyevin dövrümüzün reallığı ilə səsləşən bir fikrini diqqətinizə çatdırırıq: "Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını zədələsinlər".

 

“Paralel”in Araşdırma Qrupu