İki sahil. - 2018.- 3 oktyabr. - ¹ 186. - S. 3.

 

Müstəqilliyimizin, monolit birliyimizin, iqtisadi inkişafımızın təməl günü

 

Xuraman İsmayılqızı

 

Dövlətçilik salnaməmizə Azərbaycan xalqının xilas günü kimi  yazılan 3 oktyabr 1993-cü il haqqın, ədalətin, liderə xalq məhəbbətinin ifadəsi idi.  Həmin gün Azərbaycan xalqı öz öndərinin simasında əbədi liderini   seçdi. Hakimiyyətinin birinci dövründə Azərbaycanı  aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına, Qırmızı bayraqlar  diyarına çevirən  ulu öndər Heydər Əliyev həmin gün xalq qarşısındakı  məsuliyyətinin, öhdəliyinin taleyüklü  vəzifə olduğunu uzaqgörən siyasəti ilə  hiss etdi. Vəzifə isə  düşünüldüyündən də  çətin, amma şərəfli idi: Ölkəmizin gələcəyi üçün mühüm dönüş olan Azərbaycanın müstəqilliyini, suverenliyini, bir sözlə, varlığını qorumaqla ümidsizliyə qapılan insanların ürəyində sabaha inam hissini  gücləndirmək.  Prezident seçkisində  ümumxalq etimadını milyonların yekdil səsi ilə qazanan Ulu Öndər xilaskarlıq missiyasına xalqın xeyir-duası ilə başladı.

Ağır günlərdə  xalqa arxa, dayaq olan,  cəsarətli addımları ilə liderlik  zirvəsinə yüksələn, erməni lobbisinin planına uyğun Kremldən uzaqlaşdırılsa da  Moskvada fərdi təqaüdçü olduğu  dövrdə belə  Azərbaycanın taleyini düşünürdü.  Təzyiq və təhdidlərə məruz qaldığı zaman Azərbaycana qarşı törədilən  və siyasi təcavüz olan 20 Yanvar faciəsindən sonra  sovet hökumətinin törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyası sıralarından çıxdı.

Qəlbi Azərbaycan xalqı ilə bir döyünən  Ulu Öndərin Bakıya, sonra  Naxçıvana dönüşü  milli müstəqilliyimizin kövrək addımları kimi yadda qaldı. Siyasi fəaliyyətinin Naxçıvan dövrünü müstəqilliyə aparan yolun başlanğıcı adlandıranlar Ulu Öndərin o illərdə qəbul etdiyi qərarları  Azərbaycanın varlığını təsdiqləyən addımlar kimi dəyərləndirirlər. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları- bayrağı, gerbi, himni  uzaqgörən siyasətçi  Heydər Əliyevin təşəbbüsü ilə bərpa olundu. Ölkənin inkişafını şərtləndirən bazar iqtisadiyyatına keçidin ilk mərhələsi olan  özəl bölmənin, sahibkarlığın təməli qoyuldu. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanı çətin vəziyyətdən qurtarmaq üçün qonşu İran və Türkiyə ilə  əlaqələr yaratdı. «Ümid» körpüsünün inşası ilə  qardaş Türkiyə ilə  münasibətlər  möhkəmləndi. İrandan, Türkiyədən alınan enerji ilə insanların ehtiyacları ödənildi. Dünya dövlətlərini təmsil edən KİV-lərin  əməkdaşları Azərbaycanla bağlı həqiqətləri   Ulu Öndərdən öyrənmək üçün Naxçıvana üz tuturdular. Naxçıvanda olarkən   daxili düşmənlərin  bəd niyyətli , qərəzli əməllərinin qarşısını almaqla  da  suverenliyimizin əbədiliyini  təmin etdi. Dövlət çevrilişlərinə  cəhdlərin qarşısını elə xalqa arxalanaraq alan ulu öndər Heydər Əliyev dəfələrlə Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi.

Xalqın liderinə olan el məhəbbəti, inamı o dövrdə  hakimiyyətdə olan AXC-Müsavat iqtidarını narahat edirdi.  Bu cütlüyün hakimiyyətinin Azərbaycanı məhvə apardığını hiss edən insanlar Ulu Öndərə müraciət edərək ondan imdad diləyirdilər. Həmin dövrdə  Gəncədə baş verən qarşıdurmadan qorxan səbatsızlar da  Ulu Öndərdən yardım istədilər.  Canından artıq sevdiyi Azərbaycanı gözləyən fəlakətlərin qarşısını almaq üçün Bakıya gələn Ulu Öndər heç bir dövlət başçısının, siyasətçinin öhdəsindən gələ bilməyəcəyi  məsuliyyəti boynuna götürərək ölkəni  vətəndaş müharibəsindən xilas etdi.  Həmin hadisələrin şokunu yaşayan  milyonlar   ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının əbədiliyini birlik və həmrəylikləri ilə təsdiqlədilər. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə ayağa qalxdı. «Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib» söyləyən Prezident İlham Əliyev o illəri belə xarakterizə edir.

Azərbaycanın o zamankı səbatsız rəhbərləri Heydər Əliyev fenomeni qarşısında acizliklərini hiss edərək xalqın tələbi ilə  ONU rəsmən Bakıya dəvət etdilər. Ulu öndər  Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya  qayıtdı, 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

«1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın müasir tarixi Heydər Əliyevin doğma torpağa möhtəşəm qayıdışından sonra başlayıb.  Ulu Öndərin qayıdışı ilə monolit  birliyimizin, iqtisadi inkişafımızın əsası qoyuldu. Bütün sahələrdə  əmin- amanlığın, sabitliyin təmin olunması,  tənəzzülün   qarşısının alınması, islahatların həyata keçirilməsi,  iqtisadiyyatın dirçəlməsi ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin, fədakarlığının bilavasitə nəticəsi olmaqla digər sahələrin tərəqqisinə, vətəndaş cəmiyyətinin qurulmasına da təkan vermişdir. Ulu öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən olkəsi kimi tanınan  bugünkü müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini qoruyan Azərbaycandır.  O Azərbaycan ki, beynəlxalq aləmdə mövqeləri möhkəmlənməklə  ən mötəbər təşkilatlarda söz sahibidir. Regionun ən qüdrətli , güclü dövlətinə çevrilib.

Tariximizə Qayıdış,  Milli Qurtuluş Günü kimi yazılan 15 iyunun zəfəri bununla  bitmədi. Ulu Öndər iyunun 24-də  Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini  yerinə yetirməyə başladı. Xalq isə  respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını   Azərbaycanın müstəqilliyinin  qarantı hesab edərək  bu tələbində haqlı olduğunu prezident  seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi.

1993-cü il oktyabrın 3-də  milyonların etimadı  nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 10 oktyabr 1993-cü ildə, Azərbaycan xalqının həyatının  ən mürəkkəb dövründə,  XX əsrin sonunda dünyada  köklü dəyişikliklərin baş verdiyi  siyasi proseslərdən yaranan qlobal problemlərin artdığı bir zamanda  üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək bütün həyatını  xalqının etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən Heydər Əliyev Azərbaycan bayrağını öpüb and içərkən  ilk növbədə  Azərbaycan xalqının ağlına, zəkasına, qüdrətinə inandığını bildirdi: «Azərbaycan xalqının mənə  bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»

1993-cü ildə  hakimiyyətə qayıdan  ümummilli liderHeydər Əliyev  siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib hər kəsin qəlbində sabaha inam hissi yaratmağı bacardı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu Öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan Heydər Əliyev  həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.

Azərbaycançılıq fəlsəfəsinə, milli ideologiyaya bağlılığı və dərin zəkası, təfəkkürü ilə  ölkəmizin dünyada rolunu və geosiyasi əhəmiyyətini müəyyən etmiş Ulu Öndər milli dövlətçiliyimizin bünövrəsini  möhkəmləndirmiş, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu ideyalar Azərbaycan xalqının dövlətçilik ənənələri ilə sıx bağlı olub milli ruhun,  özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil  ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmış,  hərəkətverici qüvvəyə çevrilmişdir.

Bazar iqtisadiyyatı yolu ilə dünya birliyinə inteqrasiyanı  Azərbaycanın inkişaf strategiyası kimi təkmilləşdirən,  iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində  olan respublikanı yaranmış  ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən Heydər Əliyev  bildirirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması, onun gerçəkləşdirilməsi BTC, BTƏ neft-qaz kəmərlərindən sonra  «Cənub Qaz Dəhlizi», TANAP, TAP haqqında  deyilən hər xoş söz, Azərbaycanın liderlik rolunun etirafı o illərdə Ulu Öndərin çəkdiyi zəhmətin bəhrəsidir.  Dünyanın ən iri şirkətlərinin müharibə şəraitində yaşayan Azərbaycana, belə möhtəşəm layihələrə marağının artması  düşünülmüş siyasətin, ulu öndər  Heydər Əliyev qətiyyətinin, düşüncəsinin,  uzaqgörənliyinin məntiqi nəticəsi idi. Azərbaycana investisiya axınının əsasını qoyan  ulu öndər Heydər Əliyev  geosiyasi  baxımdan əlverişli ərazidə yerləşən respublikamızın iqtisadi-sosial, elmi, texniki mədəni inkişafı üçün zəmin yaratdı. Sərmayələr nəzərdə tutulan proqramların, iqtisadi islahatların həllinə yönəldildi.

Bu gün Azərbaycan  enerji resursları ilə Avropa  ölkələrinin yanacağa  tələbatının 30-40 faizini  təmin edirsə, bu nailiyyət Ulu Öndərin hazırladığı neft strategiyasının uğurudur.  Enerji layihələrinin alternativ, şaxələndirmə prinsipinə uyğun həyata keçirilməsində maraqlı olan Azərbaycan  bu strategiyanın tətbiqi nəticəsində  dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi kimi maraq doğurur.

Ulu öndər Heydər Əliyevin  uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini istəməyən dairələrin planlaşdırdıqları oyunlara,  anarxiya və ekstremist hallara  son qoyulmuş,  bütün qanunsuz silahlı dəstələr ləğv olunmuş, mütəşəkkil ordu yaradılmış, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması təmin edilmişdir.

Dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi, Milli Konstitusiyanın qəbulu,  azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər Heydər Əliyev fenomeninin adı ilə bağlıdır. Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində ümummilli lider Heydər Əliyevin ideyaları  reallaşdı. Azərbaycan hazırda dünyanın ən nüfuzlu  təşkilatların etibarlı üzvü kimi qarşılıqlı əməkdaşlıq  prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə doğruldur.  Tolerant ölkə kimi diqqət çəkir, sivilizasiyalararası dialoq məkanı kimi də tanınır. Ulu Öndərin adını daşıyan Fondun  layihələri beynəlxalq səviyyədə dəstəklənir.