Palitra. - 2018.- 29 sentyabr. - ¹ 167. - S. 11.

 

“Dağlıq Qarabağda törədilən faciələr İslam dünyasına qarşı hücumların bir hissəsidir”

 

Fuad Hüseynzadə

 

Ötən gün İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə “Qafqazda regional təhlükəsizliyə ikili yanaşma və İslam dəyərləri əleyhinə təxribatlara qarşı İslam ölkələri mediası ilə əlaqələrin gücləndirilməsi” mövzusunda “dəyirmi masa” və iordaniyalı tarixçi Ömər Məhəmməd Nəzzal əl-Armutinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabın təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən professor Rafiq Əliyev bu gün dünyada beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasından danışıb. O deyib ki, nəhəng güc sahibləri olan bir neçə ölkə beynəlxalq normalara məhəl qoymur və nəticədə, qanlı müharibələr, vətəndaş qarşıdurmaları baş verir. İkili standartlar artıq beynəlxalq münasibətlərdə və hətta beynəlxalq hüquqda bir normaya çevrilməkdədir. Təəssüf ki, bu prosesin yayılmasında kütləvi informasiya vasitələrinin də rolu var. Bəzi KİV-lər yol verilən pozuntulara bəraət qazandırır, ictimaiyyəti yalana, ikili standartlara yeganə düzgün hərəkət kimi baxmağa inandırmağa çalışır. R.Əliyev vurğulayıb ki, bu kimi xoşagəlməz halların qarşısını almaqda İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının üzvləri mühüm rol oynaya bilərlər.

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov çıxış edərək bildirib ki, Azərbaycan dünyada İslam həmrəyliyinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi siyasi iradə tələb edirdi. Bu addımı ilə dövlətimizin başçısı islam xalqlarının bir araya gətirilməsinə mühüm töhfə verdi.

F.Abbasov rəhbərlik etdiyi təşkilatın islam dəyərlərinin qorunması və təbliği, islam ölkələrinin jurnalistləri arasında həmrəyliyin təmin edilməsi istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, bu gün islam dəyərlərinə qarşı aparılan çirkin kampaniyanın qarşısının alınmasında İslam ölkələrinin, o cümlədən islam ölkələri jurnalistlərinin həmrəyliyinə böyük ehtiyac var.

İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh islam dəyərləri əleyhinə təxribatlara qarşı islam ölkələri mediası ilə əlaqələrin gücləndirilməsinin önəmli olduğunu söyləyib.

İordaniyalı tarixçi-yazıçı Ömər Məhəmməd Nəzzal əl-Armuti bildirib ki, Azərbaycanın İordaniyadakı səfirliyinin dəstəyi ilə ərəb dilində nəşr edilmiş “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabının yazılmasında məqsəd ərəb ictimaiyyətinə münaqişə barədə ətraflı məlumat verməkdir. O əlavə edib ki, Dağlıq Qarabağda törədilən faciələr islam dünyasına qarşı hücumların bir hissəsidir. Bu səbəbdən islam birliyi daha da möhkəmləndirilməlidir. “Dəyirmi masa” müzakirələrlə davam edib.

Respublika Veteranlar Təşkilatı Qarabağ müharibəsi qəhrəmanlarını tanıdır

Yeri gəlmişkən, Respublika Veteranlar Təşkilatı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin icrası çərçivəsində ilk tədbirini keçirib.

Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov layihə barəsində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında təşkilatın fəaliyyəti, keçirilən tədbirlər haqqında məlumat verib, bu sahədə veteranların üzərinə düşən vəzifələrdən danışıb.

Cəlil Xəlilov çıxışına davam edərək deyib: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” adlı layihənin ilk tədbirinə toplaşmışıq. Şəhidlərimizə həsr olunmuş belə layihələr mühüm əhəmiyyət kəsb edir. Çünki şəhidlər babaların bizlərə əmanət etdiyi yurdu canları, qanları bahasına müdafiə ediblər. Onlar vətəni yaşatmaq naminə qanlı döyüşlərə atılıblar. Düşmənə ağır zərbələr vuraraq Azərbaycanın qəhrəmanlıq, mərdlik tarixinə yeni, silinməz səhifələr yazıblar. Hər birimiz bu gün də, sabah da onlar qarşılarında minnətdarlıq borcumuzu yerinə yetirməli olduğumuzu bir an da unutmamalıyıq. Xüsusilə gənclər onların hər birinin həyat, döyüş yolu barədə məlumatlı olmalı, Vətəni, xalqı müdafiə etməkdə, yeri gəlsə, hər cür fədakarlığa hazır olmalıdırlar. Bu yolda həyatını fəda edənlərin əbədi yaşamaq haqqı var.

Respublika Veteranlar Təşkilatı belə tədbirləri yalnız layihələrlə əlaqədar deyil, il ərzində müvafiq Tədbirlər Planı əsasında müntəzəm olaraq keçirir. Layihələrə gəlincə, biz 2016-cı ildə “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihə də həyata keçirmişdik. Bu çərçivədə ölkənin 4 regionunda, əsasən, gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdi. İndiki tədbirlərdə də həm Qarabağ, həm də Aprel şəhidlərinin həyat və döyüş yolundan söhbət açılacaq.

Ümumiyyətlə, vətənpərvərlik tərbiyəsi, gənclərin xalqımızın qəhrəmanlıq, dövlətçilik tarixinə sədaqət, məhəbbət ruhunda tərbiyə olunması təşkilatımızın başlıca vəzifəsidir. Bu baxımdan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi və bu günü, qəhrəman oğullarımızın nəsillərə örnək olacaq yolunun təbliği bizim daim diqqət mərkəzimizdədir.

Şəhidlərimiz haqqında biz hər gün, hər saat danışmalı, onların daim xatırlanmalarına nail olmalıyıq. Yeniyetmə və gənclər bu işdə daha fəal olmalı, onların adına layiq insanlar kimi yetişməyə çalışmalıdırlar.

Layihə çərçivəsində görüşlərimiz davam edəcək, ali və orta məktəblərdə belə tədbirlər keçiriləcəkdir. Biz şəhidlərimizə həsr olunmuş bir kitabça da hazırlamışıq”.

Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları ehtiyatda olan polkovniklər Adil Haqverdiyev, Lətif Babayev, şairə Güləmail Murad, polis orqanlarının veteranı e.o polkovnik-leytenant Zakir Məmmədov və başqaları çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd edib, yeni nəslin üzərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə ediblər. Həmçinin bildirilib ki, təşkilatın layihəni həyata keçirməkdə məqsədi həm də müasir yeniyetmə və gəncliyimizə vətənpərvərlik hislərinin daha dərindən aşılanmasına nail olmaqdır. Tədbirin sonunda iştirakçılara qəhrəman şəhidlərimizə həsr edilmiş maarifləndirici bukletlər paylanıb, gənclərlə veteranlar birgə xatirə şəkli çəkdiriblər.