Ədalət. - 2018.- 21 sentyabr. - 164. - S. 9.

 

Dar Ağacında heykəlləşən milli qürur

 

Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin 100 illiyi xatirəsinə

 

Ənvər Yusifoğlu

 

XX əsrdə dünyada cəmiyyətlərin feodalizmin qalığı olan monarxiya rejimlərindən demokratik dövlət modelinə keçid mərhələsi uğrunda böyük inqilablar baş verdi. Şərq aləmində bu inqilabın beşiyi qoca Təbriz idi. Məşhrutə İnqilabının mahiyyəti bundan ibarətdir. 1905-1911-ci illər Məşrutə Hərəkatı ilk dəfə demokratik və konstitutsiyalı dövlət modelinin yaradılması üçün atılan ilk addım oldu. 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə baş qaldıran "Azadistan" Hərəkatı Məşrutə Hərəkatının davamı idi.

Bu inqilabi proseslərin alovlu çağında Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Astara şəhərində İbrahimilər ailəsində Firudin adlı oğlan dünyaya gəldi. Erkən yaşlarından Rza Şah Pəhləvi despotizmini qəbul etməyən Firudin İbrahimi üsyankar səsini qaldırmaqda idi. O, yaxşı dərk edirdi ki, Cənubi Azərbaycanın azadlığını əldə etməsi üçün hüquqi cəhətdən əsaslarını təmin etmək lazımdır. Tehran Universitetin hüquq fakültəsinə daxil olur. Tələbəlik illərində dünya hüquqi prinsipləri dərindən öyrənir. Firudin İbrahimi o şəxslərdəndir ki, 23 yaşında Cənubi Azərbaycanda Pəhləvi istibdadından qorxmadan mübarizə aparamaqla gəncliyin simvoluna çevrilmişdi. "Xavəri nov" (Yeni Şərq) qəzetində ideyalarını yaymaqla öz ideyalarını gündəmə gətirirdi. O, məqalələrində şah istibdadına və onun yerlərdəki feodallara qarşı çıxırdı. Bir sözlə, Azərbaycan Milli Hökumətinin yaradılması istiqamətində baş verən proseslərdə Firudin İbrahiminin də mislsiz rolu olmuşdur.

 

Xalqının rifahı üçün mübarizənin önündə gedən Baş Prokuror

 

1945-ci il 21 Azər tarixində Seyid Cəfəri Pişəvərinin rəhbərliyi və Azərbaycan Demokrat Firqəsinin sayəsində yaranan Milli Hökumət Cənubi Azərbaycanda istibdad zülmü altında inləyən xalq tərəfindən böyük coşqularla qarşılandı. Milli Hökumət Rza Pəhləvi irticasının, yerli feodalların dəhşət saçan zülm və işgəncələrinə son qoydu. Firudin İbrahimi Milli Hökumətin Məclisinin üzvü olmaqla yanaşı, Baş Prokuror təyin edildi. 26 yaşında Şərq aləmində bu yaşda baş prokuror statusunu daşıyan 2-ci şəxs olmamışdır. O, Milli Hökumətin sosial və ictimai ədalət konsepsiyasına uyğun fəaliyyət göstərirdi. Cənubi Azərbaycanda ədalətli cəmiyyətin hüquqi əsaslarının həyata keçirilməsi işinə rəhbərlik edirdi. Şah istibdadı rejimini bərpa etmək və zülmkar feodalların əksinqilabi qüvvələrinə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri də Firudin İbrahimi idi. O, "Ettelat", "Ajir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Mərdan" və Milli Hökumətin tribunası "Azərbaycan" qəzetlərində məqalələrlə çıxışlar edirdi. Milli Hökumətin əsas üzvlərindən biri kimi Firudin İbrahimidə olan zəngin enerjinin tükənməzliyi çoxlarını heyrətə gətirirdi. O, kabinetdə heç bir zaman oturmazdı. Daim əhali ilə görüşlərə qatılar, xalqın hüquq və azadlıqlarını pozmağa çalışan ərbabların və mövhumatçı mollaların qarşısını alardı. Ərdəbil, Meşkin, Mərənd, Sulduz, Həmədan, Xoy, Səlmas, Əhər, Urmu, Qoşaçay, Zəngan, Əhər, Culfa və digər şəhərlərdə yorulmaq bilmədən əhali ilə təmas quraraq cəmiyyətin idarə olunması istiqamətində öz tövhələrini verərdi. Ona görə də Baş Prokuror kimi xalq tərəfindən çox sevilirdi.

 

Beynəlxalq konfransda ilk dəfə Azərbaycan dilində Firudin İbrahimi

çıxış etmişdir

 

Bütün Şərq aləmində və Milli Hökumətin beynəlxalq səviyyədə nüfuzunun artırılması, istibdada qarşı xalqların mübarizəsi konsepsiyasına söykənən hüquqi dövlət quruculuğu prinsiplərini ilk dəfə ortaya atan Firudin İbrahimi olmuşdur. O, 29 iyul - 15 oktyabr 1946-cı il tarixdə Parisdə 21 dövlətin iştirak etdiyi "Beynəlxalq Sülh Konfransı"nda Milli Hökuməti təmsil etməklə ölkədəki proseslərin müsbət tərəflərini işıqlandırmış və ədalətli cəmiyyət modelini isbat edə bilmişdir. Bu konfransın əhəmiyyəti bir də ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq Firudin İbrahimi doğma dilində, yəni Azərbaycan dilində çıxış etmişdi. Onun ən çox yadda qalan və maraqla qarşılanan ideyalarından biri "Azərbaycan danışır" və "İftixarlı tariximizdən bir neçə parlaq səhifə" silsilə yazılarıdır. Firudin İbrahiminin Beynəlxalq Sülh Konfransında çıxış etməsindən ən çox qorxan irtica rejimi olmuşdu. O, Tehran hökumətinə belə cavab vermişdi: "Mənim pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və Azərbaycan dilində yazılmışdır. Ona görə də mən bu pasportu həmişə əziz yadigar kimi saxlayacam".

O, həmin konfransda Misir, Əlcəzair, Tunis, Mərakeş və digər müstəmləkə rejimləri və yerli feodallar tərəfindən əzilən xalqların nümayəndələri ilə görüşdə Milli Hökumətin uğurlaru təcrübəsini izah edərək belə demişdi: "Hər millət həqiqi azadlıq əldə etmək və öz müqəddaratına sahib olmaqdan ötrü yalnız bir qücə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir".

Bir mühüm faktı da qeyd etmək gərəkdir ki, Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsinin yaranmasının bir illik bayramı münasibətilə Təbrizin Dövlət Teatrındakı tədbirdə Firudin İbrahiminin "Paris Sülh Konfransı"ndan göndərdiyi hesabatları yüksək səviyyədə qiymətləndirərək demişdir: "Bizim hərəkatımız dil vasitəsilə nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur... İndi dünyanın əzilən millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar".

 

Edam olunmaq həyatın sonu deyil

 

Firudin İbrahimi Sülh Konfransından döndükdən sonra Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirirdi. Lakin 12 dekabr (21 Azər) 1946-cı il tarixində o dövr üçün Şərqin ən qəddar diktatoru kimi tanınan Rza Pəhləvi beynəlxalq irticanın, satqınların və nizami ordu ilə Milli Hökuməti devirmək üçün hərəkətə keçdi. Milli Hökuməti qoruyan Fədai Ordusu və alovlu vətənpərvərlər şah üsuli-idarəsinin yaranmasına qarşı birgə mübarizə apardılar. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında 34 saat davam edən silahlı müqavimət dünya tarixinin şanlı səhifələrindən biridir. 40 minlik şah ordusuna qarşı bu binada min nəfərə yaxın Milli Hökumətin üzvləri və fədailər qətiyyətlə mübarizə apardılar. Çoxlu itkilər verən və yaralıların sayının çox olması, silah-sursatın tükənməsinə görə Milli Hökumətin binası ələ keçirildi. Baş Prokuror Firudin İbrahimi də həbs olundu. O, zindanda ağır işgəncələrə məruz qalsa da, bütün əzablara mərdliklə dözdü. Rza Pəhləvi kimi qanlı qiktatorun yağlı vədlərinə və təkliflərinə qarşı çıxdı. 1947-ci ilin may ayının 22-də Səttarxan Xiyabanında meydanda dar ağacına aparılanda da Firudin İbrahimi azadlıq carçısı olduğunu və başını əymədi. Məhkəmədə şah rejimini ittiham edən nitqi dünyanın irtica rejimlərinə qarşı qolları zəncirli olsa da, Firudin İbrahimi demişdi: "Gün gələcək xalqı öz hüquqlarından məhrum edənlər, milli qürurunu tapdalayanlar, ciblərini qızılla doldurmaq xatirinə insanları istismar edənlər törətdikləri cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar".

Təbrizin "Gülüstan Bağı"nda və günəşli havada istibdad rejiminin başında oturan Rza Pəhləvinin xüsusi qərarı ilə dar ağacı qurulmuşdu. Günrota saat 12.00-da ucaboylu, enli kürəkli, əynində milə-mil pencək, ağ köynək və boynunda qırmızı qalstuk, şux qamətli yerişi ilə dimdik addım atan, ayaqları və qolları zəncirli Firudin İbrahimi jandarmların müşaiəti ilə edam yerinə gətirildi. Bu acı mənzərəni ürək yanğısı, göz yaşları ilə ürəkləri sızıldayan insanlar seyr edirdilər. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum etmək istədilər. Xalqın nahaq yerə qanının töküləcəyindan ehtiyat edən Firudin İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: "Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!.."

Sonra, Milli Hökumətin Mirmehdi Etimad tərəfindən yazılmış və bəstəkar Cahangir Cahangirov tərəfindən bəstələnmiş sürudunu (himn) oxudu:

 

Ey vətənim Azərbaycan,

Əbədi odlardan nişan.

Adlı-sanlı keçmişin var,

Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan...

 

Rza Pəhləvinin Təbrizə göndərdiyi cəza dəstələri, jandramlar və ordu birlikləri hərəkətə keçərək Firudin İbrahimini edam etdilər. Belə bir mənzərə tarixdə rast gəlinən nadir hadisələrdən biridir. Dar ağacının qarşısında əzəmətli duruşu ilə, qorxu-hürkü bilmədən baxışları ilə Firudin İbrahimi istibdad rejiminin cəlladlarına meydan oxumuşdu. Qoca Təbrizin yaşlı insanları bu mənzərəni hələ də qürurla xatırlayırlar.

 

Milli Hökumətin və

Baş Prokuror irsinin Prokuror davamçısı

 

1978-ci il. pəhləvilər xanədənalığına qarşı Cənubi Azərbaycanda ayağa qalxaraq xalq Bəhmən İnqilabı sayəsində istibdad rejimini devirdi. Şimali Azərbaycanda yaşayan Cənubi Azərbaycan Milli Hökumətinin üzvləri və ailələrindən olan keçmiş inqilabçılar yenidən vətənə döndülər. Onlar Milli Hökumətin irsini dirçəltmək üçün canlarını qurban verməyə getmişdilər. Bu görkəmli insanların arasında Milli Hökumətin Baş Prokuroru Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi də var idi. O, bu ideallarla yaşayan inqilabçı şəxsiyyətlərimizdən biri idi. Ənuşirəvan İbrahimi kimi inqilabçıların ömrü boyu apardığı mücadilənin bir mənası var idi: Bu, Azərbaycan qarşısında milli borcu şərəflə və əzmlə həyata keçirməkdir. Ənuşirəvan İbrahimi məhz bu yolla, inqilabi mübarizədə qardaşı Firudin İbrahiminin keçdiyi yolla getdi.

Ənuşirəvan İbrahiminin oğlu, Azərbaycan Respublikasının prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə çıxmış Firidun Ənuşirəvan oğlu İbrahimi Azərbaycan Mili Hökumətinin Baş Prokuroru Firudin İbrahiminin həyat və fəaliyyəti, yaradıcılıq irsini araşdıran yeganə mütəxəssisdir. O, arxivlərdə yatan yüzlərlə məqalələri və sənədləri toplayaraq ictimaiyyətə təqdim etmişdir. Milli Hökumətin şanlı tarixi və Firudin İbrahimi haqqında elmi tədqiqatçıların yaradıcılığına işıq salıb. Müsahibələrinin birində çox haqlı olaraq etiraf edib ki: "37 il prokurorluq orqanlarında çalışdım. Hər zaman elə bildim ki, atam Ənuşirəvan və Firudin əmim başımın üstündədirlər. Onlar haqqın, ictimai və sosial ədalətin carcısı olublar. Bütün həyatlarını beləcə yaşayıblar".

Cənubi Azərbaycan Milli Hökumətinin şanlı səlnaməsində Baş Prokuror Firudin İbrahimi tarix durduqca adı yaşayacaq. Bir il ömrü olan Azərbaycan Milli Hökumətinin irsinin davamçısı olmaq, bu yolda bütün həyatını sərf etmək o qədər də asan deyil. Firudin müəllim məhz bu missiyanı davam etdirərək bu günümüz və gələcəyimiz naminə Milli Hökumətin ortaya qoyduğu ideallar uğrunda yaşayır.