Azərbaycan. - 2018.- 14 sentyabr. - ¹ 205. - S. 1,7. –

 

Tariximizin qan yaddaşı “Azərbaycan”ın səhifələrində

 

Sentyabrın 15-də dövlət qəzetimizin - baş mətbu orqanımızın - "Azərbaycan” qəzetinin nəşrə başlamasının 100 ili tamam olur.

 

Yaqub Mahmudov,

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi,

Dövlət mükafatı laureatı

 

"Azərbaycan” qəzeti xalqımızın qədim və zəngin dövlətçilik ənənələri tarixinin ən parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikası) yaşıdıdır. Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, həm də dövrünə görə dünya tarixinin də ən demokratik, dünyəvi və hüquqi dövlət qurumlarından biri idi. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sübut etdilər ki, Gülüstanda (1813) və Türkmənçayda (1828) tarixi Azərbaycan torpaqları iki yerə bölüşdürüldükdən sonra, həm çar Rusiyası, həm də İranın şahlıq rejimi nə qədər dəhşətli müstəmləkəçilik siyasəti yeritsələr də, Azərbaycan xalqının min illərin dərinliklərindən başlanan qədim dövlətçilik ənənələrini məhv etmək mümkün deyil!

İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilən qəzetin Azərbaycan dilində buraxılmış səhifələrinin yuxarısında adı ilə yanaşı, "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verildi. Həmin dövrdə ölkənin tanınmış ziyalıları - Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahimin müxtəlif dövrlərdə baş redaktoru olduqları "Azərbaycan” qəzeti 1918-1920-ci illər ərzində Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirməklə yanaşı, Azərbaycanın taleyüklü məsələlərinə də biganə qalmadı. Qəzetdə erməni-daşnak qulduru Andronikin Azərbaycanın müxtəlif bölgələrində - Qarabağda, Zəngəzurda və Naxçıvanda xalqımıza qarşı törətdiyi soyqırımları, Qərbi azərbaycanlıların acı taleyi, onların kütləvi məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqda çoxsaylı materiallar dərc edildi.

Bu gün "Azərbaycan” qəzeti həm də müstəqilliyimizin atributu kimi fəaliyyət göstərir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəhbərliyi başda olmaqla bütün kollektivi müntəzəm olaraq Azərbaycanın mühüm konseptual məsələləri - dövlət başçımızın tarix elmi qarşısında qoyduğu mühüm vəzifələr, tövsiyə və çağırışları, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı cinayətləri, itirilmiş torpaqlarımızın tarixi, "böyük Ermənistan” uydurması, qədim Albaniya dövlətimizin "ağ ləkələr”dən təmizlənməsi, daşnak Şaumyanın antiazərbaycan fəaliyyəti, tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı mübarizə və s. kimi taleyüklü məsələlərin ölkə ictimaiyyətinə çatdırılması üçün qəzetlə sıx əməkdaşlıq edir. Azərbaycanın taleyüklü məsələləri "Azərbaycan” qəzetinin səhifələrində işıqlandırılır.

Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur. Bütün bu məsələlərlə bağlı "Azərbaycan” qəzeti "Azərbaycan tarixinin Heydər Əliyev dövrü” (akad. Y.Mahmudov, 08.05.16) adlı məqalədə ətraflı məlumatlar dərc etmişdir.

Tarix İnstitutunda aparılan tədqiqatların Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilməsi, dövlət başçısının institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsini, tarixçi alimlərin Prezidentin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməsi üçün bütün qüvvələri səfərbərliyə alması haqda AMEA Tarix İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda keçirdiyi elmi konfrans (29.04.18) haqqında geniş məlumatı ölkə ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Ulu öndərin tarix elmimizin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və daha konkret vəzifələr qoydu. Müasir Azərbaycan tarixşünaslığında "İtirilmiş torpaqların tədqiqi” problemi elmi dövriyyəyə daxil edildi, bu istiqamətdə ciddi elmi tədqiqatlar aparılmaqla obyektiv tarixi gerçəkliyi özündə əks etdirən bir sıra sanballı əsərlər nəşr olundu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq "Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Stepan Şaumyanın başçılıq etdiyi "26 Bakı komissarları” adlanan daşnak-bolşevik güruhunun soyqırımı cinayətləri sübuta yetirildi. Ölkə başçısının birbaşa tapşırığı ilə yazılmış fundamental elmi tədqiqat əsəri olan "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı, həmçinin "Real tarix və "Böyük Ermənistan uydurması” tədqiqatı və digər çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb və başqa dillərə tərcümə olunaraq dünyada yayıldı. Bununla ermənilərin guya Cənubi Qafqazın "ən qədim əhalisi olması” barədə saxta və uydurma "konsepsiyaya” sarsıdıcı zərbə vuruldu. Dünyanın mühüm elm mərkəzlərində, arxivlərində saxlanılan tariximizlə bağlı külli miqdarda arxiv sənədləri ölkəmizə gətirildi. Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş Yeni tarixini yazırlar. Beş kitabdan ibarət olan ikicildlik "Azərbaycan Respublikasının tarixi (1991-2016)” fundamental araşdırması isə artıq işıq üzü görmüşdür.

Ölkə başçısı tarix elmimizin inkişafını daim diqqət mərkəzində saxlayır, tarixçilərin əməyinə yüksək qiymət verir. Milli Elmlər Akademiyasının Tarix İnstitutu Prezidentin çağırışlarını, tapşırıq və tövsiyələrini yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır, alimlərimiz xalqımızın şanlı tarixini düzgün və dolğun əks etdirən əsərlər yazırlar. Cəsarətlə demək olar ki, artıq Azərbaycan tarix elmi müstəqil inkişaf yoluna çıxmışdır. Tarix İnstitutunda görülən bu uğurlu işlər barədə "Azərbaycanın tarixi yenidən, "ağ ləkələr”dən təmizlənərək yazılır” (t.e.d. T.Nəcəfli, 02-04.02.18) adlı məqalə "Azərbaycan” qəzetinin səhifələrində işıqlandırılmışdır.

Bu gün tarix elmimiz qarşısında duran mühüm məsələlərdən biri də qədim dövrlərdən başlayaraq ermənilər və onların havadarları tərəfindən ortaya qoyulan saxta tarix - "böyük Ermənistan” uydurması ilə bağlı gerçəklərin, ilk mənbələrdə və elmi ədəbiyyatda olan faktiki materiallara əsaslanan real tarixin elmi-nəzəri araşdırılması və geniş ictimaiyyətə çatdırılmasıdır. Müstəqil respublikamızın ərazisinin 20 faizinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu bir dövrdə, informasiya müharibəsinin gedişində beynəlxalq aləmdə, əsasən də vikipediya və digər müxtəlif internet resurslarında ölkəmizə qarşı informasiya hücumları, qarayaxmalar, böhtan və iftira kampaniyaları daha da genişlənməkdədir. Əsas məqsəd tariximizə qara yaxmaq, tarixi şəxsiyyətlərimizi ləkələmək, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi”, yəni "ən qədim sakinləri” olması barədə saxta konsepsiya ilə bağlı uydurma "elmi” fikirləri dünya ictimaiyyətinin beyninə yeritməkdən ibarətdir.

Ermənilərin ulu babaları frig tayfalarının ümumi dalğasında Balkan yarımadasındakı vətənlərini tərk edərək m.ə. II minilliyin sonlarında Kiçik Asiyaya, müasir Türkiyənin ərazisinə köçməsi, ermənilərin XIX əsrin ilk qərinəsində Cənubi Qafqaza, yəni çar Rusiyası tərəfindən işğal edilmiş Şimali Azərbaycan torpaqlarına köçürülməsi kimi real tarixi həqiqətlər, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə Frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranması, ermənilərin qədim tarixini Qafqaza bağlamaq cəhdi, ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddiaları, ermənilərin mənşəyini qədim Şərq tarixinə bağlamaq cəhdi və s. məsələlər "Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə Asiya qitəsinə köçüb gəlmədirlər” (akad. Y.Mahmudov, 01.03.18) adlı məqalədə tutarlı faktlarla ifşa edilmiş və "Azərbaycan” qəzetinin səhifələrində geniş ictimaiyyətə çatdırılmışdır.

Bu qəbildən olan və müxtəlif dillərdə işıq üzü görmüş "Real tarix və "Böyük Ermənistan uydurması” (akad. Y.Mahmudov) kitabı haqqında geniş elmi rəy "Uydurma "Böyük Ermənistan” tarixinə mükəmməl elmi baxış” (t.ü.f.d. G.Nəcəfli 11.11.15) "Azərbaycan” qəzetinin səhifələrində işıqlandırılmışdır.

Tarix İnstitutunda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımları tarixinin tədqiqidir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası, dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Tarix İnstitutu "26 Bakı komissarları” adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımının gerçək tərəflərini üzə çıxarmışdır. Son illər institutda ermənilərin azərbaycanlılara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımları sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görmüşdür. Bütün bu monoqrafiyalar haqqında məlumatlar, Tarix İnstitutunun əməkdaşlarının Azərbaycanın müxtəlif bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımları ilə bağlı elmi məqalələri müntəzəm olaraq "Azərbaycan”ın səhifələrində dərc edilmişdir. Bu silsilə yazılara "20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi” (t.ü.f.d., dos.C.Bəhramov), "Azərbaycan-Ermənistan sərhəd məsələləri” (t.ü.f.d., dos.İ.Niftəliyev), "Bakı quberniyasında, o cümlədən Şamaxı və Quba qəzalarında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları” haqda silsilə yazılar (t.ü.f.d., dos.V.Abışov), "Ermənilərin Qarabağda həyata keçirdiyi soyqırımları” (t.ü.f.d., dos. N.Məmmədzadə) "Ermənilərin Zəngəzur bölgəsində, o cümlədən Cəbrayıl qəzasında həyata keçirdiyi soyqırımları” haqda silsilə yazılar (t.ü.f.d., dos. K.İsmayılov), "Ermənilərin Şərqi Anadoluda və Urmiya bölgəsində həyata keçirdiyi soyqırımları” haqda silsilə yazılar (t.ü.f.d., dos. G.Nəcəfli) və s. elmi məqalələri göstərmək mümkündür.

Ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə göstərdiyi yüksək qayğını əsas götürən Tarix İnstitutu AMEA Rəyasət Heyəti və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi ilə birgə Azərbaycanda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımlarına həsr olunmuş tədbirlər silsiləsini həyata keçirmişdir. Məhz bu qayğının nəticəsində iki dəfə ardıcıl olaraq Quba şəhərində - "1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı”nın 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans (28-31 mart 2013) və "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” (1914-1920-ci illər) II Beynəlxalq elmi konfrans (08-12 aprel 2015), Şamaxı şəhərində "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfrans (08-11 aprel 2016), Lənkəran şəhərində "XX əsrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans” (24-27 aprel 2017) və Qusar şəhərində reallaşan "XX əsrdə türk-müsəlman xalqlara qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans” (26-28 aprel 2018) həyata keçirilmişdir. Bu konfranslarda Azərbaycan tarixçiləri ilə yanaşı Türkiyə Cümhuriyyəti, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İran, Rusiya Federasiyası (o cümlədən, Dağıstan, Çeçen, İnquş, Adıgey respublikaları), Polşa, Almaniya, Fransa, Albaniya, Bolqarıstan, Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən olan tarixçi alimlər iştirak etmişlər. Böyük elmi, siyasi əhəmiyyət kəsb edən bu konfranslar təkcə Azərbaycanın elmi həyatı üçün deyil, keçən əsrin əvvəllərində eyni faciəli taleyi yaşamış bir sıra dünya xalqlarının tarixi üçün də mühüm hadisəyə çevrilmişdir. "Azərbaycan” qəzeti bütün bu tədbirləri daima diqqət mərkəzində saxlamış və ölkə ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.

Müasir mərhələdə müstəqil Azərbaycanın tarix elmi bədxahlarımıza qarşı başlıca olaraq üç istiqamətdə mübarizə aparır: dövlətçilik tariximizin təhrif olunmasına qarşı; xalqımızın yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara qarşı; görkəmli tarixi şəxsiyyətlərimizə qara yaxanlara qarşı. "Azərbaycan” qəzetinin səhifələrində "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” (akad. Y.Mahmudov, 10.01.17) adlı məqalədə və "Tarixi şəxsiyyətlərimizi qarşı-qarşıya qoymaq düzgün deyil” (akad. Y.Mahmudov, 27.05.17) adlı müsahibədə xalqın yaddaşında yüzillər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər ifşa edilərək "Azərbaycan” qəzetinin səhifələrində işıqlandırılmışdır.

1826-1828-ci illər Rusiya-İran müharibəsinin gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə 18 min erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza İrandan 40 000, Türkiyədən isə 84 000 nəfər erməni köçürüldü və onlar keçmiş Gəncə, Qarabağ və İrəvan xanlıqlarının ən münbit torpaqlarında yerləşdirildi. Erməni köçkünlərinə 200 000 desyatindən çox Azərbaycan torpağı paylandı. 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində ayrıca "Erməni vilayəti” yaradıldı. Bununla gələcəkdə Azərbaycan ərazisində yaradılacaq erməni dövlətinin bünövrəsi qoyuldu. Azərbaycanın ən münbit torpaqlarında yerləşdirilən ermənilər çar hökuməti tərəfindən silahlandırıldı və yerli əhaliyə qarşı qaldırıldı. Bununla çar hökuməti əslində silahlandırdığı və arxasında durduğu ermənilərin əli ilə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar və soyqırımları siyasəti yeritməyə başladı.

Böyük dövlətlər tərəfindən şirnikləndirilən ermənilər bütün Azərbaycan ərazisində və Şərqi Anadoluda soyqırımları törətməklə bu geniş ərazini türk-müsəlman əhalidən təmizləyib "böyük Ermənistan” dövləti yaratmaq xülyasında idilər. Lakin ermənilərin bu çirkin niyyəti baş tutmadı. Bununla belə, böyük dövlətlərin və erməniləri Anadoludan uzaqlaşdırmaq siyasəti yeridən Osmanlı Türkiyəsinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9 min (9000) kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə getdi. Bununla Azərbaycan ərazisində erməni dövləti yaradıldı. Azərbaycan tarixinin açılmamış, qəsdən gizlədilmiş bu taleyüklü məsələsi "İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilmişdi?” (akad. Y.Mahmudov, 14.10.14) adlı məqalədə "Azərbaycan” qəzetinin səhifələrində geniş şəkildə işıqlandırılmışdır. Həmin məqalədə ermənilərin İrəvan və ətrafındakı torpaqların onlara verilməsi müqabilində Azərbaycan və Türkiyə tərəfi qarşısında aşağıdakı öhdəlikləri qəbul etməsi aşkara çıxarılmışdır: Azərbaycan xalqına qarşı soyqırımlarını dayandıracaqlar; Azərbaycana qarşı bir daha ərazi iddiaları irəli sürməyəcəklər; yeni yaradılan erməni dövləti ərazisində yaşayan azərbaycanlılar ermənilərlə bərabər hüquqa malik olacaqlar və onların öz dilində təhsil almaq, öz dinlərində ibadət etmək hüququ təmin ediləcəkdir. Lakin İrəvanı ələ keçirən erməni millətçiləri Ermənistan (Ararat) Respublikası yaradıldıqdan dərhal sonra qəbul etdikləri bütün öhdəlikləri pozdular. Azərbaycan xalqına qarşı soyqırımları dövlət səviyyəsində davam etdirildi; Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürüldü; sovet rejiminin himayəsi və hərtərəfli köməyi ilə yeni-yeni Azərbaycan torpaqları Ermənistana birləşdirildi; öz ata-baba torpaqlarında yaşayan azərbaycanlılar Ermənistandan sürgün olundu; Ermənistan təkmillətli dövlətə çevrildi. Məqalənin sonunda haqlı olaraq "Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır” çağırışı səslənmişdir.

"Azərbaycan” qəzeti eyni zamanda müntəzəm olaraq Tarix İnstitutunun tariximizin ən aktual, ən konseptual məsələləri ilə bağlı nəşr etdirdiyi kitabların təqdimatlarını "İrəvan xanlığının tarixinə dair 4 adda broşürün təqdimatı” (14.09.17), Prezident kitabxanasında "Soyqırımı muzeyi” kitab-albomu” təqdimatı (27.02.17) və s. keçirdiyi bütün tədbirlərin hamısını vaxtında ölkə ictimaiyyətinə çatdırıb. Bundan əlavə, Tarix İnstitutu son illərdə Azərbaycan tarix elmini dünya miqyasına çıxarıb. Azərbaycan tarixçiləri çoxsaylı beynəlxalq konfranslarda uğurla iştirak edib, onların əsərləri dünyanın müxtəlif şəhərlərində (Nyu York, Los Anceles, London, Paris, Roma, Mexiko, Moskva, Kiyev və s.) nəşr edilmişdir. "Azərbaycan” qəzeti bunlar haqqında ölkə ictimaiyyətinə məlumat vermiş və hər zaman diqqət mərkəzində saxlamışdır.

Ən əsası budur ki, xalqın öz tarixi ənənələrinə sahib çıxması, tariximizin təhriflərdən, saxtakarlıqlardan təmizlənməsi, azərbaycançılıq məfkurəsi yolundakı mübarizəsində "Azərbaycan” qəzeti hər zaman Tarix İnstitutunun yanında olmuşdur!

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan” qəzeti 1918-1920-ci illərdə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatı ilə bağlı yüzlərlə məqalə dərc etdirdi. Cümhuriyyət tarixinin öyrənilməsində "Azərbaycan” qəzetində dərc olunmuş materialların mənbə kimi əhəmiyyəti çox böyükdür. Bu gün də "Azərbaycan” qəzeti həmin missiyasını yerinə yetirməkdə davam edir, ölkəmizin həyatında olduqca mühüm hadisələrlə yanaşı, həm də tariximizin ən konseptual məsələlərini müntəzəm olaraq işıqlandırır. Bu yaxınlarda (21.02.18) AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirdik. Bu konfransı tarixçi alimlərimizin "Azərbaycan” qəzeti qarşısında milli məfkurə borcu hesab edə bilərik. Çünki bizim "Azərbaycan” qəzeti adi mətbu orqanlardan biri deyil. Qəzet Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdıdır! AXC-nin yaratdığı dövlət orqanıdır!