Kaspi.-2018.-27-29 yanvar.-¹17.-S.5.

 

Azərbaycanlıların 1827-ci ildən 1990-cı ilədək davam edən məcburi köçü

 

Ermənilər və onların havadarları 163 il ərzində bölgənin demoqrafik strukturunu tamamilə dəyişdilər

 

İstər çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Ermənilərin azərbaycanlılara qarşı 1905-1906-cı və 1918-1920-ci illərdə həyata keçirdiyi kütləvi qırğınlar, ardınca da sovetlərin köməyi ilə 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından qovulması çirkin siyasətin nəticəsi idi. Azərbaycanlıların kütləvi sürətdə deportasiyası ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.

Türkiyənin nüfuzlu "Enpolitik.com” saytında dərc olunan məqaləsində türkiyəli professor Aygün Attar yazır ki,  yanvar ayında Qərbi Azərbaycan yurdu İrəvandan türklərin qovulmasından tam 70 il keçir. Müəllif yazır ki, deportasiya 1948-ci ilin yanvarında Sovet İttifaqı rəhbərliyinin 4083 saylı qərarı ilə həyata keçirilib. Torpaqlarından zorla çıxarılan azərbaycanlıları evlərindən qovdular, onlara burada uyuyan ölüləri ilə vidalaşmağa belə icazə vermədilər. 1948-1953-cü illər arası həyata keçirilən bu deportasiya ilə əhalisi əsasən türklərdən ibarət olan Ermənistanda azərbaycanlılara olmazın zülmlər verildi.

Bu addım sovetin qanlı pəncəsi və erməni terrorunun müşayiəti ilə həyata keçirildi. Məqsəd o torpaqlardan türkləri, türk mədəniyyətinin izlərini silmək idi.

"Dədəm Qorqudun duaları, Aşıq Ələsgərin sazı, aşıq Alının sözü qan ağlayan dağlara dərd oldu. Göyçəni Sevana, Ağrını Ararata, Vedini Vardanesə çevirərək tarixi təhrif edib, oradakı demoqrafik durumu alt-üst etdilər. Geriyə sinəsi dağlı, dili dərdli, nəğməsi ahu zarlı bir nəsil qaldı.

 

"Vedinin başı qarlar

Ürəyim başı dağlar

Burda bir el varıydı

Siz deyin, hani dağlar?

Siz deyin hanı, dağlar?..”

 

Müəllif daha sonra ürək ağrısı ilə yazır: "1915-ci il saxta erməni soyqırımı ilə bağlı cild-cild kitablar yazıldığı halda, daha yaxın bir tarixdə yaşanan bu fəlakət haqqında susmağa üstünlük verən "alim” və "aydın” zümrə - tək günahı türk olduğu üçün doğma torpağından, Qərbi Azərbaycandan sürülən on minlərlə insanın o fəryadları sizləri narahat etmirmi? İnsanların qarlı dağlardan soruşduğu sualları dinləyin: "Burada bir vilayət var idi, sən deyirsən, hanı?”

Müəllif məqaləsində yazır ki, sovet hökumətinin uzun müddət davam edən siyasətinə nəzər salanda, rejimin insanların öz milli-azadlıq mübarizələrindən necə faydalanmağa çalışdığının şahidi olmaq olur. "Sovet rejimi strateji yerlərdə bəzi problemlər yaratmaqla bölgənin imkanlarından yararlanmaq siyasətinə üstünlük verirdi. İkinci Dünya müharibəsindən zəfərlə çıxan Sovet Rusiyası Şərq siyasətində yeni üfüqlərin açılmasına xidmət edəcək bir bölgə kimi Cənubi Azərbaycanı seçdi. Sovet sisteminin əsas amalı neft idi. İranın neft yataqlarını ələ keçirməyi hədəfləyirdilər. Bu mərhələdə 1941-ci ildən 1946-cı ilə qədər İran azərbaycanlılarının tarixinə "Böyük Sovet Xilaskarı” kimi yazılacaq dövr başladı. 1945-ci il dekabrın 12-də azad olunmuş Cənubi Azərbaycan Milli Hökumətinə dəstək verən sovetlər sonradan Birləşmiş Ştatlar tərəfindən verilən nota nəticəsində hərbi qüvvələrini geri çəkdilər. Cənubi Azərbaycan xalqı taleyi ilə tək qaldı, İran ordusunun işğalı ilə üzləşdi. Şimal Azərbaycan xalqı sovetlərin cənub qardaşlarına olan xəyanətinin bitməsi şokundan ayılmamış ikinci bir şokla qarşılaşdı. Günümüzə qədər davam edən saxta "erməni məsələsi” ortaya atıldı”.

Professor əlavə edir ki, "erməni məsələsi” Sovet Rusiyasının həyata keçirdiyi məqsədyönlü siyasətin planlaşdırılmış bir hissəsidir. Belə ki, sovetlər erməniləri türklərə qarşı qoymaq siyasəti aparırdılar. Ermənilər də öz növbəsindən bundan maraqlarına uyğun faydalanmağa çalışırdılar. "Ermənilər Moskva qarşısında Azərbaycandan, əsasən Qarabağdan torpaq tələbi ilə çıxış edirdilər. Şimali və Cənubi Azərbaycanın birləşəcəyindən narahat olan ermənilər bu səbəbdən də Azərbaycan torpaqlarını ələ keçirməyə çalışırdılar. Bu məqsədlərini reallaşdırmaq üçün "Qarabağ hərəkatı” və "Qarabağ Komitəsi” adı ilə iki təşkilat yaratmışdılar. Şəxsən SSRİ Kommunist Partiyasının baş katibi Stalinə müraciət edərək Dağlıq Qarabağın  Ermənistana verilməsini istəmişdilər. Ermənilərin Türkiyədən də torpaq tələbi var idi. Bu istəklərini qanuniləşdirmək üçün erməni tarixçiləri tərəfindən xəyali erməni tarixi məzmunlu monoqrafik nəşr də hazırlanmışdı. Ermənistanın torpaq iddialarına Azərbaycan Kommunist Partiyasının baş katibi Mircəfər Bağırov sərt reaksiya vermiş və Qarabağın verilməsinə bir şərtlə razılıq vermişdi – Ermənistandakı azərbaycanlılar yaşayan ərazilər də Azərbaycana verilsin. Moskva Ermənistanın ərazi iddiaları mövzusunu Türkiyə Xarici İşlər Nazirliyinin də diqqətinə çatdırdı. Türkiyə bu məsələyə sərt reaksiya verdiyindən Moskva geri addım atdı və ermənilərin torpaq iddiaları mövzusu qapandı”, - deyə müəllif yazıb. Əlavə edir ki, "bir müddət sonra, bu məsələ Siyasi Büronun diqqətinə müxtəlif yollarla çatdırılsa da, rədd edildi. Bu mərhələdə sovetlər ikili standartlar yürüdürdülər. Antikommunist təşkilatlara qarşı sərt mövqe nümayiş etdirsələr də, xaricdəki daşnak qrupu ilə möhkəm əlaqə qururdular. Halbuki, Azərbaycanda bir çox insan Müsavat Partiyası və xaricdə fəaliyyət göstərən millətçi təşkilatlarla əlaqəsi olduğu ittihamları ilə qətlə yetirilmişdi”. Müəllif daha sonra yazır ki, ermənilər heç bir vəchlə, "Böyük Ermənistan” arzusundan əl çəkmək istəmirdilər: "1943-cü ildə SSRİ, Britaniya, ABŞ liderlərinin iclaslarında xaricdə yaşayan ermənilərin adından bir ərizə verdilər. Bu ərizənin mövzusu "Böyük Ermənistan”ın yaradılması idi. Ayrıca Sovet Xarici İşlər Komissarı V. Molotova edilən çağırış ilə İranda yaşayan ermənilərin də Ermənistana köç etməsi üçün icazə istədilər. Bu təklifi müsbət qarşılandı. Erməni iddialarına görə, Ermənistandan kənarda iki milyon erməni yaşayır. Erməni əhalisi heç vaxt bu sayda olmasa da, SSRİ rəhbərliyi 19 oktyabr 1946 tarixində verdiyi bir qərara görə, xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana yerləşmələrinə icazə verdi. Mövzu Daşnaksütyun Partiyasının xaricdə həyata keçirdiyi yığıncaqlarda da gündəmə gətirildi. Bundan sonra daşnak liderləri ilə Sovet Ermənistanının rəhbərləri arasında gizli görüş keçirildi. Daşnaklar Ermənistan rəhbərləri vasitəsilə Moskvaya müraciət edərək, bəzi tələblərlə çıxış etdilər. Məhz bu tələblər əsasında Ermənistandakı Azərbaycan əhalisi oradan çıxarılır, Qarabağ və Ermənistan sərhədləri xaricində digər Azərbaycan ərazilərinə yerləşdirilirdi. Ermənistandakı azərbaycanlıların ölkədən çıxarılması və xüsusilə Qarabağın boşaldılması Qriqoryan kilsəsinin xeyir-duası ilə başladı. Öz torpaqlarında yaşayan azərbaycanlılar oradan çıxarılacaq, yerinə ermənilər yerləşdiriləcəkdi.

Bu şəkildə o torpaqların əsl sahibi də ermənilər olacaqdı. Ermənilər, bir ovuc əhalilərini çox göstərərək, özlərinə aid olmayan bir bölgəni saxta sənədlərlə vətənləri imiş kimi tanıtmağa çalışırdılar”.

Müəllif daha sonra yazır ki, 1948-ci ildə azərbaycanlılar üçün öz torpaqlarında əsl fəlakət başladı. "II Dünya müharibəsində göstərdikləri qətiyyət və qazandırdıqları zəfərə baxmayaraq, sovetlər azərbaycanlıları "xalq düşməni” olaraq elan edərək cəzalandırmaq yolunu seçdi. Təsadüfə bax ki, sözdə xalq düşmənlərinin hamısı türk xalqlarıdır - Azərbaycan türkləri, Krım tatarları, Ahıska türkləri, eləcə də, çeçenlər, inquşlar. Sovetlərin əsas məqsədi Ermənistanı türk əhalisindən təmizləmək idi.

Sovet rəhbərliyinin 23 dekabr 1947-ci ildə aldığı 4083 nömrəli qərar ilə "Böyük Ermənistan” layihəsi rəsmiləşmiş oldu. Azərbaycan hökuməti immiqrasiya siyasətini qəbul etməsə də, Moskvaya qarşı heç bir gücə malik deyildi”, - deyə müəllif bildirib. "M. C. Bağırovun üzərində dayandığı şimal ilə cənub Azərbaycanı birləşdirmə planı erməniləri narahat etmişdi və onlar sərt tədbirlər görməyə başlamışdılar. Ermənilərə görə, əgər iki cənubla şimal birlşəsəydi o zaman Azərbaycanın Sovetlər Birliyi içində Ukraynadan sonra ikinci böyük respublika olacaqdı. Bu vəziyyət Ermənistan və Gürcüstanın regional maraqlarını itirməsi mənasını gəlirdi. Bu görə ermənilər sərhədlərini genişləndirmək və erməni əhalisini artırmaq üçün yeni üsullar axtarmağa başladılar. Bu mərhələdə ermənilərin əsas addımı Ermənistan ərazisindəki Azərbaycan türklərini öz evlərindən köçürməsi oldu. Bu praktikanın arxasında keçmiş daşnak Mikoyanın böyük rolu var idi.

23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Şurasının çıxardığı "Ermənistan SSR-dən kollektiv təsərrüfat sahibi və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” fərman ilə Azərbaycan türkləri əsrlərdir yaşadıqları yurdlarından zorla qovuldular. Bu qərarın tətbiqi mərhələsində son nöqtə Azərbaycan torpaqlarının işğalı olacaqdı. Ermənistandakı azərbaycanlılar eyni iqlim şərtlərinin hakim olduğu Qarabağ və Naxçıvana deyil, daha isti olan Kür-Araz ovalığına köç etməyə məcbur edildi.

Üç il içində Ermənistandan yüz min türk Kür-Araz ovalığına yerləşəcəkdi. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 50 min türk Ermənistandakı yurdlarını tərk edib Azərbaycanın Kür düzənliyində yerləşməli idi. 1948-ci ildən etibarən Azərbaycan türkləri Ermənistan ərazilərindən köçməyə başladılar. Ancaq 100 min azərbaycanlının Kür-Araz ovalığına yerləşməsi mümkün deyildi. Çünki bura köçənlər üçün iqlim baxımından əlverişli deyil. Bundan əlavə, heç bir infrastruktur işi görülməmişdi. Azərbaycanın o vaxtkı baş naziri T. Quliyev V. Molotova təklif etdi ki, azərbaycanlılar daha uyğun yerlərə köçürülsün. Ancaq Molotov bu təklifə mənfi və sərt bir cavab verdi. Bir tərəfdən də Moskva və İrəvan köçü tezləşdirməklə bağlı Azərbaycan rəhbərliyinə təzyiq etməkdə idi. Özü də köç işlərinə ermənilər rəhbərlik edirdilər. 1952-ci ildən 1953-cü ilədək Ermənistandan 3155 türk ailə köçürüldü. Stalinin ölümündən sonra 1953-cü ildə bu proses dayandırıldı. Lakin 1956-cı ilədək qeydiyyatdan keçməyən insanların Ermənistanı tərk etdikləri bəllidir”. Müəllif onu da xüsusi qeyd edir ki, ermənilər sonrakı illərdə köç siyasətini davam etdirmək istəsələr də, o zamankı ölkə rəhbəri Heydər Əliyev bu təklifə sərt reaksiya vermişdi: "O, Ermənistanın bir türk yurdu olduğunu sübut edən əsərlərin, tədqiqat işlərinin aparılmasına göstəriş vermişdi. Bu dövrdə alim Ziya Bünyadovun rus və Azərbaycan dillərində çıxan iki kitabı erməni tarixçilərinin böyük reaksiyasına səbəb olmuşdu. Sovet tarixində ilk dəfə olaraq Azərbaycan türklüyü məsələsi gündəmə gətirildi, bu da ermənilərin xoşuna gəlmədi. Erməni tarixçiləri, uzun illər Z. Bünyadovu və dolayısı ilə Heydər Əliyevi Sovetlər Birliyində pis məna ifadə edən pantürkçülükdə ittiham etməyə çalışmışdılar. 1970-ci illərin sonu 1980-ci illərin başında da ermənilər davamlı yeni planlar və layihələr düşünərək məqsədlərinə çatmaq üçün çalışırdılar. Bunun nəticəsi olaraq onlar 1960-ci ildən etibarən Qarabağ və Naxçıvana qarşı torpaq iddiası ilə çıxış etməyə başladılar və qısa bir müddət sonra da iddialarını hərəkətə çevirərək türk torpaqlarını işğal mərhələsinə keçdilər. Bu istiqamətdə sıx bir şəkildə media və mətbuatı da istifadə edərək, türklərə haqsız ittihamlar səsləndirməyə başladılar. 1961-ci ildə alınan qərarla xaricdə yaşayan ermənilər Ermənistana köçürülməyə başladı. ABŞ, Misir, İran, Kipr, Türkiyə, Uruqvay və Argentinadakı 7 min erməni 1962-1965-ci illəri arasında Ermənistana gəldi, xüsusilə sənaye şəhərlərinə yerləşdirildi. Yerli türklərin sürətlə azaldılması siyasətinə başlanıldı. 1983-cü ildə Ermənistanda türklərə qarşı yeni bir nümayiş dalğası yayıldı, erməni genosidi bəhanə edilərək köhnə Zəngibasar, indiki Masisin mərkəzində türklərin ev və iş yerləri yandırıldı, onlara aid qəbiristanlıqlar talan edildi. Bölgədəki azərbaycanlılar, Türkiyə sərhədlərinə qaçmaq məcburiyyətində qaldılar. Olaylar böyüyüncə sovet hərbi qüvvələri türk kəndlərinin olduğu şəhərlərin sərhədində keşik çəkməyə başladılar”.

Müəllif onu da yazır ki, ermənilər Qərbi Azərbaycanda azərbaycanlıları yox etmə planlarını Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə başa çatdırdılar. 1988-ci il hadisələrindən sonra Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Beləliklə, 1827-ci ildən 1990-cı ilədək aparılan siyasət bölgədəki demoqrafik vəziyyətin tam dəyişməsinə gətirib çıxardı. 1827-ci ildə rusların bölgəni istilasından əvvəl 25 min ətrafında erməninin yaşadığı indiki Ermənistan dövləti ərazisində bu gün yalnız ermənilər və yezidi kürdlər yaşayır. Beləliklə, son 163 il ərzində bölgənin demoqrafik strukturu tamamilə dəyişdi. Bu, fəlakət Azərbaycana 1 milyondan çox qaçqın, 20 faiz torpaq itkisi, eləcə də 500 qədər tarixi abidə, 100-dən çox arxeoloji əsər, minlərlə qiymətli sənət əsərinin olduğu 22 muzey, 4,6 milyon kitab, nadir əsərlərin və əlyazmaların olduğu 927 muzeyin dağılması, iqtisadiyyata 60 milyard dollarlıq zərər vurulması hesabına başa gəldi.

 

Hazırladı: Azər Nuriyev