Azərbaycan ordusu.-2018.-27 yanvar.- 7.-S.7.

 

Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

 

(III məqalə)

 

Mehman Süleymanov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin hərb tarixi üzrə dosenti,

tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

Hərbi Nazirliyin rəhbərliyi 1918-ci ilin dekabrında bildirirdi ki, mövcud olan fərariliyin əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır. Qeyd edilirdi ki, xidmətə yalnız rüşvət verib canlarını qurtara bilməyən şəxslər çağırılırdılar və bunun nəticəsi idi ki, qoşun hissələrində bir nəfər də olsa imkanlı adamın övladı yox idi. Yalnız Praporşiklər məktəbində imkanlı adamların övladlarına rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı isə kasıbların üzərinə düşürdü.

1918-ci il dekabrın 25-də S. Mehmandarov hərbi xidmətə çağırışın yaxşılaşdırılması münasibətilə xalqa müraciət etdi. Həmin müraciət həm rus dilində, həm də Azərbaycan dilində çap edilərək əhali arasında yayıldı. Həmin müraciətdə S. Mehmandarov türk qoşunlarının Azərbaycanda olduğu vaxt çağırış işində yol verilən nöqsanlara, hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunmaqla bərabər, onların aradan qaldırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanmasını vurğulayırdı:

"İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları - istər fağır, istərsə də dövlətlini əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə də, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı yorğan-döşək hazırlatmışam".

Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Ordusunun yeni-yeni hissələrinin təşkilinə imkan verirdi. 1919-cu ilin əvvəllərində bu sahədə xeyli fəallıq duyulurdu. 1919-cu ilin yanvarında Gəncədə olan təlim taboru ləğv edildi və o, Gəncə alayının 2-ci taboruna çevrildi. Elə həmin ilin yanvarında bir zirehli qatarın şəxsi heyəti kompeltləşdirilmişdi. Nazirlər Şurasının 22 yanvar 1919-cu il tarixli qərarı ilə Azərbaycan Korpusunun qərargahı ləğv edilərək onun zabitləri Hərbi Nazirliyin aparatına cəlb edildi, bir çoxu isə qoşunlarda xidmətin təşkilinə göndərildi.

Qoşunların sayının artması ilə Ümumi Qərargahın tərkibində olan Ləvazimat şöbəsi də 1919-cu ilin əvvəllərində Ləvazimat İdarəsinə çevrilərək birbaşa hərbi nazirin tabeçiliyinə keçmişdi.

1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı. Hərbi Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi Müvəqqəti Hərbi Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirə edilməsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olmalı idi. Onun tərkibinə piyada və süvari diviziyalarının rəisləri, Ümumi qərargahın rəisi, Topçu, Ləvazimat və İstehkam İdarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. Hərbi Şuranın iclasları hərbi nazirin, ya da onun müavininin sədrliyi altında keçməli idi. Nazirliyin digər idarə və xidmət rəisləri onların xidmətlərinə aid olan məsələlərin müzakirəsi zamanı müvəqqəti Hərbi Şuranın iclaslarına dəvət edilə bilərdi.

Ordu quruculuğu daim inkişafda olan bir proses kimi götürülürdü. Bu inkişafa uyğun olaraq ordunun strukturunda, idarəetmə orqanlarında müvafiq dəyişikliklər aparılır, ordunun möhkəmlənməsinə, döyüş hazırlığı səviyyəsinə, qoşun hissələrinin praktiki fəaliyyətinin yaxşılaşmasına təsir göstərə biləcək bütün amillər mütəmadi olaraq nəzərdən keçirilir və onların ən səmərəli cəhətlərinə üstünlük verilirdi.

Bunun nəticəsi kimi, 1919-cu ilin martında Azərbaycan Ordusunun idarəetmə orqanlarında mühüm bir keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə martın 26-da Baş Ərkanı-hərb (Generalnıy ştab) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. S. Mehmandarov bu strukturun yaradılmasını onunla əlaqələndirirdi ki, Ümumi qərargah (Qlavnıy ştab) qoşunların həm təlim-tərbiyəsi, ordunun müharibəyə hazırlaşdırılması, həm də ordunun təsərrüfat məsələləri və gündəlik qayğıları ilə eyni vaxtda səmərəli məşğul ola bilmir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat və təminat qayğıları da artırdı. Ona görə də ordunun təlim-tərbiyəsi, döyüş hazırlığı, müharibəyə hazırlaşdırılması və s. kimi vəzifələr yeni yaradılan Baş ərkani-hərbin səlahiyyətinə, təsərrüfat və təminat məsələləri isə Ümumi qərargahın səlahiyyətinə verildi. General-leytenant M.Sulkeviç Ərkani-hərbin rəisi təyin edildikdən sonra ordu hissələrinin formalaşması daha ahəngdar xarakter aldı, yəni, 2-ci Bakı piyada alayının formalaşdırılması sürətləndirildi, 3-cü Şəki süvari alayının təşkili tezliklə başa çatdırıldı.

Azərbaycan hökumətinin Azərbaycan xalqının idarəsini əks etdirdiyinə əmin olan müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin az saylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakı şəhərində yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Həmin qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə 1-ci Tatar süvari alayının komandiri polkovnik Ağalarov rəhbərlik edirdi. Polkovnik Ağalarova Bakı qornizonunun rəisi vəzifəsi də həvalə olunmuşdu. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. Bakıya Azərbaycan qoşun hissələrinin daxil olması münasibətilə Hərbi nazir S. Mehmandarov da Bakıya gəldi. Şəhər əhalisi Azərbaycan Ordusunun qoşun hissələrini çox böyük təntənə ilə qarşıladı. 1919-cu ilin yayında və payızında Azərbaycan Ordusu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. Bu dövr qoşun hissələrinin yaradılmasında ən məhsuldar dövr sayıla bilər. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməsinə başlaması ilə 1919-cu ilin iyunun son günləri və iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. Hərbi Nazirliyin aparatı, Ümumi qərargah və Baş Ərkani-hərb Bakıda Krasnovodsk və Merkuri küçələrinin (indiki S. Vurğun küçəsi ilə və Azərbaycan prospektinin) kəsişməsindəki binada yerləşdirildi.

1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakı istehkamat hissəsi (Bakinskiy ukrepleniy rayon) idi. Bu strukturun yaradılmasında başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə Bakının etibarlı müdafiəsini təşkil etmək idi. Bu məsələ ilə bağlı hərbi nazir S. Mehmandarovun yazdığı raport 1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin iclasında müzakirə edildi və nazirin qaldırdığı vəsatətin məqsədəuyğunluğu barədə qərar qəbul olundu. Qərarda Bakı İstehkamat hissəsinin rəisi vəzifəsini təsis etmək, bu vəzifəni şəhərin hərbi general-qubernatoru vəzifəsi ilə birləşdirmək, Bakı şəhər rəisliyi ərazisini ona tabe etmək öz əksini tapmışdı.

Ümumiyyətlə, ordu quruculuğu istiqamətində aktuallıq kəsb edən məsələlərə çevik və operativ şəkildə yanaşılması baxımından Dövlət Müdafiə Komitəsinin yaradılması hökumət tərəfindən qəbul edilmiş əhəmiyyətli qərarlardan biri idi. Nazirlər Şurasının sədri tərəfindən sədrlik edilən bu orqan reqlament gözləmədən, zərurət yarandıqca vaxtaşırı çağırılır və lazımi qərarlar qəbul edilirdi. Ölkənin müdafiəsinin təşkili ilə bağlı ali dövlət orqanı olan Dövlət Müdafiə Komitəsi fəaliyyətində iki cəhəti üzvi şəkildə birləşdirirdi. Bu orqan hərbi quruculuq sahəsində həm zəruri olan qərarları qəbul edir, həm də özü bu qərarların icrasını təşkil edirdi.

Ölkədə hərbi quruculuğun praktiki məsələlərinin reallaşdırılmasında Nazirlər Şurasının özünün də xüsusi yeri var idi. Respublikanın müdafiəsinin gücləndirilməsi üçün Nazirlər Şurası həm ölkənin daxili imkanlarını səfərbərliyə alır, həm də fəal xarici siyasət yeridirdi. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müdafiə qabiliyyətini gücləndirmək, onun ərazi bütövlüyünün toxunulmazlığına nail olmaq həyata keçirilən xarici siyasətin aparıcı xəttini təşkil edirdi. Bu baxımdan həm müttəfiq dövlətlər, həm nüfuzlu dünya dövlətləri ilə, həm də yaxın qonşularla qarşılıqlı əlaqələrin qurulmasına cəhd göstərildi. Başlıcası isə, Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq gücləndirildi və bu əməkdaşlığı nizamlayan hüquqi baza kimi iki respublika arasında 1919-cu il iyunun 16-da hərbi saziş imzalandı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri M. Cəfərov, hərbi nazir S. Mehmandarov və Ərkani-hərbin rəisi M. Sulkeviç imzalamışdır. Tiflisdə üç il müddətinə imzalanmış həmin sazişin əsas mahiyyəti bundan ibarət idi ki, respublikaların hər hansı biri xarici müdaxiləyə məruz qalacağı tədbirdə digər respublika ona mümkün köməyi göstərməlidir. Müqaviləyə əsasən, 2 həftə ərzində Ermənistana da bu sazişə qoşulmaq hüququ verilirdi. Ancaq Azərbaycan torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmadı.