Türküstan qəzeti. - 2018.- 11-17 sentyabr. - ¹ 79. - S. 12.

 

1917-1920-ci illərdə İrəvan və ətraf bölgələrdə azərbaycanlıların ardıcıl soyqırımları törədilirdi

 

İlqar Niftəliyev,

AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

“1917-ci ilin sonundan 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasının qarət olunmuş və tərk edilmiş müsəlman kəndlərinin siyahısı” adlı sənəddə göstərilir ki, İrəvan, Sürməli, Üçmüədzin, Yeni Bəyazid qəzalarında ermənilər tərəfindən dağıdılan və məhv edilən müsəlman kəndlərinin ümumi sayı 199 təşkil edirdi. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının 1918-ci il aprelin 10-da keçirilmiş iclasında Seymin üzvü Mir Hidayət Seyidov məruzəsində qeyd edirdi ki, İrəvan quberniyasında iki ay bundan əvvəl müsəlmanlara qarşı ermənilərin və erməni hərbi hissələrinin həyata keçirdikləri əməliyyatların məqsədi həmin əraziləri qaçqın ermənilər üçün təmizləmək və yeni Ermənistan dövləti yaratmaqdır. Ümumilikdə 1918-ci ilin yanvarından may ayına kimi, yəni, türk qoşunları İrəvan quberniyasına daxil olana qədər burada ermənilər tərəfindən 300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və zorakılıqlara məruz qalmışdı.

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ararat Respublikasına güzəşt etdi. Şuranın üzvü Fətəli Xan Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə şuranın üzvləri ilə Ermənistan milli şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türk ordusu tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı Milli Şuranın üzvləri Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Ələkbər Ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. İclasda iştirak edən 28 nəfər şura üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F. X. Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

1918-ci il iyunun 1-də Tiflisdə keçmiş canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının üçüncü iclası keçirildi. Həmin iclasda şura üzvləri İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi və qaçqınlara köməyin təşkili ilə əlaqədar İrəvana xüsusi nümayəndə heyətinin göndərilməsinin vacibliyi məsələsini qaldırdılar. Təklif qəbul edildi və M. H. Seyidov, B. Rzayev və M. Y. Cəfərovdan ibarət nümayəndə heyətinin İrəvana göndərilməsi qərara alındı. Çox maraqlıdır ki Milli Şuranın iyunun 7-də keçirilən növbəti iclasında İrəvana göndəriləcək nümayəndə heyəti barədə çox qızğın mübahisə getdi. Bu mübahisələr zamanı İrəvan quberniyasından olan nümayəndə Bağır Rzayev bəyan etdi: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz irəvanlılar - mən və Seyidov gedəcəyik. Sizdən bir şeyi xahiş edirik: “Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi - Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın”.

İrəvandan olan nümayəndənin narahatlığı təsadüfi deyildi. Sonrakı hadisələr bu narahatlığın əsaslı olduğunu sübut etdi. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Ararat Respublikası arasında bağlanmış müqaviləyə əsasən sonuncunun ərazisi 9 min kvadratkilometr müəyyən edildi. Bu, İrəvan quberniyası ərazisinin təxminən üçdə bir hissəsini təşkil edirdi (1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasının ümumi sahəsi 23194,79 verst2 idi). Ermənistanın sərhədlərinə Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Üçmüədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla) daxil oldu. Beləliklə, yeni yaradılmış Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Ermənilərə verilmiş Azərbaycan ərazisinin əhalisi cəmi 400 min nəfər idi ki, onun da 100 mini türk-müsəlman idi. Müqavilənin VI bəndinə əsasən, Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, azad inkişafını, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında öhdəliklər götürürdü. Bəhs olunan müqaviləni tamamlayan III əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə təsbit olunur və qeyd olunurdu ki, “Ermənistan hökuməti öz hesabına ibtidai və orta təhsil verən müsəlman məktəbləri açacaqdır”.

Lakin sonrakı hadisələr göstərdi ki, müstəqil erməni dövlətində hakimiyyətə gələn “Daşnaksütyun” partiyası keçmiş İrəvan quberniyasının ərazisində yaşayan müsəlman əhaliyə qarşı soyqırımı siyasətini dövlət səviyyəsində həyata keçirməyə başladı. Bu cinayətlərin sarsıdıcı mənzərəsini yaradan onlarla teleqram, məktub və digər sənədlər bu gün Azərbaycan Respublikasının arxivlərində saxlanılır. Bu sənədlərin toplanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ilk tədbirlər hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüşdü. Minlərlə həmvətənimizin soyqırımını qarşısına məqsəd qoymuş ermənilərdən çəkdiyi qeyri-insani zülmü, həqiqətən, çıxılmaz vəziyyətini təsvir edən bu sənədləri həyəcansız oxumaq mümkün deyil! Onların arxasında nə qədər müsibət, dəhşət, ölüm dayandığını təsəvvürə gətirmək qeyri-mümkündür!

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının 1918-ci il iyunun 13-də keçirdiyi iclas ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlərə həsr olunmuşdu. Şura üzvü İbrahim ağa Vəkilov oradakı müsəlman qaçqınların acınacaqlı vəziyyəti ilə əlaqədar kömək məqsədilə 150 min manat vəsait buraxmağı təklif edir. İ. Vəkilovun təsirli nitqindən sonra məlum olur ki, İrəvan quberniyası ərazisində dolaşan ac-yalavac müsəlman qaçqınların sayı 150 min nəfərə çatmışdır. Qaçqınlar arasında epidemiya xəstəlikləri geniş yayılır, hər gün acından ölənlər qeydə alınırdı. Ona görə də təcili olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat malları ilə kömək göstərilməsi təklif olunur. Natiq öz sözlərini zərər çəkmişlərin sayı və dağıdılmış 206 kəndin adlarını sadalamaqla bitirmişdi. Milli Şuranın Ermənistan Respublikasındakı qaçqınların vəziyyəti ilə əlaqədar qəbul etdiyi qərarda göstərildi ki, İrəvan dairəsində qaçqınlara paylamaq üçün tezliklə nümayəndələr vasitəsilə oraya pul vəsaiti göndərilsin; erməni milli şurasından xahiş edilsin ki, imkan daxilində aclıq çəkən müsəlmanlara ərzaq yardımı göstərsin; türk ordusu komandanlığından isə xahiş edilsin ki, İrəvan qaçqınlarına ərzaqla kömək etsin və müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına kömək üçün tutarlı göstərişlər versin.

Beləliklə, yeni yaradılmış erməni dövləti - Ermənistan Respublikası götürdüyü öhdəliyin əksinə olaraq nəinki Azərbaycan Xalq Cümhuriyyətinə olan iddialarından əl çəkdi, üstəlik, Batum müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F. X. Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: “Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən imtina et”.

1919-cu il yanvar ayının 7-də Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar. Təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.

1919-ci il yanvarın 8-də Azərbaycan Parlamentinin iclasında İrəvan quberniyasının müsəlman əhalisinin ərz-halları dinlənilmişdi. Sənəddə deyilirdi: “1917-ci ilin dekabr ayından 1918-ci ilin iyun ayına qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən 200-dən çox müsəlman kəndləri atəşə tutulub tar-mar olub, bunların əhalisi isə qismən qətl nəticəsində, qismən də dağlara qaçıb buralarda soyuqdan və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının əsasən müsəlmanlardan ibarət olan Sürməli, İrəvan, Üçmüədzin, Şərur və Naxçıvan qəzalarının bəzi hissələri Osmanlı ordusu tərəfindən işğal olunduqdan sonra burada yaşayan ermənilər yeni təşkil olunmuş erməni cümhuriyyətinin dairəsinə köç etmişlər. Digər tərəfdən, osmanlıların işğal etdikləri mahallara da 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər. Bunları köçməyə 80-ə qədər müsəlman kəndini atəşə tutub talan edən ermənilər məcbur etmişlər. Hazırda erməni qoşunları Sürməli qəzasını təmamən, İrəvan, Şərur və Üçmüədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşlərdə bərabər yerli müsəlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana köç etmək məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş mahallara Osmanlı dövlətindən Ermənistana köç etmiş ermənilər yerləşdirilir. İrəvan quberniyasının bəzi mahallarının təmamilə müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən və başqa şərait üzrə Azərbaycanın ayrılmaz hissəsi olunmasını nəzərə alıb və məcburən bu mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu mahallar məsələsini qəti surətdə həllini sülh konfransına buraxaraq İrəvan müsəlmanları nümayəndələri İrəvan müsəlmanlarının mövcudluğunun mühafizəsi üçün lazım gələn tədabir etmənizi rica ediriz”.

İclasda çıxış etmiş Məhəmməd Əmin Rəsulzadə İrəvan müsəlmanlarının müraciətinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan hökuməti yurddaşlarına siyasi və maddi yardım göstərməli, onların vəziyyətini yüngülləşdirmək ücün Parisdə keçirilən sülh konfransında və Qafqaz dövlətlərinin birgə yığıncaqlarında mövcud ixtilafların həllinə çalışmalıdır. Rəsulzadənin bu təklifi səsə qoyularaq qəbul edilmişdi. 1919-cu il yanvar ayının 14-də İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından M. H. Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.