Respublika. - 2018.- 9 sentyabr. - ¹ 200. - S. 3.

 

Azərbaycan-Tacikistan: əməkdaşlıqdan tərəfdaşlığa doğru

 

Atamoğlan Məmmədli

 

Ötən əsrin 90-cı illəri dünyanın siyasi xəritəsində baş vermiş mühüm hadisələrlə yadda qalmışdır. Postsovet məkanında bir-birinin ardınca yeni-yeni müstəqil dövlətlər meydana çıxdı. 1991-ci il sentyabrın 9-da Tacikistanın dövlət müstəqilliyi əldə etməsilə onun inkişafı yolunda yeni üfüqlər açıldı. Tacik xalqı belə bir fürsəti məqamında dəyərləndirdi, sosial-iqtisadi və siyasi sahədə bir sıra mühüm qərarlar qəbul etdi.

Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Ötən illər ərzində bu ölkə dayanıqlı, sabit inkişafa nail olmuş mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış etmişdir. Beləliklə, həyatın tələblərinə cavab verə biləcək müasir sənaye sahələri də yaradılmağa başladı. Bütün bunlar ölkənin dirçəldilməsinə müsbət təsir göstərdi və tacik xalqı həyatın müxtəlif sahələrində yeni-yeni uğurlara imza atdı. Dövlət bölməsinə daxil olan yeni infrastrukturlar yaradıldı. Bu addım müstəqilliyin kövrək illərini yaşayan bir ölkə üçün xarakterik idi.

Ölkədə müəssisələrin özəlləşdirilmə prosesi başladı. Bu hal pambıqtəmizləmə sənayesi üçün daha xarakterik idi. Ölkədə fəaliyyət göstərən bütün pambıqtəmizləmə zavodları özəlləşdirildi. Xarici sərmayədarlara normal şərait yaradıldı. Nəticədə pambıqtəmizləmə zavodlarından səkkizini xarici şirkətlər satın aldılar. Bu zaman xarici sərmayə qoyuluşu əsasən dağ-mədən sənayesi (qızıl hasilatı) və toxuculuq istehsalı sahələrinə yönəldildi.

Azərbaycan kimi, qardaş Tacikistanda da əlverişli iqlim şəraiti ölkədə kənd təsərrüfatı və sənaye məhsullarının istehsalını artırmağa imkan verdi. Zəngin hidroenerji potensialına malik olan bu ölkə dünyada adıçəkilən sahə üzrə səkkizinci yerdə durur. Lakin son onilliklər ərzində qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq bu sahədə bəzi problemlər yaranmışdır. Təqdirəlayiq haldır ki, Tacikistan XXI əsrin əvvəllərindən başlayaraq qlobal forumlarda ayrı-ayrı dövlətlərin və beynəlxalq ictimaiyyətin diqqətini içməli su problemlərinin həllinə yönəldir. Təsadüfi deyil ki, Tacikistanın və bir sıra digər ölkələrin təşəbbüsü ilə BMT Baş Məclisi 2003-cü ili Beynəlxalq içməli su ili, 2005-2015-ci illəri “Su həyat üçündür!” Beynəlxalq fəaliyyət onilliyi və 2013-cü ili “Beynəlxalq su əməkdaşlığı ili” elan etmişdi. Bütün bunlar bəşəriyyətin xoşbəxt gələcəyi naminə atılan mühüm addımlar olmuşdur.

Tacikistan nəhəng içməli su ehtiyatlarına malikdir. Bu ehtiyatlar çoxsaylı buzlaqlar, çaylar, göllər və yeraltı su sistemlərində yığılmışdır. Mərkəzi Asiya regionunun su ehtiyatlarının 60 faizə yaxını bu ölkənin ərazisində formalaşır. Tacikistan hökuməti həm öz ölkəsi və həm də dünya ölkələri üçün su probleminin getdikcə artmaqda olan tələbatını nəzərə alaraq su probleminin həlli üçün böyük fəaliyyət proqramını həyata keçirir. Hökumət son 10 il ərzində bu həyati əhəmiyyətli sahəyə 1,7 milyard dollar vəsait ayırmışdır. Nəticədə 1,5 milyon nəfərdən çox əhalinin su ilə təminatı yaxşılaşmışdır. Vahid su resurslarının idarə edilməsi və digər vəzifələr 2030-cu ilədək olan dövrdə Tacikistanın Milli inkişaf strategiyasına daxil edilmişdir.

Tacikistan prezidenti Emoməli Rəhmon hələ 2015-ci ilin sentyabrında BMT sammitində təşəbbüslə çıxış edərək dünya dövlətlərinin diqqətini yenidən su probleminə yönəltmişdi. Sammitdə dünyada hələ də 750 milyondan çox insanın içməli suya olan ehtiyacı vurğulanmışdı. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin —2018-2028-ci illərin “Su dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair çox mühüm təşəbbüsünü fəal dəstəkləyir.

Tacikistanda su probleminin həlli kənd təsərrüfatının aparıcı sahələri olan taxıl, kartof, soğan, pomidor, meyvə və çəltik istehsalı sahələrindən bol məhsul götürməyə imkan verəcəkdir. Digər tərəfdən, ölkə ərazisinin 80 faizdən çoxunda irriqasiya işlərinə ehtiyac duyulur. Yeni üzüm plantasiyalarının salınması tezliklə qonşu ölkələrdən bu məhsulun idxalını aradan qaldıracaqdır. Ölkədə hasil olunan pambıq lifinin 90 faizə yaxını xarici bazarlara ixrac edilir. Bu işdə Fərqanə, Bəxş, Hisar vadiləri kimi əsas pambıqçılıq rayonları xüsusi rol oynayır.

Xarici ticarət əlaqələrini fəallaşdırmaq məqsədilə dünyanın 23 ölkəsində Tacikistanın ticarət nümayəndəliyi fəaliyyət göstərir. Sərmayələrin cəlb olunmasının zəruriliyi və xarici bazarlarda milli məhsullara tələbatın öyrənilməsi nəzərə alınmaqla ayrı-ayrı regionlarda, xüsusilə 10-dan artıq xarici ölkədə Tacikistanın Ticarət-sənaye palatasının nümayəndəlikləri yaradılmışdır. 2002-ci ildən ölkədə yeridilən “açıq qapı siyasəti” bir sıra dövlətlərin də Tacikistan iqtisadiyyatına marağını artırmışdır. Eyni zamanda, ölkədə fəaliyyət göstərən Milli İnkişaf Şurası xarici sərmayələrin cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində səmərəli işlər görür.

Taciklərin müstəqil dövlətlərini qurduqları ilk gündən “Tacikistan Respublikasının dövlət müstəqilliyi haqqında bəyannamə” ilə suveren Tacikistanın xarici siyasətinin əsası qoyuldu. Hazırda Tacikistan həm qonşu, həm də uzaq ölkələrlə qarşılıqlı maraqlara əsaslanan münasibətləri daha da inkişaf etdirir. Müsəlman-türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsinə isə xüsusi diqqət yetirir.

Tacikistan dünya ölkələri ilə özünün iqtisadi münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurur. Bunun məntiqi nəticəsidir ki, son illər beynəlxalq aləmdə Tacikistanın nüfuzu xeyli yüksəlmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra özünün xarici siyasətində Orta Asiyanın müsəlman respublikaları ilə münasibətlərinə önəmli yer verdi. Bu siyasətin içində dost, qardaş Tacikistanın da layiqli yeri vardır. İki ölkə arasında çoxəsrlik tarixi köklərə malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri daim möhkəmlənmişdir.

Tarixən hər iki xalqı İpək yolu birləşdirsə də, dini etiqad ümumiliyi, hər ikisinin Şərq mədəniyyətinin mərkəzində yer tutmaları, zəhmətkeş, qonaqpərvər, sülhsevər keyfiyyətlərə malik olmaları, eyni dinə qulluq etmələri taciklərin azərbaycanlılarla məhrəmliyini şərtləndirən mühüm amillər olmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur.

Tacikistanın Cənubi Qafqazda ilk diplomatik nümayəndəliyi də məhz Bakıda açılmışdır. Diqqətəlayiq haldır ki, 1996-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənmişdir.

Hər iki dövlətin rəhbərləri arasında yüksək səviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri qarşılıqlı münasibətlərdə mühüm addım olmuşdur. Həmçinin Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun bu ilin avqustunda Azərbaycana səfəri hər iki ölkənin gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Tacikistanın dövlət başçısı müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulamışdır. Onun bu səfəri əvvəlkilərdən fərqli olaraq, iki ölkə arasında strateji əməkdaşlıq baxımından xeyli sayda sənədlərin (11 sənəd və bəyannamə) imzalanması ilə yadda qalmışdır.

Bu gün iki ölkə arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri istiqamətində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya, dəmir yol nəqliyyatı sahələrində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər uğurla davam etdirilir. Hazırda həyatın müxtəlif sahələrində əlaqələri daha da inkişaf etdirmək üçün 50-dən çox saziş və normativ sənəd fəaliyyət göstərir.

Qarşılıqlı münasibətlərə möhkəm zəmin yaradılmasında vaxtilə ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Tacikistanda keçirilən Beynəlxalq simpoziumda prezident Emoməli Rəhmon bildirmişdi ki, “Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan “Nurek” Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin bu yaxşılığını heç vaxt unutmayacaq”. Təsadüfi deyil ki, hazırda bu stansiya paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.

İki ölkə arasında qarşılıqlı münasibətlərdə üstün istiqamətlərdən biri də ticarət-iqtisadi əlaqələrdir. Bu işdə Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya mühüm rol oynayır. Adıçəkilən sahə qarşılıqlı münasibətlərdə böyük potensiala malikdir. Ümumiyyətlə, iki ölkə arasında imzalanmış sənədlərdə ərzaq məhsulları istehsalı, əlvan və qara metallurgiya, yüngül sənaye, ipəkçilik, tikinti materialları istehsalı, yeni texnologiyaların tətbiqi ilə maşınqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və təkrar istehsalı üzrə birgə müəssisələrin yaradılmasına xüsusi diqqət yetirilir.

Azərbaycandan Tacikistana aviasiya yanacağı, koks, gil-torpaq, alüminium, neft və neft məhsulları, un, konditer məmulatları, bitki yağları, şəkər tozu və mineral sular ixrac olunur. Həmçinin, Tacikistan alüminium istehsalı üçün Azərbaycan gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan bu ölkəyə nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları ixrac olunur.

Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 25 milyon dollardan çoxdur. Lakin bu rəqəmi dəfələrlə artırmaq üçün hər iki ölkənin potensial imkanları böyükdür.

Qarşılıqlı ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkənin coğrafi mövqeyindən irəli gələn zəruri infrastrukturların yaradılması tələb olunur. Tacikistan TRASEKA layihəsi çərçivəsində Böyük ipək yolunun dirçəldilməsi üzrə iştirakçı dövlətlərdən biridir. Tacikistan, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit istismarında və gələcəkdə bu xəttin Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttilə birləşdirilməsində maraqlıdır. Beləliklə, Tacikistan bu yolla Avropa bazarına çıxış əldə etmiş olacaqdır. Eyni zamanda, Azərbaycan da Orta Asiyada öz nüfuzunu daha da artırmış olacaqdır. Tacikistan tərəfi Azərbaycanın maliyyə imkanlarını nəzərə alaraq Bakının sərmayə qoyuluşlarında iştirakının gücləndirilməsində maraqlıdır.

Azərbaycan və tacik xalqları arasında mədəni sahədə əməkdaşlıq və mübadilə xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət və incəsənət xadimlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işdə mühüm rol oynayır.

Ümid etmək olar ki, Azərbaycan və Tacikistan arasında əlaqələr yenə də yüksələn xətlə inkişaf edəcək və onların arasında bərqərar olan güclü tərəfdaşlıq münasibətləri hər iki xalqın milli maraqlarına uyğun olaraq getdikcə genişlənəcəkdir. Bu isə son nəticədə iki ölkə ilə yanaşı, Cənubi Qafqaz və Orta Asiya regionları arasında dinc və səmərəli əməkdaşlıq üçün möhkəm zəmin yaradacaqdır.