Xalq qəzeti. - 2018.- 5 sentyabr. - ą 197. - S. 1.

 

Prezident İlham Əliyev: Azərbaycanın bütün türkdilli dövlətlərlə əlaqələri gündən-günə möhkəmlənir və genişlənir

 

Vaqif  Bayramov

 

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. Xatırladaq ki, adıçəkilən  təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın-3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanan müvafiq sazişə əsasən yaradılıb. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan şuranın təsisçi üzvləri seçilib.

 

Yeri gəlmişkən, TDƏŞ-in beynəlxalq hökumətlərarası təşkilat olaraq fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. 

TDƏŞ beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurub.  

Təşkilatın təsis edildiyi tarixdən indiyədək iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, eyni zamanda, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib. 2011-ci ildə Astanada reallaşdırılan iqtisadiyyat nazirlərinin birinci iclasında  investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qərar qəbul edilib və bu işçi qruplarının mütəmadi olaraq iclasları keçirilib. 2014-cü il fevralın 19-da İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə iş adamlarının iştirakı ilə biznes forum təşkil edilib. 2014-cü il iyunun 19-20-də isə İssuk-Kulda TDƏŞ-in iqtisadiyyat üzrə işçi qrupları və iqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilib. TDƏŞ çərçivəsindəki növbəti biznes forum 2014-cü ilin oktyabr ayında Naxçıvanda reallaşıb. 

Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədi ilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilib.   TDƏŞ-ə üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası 2013-cü ilin iyul ayında Bakıda keçirilib.

Ötən müddətdə TDƏŞ çərçivəsində Azərbaycanın təşəbbüsü ilə müxtəlif tədbirlər gerçəkləşdirilib. Respublikamızın bu təşkilatla bağlı siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etdirilib. Eyni zamanda, TDƏŞ-in tədbirlərində dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin TDƏŞ-in VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Sooronbay Jeenbekov ilə görüşündə də yuxarıda qeyd olunan məsələlərlə bağlı ətraflı danışılıb. Qırğızıstanın dövlət başçısı deyib: “...Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir. Biz həmişə dostlarımızla məsələlərin bütün spektri üzrə məzmunlu söhbətə açığıq və hazırıq. Mən Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Bu il ölkəniz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətilə Sizi təbrik edirəm və vaxt tapıb gəldiyinizə görə çox sağ olun”.

Azərbaycan Prezidenti isə TDƏŞ-in VI Sammitinin  ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: “Biz Qırğızıstanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək”.

Dövlətimizin başçısı TDƏŞ-in VI Zirvə görüşündə qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Gündən-günə möhkəmlənən və genişlənən  əlaqələr siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və müsbət nəticələr əldə olunur.

Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verməsini yüksək dəyərləndirən cənab İlham Əliyev deyib: “Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər...”.

Azərbaycan Prezidenti nitqində bütün beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanındığını, BMT Təhlükəsizlik Şurasının - dünyanın ən ali orqanının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, həmin sənədlərdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar yer aldığını xatırladıb, eyni zamanda, münaqişənin bu prinsiplər əsasında öz həllini tapmalı olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Parlamentinin oxşar qərar və qətnamələr qəbul etdiklərini, bu sənədlərin münaqişənin həlli üçün əsas hüquqi baza rolu oynadığını xüsusi vurğulayıb.

Cənab İlham Əliyev çıxışında diqqəti, həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə yönəldərək bildirib ki, xüsusilə indiki şəraitdə bu sahə mühüm önəm daşıyır: “...Ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir.

Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir...”.

Prezident İlham Əliyev nitqində, eyni zamanda, Azərbaycanın qardaş ölkələrə investisiya qoyuluşu ilə öz iqtisadi maraqlarımızın təmin olunduğunu,  həm də bu ölkələrdə yeni imkanlar yaradıldığını xatırladıb. Qeyd edib ki, respublikamızda  qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün tədbirlər həyata keçirilib. Azərbaycanda əlverişli sərmayə mühiti var və qarşılıqlı investisiya qoyuluşu əməkdaşlığı daha da möhkəmləndirəcək.

TDƏŞ-in VI Zirvə  görüşündə Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsinin uğurla fəaliyyət göstərdiyi, həmin yolun Asiyanı Avropa ilə birləşdirdiyi və bu infrastrukturun yükdaşımaların həcminin artmasına müsbət təsir göstərdiyi xüsusi vurğulanıb. Bildirilib ki, bu, yeni nəqliyyat dəhlizi, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib edib.