Xalq qəzeti.-2018.-6 yanvar.-2.-S.4.

 

20 Yanvar faciəsi və ona beynəlxalq siyasi-hüquqi qiymət verilməsi

 

Elman Nəsirov,

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,

siyasi elmlər doktoru, professor

 

Hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Sənəddə respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

 

Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək. Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda, həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Sözügedən reallıqdan çıxış edərək, qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 28 illik zaman kəsiyindən nəzər yetirib, bir sıra narahatedici suallara cavab axtarmaqdır. Onları aşağıdakı ardıcıllıqla təqdim edib, təhlilimizə başlayaq.

Birincisi, 20 Yanvar faciəsini şərtləndirən amillər hansılardır və onun qarşısını almaq nə dərəcədə mümkün idi?

20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir:

a) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti.

1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımız Ermənistandan zor və işgəncə altında qovulmuş, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralanmışdı.

Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz və cinayətkar siyasətin bir neçə məqamına nəzər yetirək:

1988-ci ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında qəbul etdiyi qərar, əslində, Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilirdi; böyük maliyyə vəsaitləri ayrılırdı; vilayətlə bağlı mühüm məsələlərin həlli İttifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi və s.

1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadi Volski təyin edildi. Bu addım faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etdi.

Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarından ruhlanan və şirniklənən Ermənistan SSR-in Ali Soveti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar verdi.

Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.

b) Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları.

Hadisələrin təhlili göstərir ki, Azərbaycan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı minimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixli qərarında Müdafiə nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdi. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalı idi.

Bundan başqa, 1989-cu ilin sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il nvarın 13-15-də SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi.

İkincisi, Bakıya yeridilən qoşun hissələrinin qəddarlığı.

Əvvəla, qeyd edək ki, 1989-cu ilin sonlarınadək Bakı şəhərində 110 minlik silahlı qüvvə və hüquq-mühafizə orqanlarının şəxsi heyəti var idi. Xüsusilə, Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi zabitləri və əsgərlərinin Azərbaycan xalqına münasibəti heç bir halda düşmən münasibəti deyildi, əksinə daha çox loyallığı ilə fərqlənirdi. Onlar yerli əhalinin qonaqpərvərlyi və alicənablığını gündəlik həyatda görür və qiymətləndirə bilirdilər. Başqa sözlə, Görünən dağa nə bələdçi?. Təsadüfi deyildi ki, 20 Yanvar hadisəsi öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit kollektivi adından SSRİ Ali Soveti sədrinin və ölkənin müdafiə nazirinin adına ünvanlamış məktubda xüsusi olaraq qeyd olunurdu ki, Bakıda vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzarəti altındadır və mövcud problemlərin həlli üçün siyasi tənzimləmə imkanları tükənməmişdir. Biz tam əminliklə deyirik: Bakıda ikinci Rumıniyanın baş verməsinə imkan verilməməlidir. Mərkəzə belə mövqe lazım deyildi. Ona görə də, Moskva Bakıda qanlı aksiyasını həyata keçirmək üçün bu qüvvələrə tam etibar etmirdi.

İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

Həmin hərbi qüvvələr üzərində xüsusi psixoloji sınaqların keçirilməsi haqqında təkzibedilməz faktlar vardır. Onlara belə bir dezinformasiya təlqin olunurdu:

Yerli əhali azərbaycanlılar rusları qırmağa hazırlaşırlar və siz müqəddəs bir vəzifəni rusları və bütünlükdə şəhərin xristian əhalisini labüd fəlakətdən xilas etməlisiz.

Salyan kazarması ətrafında və evlərin damlarında snayperlər yerləşdirilmişdir və hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə instinktindən çıxış edərək patronlarınıza heyfiniz gəlməsin.

Azərbaycan Xalq Cəbhəsinin hərbi dəstələri şəhərin strateji nöqtələrində yerləşdirilmişdir və onların amansız müqavimət göstərəcəklərini nəzərə alıb, qətiyyət və adekvat qəddarlıq nümayiş etdirin.

Müqavimət göstərən tərəfin milisin, Sovet Ordusunun və ya daxili qoşunların geyimində də olması mümkündür və bu reallığı nəzərə alıb, onları davamlı atəş hədəfinə çevirməyi bacarmalısınız.

Bir sözlə, SSRİ rəhbərliyinin xeyir-duası ilə 66 minlik qoşun hissələrini, xüsusilə erməni mənşəli əsgər və zabitləri, eyni zamanda, həbsxanadan məlum məqsəd naminə azadlığa buraxılmış məhbusları Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlamışdılar.

Üçüncüsü, SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsinə ABŞ-ın münasibəti.

ABŞ-da 1994-2001-ci illərdə Dövlət katibinin müavini işləmiş Stroub Telbotun həmmüəllifi olduğu Ən yüksək səviyyədə adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-ın Dövlət katibi Ceyms Beyker ölkəsinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Cek Motlak vasitəsilə SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla qarşılamayacaqdır. Eduard Şevardnadze cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb etmək istəyir və bununla da özünün Panamaya olan müdaxiləsinə haqq qazandırmağa çalışır. SSRİ-nin xarici işlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən göründüyü kimi, söhbət yalnız sosialist ölkələrindən gedirdi, sovet respublikalarından yox. Deməli, Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi ABŞ-ın Rumıniya ilə bağlı məlum mövqeyindən bir sıra nəticələr çıxardı. İlk nəticə isə ondan ibarət oldu ki, sovet qoşunlarını Azərbaycan xalqının müstəqillik mücadiləsinə qarşı Bakıya yeridəcəyi təqdirdə ABŞ-ın etirazı olmayacaqdır. Rəsmi Moskva həm də onun fərqində idi ki, ABŞ-ın güclü erməni lobbisi və diasporu da rəsmi Vaşinqtonun Bakı qırğınına qarşı laqeyd mövqeyinin formalaşmasında öz rolunu oynayacaqdır. Taktiki baxımdan belə qiymətləndirmədə Moskva yanılmamışdı. ABŞ 20 Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı. Ağ ev Rumıniya hadisələri fonunda davranışı ilə SSRİ-nin Bakı avantürasına dolayısı ilə yaşıl işıq yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə avantüralar əzəli rəqibi və düşməni olan SSRİ-nin məhvinin tarixi X anını son dərəcə yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 Yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin katalizatoru oldu.

Dördüncüsü, 20 Yanvar bəşəri cinayətinə ölkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi.

 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Ulu öndər baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq, Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider Heydər Əliyev bu barədə deyirdi: Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər.

Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi- hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il martın 29-da respublika parlamenti 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərmanı da bu məqsədə xidmət edirdi.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə kompleks ucaldılmışdır.

Təəssüf hissi ilə qeyd edək ki, bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımi siyasi-hüquqi qiymət verilməmişdir. 20 Yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov, Bakıda qətliam törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi həyata keçirən Yevgeni Primakov, müdafiə naziri  Dmitri Yazov, Sov. İKP MK katibi Andrey Girenko, Mərkəzi Komitənin millətlərarası münasibətlər şöbəsinin müdir müavini Vyaçeslav Mixaylov, daxili işlər naziri Vadim Bakatin, habelə Əbdürrəhman Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunaraq, layiqli cəzalarını almamışlar. Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edərkən, Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi deyərək, öz günahını etiraf etmişdir. Lakin bu etiraf heç bir halda onu məsuliyyətdən azad etmir.

Onu da qeyd edək ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparmış, istintaq hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssüf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdı.

Zaman keçdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cümlədən kecmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Buna baxmayaraq, inanırıq ki, Azərbaycan xalqının qanına əli batmış bu cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminik ki, Azərbaycanın bütün istiqamətlər üzrə güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən başlıcası isə ölkəmizdə siyasi sabitliyin olması və xalqın öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirməsi həm ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini təmin edəcəkdir.