Respublika.-2018.-26 yanvar.-18.-S.2-4.

 

Azərbaycan Xalq Cümhuriyyəti - İran diplomatik münasibətlərinin tarixinə dair mühüm mənbə

 

Ramiz Mehdiyev,

akademik

 

Məlum olduğu kimi, 2017-ci ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncam imzalanmışdır. Müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu nəzərə alsaq, sözügedən sərəncam tarixi vərəsəlik prinsipinin qorunub saxlanılması, onun gələcək nəsillərə ötürülməsi baxımından, heç şübhəsiz ki, böyük siyasi əhəmiyyət kəsb edir. Dövlət başçısının bu qərarı müvafiq dövlət strukturları qarşısında müvafiq tədbirlərin təşkilinə dair bir sıra vəzifələr qoymaqla yanaşı, həm də bütün Azərbaycan ictimaiyyətinin diqqətini bir daha tariximizin bu şanlı hadisəsinə, onun mahiyyətinə yönəltmiş oldu. Təbii ki, belə bir şəraitdə ən böyük məsuliyyət yenə də Azərbaycan tarixşünaslığının və ziyalılarımızın öhdəsinə düşür. İlk növbədə ona görə ki, gələcək nəsillərin Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə oynadığı müstəsna rolu aydın şəkildə dərk etməsi üçün onları bu dövlətin fəaliyyətinə ən kiçik təfərrüatlarına qədər işıq tutacaq sənədlərlə, tədqiqat işləri və digər zəruri mənbələrlə təmin etmək məhz tarixçilərimizin və mənbəşünaslarımızın həll etməli olduğu vəzifələrdir.

 

Ədalət naminə qeyd etməliyik ki, XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin zəngin irsinin öyrənilməsi və dünyada təbliği istiqamətində tarixçilərimiz tərəfindən əhəmiyyətli işlər görülmüş, arxiv materiallarının nəşri, cümhuriyyətin ayrı-ayrı görkəmli simalarının həyat və fəaliyyətindən bəhs edən araşdırmaların aparılması istiqamətində nəzərəçarpacaq uğurlar qazanılmışdır. Bütün bunları görməzdən gəlmək, qeyd etməmək təbii ki, doğru olmazdı. Ancaq onu da etiraf etməliyik ki, bütün uğurlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin tam dolğunluğu ilə öyrənildiyini demək hələ çox tezdir.

Bu mənada boşluğun hiss edildiyi və müvafiq olaraq öyrənilməsi daha çox diqqət və ardıcıl yanaşma tələb edən istiqamətlərdən birini respublikanın beynəlxalq əlaqələrinin tarixi təşkil edir desək, əsla yanılmış olmarıq. Sirr deyil ki, elan edildiyi andan, yəni 1918-ci ilin 28 may tarixindən işğal edildiyi 1920-ci ilin 28 aprel gününədək Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə tanınmaq uğrunda ağır diplomatik mübarizəyə qatlanmalı olmuş, ancaq bu yolda üzləşdiyi bütün ədalətsizliklərə və yaradılan süni maneələrə baxmayaraq müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər qazanmağı bacarmışdır. Məhz həmin diplomatik qələbələrin doğurduğu beynəlxalq tanınmanın nəticəsidir ki, Azərbaycan SSRİ tərkibinə bir vilayət, yaxud muxtar qurum kimi deyil, ayrıca, müstəqil respublika kimi daxil olmuş, formal da olsa 70 illik sovet istilası dövründə öz dövlətçilik atributlarını qoruyub saxlaya bilmişdir. Tam əminliklə deyə bilərik ki, Xalq Cümhuriyyəti liderlərinin, həmçinin XX əsrin əvvəllərində fəaliyyət göstərən ziyalılarımızın, ideoloqlarımızın əzmkar mübarizəsi olmasa idi, 1917-ci il fevral inqilabından sonra yaranmış əlverişli, eyni zamanda mürəkkəb siyasi şəraitdə Azərbaycanda müstəqil, özü də demokratik bir dövlətin yaranması arzu olaraq qalacaqdı. Ən əsası isə əgər həmin dövlət qurulmasa və dünya dövlətləri tərəfindən tanınmasa idi, bu gün mövcud sərhədlər daxilində heç bir müstəqil Azərbaycan Respublikasından söhbət belə gedə bilməzdi. Vurğulanan tarixi həqiqətləri hər bir azərbaycanlı tam mənası ilə qavramalı və heç zaman unutmamalıdır. Deyilənləri nəzərə aldıqda, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixinin hərtərəfli, müfəssəl tədqiqinin zəruriliyi özünü daha qabarıq göstərir. Xalq Cümhuriyyətinin xarici siyasətinin öyrənilməsinin vacibliyindən danışarkən bir mühüm məsələni də unutmamalıyıq ki, sözügedən dövrün hadisələri o qədər də uzaq tarix deyil və o zaman cərəyan etmiş proseslərin bir çoxu müasir dövrümüzlə açıq-aşkar səsləşməkdədir.

Həmin tarixin ibrətamiz səhifələri sırasında İranla münasibətlər heç şübhəsiz xüsusi yer tutur ki, bunun da bir sıra səbəbləri var. İlk olaraq onu qeyd etmək lazımdır ki, İranla münasibətlər Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti boyunca onun xarici siyasətinin ən mürəkkəb istiqamətlərindən birini təşkil etmiş və çoxsaylı çətinliklər, mübahisə və gərginliklərlə müşayiət olunmuşdur. Demokratik Respublika öz müstəqilliyini 1918-ci ilin 28 mayında elan etsə də, İran Qacarlar dövləti müsəlman ölkəsi olmasına baxmayaraq uzun müddət Azərbaycanın istiqlalının tanınması məsələsində gözləmə mövqeyi seçməyə üstünlük verdi. Bəli, danılmaz tarixi həqiqətdir ki, Azərbaycanın öz müstəqilliyini elan etdiyi tarixi şəraitdə demək olar ki, heç kəs onun gələcəyinə inamla yanaşmırdı. Xüsusilə də ölkə ərazisinin əhəmiyyətli qisminin daşnak-bolşevik qüvvələrinin nəzarətində olması, Azərbaycan istiqlalının yaşayıb-yaşamayacağına dair ciddi suallar doğururdu. Bu mənada digərləri kimi İranın da, gözləmə mövqeyi seçməsi, hadisələrin inkişafını izləməyə üstünlük verməsi siyasi maraqlar baxımından müəyyən mənada başadüşüləndir. Ancaq 1918-ci ilin 15 sentyabrında Azərbaycan əsgərlərinin Qafqaz İslam Ordusu ilə birgə apardığı uğurlu əməliyyatlar nəticəsində Bakıya daxil olmasından və ölkə ərazisində nəzarəti təmin etməsindən sonra müsəlman İranının Qərb ölkələri kimi dövlətimizin istiqlalına biganə qalması o dövrdə olduğu kimi indi də anlaşılan deyil.

Azərbaycan hökuməti İranla əlaqələrin qurulması üçün uzun müddət cidd-cəhdlə çalışsa da, bu təşəbbüslər İran tərəfinin irəli sürdüyü müxtəlif bəhanələr səbəbindən yarımçıq qalırdı. İlk vaxtlar Qacar məmurları Xalq Cümhuriyyətini tanımamaqlarının səbəbini dövlətin adı ilə daha doğrusu Azərbaycan sözünün onlar üçün doğurduğu siyasi narahatçılıqla izah edirdilər. Onlar mövqelərini bununla əsaslandırırdılar ki, Azərbaycan İranın şimalında yerləşən və mərkəzi Təbriz olan tarixi bir bölgənin adı olduğu üçün, bu toponimin Qafqazda yerləşən, qaynaqlarda isə Arran kimi qeyd edilən əraziyə şamil edilməsi yolverilməzdir. Lakin hadisələrin sonrakı təhlili göstərir ki, iranlıların səsləndirdikləri arqumentlər səbəbdən çox bəhanə səciyyəsi daşıyırdı. Əslində isə, İran Xalq Cümhuriyyətinin yaranmasına ehtiyatla yanaşır, ona 1828-ci ildə ikiyə bölünmüş Azərbaycan torpaqlarının tarixi perspektivdə birləşməsinə təkan verə biləcək siyasi və ideoloji təhlükə kimi baxırdı. Lakin İranın tutduğu mövqeyə baxmayaraq, Azərbaycan diplomatiyası kifayət qədər təmkinlə və uzaqgörənliklə hərəkət edir, bütün mümkün vasitələrdən bəhrələnməyə çalışırdı.

Xalq Cümhuriyyətinin ideoloqları, görkəmli dövlət xadimləri ilk növbədə İranın hakim dairələrini sakitləşdirəcək, onların Azərbaycana dair şübhələrini dağıdacaq mütəmadi yazı və bəyanatlarla çıxış etməyə başladılar. Həmin çıxışlarda Azərbaycanın qətiyyən İranın ərazi bütövlüyünü şübhə altına almaq niyyətinin olmadığı, ölkəmizin qonşularının sərhədlərinə hörmətlə yanaşdığı xüsusilə vurğulanırdı. Məsələn, Xalq Cümhuriyyətinin əsas qurucularından və ideoloqlarından olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan qəzetinin 28 aprel 1919-cu il tarixli (168) sayında dərc edilmiş Azərbaycan və İran adlı məqaləsində Azərbaycan adının sırf tarixi bağlılıq amillərinin qorunması, mənəvi, mədəni bağların həmişəlik qopmaması naminə seçildiyini vurğulamış, İranın bu səbəbdən hansısa gizli siyasi məqsədlər, yaxud təxribat və iddialar axtarmasını mənasız hesab etmişdi. Məhəmməd Əmin Rəsulzadə İran hakimiyyətinə yaxın qəzetlərdə səslənən iddiaları təkzib edərək yazırdı:

İran qəzetlərincə bizim, Qafqasiyanın bir qismindən ibarət olan məmləkətimizə Azərbaycan ismi verməgə həqqimiz yoxdur. Bu, İranın minəlqədim vilayəti kibi tanınan Azərbaycan əyalətinin həqqidir. Biz burada tarix, irq və coğrafiyaca Azərbaycan ismini daşımağa haqlı olub-olmadığımızı isbat və bu münasibətlə İran rəfiqi-möhtərəmimizin adla və istidlalata həqqindəki mülahizələrimizi bəyan etmədən istəriz: Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar. Dünyada yalnız bir Azərbaycan qitəsi degil, bir də Azərbaycan cəmaət vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə qonuşur türk əqvamından bir millətdir ki, İran rəfiqimiz bunlara ətraki-müsəlmani-Qafqaz diyor. Ətraki-müsəlmani-Qafqazın bir ədəbiyyatı var ki, adına Azərbaycan ədəbiyyatı denilir. Şairləri o dildə, Azərbaycan dilində və yaxud təbiri-mərufilə, şivəsində yazarlar. Məktəblərində o dili tədris edərlər. Teatrları, operaları o şivədə tərtib edilir. Ətraki-müsəlmani-Qafqaz ilə azərbaycanlı təbirinin eyni mənanı ifadə elədiklərini coğrafiya nöqteyi-nəzərindən cərh eləmək mümkün olsa da, qövmiyyat nöqteyi-nəzərindən bunu inkar etmək mümkün deyildir. Zira İrəvan, Gəncə və Bakı quberniyalarındakı ətrak ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındakı ətrakın bir-birindən nə ilə ayrıldıqlarını bən iyi fərq edəmiyoram. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənənat burada da, orada da hökmfərma, ortada yalnız yüz sənəlik digər bir həyati-siyasiyyə ilə yanaşmanın təsiratı mövcuddur1. (1 M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-1919). Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Ş.Hüseynov. Bakı, 2013, səh. 62-63).

B ənzər fikirlər cümhuriyyət diplomatiyasının tanınmış siması, respublikanın Türkiyədəki ilk səfiri, görkəmli ədib və ictimai xadim Y.V.Çəmənzəminlinin (1887-1943) 1919-cu ildə qələmə alınmış Xarici siyasətimiz adlı kiçik həcmli əsərində də öz əksini tapmışdır:

Dövlətimizin Azərbaycan adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin, yəni İran Azərbaycanının iranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın hüququna təcavüz etmək fikrində deyilik; olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.1 (1 Y.V.Çəmənzəminli. Xarici siyasətimiz. // Əsərləri (3 cilddə). Bakı, 2005, III cild, səh. 264).

Azərbaycan tərəfinin həyata keçirdiyi uğurlu təbliğat, həmçinin diplomatik kanallar vasitəsilə apardığı inadkar fəaliyyət öz bəhrəsini 1919-cu ilin yazında verməyə başladı. Məhz həmin vaxt tərəflər arasında ilk dialoq cücərtiləri özünü göstərdi. 1919-cu ilin martından etibarən xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İrana yollanır və uzun müzakirələrdən sonra tərəflər 14 bənddən ibarət razılaşma imzalayırlar. Lakin yenə də İran hakimiyyəti daxilində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən müəyyən dairələr proseslərə müdaxilə edərək, sazişin ratifikasiya edilməsinə əngəl törədirlər. Ancaq siyasi reallıqlar öz sözünü deyir və tədricən İranda Azərbaycanla hesablaşmağın, onun suveren hüquqlarını tanımağın zəruriliyini anlamağa başlamışdılar. Qoyulan məqsədə çatmaq naminə Azərbaycan hökumətinin öz ixtiyarındakı məcburetmə mexanizmlərindən məharətlə istifadəsi də az rol oynamamışdı. Belə ki, cümhuriyyət rəhbərliyi Azərbaycanın müstəqilliyini tanımaqdan hər vəchlə boyun qaçıran, lakin eyni zamanda ölkəmizin ərazisindən istifadə edərək sərfəli ticarət aparmaq istəyən İrana münasibətdə gömrük prosedurlarını ciddi şəkildə mürəkkəbləşdirdi. Üstəlik Bakıda fəaliyyət göstərən İran tacirlərinin və digər təbəələrinin hüquqi problemlərinin həllindəki bürokratik mexanizmlər də əhəmiyyətli dərəcədə çətinləşdirildi. Doğrudur, bu sətirlər onları oxuyanlara müəyyən qədər qəribə gələ bilər, ancaq gəlin unutmayaq ki, diplomatiyanın nəzakətə söykənən zahiri tərəfi ilə yanaşı dövlətin həyati maraqları uğrunda bütün mümkün vasitələrdən istifadə etməyi tələb edən görünməz üzü də var. Tarixi təcrübə onu da göstərir ki, dövlətin mənfəətləri uğrunda mübarizədə müraciət olunan vasitələrin mənəvi tərəfi arxa plana keçir. Vaxtilə məşhur florensiyalı diplomat və siyasi nəzəriyyəçi Nikkolo Makiavellinin Tit Livinin birinci dekadası haqqında düşüncələr əsərində vətənin mənafeləri naminə nə cür hərəkət etməyin lazım olduğuna dair qələmə aldığı fikirlər 500 il əvvəl olduğu kimi indi də aktualdır və bundan sonra da dəyərini həmişə qoruyub saxlayacaqdır:

O vaxt ki, söhbət vətənin xilasından gedir, nəyinsə haqlı, yaxud ədalətsiz, mülayim və ya qəddar, tərifəlayiq, ya da utancverici olduğuna dair düşüncələri bir kənara atmaq lazımdır. Hər şeyi unudub yalnız vətənin mövcudluğunu və azadlığını qorumaq naminə hərəkət etmək gərəkdir1. (1 N.Makiavelli. Soçineniə. Moskva-Leninqrad. 1934. Tom I, str. 94).

Ümumiyyətlə götürdükdə isə, həmin dövrdə Qacar hökumətinin Azərbaycanla münasibətdə müsəlman qardaşlığı və qonşuluq amilindən yox, bilavasitə əhəmiyyətini itirmiş tarixi iddialardan qaynaqlanan mənfəətlərindən çıxış etdiyi halda Xalq Cümhuriyyətinin öz suverenliyini və haqqını qorumaq üçün çalışmasında qəbahət axtarmağın bir mənası varmı? Təbii ki, yox!

Zaman özü də, Azərbaycanın seçdiyi yolun nə qədər düzgün olduğunu göstərdi və Qacarlar məcburiyyət qarşısında qalıb, Xalq Cümhuriyyəti ilə münasibətləri rəsmiləşdirməyin yollarını axtarmağa başladılar. Tədqiqatçılar da, qeyd edirlər ki, İranı belə bir addım atmağa əsasən 2 mühüm səbəb sövq etmişdi:

1. Azərbaycanda yaşayan və fəaliyyət göstərən iranlılar davamlı şəkildə üzləşdikləri bürokratik əngəllər səbəbindən çoxsaylı şikayət məktubları ilə öz hökumətlərinə müraciət edir və yardım istəyirdilər. Tehran məcburiyyət qarşısında qalıb öz təbəələrinin problemlərini aradan qaldırmaq üçün mütləq şəkildə Azərbaycan rəsmiləri ilə ünsiyyət yaratmalı, hüquqi prosedurlar ətrafında razılığa gəlməli idi.

2. Qafqaz, xüsusilə də, Azərbaycan İranın xarici ticarətində mühüm əhəmiyyət kəsb edən, gəlirli istiqamətlərdən biri idi. Bu istiqaməti itirmək iranlı tacirlərin ciddi narazılığına səbəb olar, onları Şah hakimiyyətindən narazı sala bilərdi. Yəni iqtisadi maraqlar da, Azərbaycanla siyasi münasibətləri sahmana salmağı zəruri edirdi.

Beləliklə də İran tərəfi Azərbaycanla diplomatik münasibətlərin yaradılması, tərəflər arasında mühüm hüquqi problemlərin həll edilməsi məqsədilə Bakıya nümayəndə heyətinin göndərilməsinə dair qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik İranın nüfuzlu siyasi qəzeti sayılan Rəd nəşrinin rəhbəri Seyid Ziyaəddin Təbatəbaiyə1 həvalə olundu. İran tərəfinin məhz onun namizədliyinə üstünlük verməsi əsla təsadüf deyildi və bu seçimə bir neçə ciddi səbəb təsir göstərmişdi. İlk növbədə Ziyaəddin İranın ictimai-siyasi və dini həyatında daim mühüm rol oynamış Təbatəbai soyadının daşıyıcısı olmaqla nüfuzlu bir nəslin nümayəndəsi idi. Bu soyadın daşıyıcı olan və İran tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdən görkəmli müctəhid Seyid Həsən Təbatəbai Burucerdinin, Məşrutə inqilabının rəhbərlərindən hesab edilən Seyid Muhəmməd Təbatəbainin, məşhur Mərcəi təqlidlərindən Seyid Muhəmməd Təbatəbainin, şiə aləminin ən mötəbər Quran təfsiri Əl-Mizanın müəllifi, həmçinin XX əsr İran fəlsəfəsinin parlaq nümayəndələrindən sayılan Seyid Muhəmməd Hüseyn Təbatəbainin adlarını çəkə bilərik. İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin (1919-1980) xanımı Fərəh Təbatəbai - Pəhləvi də məhz bu nəslin nümayəndələrindəndir. Məlumat üçün qeyd edim ki, Təbatəba - şiələrin ikinci imamı Həsən ibn Əlinin (ə.s.) nəvələrindən olan İsmayıl ibn İbrahimin ləqəbi olmuşdur. Onun tam adı isə belə idi - Əbu Əbdullah Muhəmməd ibn İbrahim ibn İsmayıl ibn İbrahim ibn Həsən Musənna ibn imam Həsən ibn imam Əli. Təba sözünün mənası bəzilərinə görə baba deməkdir. Təba təbai ifadədi isə Azərbaycan dilində babanın babası mənasını verir. Təbatəbai sözünün seyidlər seyidi, ağalar ağası mənasını daşıdığını deyənlər də var. (1 Ziyaəddin Təbatəbai (1888-1969) - XX əsr İran tarixinin tanınmış siyasi xadimlərindən biri hesab olunur. Gənc yaşlarından siyasətə qoşulan Ziyaəddin Təbatəbai ilk vaxtlar Qacar rejiminə qarşı ifşaedici kəskin məqalələri ilə məşhurlaşmışdı. Avropada iki il təhsil aldıqdan sonra İrana qayıdan Təbatəbainin ovaxtkı baş nazir Vüsuq-əd-Dövlə ilə dostluğu onun karyerasında da əhəmiyyətli irəliləyişə səbəb oldu. Əvvəlcə o ingilislərin maliyyə dəstəyi ilə nəşr olunan Rəd qəzetinin redaktoru vəzifəsinə irəli çəkildi, daha sonra 1918-ci ildə isə Çar Rusiyasının süqutundan sonra müstəqillik qazanmış Qafqaz ölkələri ilə diplomatik münasibətlərin yaradılması məqsədilə təsis olunmuş Qafqaz Fövqəladə Komissiyasının rəhbəri postuna təyinat aldı. 1925-ci ildə İranda ingilis komandanlığının bilavasitə dəstəyi ilə baş verən və Qacarların taxtdan salınması ilə nəticələnən dövlət çevrilişinin ardınca Britaniyaya xüsusi rəğbəti ilə seçilən Təbatəbai baş nazir postuna gətirilir. Lakin bu vəzifəni tutduqdan sonra kəskin siyasi islahatlara cəhd göstərməsi, cəmi 93 gün sonra onun məqamını itirməsi ilə nəticələnir. Rza şah Pəhləvinin əmri ilə o, İrandan sürgün edilir və 1942-ci ilə qədər mühacirətdə yaşamalı olur. Vətənə qayıdan kimi Təbatəbai növbəti dəfə siyasətə qoşulur, təsis etdiyi Rəd və Karvan qəzetlərinin səhifələrində kəskin anti-sovet təbliğatı ilə məşhurlaşır. İngilislərin dəstəyi ilə o bu dövrdə İran parlamentinə üzv seçilməyə də müvəffəq olur. Lakin 1946-cı ildə yenidən siyasi çəkişmələrin qurbanı olan Təbatəbai həbs edilir. 1947-ci ildə ingilislərin təzyiqləri nəticəsində azadlığa buraxılan Təbatəbai 1956-cı ilə qədər siyasətlə məşğul olur. Həmin il o, növbəti dəfə həbs olunur, lakin qısa müddətdən sonra azadlığa buraxılır. Zindandan çıxan Təbatəbai bu səfər siyasətdən həmişəlik uzaqlaşır. Ömrünün sonunadək Tehrandakı bağ evində yaşayan Təbatəbai 1969-cu ildə, 81 yaşında dünyasını dəyişir. Tehranda Nəsirəddin şah məqbərəsində dəfn olunur. Bu kitabın şərhlər və qeydlər bölməsində Ziyaəddin Təbatəbainin həyat yolu və siyasi fəaliyyəti haqqında daha ətraflı məlumat verilmişdir).

D igər tərəfdən, Ziyaəddin Təbətəbai 1917-ci il fevral inqilabından sonra yaranmış siyasi vəziyyəti öyrənmək üçün bir müddət Rusiyada yaşamış və imperiya daxilində mövcud olan etnik problemlərdən, bölgələrdəki, o cümlədən Qafqazdakı vəziyyətdən ətraflı şəkildə məlumat toplamışdır. Üçüncüsü o, İran hakimiyyətinə yaxın nüfuzlu bir nəşrə rəhbərlik etdiyindən ölkədaxili və regiondakı siyasi proseslər haqqında yaxından məlumatlı idi. Qacarların siyasi mətbəxinə bələd olan Təbatəbai İranın maraqlarını daha etibarlı bir şəkildə qoruya bilərdi. Nəhayət, seçimə təsir göstərmiş üçüncü amil Təbətəbainin İranın o vaxtkı baş naziri Mirzə Həsən xan Vüsuq əd-Dövlə ilə yaxın dostluq münasibətlərinin olması idi.

14 nəfərdən təşkil olunmuş nümayəndə heyətinə Mirzə Musa xan Məfxəm əl-Məmalik, xarici işlər nazirinin katibi Baqer Kazımi, Daxili İşlər Nazirliyinin nümayəndəsi Yusif Muşar, Maarif Nazirliyinin nümayəndəsi Rza Fəhmi, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Rəhim Ərcümərd, Maliyyə Nazirliyinin nümayəndəsi Tərcüman əs-Sultan, Ümumi Mənfəət Nazirliyinin nümayəndəsi Məhəmməd Cəfər Mirza və digərləri daxil idi. Diplomatlar 1919-cu ilin 6 noyabr tarixində Qafqaz Merkuri Şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. Onları Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə yanaşı Bakıda yaşayan iranlılar da qarşıladılar.

İran hökuməti öz nümayəndələrinin qarşısına iki mühüm məqsəd qoymuşdu ki, onlardan birincisi Azərbayan hökumətini regional konfederasiyanın yaradılmasına razı salmaqdan, digəri isə iranlı tacirləri narahat edən gömrük, poçt və qeydiyyat kimi mühüm məsələlərin həllində Bakı ilə razılıq əldə etməkdən ibarət idi. Konfederasiya məsələsinə dair paralel olaraq Paris Sülh Konfransına ezam edilmiş İranın nümayəndəsi Nüsrət əd-Dövlə ilə Azərbaycan Respublikasının nümayəndəsi olan Əlimərdan bəy Topçubaşov arasında danışıqlar həyata keçirilirdi. Nüsrət əd-Dövlə xarici işlər nazirinə vurduğu teleqramda bu istiqamətdə Azərbaycan nümayəndə heyəti və Britaniya xarici işlər naziri olan lord Kerzonla geniş və faydalı müzakirələrin aparıldığını bildirmiş, Bakıya ezam edilmiş komissiyanın bu məsələ ilə daha yaxından məşğul olmasını xahiş etmişdi.

Tərəflər arasında bir neçə ay davam edən danışıqlar nəhayət ki, 1920-ci ilin mart ayında uğurla başa çatır. Danışıqların uğurunu təmin edən başlıca səbəblərdən biri də, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransının nəticələrinə əsasən aparıcı dünya dövlətləri tərəfindən tanınması oldu. 20 mart 1920-ci ildə tərəflər arasında keçirilən sonuncu görüşdə İran tərəfindən tam tərkibdə nümayəndə heyəti, Azərbaycan tərəfindən isə xarici işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, ticarət və sənaye naziri Məhəmməd Həsən Hacınski, yollar və küçələr naziri Xudadat bəy Məlik Aslanov, poçt və teleqraf naziri Cəmo Hacınski iştirak etdilər. Tərəflər 7 sahə üzrə müqavilə imzaladılar:

1. Tranzit; 2. Konsulluq; 3. Poçt əlaqələri; 4. Poçt daşımaları; 5. Gömrük; 6. Teleqraf əlaqələri; 7. Dostluq müqaviləsi.

R azılaşmanın ən mühüm cəhəti İranın Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıması ilə bağlı idi. Nəhayət ki, Azərbaycan diplomatiyası qarşısında duran müşkül vəzifələrdən daha birinin öhdəsindən gəlməyə müyəssər olmuş, Qacarlarla bərabərhüquqlu münasibətlər təmin edilmişdi. İran heyətinin rəhbəri Seyid Ziyaəddin bütün müqavilə və protokolları heyət üzvlərindən biri vasitəsilə baş nazir Vüsuq əd-Dövlənin təsdiqinə göndərdi. Özü isə heyəti Bakıda qoyaraq bir sıra texniki məsələləri həll etmək üçün Ənzəliyə yollandı. O, 19 aprel tarixində Ənzəlidən Tehrana gəldi və dərhal baş nazirlə görüşüb, müzakirələr apardı. Lakin 1920-ci ilin 28 aprel tarixində XI qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran Gürcüstan və Ermənistanla da müzakirələr aparıb, bənzər müqavilələr bağlamaq niyyətində olsa da, Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu.

Azərbaycan tarixçiləri mənimlə razılaşarlar ki, barəsində söz açdığımız bu siyasi proseslər tarixşünaslığımızda ümumi şəkildə işıqlandırılmaqdadır və 1918-1920-ci illərdə İran-Azərbaycan münasibətlərini geniş şəkildə, arxiv sənədlərinin işığında oxuculara təqdim edən sanballı tədqiqat işləri isə hələ də gözə dəymir. Bunun başlıca səbəbi isə mövzuya dair söz deməyə imkan verəcək sənədlərin Azərbaycanda elmi dövriyyədən kənarda qalmasıdır. Həmin sənədlər olmadan isə tarixçinin söyləyəcəyi hər hansı fikir söz yığınından və şəxsi mülahizələrdən daha uzağa gedə bilməz.

Heç kəsə sirr deyil ki, müasir dövrdə Azərbaycanın siyasi tarixini, ədəbiyyatını və mədəniyyətini tədqiq edən yerli tədqiqatçılar arasında ilkin mənbələrlə işləmək üçün zəruri olan ərəb və fars dillərini bilənlərin sayı barmaqla sayılacaq qədər azlıq təşkil edir. Belə bir vəziyyətdə isə tədqiqatçılarımızın işini asanlaşdırmaq, onların ilkin mənbələrlə birbaşa təmasını təşkil etmək vəzifəsi mənbəşünaslarımızın öhdəsində qalır. Onların ən kiçik tapıntısı belə tariximizin və mədəniyyətimizin qaranlıq səhifələrinin işıqlandırılması üçün həyati əhəmiyyətə malikdir. Bu mənada qarşımızdakı bu nəşr Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı üçün irəliyə atılmış uğurlu addım hesab oluna bilər. Söhbət yuxarıda haqqında bəhs etdiyimiz İran nümayəndə heyətinin 1919-1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədlərinin toplusundan gedir. Qafqaz fövqəladə komissiyasının sənədləri adlanan topluda İran Xarici İşlər Nazirliyinin arxivində saxlanılan o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır.

Topluya Ziyaəddin Təbatəbainin rəhbərliyi altında İran nümayəndə heyətinin Bakıya göndərilməsi ərəfəsindəki diplomatik yazışmalar, həmçinin bu heyətin fəaliyyəti dövrünə aid sənədlər daxildir.

H əmin sənədlər ilk dəfə 2001-ci ildə Tehranda Rza Azəri Şəhrzainin redaktorluğu ilə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunaraq elmi ictimaiyyətin geniş müzakirəsinə təqdim edilmişdir. Nəşrə İranın o vaxtkı xarici işlər naziri Kamal Xərrazinin ön söz yazması isə heç şübhəsiz, onun mühüm elmi-tarixi mənbə kimi əhəmiyyətini vurğulamağa xidmət etmişdir. Topluya ümumilikdə 98 sənəd daxildir. Sənədlərin əhəmiyyətini anlamaq üçün onların əhatə etdiyi mühüm məsələlərdən bir neçə nümunə təqdim etmək məqsəduyğun olardı.

Azərbaycan dövlətinin tanınması və bu prosesin ətrafında yaranmış siyasi vəziyyət İran diplomatlarının yazışmalarında diqqəti cəlb edən başlıca məsələlərdən biridir. Diplomatik sənədlərin ümumi təhlilindən görünən odur ki, Tiflisdə və Bakıda fəaliyyət göstərən diplomatlar Qafqazda mövcud olan siyasi vəziyyəti Tehranda əyləşən və keçmişin xülyası ilə yaşayan xəyalpərvər məmurların çoxundan daha aydın şəkildə dərk edir, reallıqdan çıxış etməyi vacib sayırdılar. Onlar öz məktub və hesabatlarında Qafqaz ölkələri, xüsusilə də, Azərbaycanla İran arasında sağlam münasibətlərin yaradılması üçün ilk növbədə dövlətlərarası əlaqələrin formalaşdırılmasının əhəmiyyətini vurğulayır, əks halda Tehranın bu gedişlə Qafqazdan tamamilə təcrid olunacağına dair narahatlıq ifadə edirdilər. Tiflisdəki İran konsulunun Xarici İşlər Nazirliyinə ünvanladığı 20 sentyabr 1919-cu il tarixli 1697 sənəddə Azərbaycan-İran münasibətlərinin cari vəziyyətinə və gələcək perspektivlərinə dair əksini tapmış ətraflı təhlildə sözügedən narahatlıq açıq-aşkar hiss olunmaqdadır. Azərbaycanla rəsmi münasibətlərin mövcud olmaması səbəbindən İran diplomatlarının və təbəələrinin Bakıda adi teleqram və poçt xidmətlərindən belə faydalana bilmədiklərindən şikayətlənən konsul yazırdı:

Açıq-aşkar deyirlər ki, İran dövləti ilə bizim aramızda teleqraf və yazılı müqavilə olmayana qədər Badkubədən heç bir teleqram və kağızın keçməsinə imkan verməyəcəyik. Bununla belə hörmətli nazirliyimizin hansı qərarı verəcəyi və nə vaxta qədər bəzi faydasız mülahizələr ucbatından bu yerlərdə dövlətin və İran vətəndaşarının hüququnun tapdalanacağına imkan verəcəyi məlum deyil. Mənim fikrimcə ya gərək nizəucu ilə hüquqlarımızı qorumalı və ya da praktik tədbirlər görülməlidir. Birinci variant təəssüf ki, dövlətimiz üçün mümkün deyildir. Bu halda ali dövlət rəhbərlərinin Qafqazın yeni təsis edilən hökumətləri ilə rəsmi formada müzakirələrə daxil olmaqdan başqa çarəsi qalmır. Rəiyyətin hüququ və dövlətin mənafeyinin qorunması istiqamətində müvəffəqiyyət əldə etmək və bir sıra işlər görmək üçün bəzi zəruri müqavilələr və öhdəliklərin bağlanmasına icazə verməyiniz lazımdır. Əks halda bu gedişlə mən də daxil heç kəs bir iş görə bilməyəcəkdir. Qarşı tərəf bu müddət ərzində ərz etdiklərimə heç bir halda diqqət yetirməyib, əzəmətli nazirliyin rəhbərləri adi rəsmi yazışmalarla kifayətlənmiş və əlavə olaraq qeyd edim ki, belə mühüm mövqedən istifadə edilməmişdir. Qafqazda İran dövlətinin əvvəllər sahib olduğu adi hüquqlar belə get-gedə səhlənkarlıq və diqqətsizlik üzündən itirilməkdədir. Dünyanın bütün böyük və kiçik dövlətləri davamlı olaraq Qafqaza siyasi və hərbi komissiyalar göndərir və öz nüfuz dairəsini genişləndirmək və hüquqlarını qorumaq üçün əlavə məbləğlər xərcləyirlər. Amma təəssüf ki, ali dövlət rəhbərləri, sadəcə biz yeni hökumətləri rəsmi olaraq tanıya bilmərik məntiqi ilə sakit əyləşib və Qafqazda olan həmin bir neçə nəfər vasitəsilə bütün mühüm niyyət və məqsədlərinə nail olacaqlarını təsəvvür edirlər. Dövlətin vəzifəsini icra etməli olduğum üçün açıq-aşkar deməyə məcburam ki, bu gedişlə Qafqazda İran dövlətinin nüfuz və mövqeyi sarsılacaqdır. Mən də daxil olmaqla bu məmurların heç birinin zərrə qədər də faydası yoxdur və hətta rüsvayçılığa səbəb olurlar1. (1 Bax: Sənəd 2. Tiflisdəki İran konsulluğundan Xarici İşlər Nazirliyinə. Tarix: 20 sentyabr 1919-cu il, 1697).

Qapalı xarakter daşıyan sənəddə konsul özündən əvvəl bu məsələlərlə məşğul olan iranlı həmkarlarının fəaliyyətsizliyini, mərkəzə yanlış və mənasız məlumatlar ötürməsini tənqid etməyi də unutmur. Onun fikrincə iranlı diplomatların indiyədək yeganə məşğuliyyəti pasport satmaq olmuş və onlar əsla siyasi münasibətlərin qaydaya salınması istiqamətində heç bir səmərəli addım atmamışlar. Diplomat belə bir vəziyyətin tez bir zamanda aradan qaldırılmalı olduğunu vurğulayaraq, Tehran hakimiyyətini konkret addımlar atmağa çağırır:

Əgər mənim sələflərim özlərini göstərmək üçün bir sıra şeylər ərz ediblərsə də, hamısı əsassızdır və niyyətləri də vaxt öldürmək, daha yüksək dərəcə və məqam əldə etməkdən ibarət olmuşdur. Allah şahiddir ki, bir pul (dinar) qədər dövlət və məmləkət üçün iş görməyib və görə bilməyiblər. Bu durumda mən və mənim kimilər də bir iş görə bilmirik. Mən vicdanım qarşısında müqəssir olmayım deyə reallığı ərz etdim.

İran məmurları bu gün Qafqazda pasport satmaqdan başqa bir iş görmürlər. O da, belə getsə yaxın vaxtda olmayacaqdır. Qafqazın yeni hökumətləri heç bir halda özlərini İrana möhtac hesab etmirlər. Buna görə də heç vaxt İran məmurları və ali dövlətin rəhbərlərinin razılığını cəlb etmək və əlaqələri möhkəmləndirmək niyyətində deyillər. Əlbəttə onlara hər cəhətdən möhtac olduqlarını təsdiq edirlər. Hər nə yol ilə olursa-olsun öz mənafe və hüquqlarımızı qorumalı və məqsədlərimizi reallaşdıra bilməliyik1. (1 Həmin yerdə).

Konsul sözügedən məktubunda Tehranın Azərbaycanın müstəqilliyinin tanınması məsələsində tutduğu anlaşılmaz gözləmə mövqeyini zərərli qiymətləndirir, sonradan atılacaq gecikmiş təşəbbüslərin fayda verəcəyinə inamsız yanaşdığını gizlətmir. Onun fikrincə İran Azərbaycanın və digər Qafqaz ölkələrinin dünya ictimaiyyəti tərəfindən tanınmasını gözləmədən təşəbbüsü ələ almalı, bu dövlətlərlə ikitərəfli formatda əlaqələri tənzimləməyə çalışmalıdır:

Əgər bu hökumətlərin bir gün de-yure tanınacağını və sonra müzakirələrə başlayaraq bir sıra addımlar atacağımızı gözləsək düşünürəm ki, böyük səhv etmiş olarıq. Çünki dünyanın mövcud bu durumunda belə tezliklə həmin hökumətlərin müqəddəratının təyin olacağı məlum deyildir. Bunlar tələsmədən tam müstəqil formada işləri ilə məşğul olur və qanun qəbul edirlər. Elə addımlar atırlar ki, qədim dövlətlər də bəlkə bundan çəkinərlər. Böyük dövlətlər hərbi qüvvələri vasitəsilə öz hüquqlarını qorumaq və niyyətlərini reallaşdırmağa qadir olmasına baxmayaraq, siyasi komissiyalar göndərir və rəsmi müzakirələri tam loyallıqla apararaq öz mənafeyinin qorunması və nüfuzunun artması istiqamətində bir sıra müqavilələr bağlayırlar. Əvvəl qeyd etdiyimi yenə də təkrar edirəm ki, bundan artıq qəflətdə qalmağa icazə yoxdur və heç bir mülahizə irəli sürmədən bu yeni hökumətlərlə bütün iqtisadi məsələlər üzrə lazım olan müqavilələri bağlayın. Əgər həmin hökumətlər qalarsa dövlətin hüquqları qorunacaq və gələcəkdə problemlər yaşanmayacaqdır. Əgər aradan gedərsə İran dövləti bir şey itirmir və zərər əldə etmir. Bundan savayı, heç bir formada dövlətin hüququ və rəiyyətin mənafeyi qoruna bilməz1. (1 Həmin yerdə).

T iflis konsulunun İran rəhbərliyi üçün təsvir etdiyi acınacaqlı mənzərə öz təsdiqini o dövrün digər rəsmi sənədlərində də tapır. Belə sənədlərdən biri də Bakıda yaşayan iranlı iş adamlarının İran dövlətinin başçısı, Qacar hökmdarı Əhməd şaha ünvanladıqları kollektiv müraciət məktubudur. 1919-cu ilin oktyabr ayında qələmə alınan məktubun yalvarış və şikayət dolu məzmunu iranlıların Tehrandakı bəzi məmurların mənasız iddiaları ucbatından düşdükləri çıxılmaz vəziyyəti bütün emosionallığı ilə ortaya qoyur:

Pak Əlahəzrətin mübarək ayaq tozuna qurban olaq.

Ruhlarımızın fəda olduğu əlahəzrətin ali dövlətinin nökərləri olan əsnaf və tacirlərin acizanə ərz halı (məktubu)

Badkubənin yerli hökuməti inqilab baş verəndən indiyə qədər müxtəlif adlar altında bu nökərlərin mövcud və idxal edilən mallarını zəbt və qarət edərək Qafqazın digər yerləri və Rusiyaya daşınmasına mane olmuşdur. Son ana qədər bu dözülməz ziyanlar qarşısında sinə gərdik. Biz iranlıların milliyyətinə minlərlə təhqir yağdırdılar. İran və digər mərkəzlərə gedib-gələrkən bizə bütün əzab-əziyyətləri rəva görüb izahı münasib olmayan nalayiq hərəkətlər etdilər.

Yerli hökumət və rəsmi dairələrə müraciət etdik. Biz acizlərin ah-nalə və məzlumanə fəryadına hay verən olmadı. Nökərlərinizin əlahəzrətin ayaqtozundan acizanə xahişi, oğurlanmış və qəsb edilmiş mallar müqabilində dəyən ziyanın ödənməsi, milliyyətin heysiyyətinin [qorunması] və qəyyumsuz qalan 80 min iranlı vətəndaşın asayişi yönündədir. Çünki hər dəqiqə təzyiq altındayıq, xəsarət artır və müxtəlif növ zərərlərlə qarşı-qarşıya qalırıq. Ali dövlətin nümayəndələrinin diqqətsizliyi üzündən [bizdən] əskər istəyir, alır və aparırlar. Biz biçarələr ruhumuzun fəda olduğu tac sahibi olan atamız əlahəzrətdən dəyən xəsarətin ödənməsi, asayiş və rifahın əldə edilməsi haqqında fərmandan başqa bir şey istəmirik.1. (1 Sənəd 10. Badkubədə yaşayan iranlı tacirlər heyətindən Əhməd şah Qacara. Tarix: Oktyabr 1919-cu il).

L akin təəccüb doğuran odur ki, İranın o zamankı hökuməti vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə əməli addımlar atmağa qərar verərkən belə, riyakarlıq edir, ikibaşlı oyun oynamaqla vəziyyəti bir qədər mürəkkəbləşdirirdi. Deyilənlərin ən bariz sübutunu yenə də İran arxivlərində qorunan sənədlərdə tapırıq. Məsələ burasındadır ki, bir tərəfdən Tehran rəsmiləri ADR rəhbərliyinə ünvanladığı məktublarda Azərbaycan-İran qardaşlığından dəm vurur, tezliklə dövlətlərarası rəsmi münasibətlərin yaradılacağını vəd edir, məsələ ilə bağlı səbirsizliklə Paris Konfransının nəticələrini gözlədiklərini bildirirdilər. İranın baş naziri Vüsüq üd-Dövlədən, Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəyliyə göndərilən 18 noyabr 1919-cu il 5305 məktubda İran-ADR münasibətlərinin cari vəziyyətindən məhz bu kontekstdə söz açılır:

İran, hazırda qardaş Azərbaycan xalqının yaratdığı qonşu ölkəni görməkdən xoşhaldır. Bu vaxta qədər Azərbaycanın İran (dövləti tərəfindən rəsmi bildiriş əsasında) rəsmən tanınmamasının yeganə dəlili, hazırda böyük konfransa görə hər gün baş verən gözlənilməz dəyişikliklərin reallaşdırdığı siyasi mülahizə və diplomatik məsələlərdir. De-fakto dövlət kimi tanınan Azərbaycan dövlətinin de-yure dövlət kimi də tanınacağı günün intizarındayıq. Şahənşah dövləti elə indidən qonşu və qardaş Azərbaycan Respublikası ilə səmimi əlaqələr quracağına ümidvardır. Çünki bu əlaqələrin yaranmaması hər iki dövlətin mənafeyinə ziddir. Buna görə də İranın şahənşah dövləti Qafqaza komissiya göndərmək qərarına gəlibdir. Tərkibi, həyata keçirməli olan araşdırmalara, ikili razılaşma əsasında atılacaq addımlar və standartlara dərindən bələd olmalıdır. Komissiyanın sədri vəzifəsi şahənşah dövlətinin tam etimadına malik və həm də İranın ictimai fikrinin təmsilçisi olan əlahiddə nümayəndəmiz cənab Seyid Ziyaəddin Təbatəbaiyə həvalə edilibdir.

Cənabınız və möhtərəm dövlətinizin onu qəbul edəcəyindən əminəm. Yalnız bu qəbul onun vəzifəsini uğurlu həyata keçirməsinin və əziz ölkənizin maarifi istiqamətində səmimi qonşuluq əlaqələrində yaranmalı olan qarşılıqlı anlaşma əminliyinin qarantı ola bilər1 Cənab sədr! Sizə öz əlahiddə ehtiramımı bildirməklə fəxr edirəm! Nazirlər Kabinetinin sədri!2. (1 Sənədin orijinalı fransız dilindədir. 2 Sənəd 14. Baş nazir Vüsüq üd-Dövlədən Azərbaycanın baş nazirinə. 5305. 18 noyabr 1919-cu il).

Paralel olaraq İran hökuməti yeni yaranmış Sovet Rusiyası ilə danışıqlar aparır, onlara Qafqazda yeni yaranmış respublikaların heç birinin Tehran tərəfindən tanınmayacağına dair vədlər verir, vaxt qazanmağa çalışırdı. İran Xarici İşlər Nazirliyinin Rusiya şöbəsinin 19 dekabr 1919-cu il tarixli raportunda sovet səfiri ilə keçirilən görüşün məhz bu məzmunda olduğu qeyd edilir və Tehranın Qafqaz ölkələrinə münasibətdə tutacağı mövqeyin xarakteri açıqlanırdı:

Rus səfirliyinin noyabr ayının 27-də etdiyi bildirişlərə dair mübarək əmrinizin tələbi ilə misyo Balayev ilə görüşüb məsələlər izah edildi. Aydın oldu ki, qeyd edilən komissiyanın göndərilməsi İran və Rusiya dövlətlərinin dostluğuna zidd deyildir. Yalnız ticarət məsələlərini yoluna qoymaq, İran vətəndaşları və tacirlərinin mənafeyini qorumaq məqsədi daşıyır. İran dövləti Qafqazda yeni təsis edilən dövlətləri de-yuri olaraq tanımır. Cənab müvəqqəti işlər vəkili də təşəkkür edib bildirdi ki, ümidvaram ali dövlət rəhbərləri yeni təsis edilmiş dövlətlərin nümayəndələrini Tehrana daxil olarkən rəsmi şəkildə qəbul etməyəcək və onlarla ticari partnyor kimi davranacaqdır1. (1 Sənəd 30. Raport. 19 dekabr 1919-cu il. Xarici İşlər Nazirliyi, Rusiya şöbəsi).

Bildiyimiz kimi, 1920-ci ilin əvvəllərində Paris Sülh Konfransının qərarları nəticəsində dünya siyasətində meydana çıxan yeni reallıqlar İranın Azərbaycana münasibətdəki yanaşmasını dəyişməyə vadar etdi. İran uzun manevr və tərəddüdlərdən sonra Azərbaycan Xalq Cümhuriyyətini müstəqil dövlət kimi tanıdı, onunla diplomatik əlaqələrin yaradılması istiqamətində müvafiq addımlar da atdı.

Bununla belə İran Azərbaycana münasibətində yenə də axıra qədər səmimi deyildi və iranlı diplomatların Azərbaycanın mənafelərinə zidd siyasi oyunları bunun ən bariz sübutu sayılmalıdır. 25 mart 1920-ci il tarixində, yəni İranın Azərbaycanı müstəqil dövlət kimi tanımasından az sonra Tehrandan gəlmiş nümayəndə heyətinin rəhbəri Ziyaəddin Təbatəbainin öz ölkəsinin baş nazirinə göndərdiyi məktubda həmin manevrlərə dair etirafları hər şeyi açıq bir şəkildə ortaya qoyur. Sənəddə iranlı diplomat Azərbaycan hökumətinin ADR-ə qarşı ərazi iddiaları ilə çıxış edən və ona qarşı hərbi təcavüzə belə əl atmaqdan çəkinməyən Ermənistanla mübarizə aparmaq üçün İrandan silahların alınmasına dair xahişindən məharətlə yayınmasından ağızdolusu söhbət açır, Bakıya belə bir köməyin göstəriləcəyi təqdirdə Ermənistan-İran münasibətlərinin pozulacağından narahatlığını dilə gətirir:

Nəhayət geniş müzakirə və addımlardan və Azərbaycan dövlətini ali dövlətin maddi və mənəvi yardımları ilə şirnikləşdirdikdən sonra 2 ay öncə türk dilində biri gizlin və digəri aşkar olan iki müqavilənin surətini mənə verdilər. Onları tərcüməsi ilə birlikdə hüzurunuza təqdim edirəm.

Dostluq müqaviləsində gördüyünüz kimi, Rusiya və İran sərhəd xətlərini müharibədən (I dünya müharibəsindən - tərcüməçi) öncə olduğu kimi təyin ediblər. Gizlin müqavilədə Azərbaycan ilə Ermənistan arasında döyüş olan zaman ali dövlətin Azərbaycan üçün silah-sursat tədarük görməsini xahiş ediblər. Bu iki layihəni alandan sonra bir müddət gözlədim və nəhayət dostluq müqaviləsinə cavab verərək bildirdim ki, prinsip etibarilə razıyıq, amma bir məsələni digər müqavilələrlə iş bitəndən sonra müzakirə edərik. Çünki əvvəlcədən görürdüm ki, əgər sərhəd məsələsini digər məsələlərdən ayrı formada müzakirə etsəm, problemlərimiz artacaqdır. Gizlin müqaviləyə cavab olaraq bildirdim ki, Azərbaycan dövlətinin İrana etdiyi təklif, bitərəf qalmaq [siyasətinə] ziddir və Ermənistanla qəti düşmənçilik deməkdir. İran Azərbaycanla dost olmaq niyyət və arzusunda olarkən özünün beynəlxalq və bitərəf mövqeyinə zərbə vuracaq təklifə də razı olmaz1. (1 Sənəd 68. Seyid Ziyaəddin Təbatəbaidən Nazirlər Kabinetinə. 315. 25 mart 1920-ci il).

S özügedən məktubda o, Ermənistan və Azərbaycan arasında mövcud olan Naxçıvan problemində də konkret mövqe tutmaqdan yayındıqlarını yazır, bitərəfliyin bu mübahisədə ən optimal mövqe olduğu fikrini müdafiə edir. Sənəddə maraq doğuran məqamlardan biri də İranın sərhəd xətləri ilə məsələni açıq qoyması ilə bağlıdır. Ziyaəddin Təbatəbai bildirir ki, İranın Azərbaycanın sərhəd xətləri ilə bağlı təklif etdiyi yanaşma Tehran üçün qətiyyən qəbuledilməzdir, ona görə də dostluq müqaviləsini imzalayarkən sərhəd məsələsinin üzərindən sükutla keçmək, onu gələcəyin öhdəsinə buraxmaq gərəkdir. İran tərəfinin bu manevrini də, təhlil edərkən görürük ki, onun arxasında yenə də Azərbaycanı müstəqil dövlət kimi tanımamaq niyyətindən qaynaqlanan qeyri-səmimi yanaşma dayanmaqdadır:

Dostluq müqaviləsində sərhəd məsələsini ortaya atıb, qəti surətdə bildirdim ki, 1914-cü ildə olan sərhədləri İran və Azərbaycan sərhədləri kimi tanısaq, birincisi beynəlxatq mənafelərə zidd, müxtəlif dövlətlər və Ermənistanın isə düşmənçiliyinə səbəb olacaqdır. İran çalışacaq ki, Qafqazın yeni təsis edilmiş dövlətləri arasındakı sərhəd problemləri Azərbaycanın maraqları çərçivəsində öz həllini tapsın. Amma rəsmi müqavilədə bunu qeyd edə bilmərik. Uzağı belə yaza bilərik: Qafqazın yeni təsis edilmiş dövlətlərinin sərhədlərinə dair sülh konfransının qəti qərarı olmayana qədər sərhədlərin indiki status-kvosu dəyişilməz olaraq qalacaqdır. Bu müzakirələrdə mənim əsas diqqətim Azərbaycan ilə Ermənistan arasında münaqişə ocağı olan Naxçıvan məsələsinə yönəlmişdi. Ona görə də özümü digər məsələlərlə məşğul etmədim. Nəhayət anlada bildim ki, sizin aranızda razılıq əldə edilməzdən öncə Naxçıvanın Azərbaycan ərazisi kimi tanınması İran dövtətinin Ermənistana qarşı tutduğu düşmənçilik mövqeyidir. Şübhəsiz ki, Azərbaycanın səlahiyyətli nümayəndələri razılaşmırdılar. Sonra təklif etdim ki, müqavilədə sərhəd məsələsinin öz əksini tapmaması daha yaxşıdır. Sevindirici haldır ki, cənab alinin bəxtindən uzun-uzadı müzakirələrdən sonra uğur əldə etdik və dostluq müqaviləsində bu barədə hər hansı bir qeyd öz əksini tapmadı1. (1 Həmin yerdə).

İ ranın ADR-in ayrı-ayrı ərazilərinə iddia etməsinin, Azərbaycanın mövcud sərhədlərini tanımaqdan boyun qaçırmasının heç bir başqa məntiqli izahını tapmaq çətindir. Axı 1826-1828-ci il Rusiya-İran müharibəsinin nəticələrinə əsasən həmin əraziləri Rusiyanın mülkü kimi tanıyan Tehranın müsəlman Azərbaycanının sərhədlərini şübhə altına alması heç bir müsəlman qardaşlığına, qonşuluğa uyğun gəlməyən bir davranış tərzi idi və o, ADR-in məhvi, Azərbaycan ərazilərinin qəsbində maraqlı olan Ermənistanın təcavüzkar mövqeyindən mahiyyətcə ciddi heç nə ilə fərqlənmirdi. İran diplomatları nə zamansa Azərbaycanın mütləq İrana birləşdiriləcəyinə ümid ifadə edir, Türkmənçay sazişi nəticəsində meydana gəlmiş tarixi ədalətsizliyin bir gün aradan qaldırılacağına inandıqlarını gizlətmirdilər:

İkincisi, İranın həyati maraqları Azərbaycanın müstəqilliyinin tanınmasını tələb edirdi. Ali dövlət rəhbərlərinin diqqətsizliyi üzündən digərləri meydanı doldurubsa və İran üçün əlverişli olmayan durum yaranıbsa da, bu müvəqqəti məsələdir.

Qafqaz Azərbaycanını İrana qoparıla bilməyən bağlar bağlayır, dövlət məmurlarının səmimiyyət və ciddiyyəti buna (ölkələrimiz arasında uçurumun yaranmasına - tərcüməçi) imkan verməz. Vəziyyət tamamilə dəyişəndə əhali üzünü İrana tutacaqdır. Necə ki, bir neçə aylıq əziyyətdən sonra fikirlər tamamilə dəyişib, sanki dörd ildir bununla məşğuluq. Üçüncüsü Türkmənçay müqaviləsinin də daxil olduğu İran ilə Rusiya arasındakı müqavilələrin ləğvi barəsində Leninin söylədiklərinə əsasən Rusiyanın İrandan zorla aldığı torpaq da İrana aid olur. Fikrimcə İran dövlətinin Azərbaycanın müstəqilliyini tanımasına haqqı çatır. Çünki bu tanımaq əslində İranın Azərbaycan əhalisinə özündən verdiyi bir hüquqdur. Bütün bunlarla yanaşı Azərbaycan rəhbərlərinin bütün meyil və təkidlərinə baxmayaraq dostluq müqaviləsinin birinci maddəsində de-yure ifadəsi işlənmədi. Buna baxmayaraq tanımaq ifadəsini qeyri-müəyyən olsa da, praktik və hüquqi baxımdan hər iki tanımağa şamil etmək olur1. (1 Həmin yerdə).

Əminliklə deyə bilərik ki, iranlı diplomatın bu sənəddə qeyd etdiyi Azərbaycanla Bakıya heç bir imtiyaz və güzəşt etmədən saziş imzalamaq prinsipi əslində, Tehranın Azərbaycana münasibətdə nə qədər qeyri-səmimi mövqedən çıxış etməsinin iranlıların öz dili ilə edilmiş tarixi təsdiqindən savayı bir şey deyil. Təsadüfi deyil ki, İran nümayəndə heyətinin başçısı danışıqlar zamanı rəhbər tutduqları həmin prinsipi böyük diplomatik məharət kimi səciyyələndirir və danışıqların nəticələrini Tehran üçün uğurlu adlandırır:

Ezam edilmiş komissiyanın ən böyük uğuru dostluq müqaviləsinin bağlanmasıdır. Qeyd etdiyim kimi Azərbaycan qarşısında heç bir öhdəlik götürmədən və heç bir imtiyaz vermədən2. (2 Həmin yerdə).

Qafqaz fövqəladə komissiyası nın sənədlərində ADR tarixinin obyektiv şəkildə öyrənilməsi nöqteyi-nəzərindən əksini tapmış mühüm məsələlərdən biri də Azərbaycanın 1919-1920-ci illərdəki daxili siyasi vəziyyətinə, dövlət quruluşuna, həmçinin ADR rəhbərlərinə dair məlumatlarla bağlıdır. İran nümayəndə heyətinin məktub və hesabatlarının ətraflı təhlili onların Azərbaycandakı siyasi proseslərin öyrənilməsinə nə qədər diqqətlə yanaşdıqlarını göstərməkdədir. Hətta deyə bilərik ki, nəzərdən keçirdiyimiz yazışmalardakı məlumatlar diplomatik yox, kəşfiyyat xarakterlidir. Müasir dövrdə isə onların Azərbaycan tarixçiləri üçün o dövrdəki hadisələrin qaranlıq tərəflərini işıqlandırmaq üçün müəyyən maraq kəsb edəcəyi şübhəsizdir. Müvafiq xarakterli sənədlər arasında maraq doğuranlardan biri İran nümayəndə heyətinin rəhbəri Seyid Ziyaəddin Təbatəbainin bu ölkənin baş nazirinə yazdığı 4 dekabr 1919-cu il tarixli 3 raportdur. Sənəd İran nümayəndə heyətinin Bakıda ADR-in dövlət və hökumət nümayəndələri, həmçinin xarici ölkə səfirləri ilə keçirdikləri görüşlər haqqında müfəssəl məlumatları ehtiva etməkdədir. İranlı diplomat keçirdiyi görüşlər haqqında danışarkən 4 dekabr tarixində İslam Peyğəmbəri Hz.Məhəmməd (s.ə.s.)-in mövludu münasibətilə baş tutmuş qəbulun üzərində xüsusilə dayanır və ADR-in baş ideoloqu və aparıcı siyasi simalarından olan Məhəmməd Əmin Rəsulzadənin nitqini təhlil edərək, onun sözlərini İranın ünvanına atmaca kimi qiymətləndirir:

Ayın 12 (4 dekabr) şənbə günü sonuncu Həzrəti Peyğəmbər (s.ə.s)-in səadət dolu viladət bayramı münasibətilə xeyriyyə cəmiyyəti tərəfindən klub adlanan yerdə əzəmətli bayram tədbiri keçirildi. Təbrik mərasimində bütün nazirlər, parlamentin millət vəkilləri, partiyaların təmsilçiləri, çoxlu sayda yerli sakin, Gürcüstan, Ermənistan və Dağıstan respublikalarının nümayəndələri, mədrəsə şagirdləri və İranın möhtərəm tacirləri iştirak edirdi ki, mən və digər bir neçə nəfər komissiya üzvü də orada iştirak etdik.

...Məhəmməd Əmin Rəsulzadə də nitq söylədi. Həzrət Peyğəmbər (s.ə.s)-in fəzilətləri sırasında bu məsələni də xatırladı ki, Həzrət Peyğəmbər (s.ə.s)-in təvəllüdünün xoş nəticələrindən biri də Kəsra sarayının tağı idi. Belə ki, Kəsra sarayının tağının yerə düşməsi ilə zəif millətlər zülmkar bir dövlətin əsarətindən xilas oldular. İndi də şimal imperiyası dağılıb və digər bir Kəsra sarayının tağı da üzü üstə yerə gəlmişdir. Onların əsarəti altında olan millətlər üçün yeni bir xoşbəxtlik dövrü başlayıbdır. Nitqi əsnasında müxtəsər formada iranlı nümayəndələr haqqında da danışdı.

Rəsulzadənin nitqi bizim məzhəbi adət-ənənəmizə uyğun olsa da, amma fikrimcə burada İranın tarixi keçmişi və milliyyəti haqqında kinayəli formada nə isə çatdırmaq istədi. Xüsusilə də Kəsra tağının tarixi hissəsinin arxasıyca türk milləti və türkün birliyindən söhbət açdı. Onun bu nitqi məni qəmgin etdi. Lakin xoşbəxtlikdən orada iştirak edənlərin bəlkə də heç 10 nəfəri onun bu sancmasını başa düşmədilər. Bu nitqə cavab verməyim üçün şərait, münasib deyildi1. (1 Sənəd 19. Seyid Ziyaəddin Təbatəbaidən Nazirlər Kabinetinə. 3, 4 dekabr 1919-cu il).

İran diplomatiyasının o dövrdəki davranışını və Azərbaycana münasibətdə tutduğu qeyri-səmimi mövqeyi nəzərə alsaq, siyasi proseslərin mahiyyətini olduğu kimi anlamağa çalışsaq görərik ki, M.Ə.Rəsulzadənin nitqindəki bənzətmə, yəni Sasaniləri Çar Rusiyası ilə müqayisə etməsi əslində atmacadan daha çox Tehran hökumətinin xalqımıza münasibətdəki riyakar siyasətinə emosional bir etiraz idi. Bütün azərbaycanlılar kimi, ADR üçün taleyüklü anlarda İrandan müsəlman həmrəyliyi, qardaşlıq münasibəti gözləyən M.Ə.Rəsulzadənin nitqindəki giley və tənqidin həqiqətən də ciddi səbəbləri var idi.

ADR-in dövlət quruluşuna, xüsusilə də parlamentin fəaliyyətinə, qanunverici orqanda təmsil olunan siyasi qüvvələrin nisbətinə və səciyyəsinə dair məlumat bolluğu ilə seçilən sənədlərin ən mühümü Seyid Ziyaəddin Təbatəbainin İran Nazirlər Kabinetinə göndərdiyi 23 dekabr 1919-cu il tarixli 37 hesabatdır. Parlament haqqındakı məlumatını iranlı diplomat onun yaradılması tarixçəsindən başlayır. O, parlamentin 1918-ci ilin sonunda tez-tələsik formalaşdırılmasını ingilis qoşunlarının Bakıya daxil olması ilə əlaqələndirir və Azərbaycan hökumətinin bu qərarını müdrik siyasi gediş kimi qiymətləndirir. Belə ki, ingilislər Bakıya daxil olduqları zaman hökuməti və parlamenti olan dövlətlə qarşılaşacaqlarına görə, ona münasibətdə daha ehtiyatlı və dözümlü mövqe tutmağa məcbur olacaqdılar. Çünki qanunilik nöqteyi-nəzərindən parlament Azərbaycan xalqının siyasi iradəsini əks etdirirdi və ingilis komandanlığının onun qərarları ilə hesablaşmamaq imkanı olmayacaqdı:

İndiki Məclisi-Məbusanın yaranması və açılışından 1 (bir) il, bir neçə gün vaxt ötür. Azərbaycanın komitə və partiyaları, milli və şəhər dərnəklərindən seçiliblər. Təfsilatı belədir: Osmanlılar Badkubəni tərk etdikdə və ingilislər daxil olduqda Badkubə hökumətinə milli görkəm vermək üçün Nuru paşa bir parlamentin təsis edilməsini zəruri hesab etdi və Azərbaycan rəhbərlərinə bu məsələni xatırlatdı. Xan Xoyskinin rəhbərliyi ilə təşkil edilən hökumət ümumi seçkilər üçün şəraitin olmaması və digər tərəfdən bir həftə ərzində (çünki bir həftə sonra ingilis qoşunu daxil olacaqdı və onlar gələnə qədər parlament yaradılmalı idi) parlamentin təşkil edilmə zəruriiliyi reallığında parlamentin partiyalar, komitələr, milli və digər dərnəklərdən təşkil edilməsi variantını gündəmə gətirdi. Bu qərardan sonra onlara müraciət edildi və onlar da nümayəndələrini göndərməklə parlament formalaşdı. Nuru Paşanın bu tövsiyəsi və Azərbayan hökumətinin ağıllı qərarı səmərəli oldu və 1 həftə ərzində parlament təşkil edildi. Məclisi-Məbusan vəkillərinin təmsil etdiyi düşüncə istiqamətləri və 1 il ərzində fraksiyalarda baş verən dəyişikliklərin təfsilatı çox uzundur. Diqqət yetirilməsi məsələ Məcilsi-Məbusanın indiki durumudur.1 (1 Sənəd 33. Seyid Ziyaəddin Təbatəbaidən Nazirlər Kabinetinə. 37, 23 dekabr 1919-cu il).

Daha sonra İran diplomatı Azərbaycan parlamentində təmsil olunmuş siyasi qüvvələr haqqında topladığı məlumatları təqdim edir, deputatların sayı, onların milliyyəti kimi maraqlı məqamlara toxunur. Verilən məlumatlardan o da məlum olur ki, Azərbaycan hökuməti ölkədə yaşayan bütün milli və dini azlıqlara dövlət idarəçiliyində təmsil olunmaq imkanı yaratsa da, rusların, ermənilərin və yəhudilərin bir qismi nəinki bu imkandan faydalanmaq istəməyiblər, hətta Azərbaycan vətəndaşlığını qəbul etməkdən belə boyun qaçırıblar:

Məclisi-Məbusan vəkilləri 11 ad və firqəyə ayrılırlar. Müsavat firqəsi, bəziləri Müsavata qoşulan və bir neçə nəfəri isə hələ də bitərəf kimi qalan bitərəflər, İttihad firqəsi, Əhrar firqəsi, sosialistlər, heç bir firqəyə mənsub olmayanlar, sol bitərəf rus slavyan, azlıq, milli erməni, erməni daşnaksütun.

Vəkillərin adları və hansı vəkilin hansı partiyaya mənsub olmasını ayrıca olaraq yazıb mübarək hüzurunuza göndərəcəm. Vəkillərin sayı 94 nəfər olsa da, parlamentdə təqribən 60-70 nəfər iştirak edir. Qalanları ya səfərdə, ya da Azərbaycanın müxtəlif bölgələrində olurlar. Hesaba görə vəkillərin sayı ümumiyyətiə 120 nəfər olmalıdır. Amma rusların əksəriyyəti, ermənilər və rusun tabeçiliyində qalan bir çox yəhudi seçkilərdə iştirak etmədilər.

Azərbaycan hökumətinin parlamenti və Nazirlər Kabineti bir müddət öncə Məclisi-Müəssisana seçkilər keçirmək üçün zəmin hazırlamağa başlayıbdır. Məclisi-Müəssisan Novruz bayramı günündə açılacaqdır (çünki həmin bayramı Azərbaycan hökuməti milli bayram kimi qəbul etmişdir). Bu məqsədlə yeni siyahıyaalmaya başlayıblar. Bu siyahıyaalmada yəhudi və rusların böyük bir hissəsi və ermənilərin isə az bir hissəsi Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina ediblər. Buna görə də gələcək seçkilərdə əksəriyyət müsəlmanlardan ibarət olacaqdır1. (1 Həmin yerdə).

İran XİN-ə və Baş nazirinə görə ünvanlanan hesabatlarda Azərbaycan parlamentinə seçilən etnik azlıqlara mənsub deputatların adları belə öz əksini tapmışdır:

Slavyan - Rus-slavyan fraksiyası: 1. Viktor Viktoroviç Klenevski, 2. Kravçenko, 3. Serqey Sergeyeviç Yermizov, 4. Zaxarin Dmitri.

Milli azlıqlar fraksiyası: 1. Lorens Kun Baqayoviç - Azərbaycanda yaşayan rus vətəndaşları olan almanların nümayəndəsi, 2. Suis Qozcan - yəhudi, 3. Stanislav Vansoviç - Polyak, Vasil Kujim - ukraynalı.

Erməni fraksiyası. Milli firqə: 1. Arşak Baronyan, 2. Bervay Baqyanosov, 3. İsaq Xocayev, 4. Stepen Toqionosov.

Daşnaksütun fraksiyası: 1. A.Malxazyan, 2. X.Amaspür, 3. P.Çubaryan, 4. A.Papyan, 5. Aleksandr Ter-Azaryan, 6. B.Balayans1. (1 Həmin yerdə).

Barəsində danışdığımız sənəddə iranlı diplomat Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçki hüququ verilməsinə də toxunur və bu yeniliyə mənfi münasibətini qətiyyən gizlətmir. O, məsələ barəsində Azərbaycan parlamentinin rəhbəri Həsən bəy Ağayevlə apardığı söhbətin detallarını da öz hesabatında qeyd etməyi lazım bilmişdir:

Seçkilər ümumidir, qadınların seçib-seçilmək hüququ vardır. Bələdiyyə seçkilərində də, müsəlman qadınlar iştirak edəcəklər. Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın sədri Həsən bəy Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iştirakını bu gün Azərbaycanın tələblərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya inqilabından sonra orada yaşayan bütün millətlərə bu hüquq verilib və biz də geri dönə bilmərik. İkincisi erməni və digər qeyri-müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əgər müsəlman qadınlarını bu hüquqdan məhrum etsək seçkilərdə çoxluq müsəlmanların əlində olmayacaqdır. Bununla belə düşünürdü ki, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlar seçilmək hüququndan məhrum olsunlar1. (1 Həmin yerdə).

Qafqaz fövqəladə komissiyasının yazışmalarında Bakıya ezam olunmuş iranlı diplomatların əsas vəzifələrindən birini ADR rəhbərliyində təmsil olunan nüfuzlu şəxslərin siyasi baxışlarının, meyil və rəğbət bəslədiyi məqamların dəqiqliklə öyrənilməsi təşkil etmişdir. Nəzərdən keçirdiyimiz 23 dekabr 1919-cu il tarixli 37 hesabatda İran diplomatlarının Məhəmməd Əmin Rəsulzadə və daxili işlər naziri Məhəmməd Həsən Hacınski haqqındakı məlumatlar bizə belə deməyə əsas verir:

Rusiya inqilabından sonra meydana çıxan Müsavat partiyası türk birliyi əqidəsinin tərəfdarıdır və Azərbaycan dövlətinin təsisçisi kimi tanınır. Bu firqənin üzvləri İrana xoş münasibətdə deyil, xüsusilə də Rəsulzadənin təbliğatı vasitəsilə İranı zəif və gücsüz hesab edir və öz müstəqilliklərini Osmanlılarla ittifaqda görürlər. Lakin 1 illik təcrübədən sonra bu gün artıq həmin əqidənin təəssübkeşi deyillər. Öz müstəqillikiləri üçün faydalı olan hər bir yolu seçəcəklər. Rəsulzadə və onun səmimi silahdaşları İranın yardım və dəstəyini özləri üçün faydalı hesab etsələr belə, yenə də İrana qarşı ehtiram və səmimiyyətləri yoxdur. Bitərəf partiya isə ümumiyyətlə İran üçün əlverişlidir. Onların bəzi nüfuzlu şəxsləri İrana ümid və dostluq yeri kimi baxırlar. Müsavatçıların özündən hesab etdiyi, Azərbaycanın Parisə göndərdiyi və bir neçə gündür geri qayıdan nümayəndələrindən biri və növbəti kabinetdə daxili işlər naziri olacaq Məhəmməd Həsən Hacınski fövqəladə dərəcədə İran üçün əlverişlidir (İranın dostudur - tərcüməçi). Mən bir neçə dəfə onunla görüşdüm. İranın durumu, İran və ingilis müqaviləsi haqqında ona izahlar verəndən sonra çox şad oldu. Azərbaycanın İrana yaxınlaşmasına səbəb olan hər cürə müzakirə və güzəştlərə hazırdır1. (1 Həmin yerdə).

İran nümayəndə heyətinin yazışmalarında Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni amilinin ölkəmiz üçün yaratdığı ciddi problemlərə, həmçinin onun İran-Azərbaycan münasibətlərinə göstərdiyi xoşagəlməz təsirə dair mühüm faktlar da yer almaqdadır. Məsələn, İran diplomatlarının verdikləri məlumatlardan görünür ki, Ermənistan hər vasitə ilə Azərbaycanın və Gürcüstanın müstəqilliyinə əngəl törətməyə çalışmış, onların güclənməsinə bütün mümkün vasitələrlə mane olmağa cəhd göstərmişdir. Seyid Ziyaəddin Təbatəbai Nazirlər Kabinetinə göndərdiyi 42, 26 noyabr 1919-cu il tarixli məktubunda Azərbaycan və Ermənistan arasında Zəngəzur bölgəsində baş verən gərginlik haqqında xəbər verir, həmçinin qeyd edir ki, Ermənistan bütün proseslərin yekununda Azərbaycan və Gürcüstanın müstəqilliyi ilə barışmalı olacağını anlamağa başlamışdı. Denikinin uğursuzluqlarından sonra ermənilərin bu məsələdəki mövqeyi əhəmiyyətli dərəcədə yumşalmışdı:

Denikinin son uğursuzluqları erməniləri Rusiyanın yardımından naümid etdi və anlamağa başladılar ki, İngiltərə Rusiyanı bölmək siyasəti yürüdür. Nəticədə Azərbaycan və Gürcüstan həqiqətən müstəqillik əldə edə bilərlər. Ermənilər son günlərə qədər Azərbaycan və Gürcüstanın müstəqillik məsələsini qeyri-mümkün hesab edir və hələ də, öz əqidələrində qalırlar. Lakin hadisələrin gedişatı onlara başa saldı ki, bunun reallaşması mümkündür. Buna görə də Azərbaycan və Gürcüstan dövləti ilə razılıq və dostluq münasibətləri qurmaq üçün hazırlaşmağa başladılar1. (1 Sənəd 37. Seyid Ziyaəddin Təbatəbaidən Nazirlər Kabinetinə. 42, 26 noyabr 1919-cu il).

İran gömrüyündə fəaliyyət göstərən ermənilərin Azərbaycan vətəndaşlarına yaratdıqları süni maneələr, baş verənlərin azərbaycanlı əhalidə İran hakimiyyətinə qarşı ciddi narazılıq və etiraz doğurması faktına dair isə iki sənəd böyük əhəmiyyətə malikdir. Seyid Ziyaəddin Təbatəbai öz hökumətinə müraciət edərək, İran gömrüyündə kök salmış ermənilərin tez bir zamanda həmin məntəqələrdən uzaqlaşdırılmasının zəruri olduğunu xatırladır, Ənzəli limanında yaranmış vəziyyətin xüsusi diqqət tələb etdiyi vurğulanır:

Ənzəli limanında ali dövlətin qoşunu və dövlət məmurları bütün səlahiyyətlərdən məhrumdur və ingilislərin tərcüməçisi olan bir nəfər erməni və ya yəhudinin qüdrət və nüfuzu Ənzəli hakimi və gömrük rəisindən daha çoxdur. Ölkəyə gəlib-gedən gəmilərə iranlı məmurların müdaxilə edə bilməməsi bir yana, hətta ingilis dairələrinin tərcüməçilərinin icazəsi olmadan gəmilərə də, daxil ola bilmirlər. Ənzəli poçt müdiri mirzə Əliəsgər xan Bəhmənə ingilislərin Stefan adlı erməni müfəttişinə ezam edilmiş komissiyanın məktublarını təqdim etmədiyi üçün qəzəblənmişlər, ona gəmilərə daxil olmağı və gəmilər daxil olan zaman körpünün başında durmağı qadağan ediblər. Ənzəlidən xaric olub Badkubəyə daxil olan bütün müsafirlər deyirlər ki, Ənzəlidə İran dövlətindən əsər-əlamət yoxdur. Bu liman tamamilə ingilis və ermənilərin nəzarət və tabeçiliyi altındadır. Ənzəliyə gələn müsafirlər arasında erməni və Rusiya fərariləri varsa əksəriyyəti pasport olmadan ingilis dairələrində olan ermənilər vasitəsilə sahilə yan alırlar. Eləcə də Rusiyadan olan fərarilər özləri bildikləri yol ilə aidiyyəti dairələr və ermənilərin yardımı ilə İran ərazisinə daxil olurlar. Lakin iranlılara və müsəlmanlara ingilis məmurlar və hətta gömrükdə olan ermənilər tərəfindən çoxlu problemlər və əngəllər yaradılır1. (1 Sənəd 86. Seyid Ziyaəddin Təbatəbaidən Nazirlər Kabinetinə. 348, 7 aprel 1920-ci il).

İranlı diplomat azərbaycanlıların gömrük məntəqələrində yaranmış özbaşınalıqlardan cana doyduqlarını və bunun başlıca günahkarı kimi Tehran hökumətini göstərdiklərini də əlavə etməyi unutmur. O bildirir ki, ermənilərin azərbaycanlılara qarşı milli ədavətdən doğan açıq-aşkar düşmənçilik hərəkətlərinin qarşısı alınmasa, bundan ilk növbədə İran dövlətinin nüfuzu xələl görəcəkdir.

Hamısından pis olanı budur ki, Qafqaz və Azərbaycan müsəlmanlarına qarşı xüsusi kin və düşmənçilikləri vardır. Azərbaycan vətəndaşlarının İran sərhədlərinə giriş-çıxışı zamanı çox çətinliklər yaradırlar. Bu məsələ Badkubədə xüsusi narahatlıq doğurur. Badkubə gömrük məmurlarından hər dəfə iranlı müsafirlərə qarşı olan pis davranış haqqında etiraz edəndə cavabları belə olur ki, əgər İran öz Azərbaycan müsəlman qardaşlarına dostcasına yanaşsa idi, müsəlman düşmənləri olan erməniləri gömrükdə xidmətə cəlb etməzdi. Yuxarıda qeyd edilənlərdən əlavə yeni təsis edilən Ermənistan dövlətinin mövcudluğu fonunda qərb və şimal sərhədlərində ermənilərin xidmət etməsi İran üçün problem və çətinliklər yaradacaqdır. Buna görə də xahiş edirəm ki, yuxarıda qeyd edilənlərə xüsusi diqqət ayırasınız. Əgər qəbul etsəniz gömrük baş idarəsinin rəisi və sərhəd məsələləri ilə bağlı aidiyyatı qurumlara ciddi və məxfi göstəriş veriniz ki, erməniləri bütün dairələrdən xüsusilə də gömrük dairələrindən xaric edib mərkəzi və ya İranın cənub ərazilərində işlə təmin etsinlər. Əgər bu addım dərhal atılmazsa, ermənilər şimal liman və sərhədlərindən xaric edilməzsə, bizim üçün çox başağrı olacaq ki, təcili olaraq burada onları qeyd etməyi lazım bilmədim və xahişimin qəbul edilməsində israr edirəm1. (1 Sənəd 88. Seyid Ziyaəddin Təbatəbaidən Nazirlər Kabinetinə. 346, 7 aprel 1920-ci il).

Tehrana göndərilən məxfi məktublardan aydın olur ki, iranlı diplomatlar ermənilərin xəyanətə meyilli xislətini yaxşı başa düşür, onlarla ehtiyatla davranmağın zəruriliyini anlayırdılar. Onlar İran hökumətini xəbərdar edirdilər ki, ermənilərin böyük əksəriyyəti Rusiya meyillidir və onlar Tehran hakimiyyətinə arxadan zərbə vurmaq üçün əlverişli fürsət gözləyirlər. Qafqazda Ermənistan dövlətinin yaranmasından sonra bu bölgəyə yaxın ərazilərdə yaşayıb fəaliyyət göstərən İran erməniləri bir qədər də arxayınlaşmış, özlərini güclü hiss etməyə başlamışlar. Göstərilən səbəblərdən İranın Qafqaz regionu ilə qonşu şəhərlərdə işləyən erməni mənşəli məmurların iş yerini ölkənin daha uzaq məntəqələrinə dəyişmək təhlükəsizliyin təmin edilməsi baxımından çox vacibdir:

Çoxdandır ki, İran sərhəd və gömrük dairələrində işləyən ermənilərə dair mühüm bir məsələni mübarək diqqətinizə çatdırmaq istəyirdim. Ali dövlətin dövlət sərhəd və gömrük dairələrində işləyən bütün ermənilər hec vaxt öz vətəndaşı olduğu dövlətə qarşı səmimi olmamış və bütün fəaliyyətlərini mənfəət əldə etmək və xaricilərin planlarını icra etməyə yönəldiblər. Ticarət mallarının böyük miqdarda qaçaqmalçılığı ermənilərə aiddir. Ali dövlətin konsulluğunun vizası olmadan Ənzəliyə daxil olan və Gilan əhalisinin hazırda önəmil hissəsini təşkil edən Rusiyadan qaçan bütün rus və ermənilər gömrükdə işləyən və ingilis dairələrində olan ermənilərin vasitəsilə gəliblər. Eləcə də dövlət məmurları tərəfindən səfərə çıxmasına icazə verilməyən çox sayda erməni və ruslar pasportu olmadan yola çıxaraq İran və ingilis dairələrində işləyən erməni məmurlar tərəfindən Ənzəliyə daxil edilirlər. Şübhəsiz ki, bu hadisə Qafqaziyyədə ali dövlətin məmurlarının heysiyyat və nüfuzunu aradan aparır. Çox sayda erməninin Gilana daxil olub, orada qalmasının bizim üçün hansı problemlər yarada biləcəyi məlumdur. Bundan əlavə İranda məskunlaşan və buraya miqrasiya edən ermənilərin hamısı ruspərəst, ya rus tərəfdarı və ya bolşeviklərin havadarlarıdır. Hamısından pis olanı budur ki, Qafqaz və Azərbaycan müsəlmanlarına qarşı xüsusi kin və düşmənçilikləri vardır1. (1 Həmin yerdə).

Gətirdiyimiz misallar Azərbaycan oxucusunun ixtiyarına verilən bu dəyərli sənədlər toplusunun əhatə etdiyi məsələlərin yalnız bir neçəsidir. Aydındır ki, ön söz çərçivəsində sözügedən yazışmaların hamısını ətraflı şəkildə təhlil edib, qiymətləndirmək qeyri-mümkündür. Ancaq inanmaq istərdim ki, elmi dövriyyəyə gətirilən bu sənədlər tarixçilərimiz tərəfindən lazımınca qiymətləndiriləcək və geniş bir şəkildə tədqiqatlara cəlb ediləcəkdir. Ümid edirəm ki, öz növbəsində həmin tədqiqatlar da Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin öyrənilməsi işinə mühüm töhfələr vermək iqtidarında olacaqdır.