Bakı Xəbər.-2018.-26 yanvar.-16.-S.13.

 

Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi mühüm strateji missiya daşıyacaq...

 

İradə Sarıyeva

 

Həyat Məhərrəmova:Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam dünyasının Azərbaycana verdiyi böyük dəyərin nümunəsidir

Fariz Xəlilli: Hesab edirəm ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox böyük əhəmiyyətə malikdir

 

Qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycan bütün dövrlərdə dünyanın diqqətində olub. Müxtəlif mədəniyyətlərin, dünaygörüşlərin vəhdət təşkil etdiyi ölkəmizdə islam mədəniyyətinin xüsusi yeri var. 

Ölkəmizin istənilən yerində islam mədəniyyəti nümunələrini görə bilərik. Klassik Azərbaycan alimlərinin islamın bir elm kimi yayılmasında, tədris edilməsində, təbliğində rolu misilsizdir.

Bildiyimiz kimi, 2018-ci il Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ildə verdiyi Sərəncam da təsdiq edir ki, bu olduqca vacib bir hadisədir.

Qeyd edək ki, Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Məlumdur ki, sözügedən qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Bu barədə Prezidentin sərəncamında qeyd edilir. Daha sonra sənəddə o da vurğulanır ki, tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

Qeyd edək ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan təşkilat komitəsinin indiyə qədər bir neçə iclası keçirilib. Həmin iclaslardan birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxış edərək bu məsələnin illərdir gündəmdə olduğunu vurğulayıb: ...Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, İslam mədəniyyətinin paytaxtı anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESCO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

Məlumatlara görə, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018 loqotipi hazırlanıb və rəsmi internet səhifəsi yaradılıb. Məlumatlara görə, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanır.

Bildiyimiz kimi, Muxtar Respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESCO-nun siyahısına salınması istiqamətində iş aparılır.

Onu da vurğulayaq ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına həsr edilmiş poçt markası və zərf tədavülə buraxılıb. Artıq Naxçıvan Muxtar Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə Azərmarka Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan 100 min marka və 100 min zərf muxtar respublikaya gətirilib və yanvar ayının 8-dən etibarən tədavülə buraxılıb. Ölkədaxili və beynəlxalq poçt göndərişlərində istifadə olunması nəzərdə tutulan standart ölçülü poçt markasının üzərində Naxçıvan islam mədəniyyətinin paytaxtı 2018 loqosunun rəsmi həkk olunub. Markanın dəyəri 50 qəpikdir. Üzərində Naxçıvan islam mədəniyyətinin paytaxtı 2018 loqosunun təsviri olan poçt zərfinin isə ölçüləri 220 x 112 millimetrdir.

Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd birinci gün zərfi olan və üzərində Haçadağın, Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018 loqotipinin və Gülüstan türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsinin böyük əhəmiyyət daşıdığını deyən tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, bu təsadüfi deyil. Onun dediyinə görə, Naxçıvan bütün göstəriciləri ilə İslam mədəniyyətinin paytaxtı seçilməyə layiqdir: Naxçıvan Azərbaycanın qədim ərazilərindən biridir. Burada türk-islam mədəniyyətinin minlərlə dəyəri mövcuddur. Bura həm abidələr, həm məscidlər, həm də Naxçıvan alimlərinin islamla bağlı fikirləri, kitabları aiddir. Naxçıvandakı qədim abidələrdə, daş kitabələrdə, məzarüstü yazılarda islam dünyagörüşünü əks etdirən saysız nümunələr var. Onu da vurğulayım ki, naxçıvanlılar islam dininə həmişə sadiq olublar. İslamın qorunmasında, pərvəriş tapmasında onların böyük əməyi var. Bu il Naxçıvanın islam mədəniyyətinin paytaxtı elan edilməsinin böyük əhəmiyyəti var. Hesab edirəm ki, Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər kimi, islam mədəniyyəti ili də çox yüksək səviyyədə qeyd ediləcək. Çünki artıq uzun  illərdir bu tədbirin baş tutması üçün uğurlu işlər görülür. İl boyu Naxçıvan bütün İslam dünyasının diqqət mərkəzində olacaq. Bu həm mədəniyyətimizin, İslam dünyasına verdiyimiz dəyərin bariz nümunəsi, həm də islam həmrəyliyinə bir töhfə kimi xarakterizə edilməlidir. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam dünyasının Azərbaycana verdiyi böyük dəyərin nümunəsidir.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarixçi Fariz Xəlilli də hesab edir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi tam əsaslıdır. Alimin sözlərinə görə, Naxçıvan ərazisi Azərbaycanda islamın ilk və sürətlə yayıldığı bölgələrdən biri olub: Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Daş dövründən başlayaraq bu ərazidə yaşayış mövcud olub. Tunc dövrü, ilk dəmir dövrü və eləcə də digər dövrlərin izləri Naxçıvanda yaşayır. Naxçıvan müxtəlif Azərbaycan dövlətlərinin sərhədləri çərçivəsində olub və tarixən burada böyük bir mədəniyyət formalaşıb. Azərbaycanda Naxçıvan islamı qəbul edən ilk bölgələrdən biridir. Zaman-zaman burada formalaşan mədəniyyət bu ərazinin mədəni imkanlarını artırıb. Naxçıvan ərazisində çoxsaylı maddi mədəniyyət abidəmiz var ki, orada islamın izləri əksini tapıb. Bu gün istər türbələrdə, istər məscidlərdə islamın qədim izləri yaşamaqdadır. Orada Səlcuq dövrünə aid abidələrin qalıqları var ki, islam izlərinə rast gəlinir. Atabəylər dövründə tikilən Mömünəxatun Türbəsində, Yusif ibn Küseyir abidəsində, eləcə də digər çoxsaylı maddi mədəniyyət qalıqlarında islama dair elementlər çoxdur. Bu da Naxçıvanın mədəni irs baxımından potensialını, imkanlarını göstərir. Yəni söhbət yer üstündə olan maddi mədəniyyət qalıqlarından gedir. Naxçıvan şəhəri və Naxçıvanətrafı ərazilər həm də mənəvi mədəniyyət ocaqları olublar. Bilirsiniz ki, Azərbaycanda o dövrdə mövcud olan islam mədəniyyətinin, islam fəlsəfəsinin özəyini təşkil edən təsəvvüf, sufizm abidələri və sufizm alimləri Naxçıvanda yerləşib, burada fəaliyyət göstəriblər.

O qeyd etdi ki, Naxçıvan ərazisi orta əsrlərdən islamın intişar tapdığı, islam dininin tədris edildiyi, yayıldığı bir mərkəz olub. F.Xəlillinin sözlərinə görə, hətta bura dərs almaq, sufizmi öyrənmək üçün dünyanın müxtəlif ölkələrindən gənclər axın edib: Fəzullah Nəimin Naxçıvanda Əlincə qalasının yaxınlığında xanəgahı var. Bura dünyanın bir çox yerlərindən müridlər gəlib toplaşıb, onlar burada təlim keçərək islamı, sufizmi öyrəniblər. Sonra da öyrəndiklərini dünyanın bir çox yerlərində yayıblar. Tanınmış alim, nəqşibəndi şeyxlərindən olan Nemətullah Naxçıvani ilk dəfə Qurani-Kərimi sufizm baxımından şərh edən, təfsir edən alimdir. O, XV əsrdə yaşayıb və Azərbaycanın ilk nəqşibəndi şeyxlərindən biridir. Yəni Naxçıvanın həm maddi mədəniyyətə, həm mənəvi, həm də yazılı mədəniyyətə verdiyi  töhfələr çox böyükdür. Bu bütün dövrlərdə belə olub. Bu baxımdan da Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsinin bütün  tarixi və mədəni əsasları var. Bu sahədə görüləcək işlərin əsasında həm maddi, həm mənəvi, həm də yazılı mədəniyyət dayanmalıdır. Hətta deyərdim ki, Nemətullah Naxçıvaninin də Qurani-Kərimin təfsiri ilə bağlı əsərini çap edib yaymaq lazımdır. Bir il müddətində keçiriləcək tədbirlərdə Naxçıvanın İslam dünyası üçün əhəmiyyəti daha da qabardılmalıdır. Hesab edirəm ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox böyük əhəmiyyətə malikdir.