Üç nöqtə.-2018.-25 yanvar.-15.-S.9.

 

Konstitusiya Aktı hüquqi dövlət quruculuğunda böyük rol oynadı

 

Sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdı

 

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Bununla da qarşıya hüquqi dövlət quruculuğu ideyasını həqiqətə çevirmək məqsədi qoyuldu. Konstitusiya Aktı''nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, 1918-ci ilin mayında Şərqdə ilk demokratik dövlət, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri üzərində ölkənin dövlətçilik tarixində yeni müstəqillik dövrü başlandı. Tarix boyu ərazi bütövlüyü və varlığını qılınc və qələmlə sübuta yetirən Azərbaycanın öz müstəqilliyinə qovuşması gərgin mübarizədən, 1990-ci il 20 Yanvarın qanlı faciəsindən keçsə də xalqımız azadlıq, müstəqillik amalından dönmədi. Müstəqilliyin ilk illəri də asan olmadı. Bir yandan keçmiş sovet imperiyasını qoruyub saxlamağa çalışan qüvvələrin təzyiqi, digər tərəfdən Ermənistanın torpaqlarımıza qarşı davam edən təcavüzü, ölkə daxilində sabitliyin və vahid strateji xəttin olmaması, tarixi nemət olan müstəqilliyin tam bərqərar olmasına imkan vermirdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə bir-birinin ardınca hakimiyyətə gələn qüvvələrin səriştəsiz siyasəti nəticəsində ölkənin parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yarandı. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükə altında qoydu. 1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə dövlət müstəqilliyinin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Onun hakimiyyətə qayıdışından sonra ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Ulu öndərin "1991-cı ıl oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" - deyərək dəyərləndirdiyi Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə qazanmağa başladı. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoyuldu. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu İlk növbədə, hakimiyyət vakkumu aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Məsələn, Gəncədə baş verən hadisələrin qarşısı dinc yolla alındı. Əlikram Hümbətovun elan etdiyi qondarma Talış Muğan Respublikası Heydər Əliyevin xalqa müraciəti və sadə insanların təzyiqi ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkətlərinin və qondarma Car-Balakən Respublikası yaratmaq cəhdlərinin qarşısı alandı. Ayn-ayn şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldılar. Hərc-mərclik, özbaşınalıq hallarına, zorakılıq, silah işlətmək yolu ilə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, ictimai-siyasi sabitlik bərqərar edildi. Ölkədə peşəkar parlament yaradıldı. İnflyasiya dayandırıldı, aqrar sahədə islahatlara başlandı. Azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanaraq onun tam dəstəyini alırdı.

Xarici siyasətdə mühüm nailiyyətlər əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kreditlər verməyə, investisiya qoymağa başladılar. 1994-cü ilin sentyabrında Azərbaycanda yaranan sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, Bakıda "Əsrin müqaviləsi" adlandırılan neft sazişi imzalandı. Bu barədə SOCAR-ın bırinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: "Həqiqətən də "Əsrin müqaviləsi" Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, respublikamızın vətəndaşları bilməlidirlər ki, müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb. "Əsrin müqaviləsi"nin işlənib hazırlanmasında, imzalanmasında, beləliklə də ümummilli liderimiz Heydər Əliyevin məşhur neft strategiyasının həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri hamımıza yaxşı məlumdur".

Onun sözlərinə görə, 1994-cü ilin iyul-sentyabr aylarında Amerikanın Hyuston şəhərində "Əsrin müqaviləsi" adlanan "Azəri", "Çıraq" və "Günəşli" (AÇG) yataqlarının birgə işlənməsi prinsiplərinə dair danışıqlara başladı. "Danışıqlar prosesi və gərgin iş rejimi bu danışıqların hər bir iştirakçısının peşəkarlıq səviyyəsini, son dərəcə məsul bir işə münasibətini açıq-aydın göstərirdi. Müdriklər doğru deyiblər ki, ağıl yaşda deyil, başdadır. Həmin vaxtlar kifayət qədər gənc olmasına baxmayaraq, İlham Əliyev çox səriştəli bir mütəxəssis olduğunu göstərdi. Onun danışıqlar zamanı yaranan mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması, gərginliyi aradan qaldırmaq məharəti bizə çox kömək edir, bizi daha qətiyyətli və inamlı olmağa ruhlandırırdı.

Hyustonda danışıqlarımız 45 gün çəkdi. Nəhayət, bu gərgin işlərin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin titanik əməyi sayəsində "Əsrin müqaviləsi" imzalandı. O vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin tərkib hissəsinə çevrildi".

Xoşbəxt Yusifzadə bildirib ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün çox böyük siyasi və iqtisadi əhəmiyyəti oldu. "Əvvəla, dünyanın aparıcı dövlətləri və şirkətləri əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Bu, müqavilənin siyasi əhəmiyyətidir. Heç təsadüfi deyil ki, həmin müqavilədən sonra xarici şirkətlərlə daha 34 saziş bağlandı. Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları hesabına əldə edilir. İşlənmənin əvvəlindən "Azəri-Çıraq-Günəşli" yataqlarından 445,4 milyon ton neft və 140,5 milyard kubmetr qaz hasil olunub.

Artıq 19-cu ildir ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 milyon ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55 faizim təşkil edir".

Onun sözlərinə görə, 2006-cı ilin mayından böyük həcmdə Azərbaycan neftini Avropaya və dünya bazarına çıxaran Bakı-Tbılisi-Ceyhan əsas ixrac neft boru kəməri də "Əsrin müqaviləsi" sayəsində meydana gəldi. "Bu kəmər ulu öndər Heydər Əliyevin ikinci şah əsəridir".

Bir sözlə, müstəqillik reallığa çevrildi və qorunub saxlandı. Ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində qısa zaman kəsiyində dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem yaradıldı. Eləcə də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi.