Xalq qəzeti.-2018.-10 avqust.-177.-S.5.

 

Dünyanı heyran qoyan türk abidələri

 

Ümumtürk yadigarları UNESCO siyahısında

 

Əfsanə Bayramqızı

 

(əvvəli qəzetin 7 avqust 2018-ci il tarixli nömrəsində dərc olunub)

Özbəkistan deyəndə, istər-istəməz ilk növbədə Əmir Teymur, şən özbək mahnı və rəqsləri, süfrələrin bəzəyi olan özbək plovu, ən əsası isə Səmərqənd və Buxaranın ecazkar tarixi məkanları yada düşür. Qədim orta əsr tarixinə məxsus ab-havanı qoruyub saxlamış bu şəhərlər dünyanın dörd bir yerindən gələn turistləri bu gün də heyran qoyur. Odur ki, UNESCO Maddi-Mədəni İrs Siyahısına Özbəkistan tarixi-maddi mədəni irs nümunələri arasında İçan Qala, Buxara, Şəhrisəbz şəhərinin tarixi mərkəzi, mədəniyyətlərin kəsişməsində yerləşən Səmərqənd, Qərbi Tyanşan dağlarında yerləşən Çatkal qoruğunun ərazisi daxil edilib.

Adıçəkilən şəhərlərin hər birinin özünəməxsus gözəlliyi və memarlıq üslubu var.

Təxminən XIV əsrə aid olan İçan Qala tarixi şəhər olan Xivənin qalın divarları ilə əhatə olunub. Saraylar, məscid və mədrəsələr, mavzoley və minarələr, karvansaraylar və hamamlar, digər tarixi binalar İçan Qalanı əsrarəngiz şəhər-abidəyə çevirib. Təsadüfi deyil ki, bunu nəzərə alaraq, hələ sovet dövründə-1968-ci ildə buraya Qədim Xivə Qoruğu şəhər statusu verilib. Odur ki, Xivə də Açıq səma altında muzey hesab edilən şəhərlərdəndir.

İçan Qalada ən qədim tarixi abidələr XIV əsrə aid edilir. Orta əsr şəhər memarlıq üslubuna uyğun olaraq, Xivədə də ənənəvi olaraq, şəhər iki hissəyə bölünürdü: içəri şəhər Şəhristan, yəni İçan Qala, xarici şəhər rabad, yəni Dişan Qala adlanırdı.

İçan Qalanın divarları 8--10 metr hündürlüyündədir, 5-6 metr qalınlığa malik divarlar 6250 metr uzanır. Divarlarda hər 30 metrdən bir uzanan dairəvi müdafiə qüllələri diqqəti cəlb edir. Müasir dövrümüzəcən qorunmuş İçan Qalanın şəhər qapıları orta əsrlərdə müdafiə sisteminin əsas hissəsi hesab edilirdi. İçan Qalanın tikilmə tarixini araşdırdıqda bəlli olur ki, bu Amu Dərya çayının öz axınını dəyişdirməsi Xarəzmin qədim paytaxtı Ürgənci susuz qoymasıyla bağlıdır. Belə ki, bundan sonra Xarəzm dövləti 1598-ci ildə paytaxtı Xivəyə köçürməli olur. Arxeoloji araşdırmalara görə, Xivə şəhəri hələ V-VI əsrlərdən mövcud olub, İçan Qalanın tarixi divarlarının əsasında qədim istehkam qalıqlarının tapılması da bunu deməyə əsas verir. Ata darvaza adlanan şəhər darvazasından içəri girərkən turistlərin diqqətini Məhəmməd Əmin xan mədrəsəsi, Qısa minarə (Kalta minor) cəlb edir. Dövrünün nüfuzlu tədris mərkəzlərindən olan Məhəmməd Əmin xan mədrəsəsi Türküstanda ən böyük ikimərtəbəli mədrəsə hesab edilib, hazırda isə otel kimi fəaliyyətdədir. Qədim Qala adlanan abidə (Kunya Ark) böyük bir saray kompleksi olub, tərkibinə məscidlər, taxt otağı, zindan, hərəm otağı və s otaqlar daxildir. Allahqulu xanın tikdirdiyi Daş Sarayda isə vaxtilə xan və hərəmləri qalıb və həmçinin xan burada qonaqları da qəbul edib. Sarayı gəzdikcə, divarlarında diqqət çəkən mavi ornamentlər göz oxşayır, insan bir anlıq özünü orta əsrlər saray dövründə təsəvvür edir. İçan Qala da daxil olmaqla, Xivə şəhəri 1990-cı ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

İpək yolunun üzərində yerləşən Buxaranın 2500-dən çox yaşı var. X əsr türk-müsəlman arxitekturasının dəyərli nümunəsi olan və İsmayıl Samaninin uyuduğu mavzoley, Çor Minor adlı Dörd minarə məscidi, Abdulla xan mədrəsəsi, Nadir Divan bəyi mədrəsəsi, Poi-Kalyan tarixi arxitektura ansamblı, Ləbi Hauz meydanı (XIV XVII əsrlər), Xoca Qaukuşan ansamblı, Çor Bakr abidəsi və digər tarixi binalar Buxaranın ən görməli və qədim tarixi məkanlarındandır. Bu abidələr Buxaranın qədimliyini və tarixi ab-havasını qoruyur. Buxara 1993-cü ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Şahrisabz şəhəri də bəşəri mədəni irs kimi qorunur. Qədim adı Keş olan bu şəhər həm də Əmir Teymurun vətəni olaraq tanınır. Vaxtilə onun tikdirdiyi Ak sarayın qalıqları dövrümüzə qədər gəlib çatıb. Şəhərin görməli abidələri arasında Dorut Tilavat memorial kompleksi, Göy Gümbəz məscidi və s. hesab edilir. Şəhrisabz şəhəri 2000-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan dastanlarında daha çox məşhur olan Səmərqənd kağızı ifadəsindən dillər əzbəri olan Səmərqənd şəhəri ölkənin üçüncü böyük şəhəridir. Mədəniyyətlərin kəsişməsində və Qədim İpək Yolunun üzərində yerləşən bu qədim şəhərin yaşı eramızdan əvvəl VII əsrə gedib çıxsa da, XIV-XV əsrlərdə Teymurilər dövründə Səmərqənd tərəqqi və yüksəliş dövrünü yaşayıb. Səmərqəndin əsas məşhur görməli yerlərindən biri olan Reqistan ansamblı orta əsrlərdə şəhərin mərkəzi meydanı rolunu oynayıb. Reqistan meydanında, həmçinin üç mədrəsə--Uluqbəy, Şerdor, Tilla-Kari mədrəsələri var. Lakin Səmərqənddə turistlərin ən çox ziyarət etdiyi tarixi yerlərdən biri də Əmir Teymurun və yaxınlarının uyuduğu mavzoleydir. Əmir Teymur hələ sağlığında, 1404-cü ildə nəvəsi Məhəmməd Sultanın ölümündən sonra Səmərqəndin ən diqqətçəkən hündür yerində əzəmətli mavzoley inşa edilməsini qərara alır və nəəsini burada dəfn etdirir. 1405-ci ildə Əmir Teymurun mavzoleydə dəfn edilməsi ilə bu məkan təkcə Teymurilər xanədanlığının uyuduğu məkana çevrilmədi, həm də o tarixi, unikal abidə olaraq qorunub saxlanıldı. Mavzoleydə, həmçinin Əmir Teymurun oğulları Şaxruh və Miran şah, nəvələri Uluqbəy və Məhəmməd Sultan, əmirin müəllimi Mir Səid Barak və digərləri dəfn edilib. Mavzoleyin qübbələri mavi tülpanları xatırladır və divarlar sarı-yaşıl mərmərlə işlənilib və üzəri mavi qlazurla örtülüb. 1967-ci ildə kompleksdə geniş restavrasiya işləri başlanıb. Özbəkistan müstəqilliyini bərpa etdikdən sonra, 1996-cı ildə Əmir Teymurun 660 illik yubileyi münasibətilə XIX əsrə aid layihə və şəkillər əsasında mavzoleyin iki minarəsi bərpa edilib.

Səmərqənddə həm də Bibi-Xanım məscidi (1399-1404), Bibi-Xanım mavzoleyi, Şaxi-Zinda mavzoley kompleksi, Uluqbəyin rəsədxanası (1424-1428), Namazgah məscidi (XVII əsr) və digər görməli yerlər də bu qədim şəhərin tarixini özündə yaşadır. Bir zamanlar sovet dövründə Özbəkistan SSR-in paytaxtı olmuş bu şəhər (1925-1930) 2001-ci ildə Maddi-Mədəni İrs Siyahısına daxil edilib və bu gün də öz cəlbediciliyini saxlayır.

Xəzərin sahilində yerləşən Türkmənistandan isə hələ ki, üç mədəni abidə -Qədim Mərv dövlət tarixi və mədəni parkı, Qədim Ürgənc, Nisa UNESCO-nun siyahısına qəbul edilib və bəşəri abidə kimi qorunur. Türkmənistanın cənub şərq hissəsində Murqab çayı sahilində yerləşən qədim Mərvin qalıqları, o illərdən dövrümüzə qədər gəlib çatmış abidələrin qalıqları bu gün üçün də qiymətlidir və 1999-cu ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Qutluq Teymur minarəsi və Tekeş mavzoleyi isə qədim Ürgənc orta əsr şəhərinin dəyərli abidələrindəndir. Altmış metrlik minarə XIV əsrə aid edilir. Müasir dövrdə Qutluq Teymur minarəsi Orta Asiyada ən hündür kərpic minarə hesab edilir.

Parfiya imperiyası dövrünə aid Nisa şəhərinin dövrümüzə gəlib çatmış tarixi məkanları 2007-ci ildən bəşəri mədəni irs nümunəsi kimi qorunur. Qədim və yeni Nisa təpələri özündə antik sivilizasiyanı əks etdirir.

Qırğızıstandan müqəddəs Süleyman dağı, Böyük İpək Yolu, Çanan-Tyanşan dəhlizi marşrut şəbəkəsi (Qazaxıstan, Çinlə ortaq), Qərbi Tyanşan təbiət abidəsi UNESCO tərəfindən mühafizə edilir.

Süleyman dağında 7 mağara var ki, onlardan ən məşhuru Çakka tamar və Tepeunkurdur. Dağın şərq ətəklərində XI-XIV əsrlərdə tikilmiş hamam da var. Petroqliflərdən bəlli olur ki, qədimdən bu dağın xüsusi əhəmiyyəti olub. XVI əsrə qədər bu dağ Bara Kux, XX əsrəcən isə Taxtı Süleyman adlanıb. Dağın zirvəsində Baburilər dövrünə aid olan Taxtı Süleyman məscidi yerləşir.

Qədim Tyanşan təbiət abidəsi isə Tanrının yaratdığı təbii gözəllikləri ilə insanları valeh edir. Bu təbiət abidəsi Qırğızıstanla yanaşı, həm də Özbəkistan və Qazaxıstanın ortaq təbiət abidəsi olaraq 2016-cı ildə UNESCO tərəfindən qeydə alınıb. Buraya daxil olan Sarı Çelek, Beş Aral, Padışatinsk qoruqlarının hər biri özünəməxsusluğu ilə seçilir.

 

(davamı var)