Azərbaycan.-2018.-25 yanvar.-17.-S.1,6.

 

İslam Əməkdaşlıq Təşkilatı İlham Əliyevin çağırışına tam dəstək verdi

 

Azərbaycana dair iki mühüm qətnamə qəbul edən İƏT Parlament İttifaqının XIII sessiyası müsəlman ölkələrini Ermənistanla əməkdaşlıqdan imtinaya çağırdı

 

Rəşad Baxşəliyev

 

Yanvarın 13-17-də Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik tədbirləri və XIII sessiyası keçirilib. Milli Məclisin deputatları Gövhər Baxşəliyevanın və Mirkazım Kazımovun təmsil olunduqları nümayəndə heyətinin qatıldığı sessiyada Azərbaycana dair iki qətnamə qəbul edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, akademik Gövhər Baxşəliyeva qəzetimizə açıqlamasında sessiya çərçivəsində keçirilən komitə iclaslarında müzakirə olunan məsələlər və ölkəmizin lehinə qəbul edilən qətnamələr barədə söz açıb.

Onun sözlərinə görə, beş gün davam edən illik tədbirlər və XIII sessiya çərçivəsində təşkilatın dörd daimi ixtisaslaşmış komitəsinin (Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələr) iclasları keçirilib.

İclaslarda komitələrin məruzəçilərinin təqdim etdikləri qətnamə layihələri və hesabatlar müzakirə edilib və qəbul olunub. İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitəyə sədrlik edən Gövhər Baxşəliyeva gündəlikdə yer alan qətnamə layihələrini müzakirəyə çıxarıb. İclas iştirakçılarının bir sıra təklif və rəyləri nəzərə alındıqdan sonra qətnamə layihələri qəbul edilib və onların sessiyaya təqdim olunması tövsiyə olunub: Təşkilati məsələlərə də baxıldı. Azərbaycan nümayəndə heyəti 2018-ci il üçün İƏT Pİ Ümumi Komitəsinin, İcraiyyə Komitəsinin və İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin üzvü seçildi.

Yanvarın 14-də nümayəndə heyətimiz təşkilatın Siyasi məsələlər və xarici əlaqələr üzrə daimi ixtisaslaşmış komitəsinin iclasında iştirak edib. Öncə komitə tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş qətnamə və tövsiyələrin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılıb. Daha sonra bir sıra mühüm məsələlər müzakirəyə çıxarılıb.

Gövhər Baxşəliyeva qeyd edib ki, müzakirələr zamanı Azərbaycan tərəfindən komitəyə təqdim edilmiş iki qətnamə layihəsinin - Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair və 1992-ci il Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair layihələrin yekdilliklə sessiyaya çıxarılması tövsiyə edilib.

İƏT Pİ-nin XIII sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin İslam dünyasında oynadığı roldan və islam həmrəyliyinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışıb.

Təşkilatın baş katibi Mahmud Erol Kılıc qurumun illik hesabatını təqdim edərək ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra tədbirdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani islam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirib, regional münaqişələrə toxunub. Həsən Ruhani qeyd edib ki, islam qardaşlıq, dostluq və əxlaq dinidir. İslam dünyasının təhlükəsizliyi üçün ən mühüm amil isə həmrəylikdir.

Daha sonra nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları başlanıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva çıxışı zamanı bildirib ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərar bütün müsəlman aləmində böyük narahatlıq doğurur. Bu, Fələstin-İsrail münaqişəsinin ədalətli həllinə mənfi təsir edə, regionda təhlükəli fəsadlara gətirib çıxara bilər: Biz Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıyıq. Azərbaycan dəfələrlə Fələstinə yardım etmişdir. Biz daim Fələstin xalqının yanındayıq - deyə G.Baxşəliyeva vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan islam həmrəyliyi işinə böyük töhfə verir. 2017-ci il Azərbaycanda İslam həmrəyliyi ili elan edilmişdir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön sırasındadır.

Ötən il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman bayramı islamın sülh və mərhəmət dini olmasını bir daha dünyaya nümayiş etdirib. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan ötən ilin sonlarında Bakıda keçirilmiş İslam həmrəyliyi ilinin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olub.

İƏT Pİ-nın üzv dövlətlərinə və dünya müsəlmanlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva bir daha işğal faktoruna toxunaraq müsəlman dövlətlərinə çağırış edib: Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Sonra qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrinin məruzəçiləri çıxış ediblər. Siyasi məsələlər və xarici əlaqələr komitəsinin məruzəçisinin çıxışından sonra bu komitə tərəfindən təqdim edilən qətnamə layihələri də müzakirə edilərək qəbul edilib. Bu zaman komitənin müzakirəsinə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş iki qətnamə layihəsi də səsə qoyularaq, qəbul olunub.

Bu qətnamələrdə üzv ölkələr işğalçının təcavüzünü qəti şəkildə pisləyir, işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilmiş əməlləri insanlıq əleyhinə cinayət kimi dəyərləndirib və bu cinayəti törədənlərin cəzalandırılmasını qeyd ediblər. Bununla yanaşı, təcavüzkarı münaqişənin gələcək eskalasiyası imkanından və Azərbaycan ərazilərini işğal altında saxlamağa davam etməkdən məhrum etmək üçün bütün dövlətləri Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırılır və bildirilir ki, üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadə edilməməlidir.

Qətnamədə İƏT Parlament İttifaqı BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrinin icra edilməsini və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir, Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsində israr edir.

Təşkilat üzv dövlətləri, həmçinin beynəlxalq ictimaiyyətin digər üzvlərini də erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoymaq məqsədilə tələb olunan belə effektiv siyasi və iqtisadi vasitələrdən istifadə etməyə, bununla əlaqədar olaraq Ermənistan ərazisində iqtisadi fəaliyyətdən, sənaye, maliyyə və digər sahələrə investisiya qoyuluşundan çəkinməyə və bu ölkə ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırır.

İƏT-ə üzv dövlətlərdən öz milli və hüquqi qurumlarından Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində iqtisadi, turistik və digər fəaliyyətlərə cəlb olunmamağı xahiş edir.

Ermənistan ilə Azərbaycan arasında mövcud silahlı münaqişənin dövlətlərin ərazi toxunulmazlığı və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında ədalətli və sülh yolu ilə həll olunmasına və həmçinin Azərbaycanın məcburi köçürülmüş əhalisi, qaçqınlarının ayrılmaz hüququ olan öz evlərinə təhlükəsizlik, şərəfli şəkildə qayıtması hüququndan istifadə etməyə çağırır.

Digər qətnamədə isə İƏT Pİ üzv parlamentlərini Xocalı şəhərində və Azərbaycanın işğal edilmiş digər ərazilərində törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırır,

İƏT Anım günü proqramı çərçivəsində təşviq edilən və Xocalı soyqırımının tarixi həqiqətlərinin üzə çıxarılması məqsədi daşıyan Xocalıya ədalət! beynəlxalq vətəndaş maarifləndirilməsi kampaniyasını alqışlayır, bütün üzv parlamentlərini bu kampaniyanı dəstəkləməyə, onun fəaliyyətində iştirak etməyə dəvət edir.

Gövhər Baxşəliyeva onu da vurğulayıb ki, sessiya çərçivəsində qəbul edilən digər bir qətnamədə də Azərbaycanla bağlı bəndlər yer alıb: Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, eləcə də bu sahədə digər çoxsaylı tədbirlərə evsahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir. Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs islam abidələrinin mühafizəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, sözügedən sənəddə də bütün üzv dövlətlər bir daha ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.

Təşkilatın yekun Bəyannaməsinə də ölkəmizlə bağlı üç bənd daxil edilib və sessiya işini Tehran deklarasiyasının qəbul edilməsi ilə yekunlaşdırıb.

Yanvarın 17-də İranın ali dini lideri Seyid Əli Xamenei nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Görüşdə akademik Gövhər Baxşəliyeva ali dini rəhbərlə iki dövlət arasında münasibətlərin perspektivləri barədə qısa fikir mübadiləsi aparıb.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin digər görüşləri də olub. AMEA Şərqşünaslıq İnstitutunda ərəb dilinə tərcümə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlı broşürü sessiya iştirakçılarına paylanılıb.