Səs.-2018.-25 iyul.-¹138.-S.11.

 

İki əsrlik tarixi dövrün acı nəticələri

 

Nəzakət Ələddinqızı

 

Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistan dövləti yaratmaq ermənilərin yeritdiyi təcavüzkar siyasətin tərkib hissəsini təşkil edir. Yaxın keçmişimizin olayları nəticəsində, vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı Ermənistanda yaşayan azərbaycanlıların öz tarixi etnik torpaqlarından deportasiya olunması ermənilərin iki əsrlik tarix boyunca həyata keçirdiyi siyasətin davamıdır.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır: “Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir”.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Təkcə son dövrün olayları nəticəsində erməni terrorçuları tərəfindən zəbt olunmuş Qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalmışdır. XIX əsrdə İrəvan quberniyasında 310 məscid olub və həmin məscidlər ermənilər tərəfindən dağıdılıb. Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar vardır. Bu faktlar əsasında deyə bilərik ki, Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək, praktiki olaraq, mümkün deyildir.

Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş verir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizdəki abidələrin saxtalaşdırılması istiqamətində aparılan işlər Ermənistanın özünü təsdiqləmək, tarixi və mədəniyyətini yaratmaq siyasətinə xidmət edir.

Tarixə nəzər salsaq, görərik ki, Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. 1828-ci ildə bağlanan “Türkmənçay” müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan və Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalmışdır.

Ermənistan adlanan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyasətinə “Türkmənçay” sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli və məqsədli şəkildə həyata keçirildi. Tarixçi alimlərin araşdırmalarına əsasən, adların dəyişdirilməsi siyasəti inqilabdan sonra yeni vüsət alıb, minlərlə kənd adı məhv edilib, rəsmi qərarlarla adların bir qismi ruslaşdırılıb, bir qismi isə qondarma erməni adları ilə əvəz edilib.

Yaxın tariximizə nəzər salsaq, görərik ki, 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu rəsmi statistika Ermənistan prezidentinin fərmanı ilə 1991-ci ili əks etdirir. XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idi. Tarixçi alimlər ermənilərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək, bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Ardıcıl olaraq bir məqsədə doğru addımlayan ermənilərin saxta tarix siyasəti yazılmış mənbələr vasitəsi ilə təqdim edilir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir: “Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır, ilk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək Aleksandrovka qoyulub”. 1918-20-ci illərdə ermənilər xalqımızı soyqırımına məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yandırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımını da davam etdiriblər. Həmin dövrün materiallarını əks etdirən sənədlərdə qeyd olunur ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Molla Dursun - Şaumyan, Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. erməni mənşəli sözlərlə əvəzləndi. Ermənilər soyqırımı siyasətinin nəticəsində yer adlarımızın da soyqırımı zaman-zaman həyata keçirilib. Tarixi faktdır ki, SSRİ dövründə daha çox Azərbaycan toponimlərinə qarşı iddialı çıxışlar olub. Bunun nəticəsidir ki, imperiyanın ilk illərində Azərbaycana məxsus olan yer adları dəyişdirildi. Belə ki, 1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirildi. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Leninin razılığı ilə 1920-ci ildə onlar ərazi iddialarını təmin edə bilmişdilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb Ermənistan Respublikası yaratmaq naminə ermənilərə bağışlandı. Bu genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi. Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq, Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin, 1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin, 1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi. Tarixçi alimlərin fikirlərinə istinadən deyə bilərik ki, bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan, Daşqala-Karaberd, Bəzirxana-Dzithankov, Qızıltamur-Vosgevaz, Melikkənd-Melikgyuğ və s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərin - çayların, dağların, dərələrin, təpələrin, düzənliklərin adları belə dəyişdirilib erməniləşdirilmişdir. Dəqiq araşdırılmış faktlar sübut edir ki, indi Ermənistan adlanan ərazinin toponimlərinin əksəriyyətini türk mənşəli toponimlər təşkil edirdi. Ermənilərin türklərin, xüsusilə də, Azərbaycan türklərinin başlarına açdıqları oyunlar yalnız adların, toponimlərin dəyişdirilməsi ilə deyil, bütün sahələrdə özünü göstərir. Bu, erməni siyasətinin mənfurluğu, öz tarixini Azərbaycanın qədim tarixi üzərində qurmaq ideyasından pöhrələnir.

Buna baxmayaraq, əcdadlarımızın qoyduğu müqəddəs adlar tarixin səhifələrinə həkk olunub. Zaman həqiqətləri bərpada güclü silahdır. Bu reallıqlar erməni xislətini, Azərbaycana qarşı iddialı çıxışını əks etdirir.

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Bu gün ilk ad dəyişilmə zamanından 200 il keçir, iki əsrlik tarixi dövrün acı nəticələrini hələ də yaşayırıq.