Azərbaycan.-2018.-25 yanvar.-¹17.-S.1,7.; 26 yanvar.-¹18.-S.4.

 

20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi

 

Cəbi Bəhramov,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Vətəni, torpağı, daimi yaşayış yeri olmayan ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə ömür sürmüşlər. Yerli şəraitə “uyğunlaşmağı”, güclülərə “xidmət göstərməyi” yaxşı bacaran bu “alət millət” daim xəyanətkarlıq, satqınlıq “nümunəsini” də ortaya qoyub. Onların bu xislətlərindən yararlanmağa çalışan güclü dövlətlər zaman-zaman “xidmət”lərindən bəhrələnmişlər. Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına belə, kömək göstərərək lazımi şərait yaratmışlar. Sonralar ermənilər “Böyük Ermənistan” xülyasına düşərək ərazilərini genişləndirməyə başlamış, “erməni soyqırımı” mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış və qəddarlaşmış, kütləvi qırğınlar törətmişlər. Belə soyqırımlarının hədəfi isə ilk növbədə azərbaycanlılar olmuşlar.

Yüz il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi soyqırımı isə qəddarlığı və amansızlığı ilə seçilmiş, Azərbaycanın əyalətlərinə də yayılmışdır. Yetmiş illik sovet dövründə erməni vəhşilikləri və soyqırımları xalqdan gizlədilmiş, bu mövzuda danışmaq və yazmaq yasaq edilmişdir. Yalnız dövlət müstəqilliyi qazanılandan və ulu öndər Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayandan sonra keçmişdə törədilənlərə obyektiv siyasi qiymət verilmiş, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş, tariximizin “ağ ləkələr”dən təmizlənmiş halda yazılmasına şərait yaradılmışdır.

Bu günlərdə dövlət başçısı cənab İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır. Sərəncamda erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu məqsədlə “Azərbaycan” qəzetində tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törədilən, hətta bu gün də müxtəlif formada davam edən soyqırımları barədə aşkara çıxarılan faktlar, hadisələr əsasında sistemli şəkildə yazılar verilməsini nəzərdə tutmuşuq.

İkinci Dünya müharibəsinin qurtarmasına 115 gün qalmış, yəni 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu - baş patriarxın müavini, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ.V.Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı İ.V.Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürüləcəyini və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə “Razıyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.45-ci il” dərkənarını qoyur. 1945-ci il noyabrın 21-də SSRİ XKS “Sovet Ermənistanına xarici ölkələrdən ermənilərin qaytarılmaları ilə bağlı tədbirlər” haqqında 2947 saylı qətnamə qəbul edir.

Bu qərarı alan Ermənistan SSR-in rəhbəri G.Arutinov İ.V.Stalinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi ilə bağlı məktubla müraciət edir. İ.V.Stalin məktubu G.Malenkova ünvanlayır və məsələni Azərbaycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci il noyabrın 28-də UİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur. Qarabağın Azərbaycan torpağı olması ilə bağlı 6 tarixçi alimin elmi arayışını alan M.C.Bağırov 10 dekabr 1945-ci il tarixdə “tam məxfidir” qrifi ilə ÜİK(b)P MK katibi G.M.Malenkova göndərdiyi elmi cəhətdən əsaslandırılmış cavab məktubunda Sovet hakimiyyəti (1921-1929-cu illərdə Ermənistan SSR-ə verilən torpaqların ümumi sahəsi 20,8 min kvadratkilometr təşkil etmişdir - C.B.) illərində ilk dəfə itirilmiş Azərbaycan torpaqları problemini qaldırır və bununla da erməni millətçi dairələrinin planlarının pozulmasına nail olur.

Lakin rədd cavabı verilməsinə baxmayaraq, 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı “Xarici ölkələrdən “vətənləri” Sovet Ermənistanına qayıdan milliyyətcə erməni olan şəxslərin SSRİ vətəndaşlığı almaq qaydaları haqqında” adlı fərman verilir. Xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə repatriasiyası “Daşnaksütyun” partiyasının 1947-ci ilin iyununda keçirilmiş XIV konqresinin qəbul etdiyi qərarlarla bilavasitə bağlı idi. Bu qərarlarda isə repatriasiyanın “azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması və Ermənistan sərhədlərinin genişləndirilməsi” şəraitində baş verdiyi iddia edilirdi. Bu işə erməni Qriqoryan kilsəsi də xeyir-duasını vermişdi.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 1948-1950-ci illərdə 100 min nəfər - 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər azərbaycanlı “könüllülük prinsipinə əsasən” Azərbaycan SSR ərazilərinə köçürülməli idi. Qeyd edək ki, o zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. SSRİ hökumətinin qərarı ilə 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10.504, 1949-cu ildə 15.713 nəfər, 1950-ci ildə 12.332 nəfər, 1952-1953-cü illərdə 13.760 nəfər, 1954-1956-cı illərdə isə 5.876 nəfər olmuşdur. Ümumiyyətlə, Ermənistan SSR ərazisindən deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdi. Deportasiya tədbirləri Ermənistan SSR-in 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ən qədim zamanlardan yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

1953-cü ildə İ.V.Stalinin vəfatından sonra SSRİ dövləti rəhbərliyində baş verən dəyişikliyə ümid bəsləyən erməni Qriqoryan kilsəsi və Ermənistan SSR rəhbərliyi DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında bu dəfə N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə erməni Qriqoryan kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri olan Sadıq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün ruhani seminariyasının açılmasına, səhər və axşam kilsə zənginin vurulmasına icazə verilməsini və ən başlıcası, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsi təkliflərini irəli sürür. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir. Lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükəli olduğunu anlayaraq onu müzakirə etməkdən çəkinir. Erməni katolikosuna verilən sərt rədd cavabı Azərbaycan SSR rəhbərliyinə mərkəzi hökumətin münasibətinin dəyişməsinə səbəb olur. 1959-cu ildə Azərbaycan SSR rəhbərliyi millətçilikdə ittiham edilərək dəyişdirilir.

XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə antiazərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1960-cı il dekabrın əvvəlində Azərbaycan KP MK-ya ABŞ-ın Boston şəhərində erməni millətçilərinin nəşr etdikləri “Baykar” (“Mübarizə”) qəzetində “Sovet Azərbaycanı Prezidentinə” başlığı altında çap edilmiş müraciət daxil olur. Riyakarlıqla dolu olan bu müraciətdə Azərbaycan SSR-in iki erməni muxtar qurumunun - Naxçıvan MSSR və DQMV ərazilərinin Ermənistan SSR tərkibinə verilməsi təklif olunur və bunun “əbədi erməni - Azərbaycan qardaşlığı”nın “möhkəmlənməsinə” kömək edəcəyi qeyd olunurdu. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov MK-nın katibi Nazim Hacıyevə bu təxribatın qarşısını almaq və respublikanın ərazi bütövlüyünü qorumaq üçün əsaslı cavabın hazırlanması tapşırığını verir. Nazim Hacıyevin oğlu Aydın Hacıyev 2007-ci ildə nəşr etdirdiyi (“Vse ponyato, no ne vse prostito”. Baku. 2000 q.) əsərində yazır: “Atam məsələ ilə bağlı tarixçilərin, hüquqşünasların, kartoqrafların və MK-nın məsul işçilərinin də daxil olduğu xüsusi bir qrup təşkil etmişdi. Bu işdə çox fəal yardımı o zaman AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Əlövsət Quliyev göstərmişdi. Xüsusi qrupun hazırladığı bu sənəd arxiv sənədləri və xəritələrlə birlikdə Sov.İKP MK-ya göndərilmişdi. Sov.İKP MK-nın II katibi M.A.Suslov N.Hacıyevdən təcili Moskvaya gəlməyi tələb edir. N.Hacıyev Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ DTK-də məsul şəxslərlə görüşür və A.Mikoyanın Azərbaycana qarşı təşkil etdiyi təxribatın qarşısını almağa nail olur. Lakin bu onun həyatı bahasına başa gəlir. N.Hacıyev müzakirədən sonra SSRİ Səhiyyə Nazirliyi 4-cü Baş İdarəsinin xəstəxanasına düşür və ona “bədxassəli şiş” diaqnozu qoyulur. O, Kreml xəstəxanasının “işığı” sayılan Abramyan tərəfindən əməliyyat olunur. Nazim Hacıyevin Moskvaya gələn yaxın dostu akademik M.Topçubaşov əməliyyatın gedişatı ilə tanış olduqdan sonra, onun doğru aparılmadığını müəyyən edir. Beləliklə, Nazim Hacıyev 38 yaşında vəfat edir.

Azərbaycan SSR DQMV-də yaşayan ermənilər Ermənistan SSR rəhbərliyinə çoxsaylı müraciətlər ünvanlayaraq sözdən işə keçməyi tələb etməyə başladılar. 1968-ci il aprelin 23-24-də Ermənistan KP MK-nın birinci katibinə, respublika Nazirlər Sovetinin sədrinə və Ali Sovet sədrinə ünvanlanmış 100-ə qədər anonim məktub aşkar edilmişdi. “Əzəli erməni torpaqları”nın Ermənistan SSR-ə qaytarılması məsələsi bu məktubların əsas məzmununu təşkil edirdi. 1959-1961-ci illərdə Azərbaycan KP MK-nın II katibi işləmiş Vladimir Semiçastnı rusiyalı jurnalist Andrey Karaulova verdiyi müsahibəsində həmin dövrü belə xatırlayır: “...Qarabağ ətrafında müxtəlif şayiələr və dedi-qodular gəzirdi, qeyri-sağlam hadisələr baş verirdi... Mən onların konfransında çıxış edəndə mənə saysız-hesabsız suallar verdilər: bu belə deyil, o belə deyil. Mən onlara vəziyyətin nə yerdə olduğunu dedim. Sonradan orada kimi isə rəhbərlikdə dəyişdilər, vilayət komitəsinə ikinci katib təyin etdilər və vəziyyət bir qədər düzəldi”. 1960-cı illərin əvvəllərində SSRİ hökumətinin xaricdə yaşayan ermənilərə növbəti dəfə Sovet İttifaqına köçməyə icazə verməsi “Daşnaksütyun” partiyasının casusluqla məşğul olan bölmələrini xeyli fəallaşdırdı. Onlar repatriasiya kanalları vasitəsilə həmsərhəd olan ölkələrdən Ermənistan SSR ərazisinə müxtəlif təxribatçı qrupların keçirilməsinə çalışırdılar. Bunlar SSRİ Nazirlər Soveti DTK-nın II Baş İdarəsinin 1962-ci il fevralın 2-də Azərbaycan SSR DTK-nın II şöbəsinin rəisi Heydər Əliyevə göndərdiyi tam məxfi məktubda öz əksini tapmışdı. Heydər Əliyevin məktuba qoyduğu dərkənarda xarici ölkələrdə fəaliyyət göstərən erməni daşnak təşkilatlarının SSRİ sərhədlərinin Azərbaycan SSR sahəsini pozduqları halda yaxalanmaları haqda tapşırıq verilmişdi. 1962-ci il iyunun 24-də Azərbaycan SSR DTK-ya daxil olan məlumatda bildirilirdi ki, SSRİ dövlətinin başçısı N.S.Xruşşovun Ermənistan SSR-ə səfəri ərəfəsində erməni millətçiləri tərəfindən respublikada yaydıqları şayiəyə görə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxarılaraq Ermənistan SSR tərkibinə veriləcəyi gözlənilir. Bu məqsədlə N.S.Xruşşovun ünvanına 2500 nəfərin imzaladığı məktub göndərilmiş və burada DQMV-nin ya Ermənistan SSR, ya da ki, RSFSR tərkibinə verilməsi tələb olunurdu. Ermənistan SSR və DQMV-də yaşayan ermənilərin belə fəallaşmalarının bir səbəbi də xarici ölkələrdə yaşayan erməni diaspor təşkilatlarından aldıqları dini-ideoloji və maddi yardımlar idi. Bütün bu işlər isə Ermənistan SSR rəhbərliyinin himayəsi və nəzarəti altında həyata keçirildi. Buna görə də 1964-cü il mayın 18-də N.S.Xruşşova ünvanladıqları yeni müraciət bu sözlərlə bitirdi: “Biz Dağlıq Qarabağ məsələsinə dair qərarın təcili qəbul olunmasında təkid edirik: ya muxtar vilayət və ermənilərin yaşadıqları ətraf rayonlar Ermənistana birləşməlidir, ya da onlar birbaşa SSRİ-nin hissəsi olmalıdır”. 1965-ci ilin iyununda Azərbaycan Yazıçılar İttifaqının DQMV Filialının katibi B.Ulubabyan muxtar vilayətin erməni millətindən olan məsul partiya və sovet işçilərinin imzaladığı ərizəni Sovet İttifaqı KP MK-ya göndərir. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi bu barədə respublika rəhbərliyinə məlumat vermiş və təxribatçıların qarşısını almaq üçün zəruri tədbirlər görmüşdü. 1966-cı ildə respublikanın dövlət xüsusi xidmət orqanları gizli fəaliyyət göstərən, 40 nəfər üzvü olan “Erməni gənclər ittifaqı” adlı təşkilatın İrəvandan olan emissarları muxtar vilayətin ərazisində öz özəklərini təşkil etməyə cəhd göstərdikləri zaman respublika xüsusi xidmət orqanları tərəfindən qarşısı alınmışdı. 1966-cı ilin avqustunda Sovet İttifaqı KP MK-nın Baş katibi L.İ.Brejnevin ünvanına göndərilən və altında 2000-ə qədər erməni “ziyalı”sının imzası olan məktubda deyilirdi: “Qarabağ ərazisinə və milli tərkibinə görə Ermənistanındır, quruluşuna, mənəvi dünyası və məişətinə görə Ermənistanındır, Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın dili, incəsənəti və ədəbiyyatı ermənilərindir. Nəzərə alınsa ki, Ermənistan SSR mövcuddur, onun ayrılmaz hissəsini süni şəkildə Sovet Ermənistanından ayırmaq məqsədəuyğun deyil”. “Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin Sovet İttifaqı Kommunist Partiyasının XXIII qurultayına müraciəti” adlı bu məktub haqqında 1966-cı il sentyabrın 30-da Ermənistan KP MK-nın birinci katibi A.Koçinyanın və Nazirlər Sovetinin sədri B.Muradyanın Sovet İttifaqı KP MK-ya ünvanladıqları məktubda da məlumat verilir. Məktubun müəllifləri DQMV-nin və Naxçıvan MSSR-in yaranması ilə bağlı tarixi “faktları” və “sənədləri” istədikləri kimi yozaraq, daha doğrusu, saxtalaşdıraraq həmin ərazilərə olan iddialarını siyasi, iqtisadi və etnik amillərlə, “DQMV zəhmətkeşlərinin müxtəlif təbəqələrindən olan insanların Ermənistan KP MK-ya çoxsaylı məktubları” ilə əsaslandırmağa çalışırdılar. Həmin vaxt Azərbaycan SSR DTK sədrinin müavini işləmiş Heydər Əliyev sonralar, artıq Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə bu hadisələri belə xatırlayırdı: “Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. O vaxt Axundov məni çağırdı. Sov.İKP MK-nın qərarı idi, yazmışdılar ki, “Azərbaycan KP MK-ya - Axundova, Ermənistan KP MK-ya - Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə etsinlər”. Bu nə deməkdir? Deməli, Azərbaycanın məsələsini həll etməyi Ermənistana tapşırırlar. Elə bununla da onu həll edirdilər, - yəni “siz gedin, onlarla bu məsələni həll edin”. O deyəcək ki, mənim olmalıdır, biz də deyəcəyik ki, yox. Oturduq, məsləhətləşdik. Mən ona dedim ki, bilirsiniz, siz Moskvaya getməli və Brejnevlə görüşməlisiniz. Getdi və Brejnevi başa saldı. Brejnev anladı və özü o qərarı ləğv elədi. Bu, 67-ci ildə olan hadisədir”.

Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları fonunda 1967-ci ildə Azərbaycan SSR DQMV ətrafında vəziyyət yenidən gərginləşdi. Bu baxımdan Heydər Əliyevin 1967-ci il iyunun 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova yazdığı 10/579 ¹-li məxfi məktub diqqəti cəlb edir. Məktubda deyilirdi ki, iyun ayının 23-dən 24-ə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8x9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü.

Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə olmuş və qan tökülmüşdü. Azərbaycan SSR DQMV Martuni rayonunun Kurapatkino kəndində yerli kolxoz sədrinin oğlu, 8 yaşlı N.B.Movsesyan müəmmalı şəraitdə qətlə yetirilmişdi. Qətldə ermənilər yerli azərbaycanlıları - Ərşad, Ələmşad və Zöhrab Məmmədov qardaşlarını günahlandırmışdılar. 1967-ci il iyulun 3-də Xankəndidə Yay estrada parkında qardaşlara məhkəmə hökmü oxunduqdan sonra N.B.Movsesyanın valideynləri və başqa ermənilər mühafizəçilərə hücum edərək Məmmədov qardaşlarını vəhşicəsinə öldürmüş, onların hətta başlarının dərisini soymuşdular. Bu vəhşiliyə əvvəlcədən hazırlaşan qatillər daşları şəhərə maşınlarda gətirmişdilər. Həmin məsələni dərindən araşdırmaq üçün Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev Dağlıq Qarabağa ezam olunmuş, cinayətkarlar üzə çıxarılaraq həbs edilmişdilər. Xankəndi hadisələrinin təşkilatçıları ilə bağlı Bakıda keçirilən məhkəmə prosesi 5 nəfəri güllələnməyə məhkum etmiş, digər 14 nəfəri isə müxtəlif müddətə azadlıqdan məhrum etmişdi. Qeyd etmək lazımdır ki, bu məsələ Azərbaycan SSR Nazirlər Sovetinin iclasında müzakirə edilmişdi. Müşavirədə çox kəskin çıxış edən Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanov yaradılmış komissiyaya rəhbər təyin edilir. Qəbul edilmiş qərar əsasında mərkəzi hökumətə çox sərt məzmunlu müraciət hazırlanaraq göndərilir. O zaman Azərbaycan SSR DTK-nın sədri general-mayor Heydər Əliyev, Daxili İşlər Naziri general-mayor Məmməd Əlizadənin də daxil olduğu komissiya üzvləri Xankəndiyə yollanırlar. Erməni faşistləri tərəfindən yaradılmış ağır ictimai-siyasi vəziyyəti görən komissiya yeganə çıxış yolunun Dağlıq Qarabağın bütün ermənilərdən təmizlənməsi təklifini irəli sürür. Mərkəzi Komitənin birinci katibi V.Axundov təcili olaraq Moskvaya Sov.İKP MK Baş Katibi L.İ.Brejnevin yanına gedir və məsələni razılaşdırır. Xankəndidə işləyən komissiyanın sədri Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun təklifi ilə ermənilərin Ermənistan SSR-ə köçürülməsi ilə bağlı qəbul edilmiş qərar barədə bu respublikanın rəhbərliyinə müraciət ünvanlanır. Bundan sonra təcili olaraq 1000 ədəd avtobus və 5000 ədəd yük maşınının ermənilərin Dağlıq Qarabağdan Ermənistan SSR-ə köçürülməsi üçün göndərilməsi tapşırığı verilir və Ermənistan SSR rəhbərinə ikinci xəbərdarlıq məktubu ünvanlanır. Azərbaycan SSR rəhbərliyinin qəti mövqeyini görən Ermənistan SSR rəhbərliyi terrora əl atır. İki azərbaycanlını yandıran erməni terrorçuları bununla kifayətlənməyib Azərbaycan SSR Daxili İşlər Naziri M.Əlizadəyə sui-qəsd edir, o ayağından yaralanır. Vəziyyətin getdikcə kəskinləşdiyini görən SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin Azərbaycan SSR rəhbərliyinə zəng edir və Baş katib L.İ.Brejnevin artıq bu təklifdən imtina etdiyini bildirir, ermənilərin Ermənistan SSR-ə köçürülməsi işinin dayandırılmasını tələb edir. Lakin Azərbaycan SSR rəhbərliyi istintaqı davam etdirir.

1967-ci il hadisələri hələ uzun müddət respublika rəhbərliyini gərginlikdə saxladı. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR DTK-nın hazırladığı hesabatda DQMV ətrafında yaranmış vəziyyəti təhlil edərək yazırdı: “Bir çox hallarda vilayətdə siyasi cəhətdən mənfi və cəmiyyətə zidd hərəkətlər onların bilavasitə təşkilatçısı və iştirakçısı olan Ermənistan SSR-in bəzi millətçi əhvali-ruhiyyəli ünsürlərinin təsiri ilə baş verirdi. Bunu son 5 ildə toplanmış faktlar sübut edir. Ermənistan SSR-dən Xankəndiyə gələn şəxslər burada, guya DQMV-nin Ermənistan SSR-ə birləşəcəyi haqqında müxtəlif şayiələr yayırdılar, bununla bağlı xüsusi hazırlanmış müraciətlər üçün imzalar toplayırdılar, “Qarabağ ermənilərinə çağırış” adlı millətçilik ruhunda yazılmış müraciətləri və digər təxribat xarakterli çap materiallarını kütləvi şəkildə buraya gətirərək yayırdılar”.

 

1968-1969-cu illərdə də Dağlıq Qarabağda erməni millətçilərinin təxribatları davam etdi. Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev 1969-cu ilin aprel ayında Azərbaycan KP MK Partiya Nəzarəti Komitəsinə göndərdiyi məruzəsində yazırdı: “Dağlıq Qarabağ Muxtar Vilayətində millətçi əhvali-ruhiyyə mövcuddur. Son illərdə vilayətdə yaşayan millətçi ünsürlər və Ermənistan SSR-in bəzi sakinləri yerli əhalini vilayəti Azərbaycanın tərkibindən çıxararaq Ermənistana birləşdirilməsini qızışdırmaq üçün cəhdlər göstərirlər. Gənclərin bəzi hissəsi, o cümlədən komsomolçular da millətçi ünsürlərin təsiri altına düşürlər. Gənclər arasında millətçi əhvali-ruhiyyə 1968-ci ildə də yer almışdı”.

1968-ci ildə Ermənistan SSR-in Şəmşəddin rayonu ilə Azərbaycan SSR-in Gədəbəy rayonu arasında torpaq zəminində münaqişə baş vermişdi. Yaranmış vəziyyəti nizama salmaq üçün Sovet İttifaqı Kommunist Partiyasının 1968-ci il 23 iyun və SSRİ Nazirlər Sovetinin 1968-ci il 10 və 20 iyun tarixli tapşırıqlarına əsasən 1968-ci il oktyabrın 28-də Ermənistan KP MK-nın birinci katibi A.Koçinyanın, Azərbaycan KP MK-nın birinci katibi V.Axundovun və SSRİ kənd təsərrüfatı naziri V.Maskeviçin imzaları ilə yaranmış torpaq mübahisəsinin həlli üzrə xüsusi sənəd qəbul edilmişdi. Qəbul edilmiş sənədin 4-cü maddəsinə əsasən Ermənistan SSR və Azərbaycan SSR Ali sovetlərinə tapşırılmışdı ki, hər iki respublikanın paritet komissiyaları tərəfindən 1927-1929-cu illərdə Zaqafqaziya FSSR MİK qərarları əsasında hazırlanmış sərhədlərin qrafik təsviri baxılsın və təsdiq edilsin. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İsgəndərov və katibi Z.Şükürovanın 1969-cu il may ayının 7-də imzaladıqları “Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı sərhədin qrafik təsvirinin təsdiq edilməsi haqqında” iki maddədən ibarət qərarda (¹805-VII) deyilirdi ki, Azərbaycan SSR ilə Ermənistan SSR arasında Zaqafqaziya MİK tərəfindən təsdiq edilmiş sərhədin göstərilən respublikaların paritet komissiyası tərəfindən 1:25.000 miqyaslı topoqrafik xəritələrin vərəqələrinə keçirilmişdir və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təqdim olunmuş qrafik təsviri bəyənilsin; Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, respublika sərhədi təsvirinin müvafiq sahələrdə Ermənistan SSR nümayəndələri ilə birlikdə naturaya keçirilməsini 1969-cu il noyabrın 1-dək təmin etsin. Azərbaycan KP MK Bürosunun 1969-cu il 21 may tarixdə keçirilən iclasında (pr. ¹100, 4-q) iki respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair Azərbaycan SSR Ali Sovetinin qərar layihəsi bəyənildi.

Lakin 1968-ci il 28 oktyabr tarixli qərarı ilə müəyyən edilmiş sərhədlər Gədəbəy rayonu Hacılar kəndinin əhalisinin etirazına səbəb olmuş və onlar 1969-cu ilin iyun ayında müəyyən olunmuş sərhəd zolağından kənarda qalmış torpaqlarının onlara qaytarılmasını tələb etmişdilər. Arxiv sənədlərindən məlum olur ki, Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən bir həftə sonra, 1969-cu il iyulun 22-də Azərbaycan KP MK Bürosunun iclasında Gədəbəy rayonunun kolxozları ətrafında yaranmış ağır vəziyyət haqqında məsələni cəsarətlə qaldırmış və müzakirə etmişdi. Nəticədə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin və Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ə.Əlixanovun imzası ilə Gədəbəy rayonu kolxozlarının iqtisadiyyatının dirçəlməsi, sosial problemlərinin həlli məqsədilə 9 maddədən ibarət geniş tədbirlər planını nəzərdə tutan xüsusi qərar qəbul edilmişdi. Onu da qeyd etmək lazımdır ki, 1982-ci ilin dekabrında Heydər Əliyevin Moskvaya yeni vəzifəyə keçdikdən sonra iki respublika arasında yenidən sərhədlərin ayrı-ayrı sahələri üzrə mübahisələr yaranmışdı.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni Qriqoryan kilsəsinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclas protokolu. 23 noyabr 1977-ci il, ¹ 61, 11-4133). Məsələdən xəbər tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atır. O, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor İ.H.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan torpağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir. Professor İ.H.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o zaman Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova belə bir elmi arayış təqdim etdiyini söyləyir. Bu arayışı yenidən işləyərək Heydər Əliyevə təqdim etməyi təklif edir. Elmi arayış hazır olduqdan sonra Azərbaycan KP MK Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbəri L.İ.Brejnevə təqdim olunur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur.

Əslində, Heydər Əliyevin SSRİ rəhbərliyində olan nüfuzu erməni Qriqoryan kilsəsini və erməni millətçi-separatçılarını çox narahat edirdi. Buna görə də ulu öndər 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra ermənilər Azərbaycan SSR rəhbərliyində yaranmış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonunun 5 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əhalisinin qəti etirazına baxmayaraq, respublika rəhbərliyinin razılığını ala bilmişdilər. Qazax rayonu camaatı onları sakitləşdirməyə gələn Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinini qovduqdan sonra sovet hərbçilərinin köməyi ilə xalqın etirazı yatırılmışdı.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başladı. 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-aşkar şəkildə təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma erməni soyqırımının 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, H.Ə.Əliyevin, N.A.Tixonovun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçiyanın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin onun bu mövqeyini də unutmur.

Buna görə də M.S.Qorbaçov 1987-ci il oktyabr ayının 20-də Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin və cinayətkar niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa da bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan “Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi.

“Qarabağ” komitəsinin Azərbaycan SSR-də, xüsusən DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı “Krunk” adı altında açıq fəal fəaliyyətə başlamışdı. 1988-ci il martın 2-də “DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi” - iri müəssisə rəhbərlərini birləşdirən

“55-lər komitə”si yaradılmışdı.

1988-ci il fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində antiazərbaycan təxribatı törətdikdən sonra bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - İrəvan şəhəri də daxil olmaqla 185 kənddən və başqa yaşayış məntəqələrindən 250 min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatın əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi və qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir neçə minlik rus əhali Ermənistan SSR-dən çıxarıldı.

1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün güclənməsi nəticəsində deportasiya olunan bütün azərbaycanlı əhali Azərbaycana pənah gətirdi və bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu. SSRİ hökuməti Azərbaycan xalqına qarşı düşmən siyasəti yeritdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü genişləndi.

1990-cı il yanvarın 20-də SSRİ Prezidenti M.S.Qorbaçov ermənilərin ərazi iddialarına qarşı etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ və Azərbaycan SSR-in konstitusiyaları və respublikanın suveren hüquqlarının pozularaq qoşun yeridilməsi haqqında fərman verdi və Azərbaycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətini M.S.Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz olaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk etdiyini bəyan edərək vətəni Azərbaycana qayıtdı. Heydər Əliyevin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün hər cür təxribatlara əl atıldı və terror aktı ilə hədələndi. Həyatı üçün real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev Naxçıvan MR-ə getməyə məcbur oldu. Ulu öndər 1990-1993-cü illərdə ağır blokada şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-də yaşadı, onun sərhədlərinin qorunması üçün mümkün olmayanı belə mümkün etdi.

Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt məzmunda məruzə ilə çıxış etdi və o zaman Azərbaycan dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını söylədi. Lakin ümummilli liderin irəli sürdüyü təkliflər respublika rəhbərliyi tərəfindən qəbul edilmədiyi üçün çox qısa bir zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən çox ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd rayonunun Qaradağlı kəndinə güclü hücuma başladılar. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə yetirərək silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan “dövləti” Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-dək 206 terror aktı həyata keçirilmişdi.

Erməni quldurları Rusiya Federasiyası MN-ə məxsus Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqmi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Xocalı soyqırımı zamanı 1275 nəfər əsir alınmış, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.

Hadisələri ilk olaraq vidiolentə köçürən Azərbaycan jurnalistləri Seyidağa Mövsümlü və Çingiz Mustafayevin çəkdikləri görüntülərdən məlum oldu ki, öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.

Erməni quldurları keçmiş SSRİ-nin hərbi dairələrinin köməyinə arxalanmaqla 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmiş, etnik təmizləmə aparmış və nəticədə Azərbaycan Respublikasının 1 milyon 10 mindən çox vətəndaşı öz ölkəsində qaçqına çevrilmişdir. Hərbi təcavüz nəticəsində 100 min nəfər yaralanmış, 50 min şikəst olmuş, 20 min nəfər şəhid olmuş, 4853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qadındır. Bugünədək əsir və girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd edək ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin adı məlum olduğu halda, 74 nəfərin kimliyi bilinmir. 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının DQMV-nin ərazisi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ilə ölkəmizə qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü il iyulun 24-dən oktyabrın 28-dək havadarlarının hərbi-siyasi yardımı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təcavüz nəticəsində Laçın rayonundan 71 min, Kəlbəcər rayonundan 74 min, Ağdam rayonundan 165 min 600, Füzuli rayonundan 146 min, Cəbrayıl rayonundan 60 min, Qubadlı rayonundan 87 min 900, Zəngilan rayonundan isə 39 min nəfər Azərbaycan Respublikası vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü.

Bu münaqişə beynəlxalq münaqişəyə çevrildiyi üçün artıq 1992-ci il mart ayının 24-də münaqişənin tənzimlənməsi üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu yaradıldı.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı qətnamələr, 1992-ci ildə yaradılmış Minsk qrupunun bütün səylərinə baxmayaraq, yerinə yetirilməmiş qalır.

1993-cü il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə və ilk növbədə cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və Azərbaycan xalqının ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Lakin 1993-cü ilin iyulundan noyabrınadək Ermənistanın hərbi təcavüzünün genişlənməsi nəticəsində yeddi rayon işğal olundu. Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni ordu quruculuğu sahəsində atılan addımlar hesabına düşmənə ağır və sarsıdıcı zərbələr vuruldu, işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi və 1994-cü il mayın 12-də atəşkəs imzalandı.

Ermənistanın 1988-1994-cü illərdə həyata keçirdiyi işğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 milyon kvadratmetr olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur. Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 320 milyard ABŞ dollarından çoxdur.

Lakin biz o torpaqlara qayıdacağıq. Bunu dövlətimizin gücü, Prezidentimizin iradəsi, ədalətin biz tərəfdə olması və istənilən işğalçının hər zaman məğlubiyyətə uğraması təcrübəsi vəd edir. Keçən il Cocuq Mərcanlıdan Böyük Qayıdışımızın başlanması da deyiləni təsdiqləyir.