Səs.-2018.-25 iyul.-¹138.-S.6.

 

Naxçıvan islam mədəniyyətinə və bəşəri dəyərlərə töhfələr verir

 

Zümrüd Bayramova

 

Qədim və zəngin tarixə malik Azərbaycan çoxəsrlik dövründə mədəniyyət və incəsənət nümunələri ilə dünyanın diqqətini üzərində cəmləşdirmişdir. Azərbaycanın elə bir bölgəsi və ərazisi yoxdur ki, oradakı abidələr ölkəmizin tarixindən xəbər verməsin. Qədimliyi ilə tarix yazan Naxçıvan maddi mədəniyyət abidələri ilə seçilir və minilliklərdən soraq verir. Naxçıvan həyatının canlı salnamələri tarixi abidələrin daş yaddaşına həkk olunub.

 

Gəmiqaya, Fərhad Evi, Əshabi-Kəhf, Yusif ibn Küseyr Türbəsi, Möminə Xatun Türbəsi, Gülüstan Türbəsi, Xanəgah Türbəsi, Qazançi körpüsü, Naxçivan Cümə məscidi, Qeysəriyyə, Şərq hamamı, Naxçivan buzxanası və digərləri bu diyarın ifadəsidir. Qeyd edim ki, ümumilikdə, Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala”, “Nuh” Türbəsi, “Qarabağlar”, “Möminə xatın” türbələri, Əlincəqala və digər abidələrin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi baxımdan, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Məhz bu amillər İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş altıncı konfransında 2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunmasını şərtləndirir. Həmin qərar Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.

Müasir dünyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirdiyi və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim etdiyi zamanda Naxçıvanın islam Mədəniyyətinin Paytaxtı seçilməsi tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür: “Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub-yaşadılmasında özünəməxsus rol oynamışdır”.

Naxçıvan mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyasının beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub-yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda dünya əhəmiyyətli abidələrin olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir. Belə ki, özünün adı, ecazkar gözəlliyi ilə seçilən Gəmiqaya Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil edilib. Gəmiqaya qayaüstü rəsmləri Qədim Naxçıvanın tunc və ilk dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda nəhəng gəmiyə bənzəyir. Burada e. ə. 4-1-ci minilliklərə aid qayaüstü rəsmlər-piktoqramlar var. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5-6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri və qayaüstü təsvirlər aşkara çıxarılmışdır. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri-keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov və rəqs səhnələri diqqəti cəlb edir. Gəmiqayada çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr-dairələr, dördbucaqlı, üçbucaqlı, çərxi-fələk nişanı və s. həkk olunmuşdur. Bu cür işarələr Naxçıvanda Kültəpənin e.ə. 2-ci minilliyə aid orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır. Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan verir və onların Qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərir.

Naxçıvan şəhərində tarix-memarlıq abidəsi olan Möminə Xatun Türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi kimi tarixdə əksini tapıb. Şərq memarlığı incilərindən biri olaraq 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilib. Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin Məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında “Atabəy Günbəzi” adı ilə qalmışdır. Abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəgiz, onun arvadı Möminə Xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının baş daşları vaxtilə oğurlanıb aparılmışdır. 2003-cü ildə Sərbadədə qiymətli daşdan nəfis şəkildə əsaslı bərpa işləri aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, zəngin tərtibata malikdir.

Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Məşhur incəsənət tarixçisi, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.V. Alpatov türbə haqqında yazır: “XII əsr Azərbaycan ustalarının Naxçıvanda yaratdığı Möminə Xatun Türbəsi nadir gözəllik və zəriflik abidəsidir. Möminə Xatun Türbəsi Şərqin ən gözəl klassik əsərləri-Firdovsinin “Şahnamə”si və Nizaminin “Leyli və Məcnun”u kimi əbədidir”. Alpatovun fikrincə, o dövrün Orta Avropa memarlığında da belə gözəl abidəyə rast gəlmək olmur. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.

Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan Sarayı Şərq memarlıq üslubunda tikilmişdir. Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən artıqdır. Burada, demək olar, bütün xalça növlərinin və xalça məmulatlarının (məfrəş, heybə, xurcun, çuval, örkən və s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə “Qollu çiçi”, “Pirəbədil”, “Alpan”, “Qədim əfşan”, “Ovçuluq”, “Zili”, “Köhnə buta”, “Naxçıvan”, “Qasımuşağı” və s. xalçalarla yanaşı, süjetli xalçalar - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K. Əliyev), “Leyli və Məcnun”, “Qarabağ mənzərəsi”, “Boz qurdlar”, “Gəncə gözəli” və s. əhəmiyyətli yer tutur. Muzeydə məişət əşyaları - misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.

Naxçıvanın bu və ya digər maddi-mədəniyyət nümunələri onun zəngin və qədim tarixindən dəyərli məlumatları təqdim edir.