Azərbaycan.-2018.-7 yanvar.-3.-S.4.

 

Ayırma siyasəti

 

Şirməmməd Hüseynov

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə növbəti ildə təntənə ilə qeyd edəcəyik.

Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

 

Tarixin önünə keçiləməz. O, irəlilədikcə qarşısında duran məsələləri də HİSS etdirmədən həll edər keçər. Fəqət Moskvanın qırmızı diktatorluğu bin dürlü siyasəti ilə yeri gəldikcə hiylə və güclə, tarixin məcrasını pozmağa çalışıyor. Anadolu türk qardaşlarımızla Rusiya türkləri arasındakı mədəni və elmi əlaqənin kəsilməsi haqqındakı rus tədbirlərindən sonra təbiidir ki, Rusiya türkləri kəndi aralarında mədəni və elmi əlaqə yaratmaqda yeni tədbirlər alacaq və bunun üçün istinadgah olaraq, şübhəsiz, bir çox elmi müəssisələrə sahib olan Azərbaycan türk qardaşlarını bulacaqlardı. Şimdiyə qədər bolşeviklərin təzyiqinə baxmayaraq Rusiya türkləri arasında mədəni əlaqə get-gedə irəliliyor və xüsusən türkistanlı (özbək, türkmən, qırğız) və dağıstanlı (qumuq) qardaşlarımızla daha sıx rabitə hasil oluyordu. Böylə ki, 1922-də Türkistan və Dağıstan maarif dairələri birinci və ikinci dərəcəli məktəblər üçün Bakıda Azərnəşr-dən götürdükləri tədris kitablarının fiatı on iki min rublə miqdarında ikən 1923-24 sənələrində 35 min rubləyə, 25 ilində isə 50 min rubləyə baliğ oluyordu1. Bundan maəda Azərbaycandan müəllimlərin dəvəti və Azərbaycan darülfünununa, Ali Pedaqoji İnstitutuna və darülmüəllimlərinə TƏHSİL üçün gələn tələbələr ildən-ilə çoxalıyordu. Qardaşlarımızın Bakıda ictimai işlərdə iştirakları türk elləri arasında təsanüdü gündən-günə artırıyordu. Bakıda bunlar tərəfindən təşkil edilmiş Türkistan, Dağıstan, Krım və Şimali Qafqasiya tələbələri yurdu vardır. Əvət, bu türk qardaşlarımızla xüsusi görüşlərdə Azərbaycan türklüyün bilim yurdu olacaqdır - demələri gələcəyə olan inamımızı qəviləşdiriyordu...

Bundan dolayı əlaqə o qədər irəliləmişdi ki, Özbəkistan maarif komissarlığı Bakıda türk müəllimlərinin idarə etmələri şərtilə bir darülmüəllimin açmaq fikrinə düşmüşdü. Əlavə olaraq Azərbaycandan Orta Türkistan məktəblərinə yeni müəllimlər dəvət olunuyordu. İşin bu yerə gəldiyini görən bolşeviklər daha 20 sənəsindən etibarən satılıq bəzi tatar kommunistləri vasitəsi ilə Dağıstan və Türkistanda tatar nəşriyyatını Azərbaycan nəşriyyatı ilə rəqabətə sövq etmişdi. Buralarda beynəlmilliyyətçi tatar kommunistlər Moskvanın əmrilə, siyasət icabi bir pantatarçı kəsilərək Türkistan və kumıq türk ləhcələrinin tatar LƏHCƏSİNƏ daha yaxın və məktəblərdə istifadə üçün tədris kitablarının daha müsaid olduğunu söyləməklə, Azərbaycan ləhcəsinin İstanbul ədəbi türk lisanına yaxınlaşdığını göstərərək zərərli olduğunu isbata çalışıyorlardı. (Unutmamaq lazımdır ki, burada Moskvanın qorxduğu digər şey İstanbul ədəbi türkcəsidir. Çünki bu lisan Türkistan, kumıq, Krım və Azərbaycan üzərində pək müəssərdir.)

Fəqət bütün bu fitnələr nəticəsiz qaldı. Dağıstan rəsmi surətdə dövlət dili olaraq Azərbaycan türkcəsini qəbul etdi. Türkistanlı və Krımlı qardaşlarımız isə gündən-günə bu lisana yaqlaşmağa başladılar. Şimdi də Moskva yeni bir maddə ilə bu birləşmənin qarşısına çıxıyor. Kommunist katibi - ümumilərindən Zelinski satılıq türkistanlı kommunistlər vasitəsi ilə Türkistan ölkə kommunist firqəsi içərisinə moskvaçılıq və bakıçılıq məsələsini atdı. Moskvaçılar Türkistanın mədəni və elmi əlaqəsini Moskvaya, rus dilinə bağlayıb Azərbaycandan ayırmaq üçün təhsilə gedən tələbələrin Moskvaya göndərilməsini, tədris kitablarının Moskva Şərq nəşriyyatına sifariş edilməsini təklif etmələri ilə, Bakıya gedən türkistanlı tələbənin Azərbaycandaki milliyyətçilik və istiqlal məfkurəsi ilə aşılanaraq gəldiklərini dəlil göstərərək Azərbaycan millətçidir və millətçilər yetişdiriyor - deyirlər. Türkistandakı azərbaycanlı müəllimlərə qarşı ədavət törətməkdən çəkinmiyorlar. Bakıçılar isə mədəni əlaqələrinin Azərbaycan ilə saxlanılması lüzumunu isbata hacət olmayan tarixi birliyi, mədəniyyət aləminə girmək üçün bir lisana ehtiyac olduğunu, Rusiyada təhsil görmənin həm çətin olduğunu, həm də Türkistanı ruslaşdıracağını və rus harsını hakim qılacağını göstərməklə qonşu türk sovet cümhuriyyətinə qarşı açılan bu mücadiləyə heyrət ediyorlar. 25-ci ildən etibarən davam edilən bu mücadilə 26-cı ildə kəskin bir şəklə girdi. Ədavəti daha ziyadə ciddiləşdirmək üçün Bakıdakı rus kommunistlərinin gizli əmri ilə Bakı darülmüəlliminin müdiri rus uşağı Pənah Qasımov məktəbdə təhsildə bulunan beş türkistanlı tələbəni məktəbdən qovdu. Bakıdakı türkistanlı tələbələr təşkilatına və tələbələrin kəndilərinə yatıb qalxmaq üçün bina vermədilər, Bakıda açılmasına təşəbbüs olunan özbək darülmüəlliminə mane oldular. Səmərqənddə özbək maarif komissarlığında oraya vəzifəyə gedən azərbaycanlı orta məktəb müəllimlərini geri çevirdilər. Nəticədə moskvaçılar qalib gəldi. 26 və 27-ci tədris sənəsində Türkistandan Bakıya ancaq bir tələbə gəldi. Krımdan isə heç gəlmədi. Türkistandan gələn bir tələbəni də darülfünuna qəbul etmədən geri çevirdilər. Halbuki indiyə qədər gec, yaxud hazırlıqsız gəlmələrinə baxmayaraq qəbul ediliyor və lazımi yardım rəsmi dairələrdən olmasa da ediliyordu. Bundan maəda 3 ildir ki, Bakıda Azərbaycan Ali Pedaqoji İnstitutunda təhsildə bulunan üç əfəndinin Özbəkistan maarif komissarlığı tərəfindən təyinatları kəsilmiş və təhsillərinə davam imkanı verilməmişdir. Halbuki bu zavallılar gələn sənə məktəbi bitirəcək və ali tərbiyə ilə xəlqlərinə xidmət edəcəklərdi. Bundan başqa Azərbaycan nəşriyyatından beş paralıq olsa da Türkistana nəşriyyat götürülmiyor. Bakıdakı türkistanlı tələbənin söylədiklərinə görə tədris kitablarına pək çox ehtiyacları vardır. Böylə ikən Azərbaycanda az-çox mövcud bulunan kitablardan da istifadəyə imkan verilmiyor.

Mənfur qızıl rus siyasəti Azərbaycanda gündən-günə artan istiqlal mücadiləsinin qonşu türk ölkələrinə də ilham verəcəyini oradakı milli hərəkətləri daha qüvvətləndirəcəyini biliyor. Krımda rusçuları, Dağıstanda ərəbçiləri, Türkistanda moskvaçıları silahlandıraraq min bir fırıldaqla kəndilərini bəkləyən təhlükənin önünə keçmək istiyor. Lakin əsarət altında əzilən bütün türk ellərinə istiqlal məfkurəsinin ilham ocağı Azərbaycanın şüurlu və qəyur gənclərinin:

 

Zənn etmə ki böylə müxalif illər

İmanlı yolçuyu yolundan eylər.

Sən bildiyin kimi əyri yol göstər,

Mən də güvənmişəm ürfanıma, sus!

 

cavablarını oxusunlar da düşünsünlər: tarixin cərəyanı durdurulamaz!

 

Hüseynzadə Qara

Yeni Qafqasiya məcmuəsi, 27 nisan 1927, 10

 

1 Azərbaycan dövlət nəşriyyat idarəsinin statistik məlumatına görə.