Xalq qəzeti.-2018.-28 iyul.-166.-S.3.

 

Azərbaycan Türkiyə münasibətləri: qardaşlıq və səmimiyyət mücəssəməsi

 

İki ölkənin yeni seçilmiş liderlərinin, dövlət rəsmilərinin qarşılıqlı səfərləri qırılmaz bağları daha da gücləndirir

 

Səbuhi Məmmədov

 

Azərbaycan Türkiyə strateji münasibətlərinin yüksək səviyyəsi dövlətlərarası əlaqələrin tarixində nadir hadisə kimi qiymətləndirilir. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirmişdir. İstər Azərbaycanda, istərsə Türkiyədə yeni hökumət fəaliyyətə başlayan zaman yüksək vəzifəli dövlət xadimlərinin ilk xarici səfərlərini Ankaraya və Bakıya etmələri əlaqələrin qarşılıqlı etimad və inam əsasında qurulmasından xəbər verməklə yanaşı, dünyaya Bir millət, iki dövlət" deyiminin reallığı əks etdirdiyini təsdiqləyən mühüm ismarıc da göndərir. 

 

İki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri Bir millət, iki dövlət kimi xarakterizə edən böyük siyasi xadim hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu 1992-ci ildə Türkiyə rəhbərliyi ilə birlikdə Qars müqaviləsini yenidən imzalamış, blokada şəraitində yaşayan qədim diyarın qardaş ölkə ilə 11 kilometrlik hissəsində, Araz çayı üzərində Ümid körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsini təmin etmişdi. İki qardaş ölkəni bir-birinə bağlayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz əməyi olmuşdur. Prezident İlham Əliyev də ümummilli liderin müəyyənləşdirdiyi bu strateji hədəflər istiqamətində önəmli addımlar atmışdır. Məhz belə misilsiz fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan ilə Türkiyə Avrasiya kontinentinin Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsinin müsbətə doğru dəyişdirilməsinə nail olmaqla yanaşı, Qərbin enerji təhlükəsizliyinin güclənməsinə də mühüm dəstək vermişlər. Belə ki, tərəflər arasında diplomatik münasibətlərin yaradılmasından indiyədək keçirilən görüşlər, aparılan müzakirələrdən sonra ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanmışdır. Türkiyə ilə Azərbaycan birlikdə Qərb üçün strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən müqavilələr imzalamaqla, enerjiyə olan tələbatın şaxələnməsinə güclü imkan vermişdir. 

Azərbaycan Respublikasının Prezidenti seçkidən sonra ənənəvi olaraq cari il iyun ayının 12-də Türkiyəyə səfəri zamanı da qardaş ölkə ilə münasibətləri daha da gücləndirən layihənin TANAP layihəsinin açılış mərasimində iştirak etmişdir. Trans-Anadolu qaz kəməri layihəsinin icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə etmişlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynamışdır. Bundan başqa, TANAP-ın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirmişdi ki, Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir, deyən dövlət başçımız əlavə etmişdi ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz, həm xalqlarımız, bölgəmiz, həm də Avrasiya üçün önəmli amildir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında TANAP layihəsinin reallaşmasının, hər şeydən əvvəl, Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Bundan başqa, istehsalçı, tranzit və istehlakçı ölkələrlə şirkətlər arasındakı uzlaşma və qarşılıqlı anlaşma birliyi prosesin sürətləndirilməsinə töhfə verib. Bu baxımdan TANAP, eyni zamanda, çoxtərəfli əməkdaşlığın nümunəsidir. Enerjini münaqişə deyil, əməkdaşlıq zəmini olaraq görən anlayışımız TANAP sayəsində bir daha təsdiqini tapdı, deyən qardaş ölkə lideri bununla əlaqədar xüsusilə Prezident İlham Əliyevə çox təşəkkür etdiyini açıqlamışdı. 

Ümumiyyətlə, Türkiyə Qafqaz siyasətini həmişə diqqət mərkəzində saxlamış və regionda cərəyan edən proseslərə fəal müdaxilə etməyə çalışmışdır. Hazırda Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır. Naxçıvan MR istisna olmaqla, quru və dəniz sərhədlərinin olmamasına baxmayaraq, Türkiyə və Azərbaycan münasibətlərini strateji səviyyədə inkişaf etdirməyə nail olmuşlar. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yaratması üçün mühüm vasitə rolunu oynayır. Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir. 

Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana edərək, iki ölkə arasında münasibətlərin qırılmaz bağlarla bir-birinə sarıldığını bir daha nümayiş etdirməsi və səsləndirdiyi bəyanatla ikitərəfli münasibətlərin yüksələn xətlə bundan sonra da inkişaf edəcəyini təsdiqləmişdi. Cari il iyul ayının 12-də keçirilən Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşündə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunmuşdu.

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarında da ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətinə dair mühüm bəyanatlar səsləndirilmişdi. Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir, deyən Prezident İlham Əliyev bildirmişdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir. Ölkə başçısı bəyanatında bir daha diqqətə çatdırmışdı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir və tərəflər bütün beynəlxalq məsələlərdə bir-birini daim dəstəkləyirlər. 

Prezident İlham Əliyev Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdiyini də xatırlatmış və xüsusilə vurğulamışdı ki, dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirmişdi ki, Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik: Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək.

Cari il iyulun 24-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana ilk xarici səfəri çərçivəsində də rəsmi Ankaranın ölkəmizin problemlərinə olan münasibətini bir daha açıqladı və qardaş respublikalar arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycanın Baş naziri Novruz Məmmədov Mövlud Çavuşoğlu ilə görüşdə ulu öndər Heydər Əliyevin Bir millət, iki dövlət kəlamını xatırladaraq Azərbaycanla Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulamış və bildirmişdir ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. 

Mövlud Çavuşoğlu ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq demişdir ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Jurnalistlərə müsahibəsində cənab Çavuşoğlu Türkiyədə yeni hökumətin qurulmasından sonra ənənəvi olaraq ilk xarici səfərini Azərbaycana etdiyini söyləmişdir. O, Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra ilk xarici səfərini bir neçə gün öncə Azərbaycana etdiyini xatırlatmış və bunun önəmini qeyd etmişdir. 

Xarici İşlər Nazirliyində keçirilən görüşdə də bir sıra mühüm bəyanatlar səslənmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirilən mətbuat konfransında demişdir ki, beynəlxalq təşkilatlarda, ilk növbədə Avropa Şurasında əməkdaşlıq müzakirə olunmuşdur. Bundan başqa, nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd etmişlər. Azərbaycan ilə Türkiyə arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini qeyd edən nazirlər artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin əhəmiyyətinə toxunmuşlar. Cənab Çavuşoğlu mətbuat konfransında Türkiyə və Azərbaycanın birgə fəaliyyəti təkcə ölkələrimiz deyil, bütövlükdə region üçün önəmli olduğunu vurğulamış və həyata keçirilən birgə layihələrin regionda böyük iqtisadi inkişafa səbəb olacağını diqqətə çatdırmışdır. 

Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Dövlətlərimiz arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Qarşılıqlı səfərlər və həyata keçirilən tədbirlər də məhz belə deməyə əsas verir.