Azərbaycan.-2018.-26 iyul.-164.-S.1-2.

 

Müstəqil siyasətin qətiyyətli ifadəsi

 

İlham Əliyevin son iki həftədə keçirdiyi mühüm görüşlər Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması ilə bağlı aparılan danışıqlara töhfə verdi

 

R.Baxşəliyev

 

Müstəqil Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, təbii ki, Avropa İttifaqı ilə tərəfdaşlıqdır. Son 15 ildə həyata keçirilən müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyətli dövlətə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda böyük təcrübəyə malikdir. Ölkəmiz demək olar ki, qurumun üzvü olan dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün bunların isə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanmasına müsbət təsir göstərdiyini əminliklə söyləyə bilərik.

 

Avropa İttifaqı iqtisadiyyatımıza 20 milyard dollardan çox investisiya yatırıb

 

Ötən ilin fevral ayından Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişlə bağlı fəal danışıqlara başlanılıb. Noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində çıxış edən Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və idxal-ixracatın 50 faizinin üzv ölkələrlə olan ticarətin təşkil etdiyini vurğuladı: Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik.

 

Tərəfdaşlıq prioritetləri əlverişli imkanlar yaradacaq

 

Son iki həftə ərzində Azərbaycanın siyasi həyatında baş verən proseslər yeni sazişin imzalanması istiqamətində aparılan danışıqlara böyük töhfə verdi.

Öncə Prezident İlham Əliyev iyulun 11-də Brüsselə səfər edərək Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla görüşdü. Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Tərəfdaşlıq prioritetləri sənədinin paraflanma mərasimi oldu. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını müəyyənləşdirdi.

Tərəfdaşlıq prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan vermiş oldu.

 

İtaliya imzalanacaq yeni sazişlə bağlı danışıqlarda fəal rol oynayır

 

Ötən həftə Prezident İlham Əliyevin Avropa İttifaqının üzvü olan iki böyük dövlət - İtaliya və Fransa prezidentləri ilə keçirdiyi görüşlər, imzalanan sənədlər də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdı.

İyulun 18-də İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana səfər etdi və bu ölkənin respublikamıza rəsmi səfərə gələn ilk dövlət başçısı kimi tarixə düşdü. Bakıda Azərbaycan-İtaliya biznes forumu baş tutdu, yeni sənədlər imzalandı və bəyan edildi ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.

Onu da vurğulayaq ki, İtaliya hazırda ATƏT-in sədridir. İki ölkə arasında olan strateji tərəfdaşlıq münasibətlərini əsas gətirən Sercio Matterella da bəyan etdi ki, İtaliya ATƏT-də sədrliyi çərçivəsində Azərbaycana öz töhfəsini verəcək.

Nəzərə alaq ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. İki ölkə arasındakı strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoymasına, yeni sazişin imzalanmasına öz töhfəsini verəcək.

 

Fransa ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında maraqlıdır

 

İyulun 19-da isə İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkədə ikigünlük işgüzar səfərdə oldu. İki ölkə arasında bir neçə mühüm sənəd imzalandı.

Dövlət başçısı bu ölkənin dünyaca məşhur 11 şirkətinin nümayəndələri ilə görüşlər keçirdi və bu görüşlərdə ölkəmizin neft-qaz sənayesi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik və digər müxtəlif sahələrinin inkişaf istiqamətlərindən söz açıldı, həmçinin bəzi sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.

Əlbəttə ki, Azərbaycan Prezidentinin Fransaya səfəri ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün mühüm əhəmiyyətə malikdir. Onu da nəzərə alaq ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Prezident İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi əlbəttə ki, erməni lobbisini təşvişə salmaya bilməzdi. Çünki bu görüşün həm Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasına, həm də ATƏT-in Minsk qrupu həmsədri olan Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair münasibətinə müsbət mənada təsirsiz ötüşməyəcəyi hər kəsə bəllidir. Təbii ki, bu da təkcə Fransadakı erməni lobbisini deyil, Ermənistanda da ciddi narahatçılıq yaratmış oldu. Hətta erməni KİV-i Fransanı Azərbaycanla yaxınlaşmaqda günahlandıraraq öz qorxularını gizlədə bilmədilər.

 

Yeni saziş siyasi, iqtisadi və humanitar sahələri əhatə edəcək

 

Azərbaycan və Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşıyıb. Qurum Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir.

Hazırda isə Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Bu saziş bir sıra sahələri əhatə edəcək. Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq sazişini də artıq imzalayıb. Yeni saziş isə siyasi, iqtisadi və humanitar sahələri də əhatə edəcək.

Azərbaycanla qurum arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsində dialoqun təşkilidir. 7 noyabr 2006-cı il tarixində Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.

Azərbaycan bir çox Avropa ölkələrini neftlə təchiz edir və 2020-ci ildən isə Cənub qaz dəhlizi vasitəsi ilə həmin ölkələri təbii qazla təchiz edəcək.

Bununla yanaşı Azərbaycan Avropa üçün əhəmiyyətli nəqliyyat dəhlizi rolunu oynayır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrutun, Şərqlə Qərb arasında körpü rolunu oynayacaq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq. Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafına müsbət təsir göstərib. Bu layihə bilavasitə Avropa İttifaqının da maraqlarına uyğundur.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün də Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı önəmlidir. Bu əlaqələr qarşılıqlı maraqlara söykənir. Avropa İttifaqı Azərbaycanı bir tərəfdaş kimi qəbul etməklə, eyni zamanda ölkəmizin dəyərlərinə böyük qiymət verir.

 

Uğurlu xarici diplomatiyanın real mənzərəsi

 

Xatırladaq ki, iyulun 8-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələyə toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki, Avropa İttifaqı ilə Azərbaycan yeni saziş üzərində işləyir. Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlərin mövcudluğu onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.

Beləliklə, Prezident İlham Əliyevin Brüsseldə Donald Tuskla görüşü, Tərəfdaşlıq prioritetləri sənədinin paraflanması, İtaliya və Fransa prezidentləri ilə keçirilən mühüm görüşlər ən başlıcası Azərbaycanın uğurlu xarici diplomatiyasına böyük töhfə vermiş oldu.

Həm İtaliya, həm də Fransa Avropa İttifaqının aparıcı ölkələridirlər. Azərbaycan dövlətinin xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlar öndə dayanır. Bu amillər isə regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə böyük töhfədir.

Bu bir həqiqətdir ki, son 15 ildə Prezident İlham Əliyev düşünülmüş, dinamik xarici siyasət həyata keçirir və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanan siyasətin tərəfdarıdır.

Son iki həftə ərzində beynəlxalq münasibətlərdə və xarici siyasətimizdə əldə edilən uğurlu nəticələri detalları ilə bir yerə toplayaraq bütövlükdə vahid geostrateji tablonu yaratmağa çalışsaq, aydın şəkildə görərik ki, bütün danışıqlar Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin daha da şaxələnməsinə müsbət təsirini göstərəcək.