Xalq Cəbhəsi.-2018.-24 iyul.-130.-S.14.

 

Türk təsəvvüf ədəbiyyatının böyük şairi - Mövlana Cəlaləddin Rumi

 

Elman Quliyev,

filologiya üzrə elmlər doktoru, professor

 

3-cü yazı

 

Cəlaləddin Ruminin Məsnəvisi irfan kitabıdır. Təsadüfi deyil ki, Rumi özü bu kitabı uca Peyğəmbərimizin incilərlə, həqiqətlərlə, sirlərlə, bilgilərlə dolu məna dənizində bir adaya bənzədir. Mövlananın təbirincə desək, Məsnəvini oxumaq deyil, yaşamaq lazımdır. Doğrudan da Məsnəvi ideyaları ilə yaşamaq insanı ilahi hikmətlərdən xəbərdar edir, həqiqət mərtəbəsinə qaldırır.

 

Ey aşiq! Özünə bax, insanların işinə qarışma,

O, bunu deyir, bu, bunu deyir deyib durma!

Filankəs mənə tikan deyir,

Fılankəs yasəmən deyə çağırır düşüncəsinə qapılma!

Hər sözə, hər kəsə əhəmiyyət vermə,

gül ətri verməyə çalış.

Filankəs sənə kafir deyir,

bir başqası isə din adamı deyir...

Vaz keç bunlardan, gözünü aç!

 

Allah sənə bəsirət gözü, könül gözü vermişdir. Elə bir göz verib ki, sənin baxışlarına qarşı Cəbrayılın qanadı belə səcdəyə qapanar. Şəkil və surətə baxma! Ey Haqq aşiqi, nəşələn! Səni yüksəklərə uçuracaq qanadların olduqdan sonra insanlardan sənə nə qəm gələ bilər? Ey özünün qüsurlarını görməyib başqa insanların yaxşısına, pisinə baxan zavallı! Allah sənin köməyin olsun.

Mövlana Cəlaləddin Rumi əslində bu cür ideyaları digər əsərlərində də Fihi-Mafih, Məcalisi-Səbada da əks etdirib, Tanrı, insan, dünya, axirət və s. haqqında fikirlər irəli sürüb. Fihi Mafih (Nə varsa içindədir) 70-dən çox söhbətin yer aldığı mənsur əsərdir. Bu əsər ehtimallara görə Ruminin oğlu Sultan Vələd və müridi Hüsaməddin Çələbi tərəfindən qələmə alınıb. Dini, fəlsəfi, əxlaqi görüşlər bu əsərin mərkəzində dayanır. Məcalisi-Səba əsəri də ideya baxımından Fihi-Mafihlə eyniyyət təşkil edir. Burada da dini, fəlsəfi və əxlaqi görüşlər öyüdlər şəklində özünə yer tapır.

Həyatından məlumdur ki, C.Rumi bütün Anadolu bölgəsində böyük nüfuza sahib olmuş, insanların mənəvi ehtiyaclarının ödənilməsində əhəmiyyətli dərəcədə xidmət göstərib. Buna görə də, bölgə əhalisi həmişə onun ətrafında toplaşıb, ondan ehtiyaclarının ödənilməsinə yardımçı olmağı xahiş edib. Məhz bunun nəticəsidir ki, C.Rumi insanlara kömək məqsədilə onların həyat şəraitini, mənəvi və maddi duyğularını özündə əks etdirən çoxsaylı məktublar yazıb. Mənbələrdən məlumdur ki, C.Rumi gündə 10-12 məktub yazmış, bu məktublarda insanların həyatdakı yaşam tərzi özünə yer tapıb. Lakin C.Ruminin yazdığı məktubların müəyyən qismi əldə edilməyib. Yalnız əldə olunan məktublar sonradan bir yerə toplanaraq Məktubat adı ilə əsər kimi çap olunub. Qeyd edək ki, Şərq aləmində Biruni və İbn Sina arasında misli-bərabəri olmayan məktublaşma nümunələri mövcuddur. Ancaq C.Ruminin məktubları iki tərəfli məktublaşma deyil. Bu məktublar, əsasən, xalqın vəziyyəti ilə əlaqədar səlahiyyət sahiblərinə, yaxın qohumlarına, ailə üzvlərinə, övladlarına və s. ünvanlanan məktublardır. Ruminin məktubları daha çox ümumi yox, konkret səciyyə daşıyır. Və hər məktubun başlığı onun məzmunu ilə bilavasitə bağlanır:

1) Gücü olmayan birisinin vergi borcunun bağışlanılması üçün xahiş etməsi (17-ci məktub)

2) İşsiz qalan bir kişinin övladı üçün iş tələb etməsi (18-ci məktub)

3) Malı əlindən zülmlə alınan birisinin durumu haqqında tövsiyə (62-ci məktub)

4) Özünə sığınan bir günahkar üçün bağışlanma tələbində olması (37-ci məktub)

5) Bağ satın alan Səlahəddinin verəcəyi 500 dirhəm borc üçün yardım istəməsi (83-cü məktub) və s.

Ümumiyyətlə, məktublar çox olduğu kimi orada toxunulan məsələlər də çoxluq təşkil edir. Məs., məktubların birində dövlət adamı Fəxrəddin Əliyə müraciət edilərək Şəmsəddin Yavtaşın dul qadını ilə izdivacın gecikdirməməsi xahiş edilir. Digər məktubda yenə Fəxrəddin Əliyə sərt şəkildə müraciətlə dərvişlərin sıxıntılarından, onlara edilən zülmdən şikayət olunur. Başqa bir məktubda Xatunların iftixarı adı ilə tanınan qadına müraciət edilir. Bu məktubda qadın mələk sifətli, gözəl əxlaqlı, Allahı tanıyan, padşah əsilli və s. şəkildə mədh olunur.

C.Ruminin Məktubatında ailə üzvlərinə ünvanladığı məktublar ailə-məişət problemlərini əks etdirmək, əxlaq, tərbiyə tövsiyələri baxımından əhəmiyyət daşıyır. Məs., məktublarından birində Şamda təhsil alan oğlanları Bahəddin Sultan Vələd və Ələddinə müraciətlə ata və babalarının vəsiyyətlərinə əməl etmələrini məsləhət bilir.

Oğlu Sultan Vələdə ünvanlanan digər məktubu isə Sultan Vələdin həyat yoldaşı Fatma xatunla olan ailə ziddiyyətlərinə son qoymaq məqsədi daşıyır, xüsusilə, burada o, gəlini Fatma xatuna olan rəğbətini nəzərə çarpdırır. Məktubda C.Rumi istər məktubun yazılma səbəbini, istərsə də, məqsədinin nədən ibarət olduğunu belə qələmə alır: Oğlumuzun nigahında böyük bir sınama olaraq bizə əmanət edilən padişahımızın qızının xatirinə riayət etməniz üçün bir neçə sətir yazıldı...

...Övladımdan diləyim budur. Atasından heç bir şey gizlətməsin, kimdən inciyirsə söyləsin. Əgər əziz oğlum Bahəddin sizi incitməyə meyl edirsə, gerçəkdən könlümü, sevgimi ondan alaram. Salamına daha cavab vermərəm. Cənazəmə də gəlməsini istəmərəm.

Məlumdur ki, C.Ruminin kiçik oğlu Ələddinlə Şəms Təbrizi arasında ixtilaf olmuş və bunun nəticəsində Ələddin bir müddət şəhərdən kənarda yaşayıb. Oğluna yazdığı məktubda C.Rumi onun geriyə dönməsini, atasının qəlbini şad etməsini istəyir: Əziz oğlum atasından salamı oxusun... Allah xatirinə atanın könlünü razı etmək istəsən evini unutma.

Farsca yazmağıma baxmayın, əslim türkdür deyən Cəlaləddin Rumi yaradıcılığında türkcə yazılmış nümunələrin sayı həddindən artıq az olsa da əhəmiyyəti böyükdür. Hər şeydən əvvəl, ona görə ki, C.Rumi Anadoluda türk şeirinin əsasını qoymaqla bu dildə şeir yazmaq ənənəsinin formalaşdırıb. C.Rumi bir tərəfdən farsdilli şeirlərində türk sözləri işlədirsə, o biri tərəfdən bir beytin yarısını və ya bütöv şəkildə türkcə verməklə gözəl müləmmələr yaradır və fikrin poetik ifadəsinə nail olur. Məsələn,

 

Mən yarı bivəfayam bər mən cəfa qılır sən,

Gər tu məra nəqahi mən hod səni tilər (istəmək) mən.

Və yaxud,

Sevdayi ruhi Leyli şud hasili ma xeyli,

Məcnun bigi və veyli oldum yenə divanə.

 

C.Rumi türk dilinin sənət imkanlarını təkcə farsdilli şeirlərində türk sözləri işlətməklə və ya müləmmələr yaratmaqla yox, eyni zamanda, sırf türkcə şeirlər yazmaqla da nümayiş etdirib və təsdiqləyib. Düzdür, ədəbiyyat tarixlərində şairin türkcə şeir yazması və türkcə şeirlərinin sayı barədə bir-birindən fərqli mübahisəli fikirlər əksini tapsa da, C.Ruminin türk dilində bir neçə şeirinin olması məlumdur. Mənbələrdə C.Ruminin həmin şeirləri ömrünün son illərində yazdığı bildirilir. Bu nümunələr XIII əsr Anadolu türk ləhcəsinin xüsusiyyətlərini özündə əks etdirmək baxımından xarakterikdir. Ona görə də, Ruminin türk dilli şeirləri bir tərəfdən bu dilin poetik imkanları, başqa bir tərəfdən isə yaşadığı bölgənin timsalında XIII əsr türk dilinin leksik-semantik mənzərəsi haqqında böyük təsəvvür yaradır:

Yoxsul isən səbr eyləgil,

Sər bay isən xeyir eyləgil

Hər bir halə şükür eyləgil,

Haqq döndürür haldan halə.

 

Heç şübhəsiz, C.Rumi türkcə yazdığı şeirlərində də irfani görüşlərinə söykənib, haqq yolu axtarışlarını davam etdirib:

 

Dünya onun, axrət onun,

Nemət onun, möhnət onun.

Tamu onun, cənnət onun,

Haqqa mənə nə mal gərək,

Diləyim eyi hal gərək.

Nə qül gərək, nə qal gərək

Kəndisini bilən qula.

 

Diqqətlə baxdıqda səmalara yüksəlib haqqına sahib çıxan, haqq yolçularını dərgaha səsləyən şair səsinin türk tərzində ifadəsinin oxucuya təsiri ən yüksək səviyyədə üzə çıxır.

 

Çələbidir qamu dirlik,

Çələbə gəl nə gəzərsən?

Çələbi qulların istər,

Çələbini nə sanırsan?

Nə oğurdur (səadət), nə oğurdur

Çələb ağzında qığırmaq (çağırmaq).

Qulağın aç, qulağın aç ola kim anda dolarsan.

 

C.Rumi türkcənin gözəl nümunəsi olan başqa bir şeirində də fikirlərini sadə, eyni zamanda poetik dərinlikdə ifadə edir:

 

Əgər keydur qarındaş, yoxsa yavuz,

Uzun yolda sana budur kılavuz

Əgər Tatsan və gər Rumsan və gər Türk,

Zəbani bizə bananra biyamuz.

 

Qeyd etmək lazımdır ki, əruzun türkcəyə tətbiqində C.Ruminin xidmətləri böyükdür. Məsnəvi əsərini əruzun rəməl bəhrində (failatün, failatün, failün) yazmaqla Anadolu və ətraf bölgələrdə yeni ənənə formalaşdıran C.Rumi türkcə şeirlərini də bu bəhrin tələbləri daxilində qələmə alıb.

C.Rumi müsəlman Şərq ədəbiyyatını öz təsirində saxlayan, divan ədəbiyyatının yeni zəmində inkişafına istiqamət verən sənət korifeyidir. Təsadüfi deyil ki, öz ideyaları ilə Höteni heyran qoyan, dialektik metod nəzəriyyəsini işləməkdə Hegelə təsir göstərən, Mahatma Qandinin dünyagörüşünün formalaşmasında rolu olan C.Rumi övliya rütbəsi qazanaraq müqəddəslər sırasında dayanıb, yaradıcılığı isə yaşadığı zamandan bu günə qədər (800 il müddətində) Şərq və Qərb dünyasında sevgi və zövq mənbəyi olub.

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Mövlana Rumi yaradıcılığında əsas xətt həqiqəti bilmək və idrakı ona təslim etməkdir. Böyük türk şairi Y.İmrənin - bir mən vardı məndə məndən içəri - sözlərindən xeyli əvvəl yazılmış Mövlananın aşağıdakı fikirləri bunu bir daha təsdiqləyir:

Mən məndə deyil, səndə də həm sən, həm mən,

Mən həm məniməm, həm də sənin, sən də mənim.

Bir öylə qərib halə bu gün gəldim ki,

Sən mənmisən, bilmirəm, mənmi sənəm

Altı cilddən, 25618 beytdən ibarət Məsnəvi əsəri C.Rumi sənətinin zirvəsi hesab edilir. Əsərin yazılma tarixi Şəms Təbrizinin ölümündən (1247) sonrakı dövrə düşür. Bu əsər haqq və Allah yolunu dərk etməyə, insanların içində Allah eşqi, yanğısı oyatmağa və s. xidmət göstərən müqəddəs fikirlər məcmusudur. Məsnəvinin I cildinə Mövlana Cəlaləddin Rumi yazmış olduğu ön sözdə kitabın əsl mahiyyətinin nədən ibarət olduğunu açıqlayır və bu əsərin ruhi-mənəvi, irfani cəhətləri haqqında belə yazır: Bu kitab Məsnəvi kitabıdır. Məsnəvi həqiqətə varmaq və Allah sirlərindən agah olmaq, onları dərk etmək istəyənlər üçün bir yoldur. Məsnəvi dinin əsaslarının əsaslarının əsaslarıdır. Allahın ən böyük və dəqiq şəriəti, həqiqətə aparan nurlu yoldur... O, açılan səhərlərdən daha böyük nura malikdir, həqiqət axtarışındakı könüllər üçün əsl cənnətdir. Məsnəvinin bulaqları, budaqları və pöhrələri var. Bu bulaqlardan birinə Səlsəlib deyirlər. Məqam sahiblərinə, qəlb gözü açıq insanlara görə bu bulaq ən faydalı mənzil, ən gözəl istirahət yeridir. Xeyirxah və xoşxasiyyət kəslər orada yeyib-içər, deyib-gülər, fərəhlənərlər. Məsnəvi iman sahiblərinə şəfa, imansızlar üçün isə acı həsrətdir. Necə ki, Cənab Haqq: Qurani-Kərim ilə çoxları yollarından azar və çoxları doğru yolu tapar, hidayətə qovuşar deyib. Şübhə yoxdur ki, Məsnəvi təmizliyə qovuşan kəslərin könülləri üçün şəfadır, hüznləri yox edər, Quranı dəqiq anlamağa yardımçı olar, xasiyyətləri gözəlləşdirər. Könülləri duru insanlardan, həqiqət aşiqlərindən başqalarının Məsnəviyə toxunmalarına izin yoxdur. Məsnəvinin I cildinin ilk 18 beytini C.Rumi özü qələmə almış, qalan 25600 beyti isə onun müridi Hüsaməddin Çələbi kağıza köçürüb. Heç şübhəsiz, əsərin qaynağı Qurani-Kərimdir. Lakin Rumi H.Sənai, F.Əttar və s. kimi Şərqin ən mütəfəkkir filosoflarının da yaradıcılıqlarından bəhrələnib. Əsər bir növ mənzum hekayələr şəklindədir. Müəllif məqsədli olaraq hekayə daxilində hekayə verməklə məqsədinin hərtərəfli çatdırılmasını təmin edir. Əsərdə təriqət bilgiləri əsas yer tutsa da, realizmə söykənən həyat hadisələrinə də müəyyən yer verilib. Ona görə də, Məsnəvidə peyğəmbərlər, övliyalar və digər müqəddəslərlə yanaşı, nücum, tibb, fəlsəfə və s. elmlər, o cümlədən konkret hadisələr haqqında məlumatlara da rast gəlinir. Məsnəvinin I cildinin başlanğıcındakı Neyin ayrılıqdan şikayəti vəhdətdən qopmuş vücudun öz əslinə qayıtması yolunda düşüncələr sistemini əks etdirmək baxımından xarakterikdir. Bu parçada Neyin naləli səsində ayrılıqdan şikayət motivi dayanır. Ney öz şikayətini belə izhar edir ki, qamışlıqdan kəsildiyim o gündən bəri qəmimin sərhədi yoxdur. Hər gün inləyib ağlayıram. Amma qulaq asan hər kəs məni tam anlaya bilməz. Məni ayrılıq acısı çəkənlər, həssas kəslər anlaya bilər.

Düşsə əslindən uzaq kim bir nəfəs,

Hər dəm eylər vəsldən ötrü həvəs.

Mən ki, hər məclisdə nalan olmuşam,

Şadu-ğəmginlə firavan olmuşam.

Can deyildir cismdən ayrı nihan.

Var nəzər, əmma ki, görməz kimsə can.

Ney olur atəşnəva, sanma həva,

Kimdə bu atəş ki yox, olsun fəna.

Hər nə var atəş ki neydə, eşqdir,

Hər nə var qovğa ki meydə eşqdir.

Ney ki bağrı yarələrlə yar olur,

Pərdəsindən pərdələr izhar olur.

Göründüyü kimi, burada Ney kamil insanın simvolu kimi təqdim edilir. Yəni Ney ilk vətəni olan qamışhqdan uzaq düşdüyü üçün fəryad qoparır. Artıq o ruh aləmindən kənarlaşan, deşik-deşik edilməklə maddi aləmin üzvü olan, lakin öz əzəl dünyasına, Allahına qovuşmaq istəyən insanın kamil obrazına çevrilir, onun ruhi istəklərini bəyan edir. Biz Neyin səsindəki yanğını eşq atəşi şəklində dərk edirik. Qəlblərdə yanan tanrı eşqindən bəhs açan hekayələrdə bu hal müxtəlif formalarda, lakin eyni ideyaya xidmət şəklində diqqəti cəlb edir. Bunlardan biri də Bir çobanın Haqq-Təalaya minacatı və Musa əleyhissalamın bunu eşidib əsəbiləşməsi adlanır. Burada ilk öncə Allahı arayan, qəlbi nurla dolu olan, öz sevgisini Tanrıya bəyan edən bəndənin - haqq yolçusunun Yaradana müraciəti verilir:

Ey Allahım, ey Xudam, olsun qurbanın canım.

Övladlar qurban sənə, ey fədan xanimanım...

Əllərini öpərəm, ayağın ovxalaram,

Yatanda yatağını silib tozun alaram.

Əgər görsəm evini, evinə gəlləm müdam,

Yağ-südünü gətirrəm, həmişə səhər-axşam...

Bu sözləri eşidən Musa peyğəmbər, Allaha bu cür sözlərlə dua etməzlər deyə çobanı küfr etməkdə ittiham edir. Musa peyğəmbərin sözləri çobanı məyus edir, səhralara üz tutmasına səbəb olur:

Yaxasını cıraraq, çoban ah-fəğan etdi,

Üz qoydu biyabana, bir anda gözdən itdi.

Sonrakı hissələrdə Haqq-Təalanın Musa peyğəmbərə çobanın sözlərinə yox, qəlbində yanan Tanrı atəşinə bax hökmü ilə müraciəti bir bəndənin timsalında öz əslindən qopan, lakin əslinə qayıtmaq istəyənlərin arzusu əks olunur. Bu istək, sanki dəryadan kənara atılıb susuzluqda çapalayan balığın dəryaya çatmaq həsrəti təsiri bağışlayır.

Məsnəvidə insan Yaradanın şah əsəri hesab edilir. Burada mələklərlə insanların fərqi belə təqdim edilir: Mələkləri yaradan Allah onlara ağıl verdi, insanlara isə həm ağıl, həm də şəhvət verdi. Kimin ağlı şəhvətindən üstündürsə, o, mələklərdən də uca olar.

Ümumiyyətlə, C.Rumidə insanın kimliyinin, onun varlığının, ruhi-mənəvi dəyərlərinin ilahi mahiyyəti bütün yaradıcılığı boyu diqqət mərkəzində saxlanılır. Oğlu Bahəddinə ünvanladığı bir hikmətdə buna bir daha şahid oluruq:

Əgər daim cənnətdə olmak istəyirsənsə, dost ol, ürəyində heç kimə kin saxlama!

Çox şey istəmə və heç kimsədən də çox olma!

Mərhəm və mum kimi ol!

İynə kimi olma!

Əgər heç kimdən sənə pislik gəlməsini istəmirsənsə,

pis söyləyici,

pis öyrədici,

pis düşüncəli olma!

Çünki bir adamı dostluqla xatırlasan, hər zaman sevinc içində olarsan.

Həmin o sevinc cənnətin özüdür.

Əgər bir kəsi düşmənçiliklə xatırlasan, hər zaman kədər içində olarsan, həmin o kədər cəhənnəmin özüdür.

Dostlarını xatırladığın vaxt könül bağçanda çiçəklər açar, qızılgül və reyhanlarla dolar.

Düşmənlərini xatırladığın vaxt könül bağçan

tikan və ilanlarla dolar,

canın sıxılar, içinə pəjmürdəlik gələr.

Bütün peyğəmbərlər və vəlilər belə etdilər, içlərindəki xarakteri ortaya çıxardılar.

Xalq onların bu gözəl xüsusiyyətinə vuruldu, hamı könül xoşluğu ilə onların ümməti və müridi oldu.

Mövlanaya görə, insan Allahın bir kitabıdır. O, başdan-ayağa məna dənizidir. İnsan cövhərdir, hər şeyin qayəsi, məqsədi insandır. Ona görə də ağıl da, fikir də insana kölədir. C.Rumi təliminə görə insan sirr dünyasıdır. O, gizli bir aləmin zərrəsi, həm də daşıyıcısıdır. Bütün bunlarla yanaşı, C.Rumi Məsnəvidə insana həm də ayrıca bir fərd kimi yanaşır. Onun formalaşmasında mühitin, cəmiyyətin və tərbiyənin rolunun əhəmiyyət və təsiri barədə maraqlı fikirlər söyləyir. Bu düşüncələrdə insan tərbiyəsinin əsasında dayanan bilik, iradə, səbr, ağıl və s. komponentlərin əhəmiyyət və vacibliyi üstün yer tutur. Məlumdur ki, nəzəri olaraq istər pedaqoji, istərsə də psixoloji baxımdan iradənin tərbiyə üçün lazımlı faktora çevrilməsi tam sübuta yetirilib. C.Rumi bütün xeyirxah iş və əməllərinin təməlində iradə faktorunun dayandığını təsdiqləyir. Mövlana belə hesab edir ki, əgər insanda iradə olsaydı, o, günah işlətməzdi, xətalardan uzaq olardı. C.Rumi iradəni öyrədən müəllim üçün daha vacib sayır. Ona görə ki, hər bir elmi öyrətmək, həm də öyrənmək üçün möhkəm iradə tələb olunur. C.Rumi mülahizələrində bu fikir belə formalaşır: İradə olmasaydı, müəllimlər nə üçün tələbələri bunca səbrlə tərbiyə etməyə çalışarlar? Nə üçün cürbəcür metodlara əl atarlar?

C.Rumi Məsnəvidə ağlın müxtəlif dərəcələrindən söhbət açır. O, günəş qədər parlaq, atəş kimi yanan ağlı cəmiyyət üçün faydalı, tarazlıqdan çıxmış ağlı isə zərərli hesab edir. Maraqlıdır ki, C.Rumi insan ağlının qüsurlu cəhətləri şəhvət, acgözlük, yüksək mövqelər ardınca qaçma və s. haqqında fikirlərini də xüsusi formada təqdim edir. Müəllif günəş kimi, atəş kimi parlaq olan ağlı insan ruhunun ifadəçisi, haqq aşiqinin yol yoldaşı, nəfsi isə heyvani hissin simvolu kimi xarakterizə edir. Ancaq əsərdə insanın ali təqdimatı ilə yanaşı, həm də səbəblər aləmində onun şərti yox, həqiqi formada fəaliyyət necəliyi də əksini tapır. Yalnız bunlara əməl etməklə insan bədən zindanında məhbus olan ruhunun xilasına nail olur. Məsnəvidə istər maddi, istərsə də mənəvi aləmin hər birinin özünəməxsus rəngləri var. Burada həyat da, insan da, ölüm də, məzar da və s. zahiri yox, daxili boyalarına görə fərqlənir. C.Rumi bir irfan sahibi kimi Allahın qüdrəti qarşısında hər nəyi heç hesab edir. Ona görə də insanları dünya gözəllikləri (nemətləri) qarşısında deyil, Allah qüdrəti qarşısında səcdə etməyə çağırır. Məzarlıqdakı xəzinə, Acgöz sərçəcik, Ən yaşlı kim və s. çoxsaylı hekayələr mənəviyyatın maddiyyat üzərində üstünlüyünün təbliği təsirindədir. Ailəsini dolandırmaqda çətinliklə üzləşən, aclıqdan əziyyət çəkən, övladlarının yanına hər axşam əliboş qayıdan Mustafanın müqəddəs və xeyirxah Xızırın yuxuda gördükdən sonra çətinliklərdən qurtarmaq ümidləri artır. Yuxuda ona deyilmiş ünvandan işarəli kağızı götürür və qəbiristanlığa gedir. Lakin artıq tamah onda qəbiristanlıqdakı xəzinənin daha uzaqda yerləşdiyi qənaətini yaradır. Mustafa həmin hədəfə atdığı oxun düşdüyü yeri qazsa da, xəzinəni tapmır. Yuxusuna təkrar girən Xızır xəzinənin uzaqda yox, məhz onun ayaqları altında olduğunu deyir. Göründüyü kimi, burada nəfsin, insan xislətində tamahın tərki-silah məqamı sufiyanə tərzdə özünə yer tapıb.

Məsnəvidə tövbə, səbr, iradə, zikr, dua, nəfs və s. onlarla digər məsələlərin əsl mənəvi dərki özünə yer tapır. Və Haqqın insan düşüncəsindəki laməkanlıq konsepsiyasında konkret məkan anlayışına bir sual kimi cavab belə tapılır: Onun zəhmət sifətləri haradadırsa, o özü də oradadır. Güc, qüvvət, əxlaq saflığı, təmizlik, anlayış, duyum, düşüncə haradadırsa, o, oradadır.