Paralel. - 2018.- 21-23 iyul. - ¹ 128. - S. 10.

 

Folklor azsaylı xalqların mədəniyyətində xüsusi yer tutur

 

Azərbaycan dövləti hər zaman azsaylı xalqlara qayğı ilə yanaşır, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanmasına dəstək verir

 

 Qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır ki, onlar da dəyərlər sisteminin inkişafına, müsbət mənada dəyişilməsinə təkan verir. Azərbaycan humanitar əməkdaşlığı müəyyənləşdirən ideyalarla çıxış edərək, çoxmədəniyyətliyi, mədəni müxtəlifliyi özündə ehtiva edən multikulturalizmlə bağlı təşəbbüsləri genişləndirir. Bunun nəticəsidir ki, artıq  multikulturalizm Azərbaycanı dünyada tanıdan vizit kartı hesab edilir.  

YUNESKO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" konvensiyasına qoşulan Azərbaycanda yaşayan milli azlıqların, etnik qrupların mədəni irsi, adət-ənənələri ölkəmizin mədəniyyətinin tərkib hissəsi kimi qorunaraq inkişaf etdirilir. Etnosların, milli azlıqların mədəni icmaları ilə daim əməkdaşlıq edilir, onların müxtəlif layihə və proqramlarının həyata keçirilməsinə, beynəlxalq festivallara cəlb olunmasına dəstək verilir. Azsaylı xalqların folklor kollektivlərinin milli geyimlər, lazım olan texniki avadanlıqlarla təminatı da rəsmi səviyyədə, dövlət tərəfindən həyata keçirilir. Müxtəlif etnosların, etnik qrupların və azsaylı xalqların yaşadığı Azərbaycanda üç dini konfessiyanın - İslam, xristian və iudaizmin nümayəndələri müxtəlif rəsmi tədbirlərdə, milli-mədəni və folklor festivallarında bərabər  iştirak edirlər.

Ümumiyyətlə, əhalisinin 90 faizini azərbaycanlılar təşkil edən ölkəmizdə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar da etnosun təşəkkülündə yaxından iştirak ediblər. Ölkənin müxtəlif guşələrində yaşayan 30 adda millət və etnik qruplar tarixən azərbaycanlılarla bərabər  yaşayıblar və bu gün də yaşamaqda davam edirlər. Onların arasında Altay ailəsinin türk qoluna məxsus olan azərbaycanlılar, tatarlar, ahısqa türkləri,  hind-avropa, qafqaz, slavyan dil qruplarının təmsilçiləri də var. Onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilirlər.

Azərbaycan müstəqillik əldə edəndən sonra milli azlıq və etnik qrupların  hərtərəfli inkişafına dövlət tərəfindən tam təminat verilib. Eyni zamanda, Azərbaycan hökuməti azsaylı xalqların, etnik qrup və etnosların hərtərəfli inkişafı üçün də lazım olan bütün şəraiti yaradıb. Bu münasibətin nəticəsidir ki, bu gün həmin xalqların folkloru, mədəniyyəti, adət-ənənələri də yaşayır və inkişaf edir.

Onu da qeyd etmək vacibdir ki, folklorda multikulturalizmin əsas qaynaqlarından biri arxaik düşüncə tərzi, mifoloji görüşlərdir. Bir-birindən çox uzaq məsafələrdə yaşayan və heç bir genetik, iqtisadi-mədəni əlaqədə olmayan xalqların belə, ətraf aləmə oxşar müfoloji münasibət bəsləməsi, folklorda bəşəri ideyaların güclənməsinə əsaslı təsir göstərir. Dünya xalqlarının mifologiyasında mədəni qəhrəmanın ilahi mənşəyə bağlanması, sehrli qüvvələrlə əlaqələndirilməsi və haqq-ədalət təmsilçisi kimi təqdim edilməsi, folkloru dar çərçivədən çıxarır. Formaca son dərəcə milli olan folklor, məzmunca ümumbəşəri mahiyyət daşıyır. "Kitabi-Dədə Qorqud"da aslan südü ilə bəslənən Basat, Qafqazın azsaylı xalqlarından olan, ləzgilərin "Şarvili" eposunda gün işığından törəyən Şarvili, qırğız eposu "Manas"da almadan törəyən Manas, alman eposu "Nibelunqlar nəğməsi"ndə əjdahanı öldürüb qanında çimən Ziqfrid ilahi mənşə və sehrli qüvvələrlə bağlı qəhrəman kimi məğlubedilməzlik  xüsusiyyəti qazanır və haqq-ədalət uğrunda mübarizə aparır.

Epos qəhrəmanlarının qeyri-adi varlıqlarla və insanlarla mübarizəsində çox maraqlı məqamlar var. Onların vuruşduğu insanlar arasında müxtəlif xalqların nümayəndələri mövcuddur. Lakin onlar bununla başqa xalqların dəyərlərinə hörmətsizlik etmirlər və multikultural dəyərlərdən kənarlaşmırlar. Çünki eposda, folklorda insanlar dini və milli mənsubiyyətindən daha çox, xeyir və şəri təmsil etmələri, nə qədər xeyirxah və bədxah olmaları ilə fərqlənirlər. Məsələn, "Kitabi-Dədə Qorqud"da Qazan xan başqa dinə mənsub Qıpçaq Məliklə vuruşduğu kimi, İslam dininə mənsub Alp Aruzla da vuruşmalı olur. Qazan xan şərə xidmət edən bu şəxslərə qarşı barışmaz mövqeyi ilə diqqəti çəkir. Lakin Azərbaycan folklorunda başqa xalqlara və dinlərə rəğbətlə yanaşılan səhifələr də yetərincədir. Məsələn, "Kitabi-Dədə Qorqud" eposunun qəhrəmanlarından olan Qanturalının xristian qızı Selcan xatunun sevgisi uğrunda üç vəhşi heyvanla vuruşmaqdan çəkinməməsi buna əyani sübutdur. Məhəbbət mövzusu Azərbaycan folklorundakı multikultural dəyərləri öyrənmək baxımından çox səciyyəvidir. Həm klassik Azərbaycan poeziyasında, həm də dastanlarımızda bu mövzu sufizm fəlsəfəsi əsasında göstərilir. Şifahi xalq ədəbiyyatımızın "Şeyx Sənan" əfsanəsində Şeyx Sənan adlı müsəlman ruhanisi Xumar adlı gürcü əsilli  xristian qızına elə aşiq olur ki, eşqi hər cür dindən və məzhəbdən üstün tutur.

Multikulturalizmin və tolerantlığın özünəməxsus ifadəsini xalq gülüşündə, onun aparıcı janrlarından olan lətifələrdə də öz əksini tapır. Lətifə qəhrəmanı da başqa xalqların nümayəndələrindən daha əvvəl öz xalqının nümayəndələrinə gülür. Bu gülüş isə düşməncəsinə deyil, dost gülüşüdür.

Bu gün ölkəmizin ərazisində yaşayan azsaylı xalqların folklorunun öyrənilməsi üçün çox geniş imkanldar yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun "Azsaylı xalqların folkloru" seriyasında İsmayıllıda yaşayan azsaylı xalqların bu yaxınlarda şifahi mədəni irsini əks etdirən nəşri işıq üzü görüb. Nəşr edilən kitabın İsmayıllı rayonunda təqdimat mərasimi də keçirilib. "İslam Həmrəyliyi İli"ndə və ondan sonra da belə tədbirlərin keçirilməsini milli-mədəni müxtəlifliyin nümunəsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsinə dəyərli töhfə kimi dəyərləndirmək lazımdır.

Belə tədbirlərdən biri də AMEA Folklor İnstitutu, Azərbaycan Prezidenti yanında Bilik Fondu və İsmayıllı RİH-nin birgə təşkilatçılığı ilə Lahıc qəsəbəsində keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Folklor milli kimlik kontekstində"  mövzusundakı Beynəlxalq Elmi Konfrans olub.  İsmayıllının icra başçısı Mirdaməd Sadıqov Cümhuriyyət qurucularının 100 il öncə dövlət quruculuğu prosesində qarşılaşdıqları çətinliklərdən, 1920-ci ilin 28 aprelindən sonra bir müddət Lahıcda qalmağa məcbur olan M.Ə.Rəsulzadənin qəsəbə sakinləri tərəfindən qorunmasından, eyni zamanda, Lahıcın tarixindən,  özünəməxsus mədəniyyətindən söz açıb. Akademik Muxtar İmanov isə  "Xalq ədəbiyyatı və milli kimlik məsələləri"  mövzusunda məruzə edib. O,  M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərinin Lahıcda yazıldığını söyləyərək, Lahıcın istiqlal mücadiləmiz baxımından nadir bölgə olduğunu  xüsusi olaraq vurğulayıb. Akademik deyib ki, folklorumuzda bayatı, nağıl, dastan və digər mətnlərdə ölkəmizin ərazisində məskunlaşan bütün xalqların və etnosların ortaq düşüncə və ortaq danışıq tərzi var. Bu da M.Ə.Rəsulzadənin millət mənasında söykəndiyi əsas mənbələrdən biri olub. Rəsulzadə xalqın öz istiqlaliyyətinə süngülərlə deyil, ədəbiyyat və incəsənətlə qovuşa biləcəyini yazırdı. Onun təməli yenə də xalq mədəniyyətinə gəlib çıxır.

Tədbir çərçivəsində İsmayıllıda multikulturalizm mövzusunda keçirilən  konfrans materiallarının toplandığı "Gücümüz birliyimizdədir" adlı kitab təqdim edilib.

Mədəniyyət Nazirliyinin dəstəyi və "Samur" Ləzgi Milli Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən "Suvar" ləzgi mahnı və rəqs ansamblının  Heydər Əliyev sarayında keçirilən konsert proqramı da maraqla qarşılanıb. "Samur" Ləzgi Milli Mərkəzinin sədr müavini İmran Rzayev Azərbaycan dövlətinin hər zaman azsaylı xalqlara qayğı ilə yanaşdığını, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək verdiyini deyib.

Tədbirdə bildirilib ki, zəngin repertuarı və orijinal mahnı-rəqsləri ilə tanınan "Suvar" ansamblı folklor ənənələrinə əsaslanır. "Xalq kollektivi" fəxri adı verilən ansambıl bir çox festivallarda, eləcə də Türkiyənin Ankara şəhərində keçirilən Anadolu festivalında Azərbaycanı layiqincə təmsil edib.

Bütün bunlarla bərabər, məlum olduğu kimi, dünya ictimaiyyəti hazırda çox ciddi problemlərlə üzləşir. Qlobal iqtisadi böhranın dünya dövlətlərinin iqtisadiyyatına vurduğu ağır zərbələrin fəsadları aradan qaldırılmayıb. Eyni zamanda, bu məqamlar ictimai münasibətlər və sabitliyin təmin olunmasında çətinliklər yaradır. Lakin istər siyasi-iqtisadi, istərsə də, milli-mədəni məsələlər olsun, qarşıya çıxan problemlərin həlli hər şeydən əvvəl əməkdaşlıqdan keçir. Dinlər, mədəniyyətlər arasında anlaşma, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi tarix boyu heç vaxt indiki qədər vacib və əhəmiyyətli olmyıb.

Eyni zamanda, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda istənilən xalqın nümayəndələri qanun qarşısında bərabər olmaqla yanaşı, həm də eyni hüquqlara da malikdirlər. Azsaylı xalqlara, milli etnoslara qayğı ilə yanaşmaq, hər kəsin eyni hüquqlarla təmin edilməsi,  Azərbaycanın bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr etməsinə səbəb olub. Bu, həm, dini-mənəvi, siyasi-iqtisadi, həm də, milli, mədəni və ədəbi məsələlərdə özünü aydın şəkildə göstərir. Bütün bu göstəricilərin əldə olunmasında, Azərbaycan dövlətinin azsaylı xalqların, milli azlıqların folklorunun qorunub inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı önəmli rol oynayır.

 

 “Paralel”in Araşdırma Qrupu