525-ci qəzet. - 2018.- 11 iyul. - 122. - S. 6.

 

Cümhuriyyət xadimləri Fransada: bioqrafiyalardan fraqmentlər

 

Rövşən Ağayev

 

(əvvəli ötən sayımızda)

Rəsulzadə Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu 1884-cü il 31 yanvarda Bakı quberniyasının Novxanı kəndində anadan olmuşdur.

1904-cü ildə o, M. Mövsümov və M.Hacinski ilə birlikdə "Hümmət" təşkilatını yaratmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını bəyan edərək, Azərbaycan Milli Şurasına rəhbərlik etmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra o, Bakını tərk edərək Türkiyəyə emiqrasiya etmişdir. 1931-ci ildə Türkiyəni də tərk etmiş və onun emiqrasiya fəaliyyətinin Avropa dövrü başlanmışdır. Bu dövrün əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, Avropada siyasi emiqrasiyanın əsas mərkəzləri əsasən Fransa, Polşa və Almaniyada toplaşmışdı və burada onların fəaliyyəti üçün nisbətən babat şərait yaradılmışdı.

1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar və fransız dilində "Prometey" jurnalını nəşr etmək barədə qərar qəbul etdilər. Lakin 1928-ci ildən başlayaraq Azərbaycandan olan emiqrantlar arasında münasibətlər gərginləşir. Rəsulzadə vəziyyəti düzəltmək üçün 1928-ci ildə Parisə yollanır və burada Ə.Topçuçaşov, C. Hacıbəyli və Ə.Şeyxulislamovla görüşür. Bu görüşlərin nəticəsi olaraq, vahid mərkəzdən idarə olunmaq məsələsi üzrə razılıq əldə olunur.

Rəsulzadənin "Azərbaycan Respublikası", "Bolşeviklərin şərq siyasəti", "Qafqaz birliyi", "Azərbaycan milli hərəkatının xarakteri" və s. məqalələri (cəmi 10 məqalə) "Prometey" jurnalında çap olunmuşdur. 1930-cu ildə Parisdə onun iki kitabı nəşr olundu. O, 1918-1920-ci illərdə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə haqqında fransız dilində ("la Azerbaidjan en lutte pour lindepudance", Paris, 1930) oxuculara məlumat verirdi. Elə həmin ildə Rəsulzadə artıq rus dilində yazdığı "Pantürkizm haqqında" kitabında birliyi sarsıtmağa çalışanlara sərt şəkildə cavab verir.

17 yanvar 1937-ci ildə Rəsulzadə Parisdə "Müasir Azərbaycan ədəbiyyatı" mövzusunda mühazirə oxuyur, dinləyiciləri Azərbaycan ədəbiyyatı nümunələri ilə tanış edir. Bu mühazirə sonradan ayrıca kitab şəklində çap edilir. 1936-cı ilin aprelində isə Azərbaycandan, Povoljyedən, Uraldan, Krımdan, Şimali Qafqazdan və Türküstandan olan emiqrantların iştirakı ilə Parisdə qurultay keçirilir. Qurultayda Azərbaycanı M.Ə. Rəsulzadə, Mir Yaqub Mehdiyev, Mustafa Vəkilli təmsil edirdilər. Elə həmin ildə Rəsulzadə fransız dilində "Azərbaycan" kitabını nəşr etdirir və burada Azərbaycan haqqında müfəssəl məlumat verir.

Polşanın alman ordusu tərəfindən işğalından sonra Rəsulzadə Fransaya getmişdir. Lakin hadisələr elə sürətlə inkişaf edirdi ki, tezliklə Fransanın özü alman qoşunları tərəfindən hücum təhlükəsi qarşısında qaldı. Belə vəziyyətdə o, Fransanı tərk edərək İsveçrədə, İngiltərədə, Rumıniyada və yenidən Türkiyədə yaşamışdır. M.Ə.Rəsulzadə 1955-ci ildə Ankarada vəfat etmiş və burada dəfn olunmuşdur.

Sultanov Xosrov bəy Paşa bəy oğlu Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Kürdhacı kəndində anadan olmuşdur. Yelizavetpol gimnaziyasını bitirəndən sonra İ.İ.Muçnikov adına Odessa Milli Universitetinə daxil olmuş və ali tibb təhsili almışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra hərbi nazir, əkinçilik naziri, 1919-cu ilin fevralından isə Qarabağın general-qubernatoru işləmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra X.Sultanov vətəni həmişəlik tərk edir. Sonrakı illərdə o, Türkiyədə, İranda, Fransada və Almaniyada yaşamışdır. Almaniyada tibb universitetinin professoru işləmişdir.

Fransada yaşayarkən Xosrov bəy 1926-cı ildə Rusiya xalqlarının emiqrant təşkilatlarının nəşr etdikləri "Prometey" jurnalının yaradıcılarından biri olmuşdur. Bəzi məlumatlara əsasən, 1926-cı ildə o, Parisdən İrana gəlmiş, burada "İttihad" təşkilatının Tehran və Təbriz özəklərinin yaradılmasına kömək etmişdir.

İkinci Dünya Müharibəsi dövründə azərbaycanlı hərbi əsirlərin vətənə qaytarılmasında vacib rol oynamışdır. Uzun illər Avropada yaşayandan sonra Xosrov bəy 1946-cı ildə Türkiyəyə qayıdır və 1947-ci ildə ölümünə qədər burada yaşayır.

Vəkilov Mustafa bəy Nadir oğlu 1896-cı ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. 1917-ci ildə Moskva universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Vəkilov Daxili İşlər Nazirliyində işləmişdir. 1918-ci ilin dekabrında "Musavat" partiyasından Parlamentə deputat seçilmişdir. Bir il sonra daxili işlər nazirinin müavini, 1920-ci ilin fevral ayında isə daxili işlər naziri təyin olunmuşdur. Onda Mustafa bəyin cəmi 23 yaşı vardı və o, ölkədə ən gənc nazir idi. Buna baxmayaraq, nazirliyin işini layiqincə icra etməyi, baş verən hadisələrə operativ surətdə müdaxiləsi, təxirəsalınmaz tədbirlər görməyi və kadrları seçib onlarla birgə çalışmağı bacarırdı.

Aprel ayında Azərbaycanın işğalından sonra Vəkilov Türkiyəyə köçür və burada "Musavat" partiyasının xarici bürosunda azadlıq mübarizəsini davam etdirir. 1929-1941-ci illərdə o, Polşada, sonra isə Fransada yaşamışdır. Emiqrasiyada Mustafa bəy aktiv publisistik fəaliyyətlə məşğul olmuşdur. O, tarix və ədəbiyyata dair məqalələrini müxtəlif jurnallarda, o cümlədən, Parisdə nəşr olunan "Prometey" (fransız dilində) və "Qafqaz" (rus dilində) jurnallarında nəşr etdirmişdir. İkinci Dünya müharibəsi illərində Türkiyədə yaşamış, burada bankda hüquq məsləhətçisi işləmiş, siyasi fəaliyyətini davam etdirmişdir. M.Vəkilov 1965-ci ildə vəfat etmişdir.

Vəzirov Yusif Mirbaba oğlu (Yusif Vəzir Çəmənzəminli) 12 sentyabr 1887-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1910-cu ildə Kiyev şəhərinin Müqəddəs Vladimir İmperator Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Müstəqil Ukrayna yaradılandan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəsi təyin olunmuşdur. Eyni zamanda, Krımda və Polşada səfir olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Yusif Vəzir Parisə, Paris Siyasi Elmlər İnstitutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedir. Yazıçı beş ilə yaxın müddətdə Fransada yaşamış, burada iş tapılmasının mümkünsüzlüyü səbəbindən Fransanın yaxınlığında olan Klişi şəhərində lokomotiv və avtomobil zavodlarında fəhlə işləmişdir. Eyni zamanda, Fransanın liberal mətbuatı ilə əməkdaşlıq etmiş, vaxtının çoxunu kitabxanalarda keçirmiş, burada öz yeni əsərləri üçün materiallar toplamış və bu materiallar sonradan Fransa torpağında yaşamağa məhkum edilmiş emiqrantların taleyinə düşən məşəqqət və əzabları bütün çılpaqlığı ilə özündə əks etdirən hekayələrinə süzülüb keçmişdir.

Kiçik qardaşının ölümündən sonra 1929-cu ildə Yusif Vəzir vətənə qayıdır və burada "Bakinskiy raboçiy" nəşriyyatında bədii bölmənin redaktoru, sonra Dövlət Planlaşdırması üzrə Komitənin ictimai-mədəni şöbəsinin müdiri vəzifəsində işləyir, eyni zamanda, müəllimliklə məşğul olur. O, L.Tolstoyun, İ.Turgenyevin, N.Qoqolun, V.Hüqonun və digərlərinin əsərlərini rus dilindən Azərbayca dilinə tərcümə etmişdir.

1937-ci ildə Yusif Vəzir işdən uzaqlaşdırılmış, 1940-cı ildə isə Qorki vilayətindəki məhbuslar üçün düşərgəyə göndərilmiş, üç ildən sonra burada vəfat etmişdir.

Azərbaycanın müstəqilliyinin tanıdılması məqsədi ilə 28 dekabr 1918-ci ildə Fransaya Paris sülh konfransına nümayəndə heyəti göndərilmişdi. Konfransın işində Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra görkəmli dövlət xadimləri də iştirak etmişlər.

Onların arasında 1895-ci ildə anadan olmuş Atamalıbəyov Abbas Seyfulla bəy oğlu da var idi. O, ilkin təhsilini Şamaxıda almış, 1914-cü ildə isə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə daxil olmuşdu. Həmin dövrdə Atamalıbəyov sağ eserlərə qoşulmuş, müsəlman cəmiyyəti komitəsinin sədri seçilmişdir.

Atamalıbəyov Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, Atamalıbəyov gəmi quruculuğu sahəsində təhsilini davam etirmək üçün Paris Universitetinə göndərilmişdi. O, Paris sülh konransında iştirak edən Azərbaycan nümayəndə heyətinin katibi olmuşdur.

Azərbaycanın aprel işğalından sonra Fransada qalmış və burada öz siyasi fəaliyyətini davam etdirmişdir. O, Fransada siyasi elmlər məktəbini bitirərək, vaxtaşırı Millətlər Liqasında siyasi tədbirlərdə və müzakirələrdə iştirak edirdi. Atamalıbəyov "Revyu de Prometey" jurnalı ilə əməkdaşlıq etmiş, burada Cənubi Qafqaza həsr olunan məqalələrini çap etdirmişdir.

Əlimərdan bəy Topçubaşovun ölümündən sonra Fransadakı Azərbaycan emiqrantlarının lideri olmuşdur. Fransanın Almaniya tərəfindən işğalından sonra Berlində yaşamış, burada Qırmızı Xaç Komitəsində işləmiş, Böyük Vətən müharibəsi illərində azərbaycanlı hərbi əsirlərin xilas edilməsində böyük rol oynamışdır. Böyük Vətən müharibəsindən sonra Çilidə yaşamış, 1967-ci ildə isə ABŞ-a köçmüş və burada 1971-ci ildə vəfat etmişdir.

 

(Ardı var)