Xalq qəzeti. - 2018.- 12 iyul. - ¹ 152. - S. 2.

 

Dünya Azərbaycan – Türkiyə qardaşlığının daha bir nümunəsinin şahidi oldu

 

İttifaq Mirzəbəyli

 

Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 iyul 2018-ci il

 

Təbii ki, ikitərəfli ticarət məsələsində hədəfimiz, inşallah, mövcud rəqəmi iki, üç dəfə artırmaqdır. Digər bir məsələ isə xüsusilə Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik.

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Cümhuriyyətinin Prezidenti

Bakı, 10 iyul 2018-ci il

 

 

Ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə təməlini qoyduğu qarşılıqlı səfərlər ənənəsi  uğurla davam etdirilir. Yəni Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra dövlət başçımızın ilk xarici səfəri Türkiyəyə olur. Türkiyədə dövlət başçısı seçilən şəxs isə ilk xarici səfər üçün Azərbaycanı seçir. Bu dəfə də belə oldu. Ancaq bu dəfə cənab Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini bilavasitə andiçmənin ertəsi günü reallaşdırdı.

 İyulun 10-da Bakıya rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın    Prezident İlham Əliyevlə keçirilən təkbətək görüşdə  və prezidentlərin işçi nahar çərçivəsində geniş tərkibdəki  görüşündə nələrin müzakirə edildiyi, hansı məsələlər ətrafında danışıqlar aparıldığı, demək olar ki, regionda hamı üçün maraqlı idi. Bunu nəzərə alan dövlət başçıları geniş tərkibdəki görüşdən dərhal sonra mətbuat qarşısına çıxaraq, bəyanatla çıxış etdilər.

Xatırladaq ki, bu ilin aprelində Azərbaycanda, iyun ayında isə Türkiyədə prezident seçkiləri keçirilib. Bu seçkilərin hər ikisi xalqlarımız və dövlətlərimiz üçün xüsusi əhəmiyyət kəsb edirdi.  Həmin siyasi kampaniya  Azərbaycan üçün ona görə əhəmiyyətli idi ki,  bizdəki seçkilər bəzi  xarici  qüvvələrin qara niyyətlərinin qarşısını almaq üçün bir neçə ay əvvələ çəkilmişdi. Türkiyəli ekspertlərin yazdığına görə Prezident İlham Əliyev aprelin 11-nə təyin edilən seçkidə uğur qazanacağı təqdirdə təkcə səsvermənin qalibi kimi deyil, həm də Azərbaycanın inkişafını istəməyən qüvvələrə qarşı mübarizənin qalibi kimi tarixə düşəcəkdi. İlham Əliyev seçkidən sonra Türkiyəyə məhz həmin mübarizələrin hər ikisinin qalibi kimi getmişdi.

İyun seçkilərinin Türkiyə dövləti, türk xalqı, Ədalət və İnkişaf Partiyası və ölkə ictimaiyyəti üçün olan əhəmiyyəti isə onda idi ki,  bu, Türkiyənin prezident üsul-idarəsinə keçməsi üçün Konstitusiyaya edilmiş dəyişiklikdən sonra keçirilən ilk seçki idi.  Ədalət və İnkişaf Partiyasının namizədi bu gərgin mübarizələrdən uğurla çıxdı və cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana həmin mübarizənin qalibi kimi gəlmişdi.

Prezidentlər mətbuat üçün verdikləri  bəyanatlarda da bu məqamlara xüsusilə toxundular. Prezident İlham Əliyev öz çıxışında “Türkiyə xalqı Sizə yenidən böyük etimad, dəstək göstərmişdir” və “Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir”, – deyərək  “dəstək” ifadəsini iki dəfə işlətdi:

“Sizin liderliyiniz ilə Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Türkiyə bu gün beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Biz Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir”.

Elə qardaş ölkənin dövlət başçısı da  öz çıxışına seçkilərin nəticəsi ilə başladı: “İyunun 24-də keçirilən seçkilərdən sonra dünən prezident kimi and içdim. Məndən əvvəl deputat yoldaşlarımız and içdilər. Prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə yetirmək istədim. İstər təkbətək, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq -- bunları müzakirə etmək, nəzərdən keçirmək imkanımız oldu”.

Təbii ki, söhbət Azərbaycan – Türkiyə əməkdaşlığından gedirsə, yada düşən ilk məqam enerji layihələri olur. Çünki biz  ölkələrimiz, xalqlarımız və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini birlikdə həyata keçiririk. Ona görə də keçən ay Əskişəhərdə TANAP-ın açılışında Türkiyənin dövlət başçısı ilə bərabər iştirak etdiyini yada salan Prezident İlham Əliyev dedi: “Bu, təbiidir və çox böyük məntiqə əsaslanır. Çünki TANAP layihəsinin təməlini biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi.“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası başa çatır. TANAP layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər”.

Prezident İlham Əliyevin yada saldığı TANAP layihəsinin üzərinə qayıtmağı vacib sayan Rəcəb Tayyib Ərdoğan həmin kəmərin təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə hamı üçün həyati əhəmiyyət kəsb etdiyini söylədi:  “Təbii ki, Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, – bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, – təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır”.

Ümumiyyətlə, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi və perspektivləri barədə qələmə alınan yazıda yada salınmalı, qeyd edilməli məqamlar istənilən qədərdir.  Ancaq biz həmin çoxsaylı faktlar arasından ikisini seçməyi məqsədəuyğun sayırıq. Doğrudur, bu barədə əvvəllər də söz açmışıq. Ancaq bu gün Azərbaycanın  və Türkiyənin bədxahlarının  pusquda dayanmasını, bizim inkişafımıza badalaq gəlmək üçün məqam gözlədiyini nəzərə alaraq, həmin faktları yenidən yada salırıq.

Belə ki, 2014-cü ildə  Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə  Ermənistanın o zamankı  prezidenti Serj Sarkisyan Türkiyənin təmsil olunmamasından istifadə edərək, bu ölkəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham etmişdi.  Tədbirdə iştirak edən Azərbaycan Prezidenti  İlham Əliyev erməni prezidentinin cavabını layiqincə verərək onu öz yerində oturtmuşdu: “Türkiyə burada yoxdur, amma mən buradayam!”

Yaxud, bir müddət əvvəl  Türkiyədə törədilən terror aktları səbəbindən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün ölkəmizə səfəri baş tutmamışdı. O zaman Prezident İlham Əliyev nəinki Ankaranın, hətta bütün Türkiyənin sevincinə səbəb olan bir addım atmış, həmin tədbirin keçirilməsi üçün özü Türkiyəyə getmişdi. Azərbaycan və Türkiyənin   beynəlxalq aləmdəki  bədxahlarının başında ildırım kimi çaxan həmin jestdən sonra  region mətbuatının manşetini Türkiyə siyasətçilərinin məşhur  ifadələri zəbt edirdi: “Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, əbədidir, təmənnasızdır!”

Biz həmin sarsılmazlığın, əbədiliyin və təmənnasızlığın sübutunu artıq hər il, hər ay, hər gün görürük. Əminik ki, bu dəyərlər getdikcə daha da zənginləşəcək və əməkdaşlığımızın perspektivi daha səmərəli, daha faydalı və məmnunedici olacaqdır.