525-ci qəzet. - 2018.- 4 iyul. - 117. - S. 4,6.

 

Cəzasız qalmayan erməni vəhşiliyi

 

Vasif Quliyev

 

İyirminci və otuzuncu illərin repressiyası, 1941-1945-ci illər Böyük Vətən müharibəsi, sonrakı dövrdə isə ölkədə siyasi rejimin daha da gücləndirilməsi daşnakların Qarabağı Ermənistana birləşdirmək ideyasının qarşısını bir qədər aldı. Lakin Stalinin ölümü, Mircəfər Bağırovun həbs olunması, hakimiyyət dəyişikliyi ermənilərin əl-qolunu açdı.

Əsasən, xarici ölkələrdə yaşayan daşnakların bu əlçatmaz xülyaları yenidən baş qaldırdı. Ermənistandan və digər ölkələrdən ermənilərin Qarabağa "səfərləri" başlandı. Yaranmış müvəqqəti sakitlikdən hiyləgərliklə istifadə edən daşnaklar öz çirkin niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağın mərkəzi şəhəri olan Stepanakertdə sonralar "Krunk" adlandırılacaq təşkilatlarını yaradıb, gizli fəaliyyətə keçdilər. Onlar nəinki vilayətin paytaxtında və ermənilər yaşayan ətraf rayonlarda, hətta Bakı, Gəncə, Şəki kimi iri şəhərlərdə də Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik kampaniyasını daha da gücləndirdilər, Qarabağın Ermənistana birləşdirilməsi uğrunda mübarizə aparmağa səsləyən siyasi vərəqələr, qatı millətçilik ruhunda yazılmış əsərlər yaymağa başladılar. Stepanakerti özlərinə siyasi mərkəz seçmiş ermənilər 26 Bakı Komissarı adına Qarabağ İpək Kombinatını və "Rusiya" kinoteatrını əsas yığıncaq yerinə çevirdilər. Daşnakların ictimai və yaşayış binalarının divarlarına yapışdırdıqları vərəqələrin birində deyilirdi: "Biz azıq, lakin erməniyik! Nə vaxta qədər erməni şərabı içib, türk muğamına qulaq asacağıq?! Axı bizim Komitasımız var! Ana ürəyimizdən ayrı düşmüşük, ana ürəyimizə qovuşmalıyıq. Bunun üçün bizi qarşıda çox ağır bir mübarizə gözləyir. Hər bir çətin qələbə isə gərgin mübarizə ilə qazanılır. Mübarizə, mübarizə, mübarizə!" Və mətnin altında da bu sözlər yazılmışdı: "Qoparan erməni deyil!"

Bütün bunlarla bağlı Azərbaycan rəhbərliyi tərəfindən vaxtında təsirli tədbirlər görülməməsi daşnakları bir az da şirnikləndirdi, məqsədlərinə yaxınlarda çatacaqlarına qəti inam yaratdı, bir sözlə, ayaqları yer aldı. Onlar öz başbilənlərinin və Moskva havadarlarının xeyir-duası ilə işə girişdilər. Azərbaycana qarşı qiyam qaldırmaq üçün münasib fürsət axtarmağa başladılar. Bəs işə necə girişsinlər, necə başlasınlar, azərbaycanlıların "vəhşi", "qansız" bir millət olduğunu, ermənilərlə onların dostluğunun heç vaxt baş tutmayacağını, daha birlikdə yaşaya bilməyəcəklərini bütün dünyaya necə sübut etsinlər? Onlara köməyə öz daşnak ata-babalarının müxtəlif vaxtlarda, xüsusilə, 1905-ci ildə milli zəmində törətdikləri qırğınların ssenarisi gəldi, çirkin təcrübələri yada düşdü. Ona görə də iki millət arasında olan keçmiş kin-küdurəti süni və kəskin şəkildə artırmaqla ixtişaş salmaq, nifaq, qarşıdurma yaratmaq, fitnəkarlığa əl atmaq məsləhət bilindi...

Martuni rayonunun Qarakənd kəndindəki S. M. Kirov adına kolxozun aqronomu Benik Movsesyan və Qaradağlı kənd sakini Ərşad Məmmədov əzəldən dostluq edir, bir-birinin evinə gedib-gəlirdilər. Erməni-azərbaycanlı dostluğunun tutmamasını bir daha "sübut etmək" üçün daşnaklar onların bu münasibətindən istifadə etməklə öz murdar planlarını həyata keçirdilər.

1966-cı il oktyabr ayının 22-də erməni daşnakları Benik Movsesyanın Nelson adlı səkkiz yaşlı oğlunu xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirib, gecəykən onun cəsədini, əsasən, azərbaycanlılar yaşayan və Ərşad Məmmədovun məktəb direktoru olduğu Kuropatkino kəndi ərazisinə atdılar. Və qabaqcadan planlaşdırıldığı kimi, qatillərin Benikin dostu Ərşad və onun qohumu Ələmşad olduğu "aşkar edildi". Uşağın atası Benik Movsesyan inandırıldı ki, bu, onun yaxın dostu Ərşadın işidir və o da oğlunun qisasını mütləq yerdə qoymamalıdır. Həm də xatırladıldı ki, mübarizə qurban tələb edir və sənin oğlun da Qarabağın türklərdən azad edilməsi yolunda şəhid olub. Gələcək məhkəmədə Ərşad Məmmədovun üzünə duracağına və başqa "şahidlər" tapacağına dilindən iltizam aldıqdan sonra bu iş üçün xərclənəcək puldan Benikin də payını verdilər. Daşnaklar ondan xatircəm olub, bu dəhşətli ölüm hadisəsinin üstünə beşini də qoyaraq azərbaycanlıların necə "başkəsən" bir millət olduğunu Moskvaya, İrəvana, ümumiyyətlə, dünyanın hər yerinə yaymağa başladılar. Beləliklə də, səkkiz aydan sonra baş verəcək qanlı faciənin ilk səhnəsi oynanıldı.

Bu cinayət işini ermənilər Ərşad Daşdəmir oğlu Məmmədovun, onun qohumları Ələmşad Xanlar oğlu Məmmədovun və Zöhrab Sehrəman oğlu Məmmədovun adları ilə bağladılar. Hər üçü həbs olunub, Şuşa həbsxanasına salındı. Məhkəməyə qədər onlara hər cür işgəncə, olmazın əzab-əziyyət verildi, cinayət zorla bu qohumların boynuna qoyuldu. Guya, Ələmşad bu işin törədilməsində Ərşadla əlbir olub. Zöhrabın isə "günah"ı onda idi ki, bu hadisədən xəbəri olub, lakin vaxtında bu barədə hökumət orqanlarına məlumat verməyib.

Çox çəkmədən məhkəmə başlandı. Ermənilər prosesin tez başa çatmasına və dustaqlara ölüm cəzası verilməsinə xüsusi canfəşanlıqla çalışırdılar. Lakin onların bu bəd niyyətlərini anlayan və düzgün qərar çıxarılmasına çalışan məhbusların ailələri və yaxınları işə tam düzgün baxılması üçün yuxarı orqanlara müraciət edərək məhkəmənin işini bir neçə dəfə təxirə salınmasına nail oldular.

Nəhayət, 1967-ci il iyunun 12-də başlanan məhkəmənin son həlledici iclası iyulun 3-də Stepanakert şəhərində çağrıldı. Azərbaycan SSR Ali Məhkəməsinin səyyar sessiyası tərəfindən aparılan məhkəmə işi ermənilərin təhriki ilə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin cəmi iyirmi-iyirmi beş metrliyində yerləşən M. Əzizbəyov adına Mədəniyyət və İstirahət parkının yay zalında keçirildi. Bu prosesin gedişatını izləmək üçün parka Stepanakertdən və ətraf rayonlardan təxminən səkkiz min nəfər toplaşmışdı. Və onlar bir azdan nə baş verəcəyini yaxşı bilirdilər. Ona görə də əksəriyyəti hər ehtimala qarşı soyuq silahlarla silahlanmış, hazırlıqlı gəlmişdi. Erməni qızları və qadınları isə özləri ilə yod, tənzif və başqa tibbi ləvazimat götürmüşdülər.

Məhkəmə zalına cəmi iki yüzə qədər adam buraxılmışdı. Bir neçə saat davam edən məhkəmə axşam saat yeddinin yarısında öz işini bitmiş hesab edərək hökmün oxunmasına hazırlaşırdı. Lakin öldürülmüş uşağın atası Benik Movsesyan, babası Ambarsum Arustamyan, dayısı Ernest Arustamyan, yaxın qohumu Setrak Zaxaryan və başqaları özlərini nalayiq aparır, dustaqların ailələri və qohumları ilə mübahisə edir, onların vəkillərinə, məhkəmə sədrinə təhqiredici sözlər deyir, hədə-qorxu gəlir, ölüm hökmü çıxarılmasını qətiyyətlə tələb edir, ümumiyyətlə, xoşagəlməz hallara yol verərək məhkəmənin gedişini pozmağa çalışırdılar. Benik Movsesyan və Ernest Arustamyan məhkəməyə hörmət etməyə, qanunlara tabe olmağa dəvət olundular. Lakin onlar yenə də ədəbsizlik və tərbiyəsizlik edərək məhkəmə sədrinin sözlərini dinləmək belə istəmədilər. Ona görə də Ernest Arustamyan zaldan çıxarıldı və bir daha içəri buraxılmadı. Onsuz da yaranmış gərgin vəziyyət bununla daha kəskin hal aldı.

Saat yeddinin yarısında cinayət işləri üzrə məhkəmə kollegiyasının qərarı oxundu. Ələmşad Məmmədov güllələnməyə məhkum edildi, Ərşad Məmmədova on beş il iş kəsildi, Zöhrab Məmmədova isə bəraət verildi. Hökm oxunan kimi Benik Movsesyan və qohumları Ərşad Məmmədova ölüm cəzası verilmədiyinə görə kəskin şəkildə narazılıqlarını bildirdilər və məhkəmə sədrinin ünvanına yenə də təhqiramiz sözlər işlətməyə, nəyin bahasına olursa-olsun, hökmü dəyişdirərək qətlin təşkilatçısı kimi Ərşad Məmmədova güllələnmə verilməsini tələb etməyə başladılar. Özündən çıxan Benik qəfildən pişik kimi sıçrayıb, oturduğu skamyanın üstünə çıxdı və söyüşlə: "Əclaf, sən işi düzgün aparmırsan, pula satılmısan! Buzova güllələnmə verdin, canavarı isə buraxdın! Ərşadı ancaq güllələmək lazımdır!" - deyə Ərşada özü cəza verəcəyi ilə hədələyərək dustaqların üstünə atılmağa, öz hərəkəti ilə zaldakıları qızışdırmağa başladı. Lakin mühafizə dəstəsinin rəisi Petrosyan və milis işçiləri onun qarşısını kəsib, irəli buraxmadılar, qolundan tutub, bayıra atdılar. Parkda durub gözləyən ermənilər məhkəmənin hökmündən xəbər tutan kimi etiraz səslərini qaldıraraq yaxınlıqdakı avtomobili və kinoteatrın zalını daşa basmağa başladılar.

Dustaqları maşına mindirmək üçün şərait yaratmaq məqsədilə yanğından mühafizə idarəsindən yanğınsöndürən maşın gətirildi. Güclü su şırnağı ilə kütləni ordan uzaqlaşdırmağa çalışdılar. Amma bunun heç bir faydası olmadı. Daha da quduzlaşmağa başlayan ermənilər onları da daşa basdılar. Benik Movsesyan yanğınsöndürən Qasım Qasımovun üstünə atılaraq onu yumruqlamağa başladı. Vəziyyətlərinin pis olacağını görən yanğınsöndürənlər gəldikləri kimi də çıxıb-getdilər. Bundan sonra bir az da "cəsarətlənən" Benik Movsesyan üzünü kütləyə tutub, onları daha da qızışdırdı. Qanun-qaydanı qorumaq üçün gətirilmiş milis dəstələri də heç nə eləyə bilmədilər, daha doğrusu, buna heç cəhd də göstərmədilər, müxtəlif bəhanələrlə aradan çıxdılar.

Yaranmış vəziyyət öz məqsədlərinə çatmaq üçün ermənilərə imkan yaradırdı. Bütün bunlardan ayağı yer alan Benik Movsesyan üzünü kütləyə sarı tutub bağırdı: "Ay camaat, niyə durmusunuz?! Nədir, erməni deyilsiniz?! Gəlin, gedək cinayətkarların cəzasını özümüz verək!" Sonra əlini yuxarı qaldırıb, "ardımca gəlin!" - deyə kinoteatrın qapısını təpikləməyə başladı və qapını yerindən oynadaraq yüz əlli nəfərlik bir dəstə ilə zala soxuldu. Onlara heç kəs mane olmadı. Bunu görən Benik tullanıb, səhnəyə çıxdı, dustaqları mühafizə edən dəstənin komandiri Petrosyandan Ərşadı onlara verməyi tələb elədi. Petrosyan buna əməl eləmək istəmədikdə ona və onun əsgərlərinə qızıl və pul verəcəyini vəd elədi. Lakin Petrosyan və onun yanında olan milis işçisi Levon Arutyunov gələcək aqibətlərindən qorxaraq Benikin təklifi ilə razılaşmadılar, basqınçıları sakitləşdirməyə çalışdılar, zaldan çıxıb getməyi məsləhət gördülər. Bir sözlə, gözləri qızmış erməniləri ağla və zəkaya çağırdılar. Lakin bu öyüd-nəsihətlərin və çağırışların da nəticəsi olmadı. Onda Petrosyan onların zalı tərk etməyəcəyi təqdirdə silah tətbiq edəcəklərini bildirdi və havaya bir neçə xəbərdarlıq atəşi açdı. Bundan daha da özlərindən çıxan daşnaklar "sən satqınsan!" - deyərək mühafizə dəstəsinin komandirini əllərindəki daşla, taxta parçası ilə vurmağa başladılar.

Kütlənin hücumunun qarşısını heç nə ilə ala bilməyəcəyini görən Petrosyan dustaqları qrim otağına aparmağa məcbur oldu və otağın qapısını bağlayaraq yenə də xəbərdarlıq atəşi açmağa əmr verdi. Buna cavab olaraq Benikin dəstəsi səhnəyə qalxıb, qrim otağının qapısını sındırdı. Qrim otağına əlində bıçaq birinci daxil olan Benik mühafizə dəstəsinin komandirindən yenə də Ərşadı tələb etməyə başladı və stolun üstündəki mürəkkəb qabını götürüb, Ərşada tərəf tolazladı. Və görəndə ki, Petrosyan onun tələbini yerinə yetirmir, o, Ərşadın üstünə şığıyıb, əlindəki ucu şiş daşla harası gəldi, vurmağa başladı. Dönüb, Petrosyanı da vurmaq istəyərkən komandirinin arxasında dayanmış mühafizəçi İbadullayev bunu gördü. Avtomatdan atəş açıb, Beniki ayağından yaraladı. O, anqırıb, yerə sərildi. Benikin yaralanmasını görən ermənilər onu tez götürüb, kinoteatrın zalından çıxardılar. Küçəyə çıxan kimi o, var qüvvəsi ilə qışqırıb, dindaşlarını onun və oğlunun qisasını almağa çağırdı. Qızışmış kütlə əllərinə keçəni götürüb, yenidən kinoteatra hücum çəkdi. Bu vaxt mühafizə dəstəsinin əsgərləri dustaqları kinoteatrın başqa qapısından çıxarıb-aparmaqda idilər. Onlar ermənilərin yenə basqın etdiklərini görüb, beş dəfə atəş açmağa məcbur oldular. Lakin mövcud təlimata uyğun olaraq, həm də hücum edənlər arasında qız-qadınların olmasını nəzərə alaraq tam mənası ilə silah tətbiq edə bilmədilər. Amma basqınçılardan Levon Soqomonyan, Setrak Zaxaryan, Qrant Sərmanyan, Jora Şahbaryan, Suren Sərkisyan, Georgi Oqanesyan yaralandılar.

Bu şəraitdən istifadə edən mühafizəçilər məhbusları kinoteatrın o biri qapısından çıxarıb, kütləni yarıb-keçmək yolu ilə onları maşına mindirmək qərarına gəldilər. Lakin ermənilər bundan duyuq düşüb, onların cəhdlərinin qarşısını aldılar. Fürsətdən istifadə edən əsgər İbadullayev başından ağır zədə almış Zöhrabı öz xahişilə çiyinləri üstünə alaraq aradan çıxarıb, çətinliklə maşına mindirə bildi. Gözlərini qan örtmüş daşnaklar isə dustaqları qoruyan əsgər Xaliyarovu divara qısnayaraq onu öldürməklə hədələdilər, bildirdilər ki, əgər atəş açsa, özündən küssün. Xaliyarovu dustaqlardan uzaqlaşdırandan sonra Ərşadı aradan çıxarmağa çalışan əsgər Malimonovun avtomatının diskini çıxartdılar ki, lazım gələndə atəş aça bilməsin. Əsgərləri "zərərsizləşdirəndən" sonra daşnaklar mühafizə dəstəsinin komandiri Petrosyanın üstünə atılıb, güclü zərbə ilə onu yerə sərdilər. Sonra Ələmşadı qrim otağında, Ərşadı isə zalda haqlayıb, xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirdilər... Bununla kifayətlənməyən bu vəhşilər onların cəsədlərini kinoteatrın binasından çıxarıb, küçədə ermənilərin ayaqları altına atdılar. Uşaqlı-böyüklü hamısı qarğa-quzğun kimi meyidlərin üstünə tökülüşdülər. Onlar bu cansız bədənləri insanları ayaqları ilə tapdalayır, daşla, ağacla, başqa ağır əşyalarla vurur, əyinlərindəki paltarlarını dartıb-çıxarır, təhqir edirdilər. Əllərində bıçaq olanlar isə meyidləri bıçaqla vurur, "bu, mənim payım!" - deyərək qanlı bıçağı növbə ilə bir-birinə ötürür və bir başqası da cəsədi bıçaqla vuraraq "bu da mənim payım!" - deyirdi.

Elə bu vaxt kimsə qışqırıb dedi ki, Ərşad sağdır, özü də maşında gizlədilib. Bir dəstə erməni maşına tərəf cumub, onu aşırdı. Sonra üstünə benzin tökərək od vurdular. Həmin vaxt maşında gizlədilən yaralı Zöhrab da belə vəhşicəsinə öldürüldü. Ürəkləri soyumayan bu qansızlar Zöhrabın yanmış meyidini aşırılmış maşından çıxardıb, məftillə sürütləyə-sürütləyə o biri iki meyidin yanına gətirdilər. Və üç cəsədin üçünü də əvvəlcədən hazırladıqları taxta qalağının üstünə atıb, benzin tökərək od vurdular. Yalnız bundan sonra bu qaniçənlər meyidlərdən əl çəkib, dağılışmağa başladılar.

Kiçik bir haşiyə: 51 il bundan əvvəl, 1967-ci il iyulun 3-də Stepanakert şəhərində baş vermiş o müdhiş hadisənin bəzi epizodlarını bu sətirlərin müəllifi də öz gözləri ilə görmüşdür. Həmin gün axşam çağı dalbadal atılan güllə səsləri Stepanakertin cəmi-cümlətanı iki kilometrliyində olan Malıbəyli kəndində də eşidildi. Heç yarım saat keçməmişdi ki, kəndin girəcəyində bir neçə minik və yük maşını göründü. Gələnlər öldürülənlərin qohum-əqrəbası idi. Onlar məhkəmədə iştirak etmiş, Ərşadın, Ələmşadın və Zöhrabın ölüm səhnələrinin şahidi olmuşdular. Hadisə baş verərkən xətər toxunmasın deyə, milliyyətcə azərbaycanlı olan milis işçilərinin köməyi ilə onlar şəhərdən çıxarılmış və Stepanakertə ən yaxın azərbaycanlı kəndi olan Malıbəyliyə gətirilmişdilər... Kənd camaatı gələnlərin qarşısına çıxdı və məsələdən halı olub, zərərçəkənlərə təskinlik verməyə başladı.

Biz uşaqlar da böyüklərə qoşulub, onları məktəbin yanında qarşılamağa getmişdik. Elə bu vaxt kənd sakinlərindən kimsə (xatırlaya bilmirəm) yüyürə-yüyürə gəlib, həyəcanla ora toplaşanlara dedi: - İndicə İdris müəllim (əslən Malıbəylidən olan İdris Məhərrəmov o vaxt Şuşa rayon Zəhmətkeş Deputatları Sovetinin sədri idi) idarəyə zəng vurmuşdu. Dedi ki, əli silah tutanların (Silah nə gəzirdi ki? Hadisədən bir neçə ay qabaq kənddə az miqdarda olan silah hökumət nümayəndələri tərəfindən əhalidən yığılmışdı) nəyi varsa, götürüb, kəndi müdafiə etsinlər. Ola bilər ki, gecə Stepanakertdən, ya da ətraf kəndlərdən ermənilər Malıbəyliyə hücum çəkərlər... Dərhal hamı dağılışıb, öz evinə getdi. Toran düşəndə kimi balta, kimi dəhrə, kimi dəryaz, kimi, hətta çomaq, dəyənək, bir sözlə, əllərinə nə keçmişdisə, götürüb, kəndin ətrafına səpələndilər. On dörd yaşlı uşaq, yəni mən də atamla hərəmiz əlimizə bir yaba alıb, "Novlu bulağ"a tərəf yollandıq. Sən demə, Stepanakertdən də ermənilər öz kəndlərinə zəng vurub, eyni sözləri öz dindaşlarına da deyiblər. Sonralar məlum oldu ki, qonşu erməni kəndlərinin əhalisi də azərbaycanlıların hücum edəcəklərindən qorxub, səhəri dirigözlü açıblar. Amma həmin gecə heç bir hadisə baş vermədi. Nə hücum edən oldu, nə müdafiə olunan...

Hadisənin ertəsi günü Azərbaycan SSR Ali Sovetinin sədri Məmməd İsgəndərov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Daxili İşlər naziri Məmməd Əlizadə, Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev və başqa dövlət və hökumət nümayəndələri Bakıdan Stepanakertə gəldilər. Dərhal da dünən baş vermiş kütləvi ixtişaşla bağlı cinayət işi qaldırıldı. Lakin ilk növbədə, həlak olanların dəfni təşkil olunmalı və yenidən baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq üçün tədbirlər görülməliydi. Bu, olduqca vacib və eyni zamanda, təhlükəli olan iş o vaxt cəmi bir ay əvvəl dövlət təhlükəsizlik komitəsinə sədr təyin edilmiş Heydər Əliyevə tapşırıldı. O, bir sıra təhlükəsizlik tədbirləri gördü. Ölənlərin cəsədləri sakit bir şəraitdə öz kəndlərinə aparıldı. Heydər Əliyev əvvəlcə Qaradağlıda yerli əhali ilə görüşüb söhbət apardı, onlara təsəlli verib sakitləşdirdi. Sonra camaatla birlikdə qəbiristanlığa gedərək dəfn mərasimində çıxış elədi, cinayətkarların sərt və amansız şəkildə cəzalandırılacaqlarına söz verdi...

Bu işin təşkilatçıları və əsas iştirakçıları məhşər ayağına çəkildilər. Yetmiş üç nəfər cani tutuldu. Bu qanlı aksiyanın başçılarından olan Arkadi Manuçarov, Baqrat Ulubabyan və başqaları "asta qaçan namərddir" - deyib aradan çıxdılar, özlərinə İrəvanda sığınacaq tapdılar.

İstintaqın gedişində həbs edilmiş yetmiş üç nəfərdən əlli üçü müəyyən müddətdən sonra buraxıldı, iyirmi nəfər isə cinayət məsuliyyətinə cəlb olundu. Səkkiz aya qədər davam edən istintaq işi, nəhayət, sona çatdı və 1968-ci il mayın 21-dən iyulun 23-nə qədər məhkəmə iclasları keçirildi. İşi Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası aparırdı. Üç azərbaycanlı gəncin vəhşicəsinə öldürülməsinin əsas baisi Benik Movsesyan törətdiyi cinayətləri boynuna almaq istəməsə də, Nikolay Sərkisyan, Ağasi Qriqoryan, Avetis Sərkisyan, Qriqori Akopyan, Pavel Qasparyan, Robert Beqlyaryan, Eduard Voskanyan, Karlos Ağacanyan və başqa din qardaşları onun üzünə durub, bütün cinayətlərini məhkəmə qarşısında açıb danışdılar. İstintaqın gedişində həm də aşkar olundu ki, hadisə zamanı hərbi hissəyə məxsus bir maşın yandırılmış, kinoteatra və parka 1464 manat 20 qəpik maddi ziyan dəymiş, on üç nəfər milis işçisi və Sovet Ordusunun iki əsgəri yüngül yaralanmışdır. Dövlətə dəyən maddi ziyan həbs olunan ermənilər tərəfindən ödənildi. Məhkəmə kollegiyasının son qərarı isə belə oldu: Benik Nersesoviç Movsesyana, Artyuşa Xaçaturoviç Əsribabyana, Conrik Andreyeviç Ohanova, Yermak Nikolayeviç Arakelyana və Albert Armenakoviç Danielyana güllələnmə verildi, Ambarsum Qriqoryeviç Arustamyana 15 il (ciddi rejimlə), Sergey Nersesoviç Ohanyana 12 il, Ernest Ambarsumoviç Arustamyana 8 il, Mamvel Vaqarşakoviç Babayana 6 il, Nikolay Poqosoviç Cavadyana 5 il, Georgi İvanoviç Oqanesyana 5 il, Aleksandr Soqomonoviç Çalyana 4 il, Suren Osipoviç Sərkisyana 4 il, Jora Rubenoviç Şahnazaryana 4 il, Ağasi Nikolayeviç Qriqoryana 3 il, Qrant Samsonoviç Sərkisyana 3 il, Valeri Barxudaroviç Arutyunyana 3 il, Setrak Avanesoviç Sərkisyana 2 il, Armen Armaisoviç Djanqiryana 2 il və Yuri Semyonoviç Avanesyana 2 il iş kəsildi.

Və beləliklə də, üç Azərbaycan övladının nahaqdan tökülən qanı yerdə qalmadı. Xalqın milli qeyrətli oğullarının təəssübkeşliyi sayəsində əfi ilanın başı elə yerindəcə əzildi, erməni daşnakları iyirmi ilə yaxın öz əzilmiş başlarını bir daha qaldıra bilmədilər.