Azərbaycan.-2018.-23 yanvar.-15.-S.7.

 

Tarixin qan yaddaşı: reallıqlar və çağırışlar

 

İsa Həbibbəyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

 

Müstəqillik dövründə Azərbaycanda xalqın milli-tarixi yaddaşının bərpa olunması və mənəvi özünüdərk proseslərinin daha da dərinləşdirilərək möhkəmləndirilməsi istiqamətində həyata keçirilməkdə davam edən müdrik və uzaqgörən dövlət siyasəti ölkəmizdə yeni təfəkkürün formalaşdırılmasına geniş imkan yaradır. Bu yolla dövlət müstəqilliyinin daha əsaslı şəkildə dərk etdirilməsi, traixdən alınan ibrət dərsləri zəminində böyük gələcəyə doğru inamlı addımların atılması strategiyası uğurla həyata keçirilir.

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu uzaqgörən siyasətin ölkəmizdə uğurla davam etdirilməsi xalqımızın möhkəm milli əsaslar üzərində qətiyyətlə irəliyə baxışının əsas məzmununu və inkişaf istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqındakı 18 yanvar 2018-ci il tarixli sərəncamı aparılan ardıcıl siyasətin məntiqi davamı olmaqla bərabər, yeni tarixi şəraitdə məsuliyyətli siyasi və elmi vəzifələri meydana qoyan əhəmiyyətli proqram sənədidir. Ölkə Prezidentinin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamında Azərbaycan xalqının haqsız-ədalətsiz yerə məkrli dövlətlər və maraqlı qüvvələr tərəfindən soyqırımına məruz qoyulmalarının obyektiv siyasi qiyməti verilmişdir. Mövcud dövlət sərəncamı ümumiyyətlə, azərbaycanlıların soyqırımı faciəsinin real səbəbləri və nəticələrini obyektiv surətdə əks etdirən mühüm dövlət sənədidir.

Prezident İlham Əliyevin sərəncamında ifadə etdiyi fikirlər ermənilərin və onların havadarlarının törətdikləri qanlı cinayətlərin, acı fəlakətlərin gerçək mənzərəsini dolğun surətdə ifadə edir: Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik Böyük Ermənistan ideyasını gerçəkləşdirmək məqsədi ilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımıları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. ...Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Məlum olduğu kimi, həqiqətən, XX əsr boyu Azərbaycan xalqına və ümumən türk millətinə qarşı Şərqi Anadoluda, Qafqazda və Orta Asiyada, hətta İranda bir neçə dəfə ağır və dəhşətli soyqırımı və deportasiya hadisələrinin təşkil olunduğunu danılmaz tarixi sənədlər təsdiq edir.

Bu, böyük qlobal oyunun əsas təşkilatçıları çar Rusiyası və Qafqazda marağı olan bəzi Qərb gücləri, icraçıları isə bədnam ermənilər idi. Lakin azərbaycanlıları və ümumiyyətlə, türk-müsəlman əhalisini məhv etməyə yönəldilmiş soyqırımı kimi faciəli tarixi hadisələrin tədqiq edilib öyrənilməsi, xalqa çatdırılması uzun müddət ərzində mümkün olmamışdır. Keçmiş ermənipərəst sovet rejimi Azərbaycanda, Qafqazda və Orta Asiyada soyqırımı, repressiya və deportasiya kimi qanlı hadisələri unutdurmaq, tarixdən silmək üçün geniş tədbirlər həyata keçirmiş, arxivlərdən istifadəyə ciddi qadağalar qoymuşdur. Tarix kitablarında və dərsliklərdə də həmin hadisələrə yer ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqındakı 18 yanvar 2018-ci il tarixli sərəncamında deyildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.

Sovet hakimiyyəti illərində Azərbaycan xalqının erməni-müsəlman davası haqqında təsəvvürləri törədilmiş qanlı faciələrin xalq yaddaşındakı silinməz izlərindən və böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının 1905-ci ildə pyesindəki səhnələrdən dərinə və uzağa gedə bilməmişdir. Dövlət ideologiyası səviyyəsində birtərəfli qaydada təbliğ olunan xalqlar dostluğu ideyası həm də türk-müsəlman əhalisinin tarixi yaddaşının silinməsi, izlərinin itirilməsi qayəsini izləmişdir. Həmin mənfur siyasətin mahiyyəti görkəmli yazıçı Çingiz Aytmatovun manqurtlaşdırma haqqındakı məşhur pritçasında bütün dərinliyi ilə ifadə olunmuşdur. Türkiyədə Qərbin təsiri, İranda isə o zamankı rejimlərin iradələri ilə qanlı erməni olayları diqqət mərkəzindən kənarda saxlanılmışdır. Yalnız Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə tariximizin ağ ləkələrinin aradan qaldırılmasına, tarixi proseslərin obyektiv qiymətləndirilməsi istiqamətində araşdırmaların aparılmasına, gerçək mövqedən əsərlərin yazılıb meydana çıxarılmasına və xalqa çatdırılmasına normal imkanlar yaradılmışdır. Bu mənada görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərindəki Azərbaycan tarixinin yenidən öyrənilməsinə dair çağırışları, xüsusən ulu öndərin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il 31 martın dövlət səviyyəsində Azərbaycan Soyqırımı Günü kimi qeyd olunması haqqında qərarı qəbul etməsi, həmçinin həyata keçirilən dövlət əhəmiyyətli tədbirlər: soyqırımılarına və deportasiyalara dair sərəncamlar, arxivlərin açılması, ölkədə senzuranın ləğv edilməsi sahəsində atılan mühüm addımlar həmin istiqamətdə obyektiv tarixi tədqiqatların aparılmasına, milli-tarixi yaddaşın bərpasına böyük yol açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar həyata keçirdiyi siyasətdə ardıcıl olaraq problemin köklü şəkildə aydınlaşdırılması və qiymətləndirilməsi mövqeyindən çıxış etməsi bu sahədə mövcud gərgin münaqişə vəziyyətinə gətirib çıxaran amillər sırasında soyqırımıların və deportasiyaların mahiyyətinin açıqlanmasına şərait yaradır. Artıq son illərdə Türkiyədə və Orta Asiyada da proses həmin istiqamətdə inkişaf etməkdədir.

Ölkəmizdə dövlət səviyyəsində aparılan siyasət Azərbaycan elmində, ədəbiyyat və incəsənət əsərlərində özünün geniş əks-sədasını tapır.

Doğrudur, aparılan aşkar və obyektiv ideoloji mübarizə zəminində son illərdə tariximizin bu qanlı-qadalı hadisələrinə dair bir sıra elmi və bədii əsərlər də meydana çıxmışdır. Ancaq etiraf edilməlidir ki, Ermənistan tərəfinin və onların xaricdəki tərəfdarlarının beynəlxalq aləmdə yaydıqları uydurma təbliğatla müqayisədə Azərbaycan elmi-ədəbi fikrinin obyektiv mövqeyini ifadə edən daha sanballı və çoxsaylı əsərlərə ehtiyac var. Bu mənada Milli Elmlər Akademiyasında 2014-cü ildə yaradılmış Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi Komissiyası zamanın irəli çıxardığı tarixi missiyanı daha sistemli şəkildə həyata keçirmək, həmin sahədə koordinasiya işlərini təşkil etmək, səyləri və qüvvələri birləşdirmək vəzifələrini yerinə yetirmək qayəsini daşıyır. Komissiyanın tərkibində soyqırımıları və deportasiya məsələlərini tədqiq və təbliğ edən işçi qrupları üzrə fəaliyyət proqramı ardıcıl olaraq həyata keçirilir. Artıq qısa müddətdə həyata keçirilmiş tədbirlər nəticəsində Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış və müasir texnologiya ilə təchiz edilmiş Soyqırımıların tarixi salonlarında XX əsr ərzində xalqımıza qarşı yönəldilmiş soyqırımıların tarixinə dair nadir sənədlər və fotoşəkillərlə tanış olmaq mümkündür. Akademiyanın Tarix, Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya, Hüquq və İnsan Haqları institutlarında Azərbaycanda soyqırımıları mövzusuna həsr edilmiş beynəlxalq səviyyəli elmi konfransların keçirilməsi, elmi-tədqiqat əsərlərinin, çap olunmuş kitabların tədqimatları və müzakirələri mövcud problemin araşdırılıb öyrənilməsinə diqqətin artırılmasına xidmət edir.

Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun 2014-cü ildən etibarən ardıcıl olaraq təşkil etdiyi Azərbaycanda, Qafqazda və Şərqi Avropada türk-müsəlman əhalisinə qarşı həyata keçirilmiş soyqırımı hadisələrinin tarixinə və ibrət dərslərinə həsr olunmuş beynəlxalq elmi konfranslar əhatə dairəsinin və iştirakçıların tərkibinin genişliyi, tədqiqat materiallarının dərinliyi və zənginliyi ilə səciyyələnir. Tarixçi alimlərin beynəlxalq elmi konfransları XX əsrin əvvəllərində Ermənistan tərəfinin və onların havadarlarının qanlı cinayətlər, kütləvi qətliamlar həyata keçirdiyi regionlarda - Qubada, Gəncədə, Şamaxıda, Lənkəranda təşkil etmələri azərbaycanlı tədqiqatçılarla yanaşı, bu genişmiqyaslı elmi tədbirlərin iştirakçıları olan xarici ölkə alimlərinin hadisələrin real mənzərəsi və gerçək mahiyyəti ilə yaxından tanış olmalarına şərait yaradır. Xüsusən, beynəlxalq elmi konfransın Quba soyqırımı məzarlığı muzeyinin bazasında təşkil edilib keçirilməsi beynəlxalq elmi ictimaiyyətin obyektiv reallıqlarla üz-üzə fikir mübadiləsi aparmasına, real müzakirələr keçirməsinə meydan açmışdır. Quba Soyqırımı Muzeyi ilə əyani tanışlıq Rusiya, Türkiyə, Almaniya, Hollandiya, Gürcüstan, Özbəkistan, Dağıstan alimlərinin XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin real şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin etməyə imkan yaradır. Eyni zamanda, Tarix İnstitutunun keçirdiyi konfranslar azərbaycanlılara qarşı törədilmiş soyqırımılara münasibətdə dünya alimlərinin həmrəyliyinin formalaşdırılması baxımından da əhəmiyyətlidir.

Bunula yanaşı, Quba Soyqırımı məzarlığında muzey kompleksinin yenidən qurulmasına dair yaradılmış komissiyanın apardığı iş də faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair əhəmiyyətli təşəbbüslərin və təkliflərin meydana çıxması, bir sıra əməli addımların atılması ilə nəticələnmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasında hazırlanıb çap edilmiş nəşrlər sırasında Qafqazşünaslıq İnstitutunun 2017-ci ildə AMEA-nın Elm nəşriyyatında ingilis dilində çap etdirdiyi Soyqırımı həqiqətləri kitabı mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan tədqiqatçıları ilə yanaşı, bu problem ətrafında araşdırma aparmış görkəmli xarici ölkə alimlərinin - Türkiyə, Rusiya, ABŞ, Fransa, İsrail, Özbəkistan və Gürcüstanın tanınmış elm adamlarının məqalələrinə geniş yer ayrılması məsələnin obyektiv mahiyyətinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətli addımdır.

Bundan başqa, Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda elmi-tədqiqat işi kimi icra olunmuş Erməni təcavüzünə məruz qalmış Azərbaycan memarlıq abidələri monoqrafiyası ictimai və humanitar elmlərin son illərdə əldə etdiyi mühüm elmi nəticələrdən biri sayılmağa layiqdir. Monoqrafiyada ölkəmizin işğal altında qalmış ərazilərinə qarşı törədilən erməni vandalizminin gerçək mahiyyəti danılmaz faktlar əsasında aydınlaşdırılmışdır. Həmçinin Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi Komissiyasının Memarlıq və İncəsənət İnstitutu ilə birlikdə akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların rəsm əsərlərindən ibarət təşkil etdiyi Tarixin qan yaddaşı adlı təsviri sənət sərgisi Azərbaycan gerçəkliyinin daha dərindən dərkinə və vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərmişdir.

Bütün bunlarla bərabər, beynəlxalq səviyyəli elmi tədbirlərdə tarixi sənədlərlə, arxeoloji materiallarla yanaşı, xalq yaddaşında qorunub saxlanılan hadisə və əhvalatların da təhlilə cəlb edilməsi, hadisələrin iştirakçısı olmuş şəxslərin şəcərəsinin daşıyıcılarının xatirələrindən də istifadə olunması qanlı faciələrin aydınlaşdırılmasına daha bir işıq salır. Bu baxımdan, Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi Komissiyasının Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birlikdə 2-3 mart 2015-ci il tarixdə Soyqırımılar - xalq yaddaşında mövzusunda keçirdiyi beynəlxalq elmi konfrans mühüm əhəmiyyətə malikdir. Bu, mövcud problemə sənədlərlə yanaşı, xalq yaddaşı materialları vasitəsi ilə yeni elmi baxışın konkret ifadəsini diqqət mərkəzinə çəkən ilk forum kimi aktuallıq qazanmışdır. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanlılara qarşı soyqırımıların tədqiqi Komissiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Yeni yurd İctimai Birliyi ilə 7 aprel 2015-ci il tarixdə Çanaqqala zəfəri və müasir dövr mövzusunda təşkil etdiyi elmi-ədəbi gecədə də Türkiyə Cümhuriyyətində XX əsrin əvvəllərində baş verən qanlı hadisələr həmin dövrdəki Azərbaycan olayları ilə və Dağlıq Qarabağ hadisələri ilə üzvi əlaqədə təqdim olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar, Hüquq və İnsan Haqları, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat institutlarında, Milli Azərbaycan ədəbiyyatı Muzeyində müxtəlif istiqamətdə keçirilmiş tədbirlər uzun illər qadağan olunmuş, azərbaycanlılara qarşı soyqırımı faciələrinin yeni nəsillərə çatdırılmasında, vətənpəvərlik tərbiyəsinin qüvvətləndirilməsində mühüm rol oynamışdır.

Qeyd olunanlar müstəqillik dövrü Azərbaycan elmi və ictimai fikrinin əldə etdiyi əhəmiyyətli nəticələrdir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqəndakı 18 yanvar 2018-ci il tarixli sərəncamı Azərbaycan elmi və ədəbi fikri qarşısında daha mühüm vəzifələr qoyur. Prezidentin sərəncamındakı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması vəzifəsi problemə yenidən və daha əsaslı şəkildə yanaşılmasını, məsələnin beynəlxalq səviyyədə təqdim olunmasının forma və üsullarının tapılıb həyata keçirilməsini tələb edir. Bu baxımdan, Azərbaycan alimləri və yaradıcı ziyalıları aşağıda qeyd olunan məsələlərin həllini özlərinin müasir mərhələdəki əsas vəzifələri sırasında görürlər:

1. Azərbaycanlılara, türk-müsəlman əhalisinə qarşı soyqırımılar haqqında arxiv sənədlərini və dövri mətbuat materiallarını arxivlərdən və kitabxanalardan aşkar edib toplanılması işini davam etdirməklə Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində nəşr etdirib yaymaq;

2. XX əsr ərzində erməni-Azərbaycan münaqişəsinə həsr edilmiş elmi və bədii əsərlərin: M.S.Ordubadinin Qanlı sənələr, Mirzə Bağır Əliyevin Qanlı günlərimiz əsərlərinin, Mir Möhsün Nəvvabın mövzu ilə bağlı əsərinin xarici dillərdə nəşr edilib yayılmasını təmin etmək;

3. Erməni-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan və xarici ölkə alimlərinin ən yaxşı məqalələrindən ibarət toplu hazırlayıb ingilis, rus və ərəb dillərində kitab halında nəşr etdirmək;

4. Azərbaycanlılara, türk-müsəlman əhalisinə qarşı yönəldilmiş soyqırımılarına dair tədqiqatları Avropa dillərinə və rus dilinə tərcümə edərək dünya ictimaiyyətinə çatdırmaq;

5. Xalq yaddaşı materiallarının toplanması, sistemləşdirilməsi, kitab halında çap edilməsi işini təşkil etmək. Tədqiqat prosesində arxiv sənədləri ilə xalq yaddaşı materiallarının sintezinə nail olmaq;

6. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq simpoziumlarda obyektiv elmi məruzələrlə çıxış etmək və dünya ictimaiyyətinə real gerçəkliyi çatdırmaq;

7. Azərbaycanlılara qarşı soyqırımıların tarixini və ibrət dərslərini əks etdirən sənədli filmin hazırlanmasına və ictimaiyyətə təqdim olunmasına nail olmaq;

8. Soyqırımılara və deportasiyalara həsr edilmiş rəsm əsərlərinin çəkilməsini təşviq etmək, həmin təsviri sənət əsərlərinin sərgilərini keçirmək və kataloqunu nəşr etdirmək;

9. Bir əsrdən artıq davam edən soyqırımıları və deportasiya hadisələri əsasında müxtəlif janrlarda bədii əsərlərin yazılması zərurətini ədəbi ictimaiyyətə çatdırmaq və bu mövzuda bədii filmlərin çəkilib xalqımıza və dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək;

10. Azərbaycanlılara qarşı törədilmiş soyqırımılar zəminində Xocalı faciəsinin soyqırımı olması mahiyyətini elmi şəkildə əsaslandırmaq və təbliğ etmək.

Azərbaycan alimləri və ədiblərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və dünya ictimaiyyətinin obyektiv mövqedən məlumatlandırılmasından ibarətdir. Bu isə əsl alim və yüksək vətəndaş mövqeyi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqındakı mühüm tarixi-siyasi əhəmiyyətə malik olan sərəncamı nəticə etibarilə ölkəmizdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə böyük təkan verən mühüm dövlət tədbiridir. Bu mühüm ictimai-siyasi əhəmiyyətə malik olan sərəncam tarixdə baş vermiş hadisələrin mahiyyəti və qarşıda duran vəzifələrin strategiyası haqqında proqramdır. Azərbaycan elmi ictimaiyyəti, yaradıcı ziyalıları bu məsuliyyətli və şərəfli proqramı yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etməyi özlərinə şərəfli borc hesab edirlər.