Paralel. - 2018.- 28 iyun. - ¹ 112. - S. 10.

 

Azərbaycan müsəlman dövlətləri arasında ən öncül ölkələrdən biridir

 

Xalqımızın tolerantlığı onun bəşəri birgəyəşayış normalarına

yüksək önəm verməsindən irəli gəlir

 

Azərbaycanda tolerantlığın, multikulturalizmin qorunması və inkişaf etdirilməsi, heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin siyasi və elmi nəzəri irsi, onun dövlətçilik üslubu və prinsipləri Azərbaycan xalqının misilsiz sərvətidir. Xalqımıza firavan və uğurlu gələcəyin yolunu göstərən dəyərli xəzinədir. H.Əliyevin siyasi irsi, həm də mədəni bir cəmiyyəti yaratmaq və idarə etmək məktəbidir. O dahi insan çox yaxşı bilirdi ki, Azərbaycan müsəlman dövlətləri arasında ən öncül ölkələrdən biridir və bunun təbii şərtlərindən biri də vətənimizin çoxetnoslu, çoxkonfessiyalı bir məkan olmasıdır. Bu da məlumdur ki, çoxmədəniyyətli cəmiyyətin tərəqqisi, inkişafı öz-özünə ərsəyə gəlmir. Buna nail olmaq üçün müxtəlif mədəniyyətlərə məxsus icmalar arasında münasibətlər düzgün qurulmalı, hər bir mədəniyyətin çiçəklənməsi və digər mədəniyyəti tamamlayıb zənginləşdirməsi üçün imkanlar yaradılmalıdır. Amma bunu gerçəkləşdirmək heç də asan deyil. Ona görə ki, bu, həmin mədəniyyətlərə eyni münasibət göstərmək, onların hamısına eyni dərəcədə tolerantlıq və qayğı göstərməyi tələb edir. Bu elə bir siyasət tələb edir ki, müxtəlif etnik və mədəni qruplar özlərini həm də vahid bir mədəniyyətin üzvü kimi hiss etsinlər və eyni zamanda, özlərini bu mədəniyyətdən kənarda görməsinlər. Burada isə bütövlükdə cəmiyyət, dövlətin başında duran insanlar, ən əsası isə dövlət başçılarının mövqeyi həlledici rol oynayır. Bu baxımdan, Azərbaycanda 1960-cı illərdən sonra birgəyaşayışın, tolerant prinsiplərinin qorunmasında Heydər Əliyevin misilsiz xidmətləri var. Biz bu təcrübəni hələ çox araşdırıb öyrənməli, onun incəliklərini yeni nəsillərə çatdırmalıyıq.

Çünki mədəni toplumların bir-birinə qeyri-sağlam münasibəti nəinki sosial tərəqqini və çiçəklənməni ləngidir, eyni zamanda dəhşətli etnik və kultural toqquşmalara və dağıdıcı proseslərə səbəb olur. Buna misal kimi, ölkəmizdə  erməni separatizminin baş qaldırmasını göstərə bilərik. Erməni separatizmi hər iki tərəfə ciddi maddi və mənəvi zərbələr vurdu. Müharibə minlərlə insanın həyatını itirməsinə səbəb oldu, şəhidlər verildi, hər iki tərəfdən yüzminlərlə qaçqın və məcburi köçkünlər meydana çıxdı, təsərrüfat fəaliyyətinə, mədəni dəyərlərə böyük zərbələr vuruldu. Hazırda ermənilərin sağlam düşüncəli insanları da açıq etiraf edirlər ki, Qarabağ erməniləri Azərbaycan ərazisində dinc yanaşı yaşayanda özlərini daha əmin hiss edirdilər. Bu dak məlum tarixi faktdır ki, ermənilər ruslar Qafqaza gələndən sonra böyük üstünlüklər qazandılar, sovetlər dönəmində də bu, davam edib və ermənilərə bir xristian toplumu kimi xüsusi səlahiyyətlər, güzəştlər verilib. Azərbaycan dövlət strukturlarında çalışan bir çox erməni millətindən olan şəxslərin yüksəliş yolu Qarabağdan Bakıya, sonra Bakı tramplinindən istifadə edərək Moskvaya qədər uzanıb. Bu da heç şübhəsiz ki, Azərbaycan xalqının tolerantlığından, bəşəri birgəyəşayış normalarına yüksək önəm verməsindən irəli gəlir. Bu gün dünyanın bir çox məkanlarında etiraf olunan Azərbaycan multikulturalizminə münasibət bildirən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri xanım Enn Dörsi müsahibələrinin birində qeyd edib ki, Azərbaycan dünyaya təkcə neft, qaz və başqa məhsullar yox, tolerantlıq və multikulturalizm də ixrac etməlidir. Bu da, ölkəmizdə dövlət səviyyəsində bu sahədə böyük bir siyasətin həyata keçirilməsinin nəticəsidir. Belə ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunun ən bariz nümunəsi "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumudur. Eyni zamanda, ölkəmizdən kənarda çoxsaylı tədbirlər keçirilib, Azərbaycanda olan tolerant mühitin dünyaya çatdırılması üçün böyük işlər görülüb. Onu da qeyd etmək vacibdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də, bu sahədə fəaliyyətini və əlaqələrini daim genişləndirir.

Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlər çərçivəsində xarici ölkələrə səfərlər edilir, dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək rəsmi şəxslərlə görüşlər keçirilir, birgə konfranslar təşkil olunur.

DQİDK və ISESCO-nun birgə təşkilatçılığı ilə Rabat şəhərində "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfransın keçirilməsi, İstanbul şəhərində Türkiyənin İslam Araşdırmaları Mərkəzi ilə birgə "Azərbaycan- İslam mədəniyyətinin incisi" mövzusunda sərgi təşkili buna misal ola bilər. Bundan başqa, Belçikanın paytaxtı Brüssel şəhərində "Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi" mövzusunda beynəlxalq simpozium keçirilib. Xüsusilə, BMT, ISESCO, Avropa Parlamenti, UNESCO, Avropa Şurası kimi mötəbər beynəlxalq qurumlarla, EMİSCO (Sosial Vəhdət uğrunda Avropa-Müsəlman Təşəbbüsü), FEMYSO (Avropada Yaşayan Müsəlman Tələbələr və Gənclər Forumu), Beynəlxalq Sərhədsiz İnsan Haqları kimi QHT-lərlə əməkdaşlıq Azərbaycanın nümunə ola biləcək dövlət-din modelinin və tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə təbliği, həmçinin dünyada radikalizm meyllərinin güclənməsinə qarşı birgə fəaliyyətə dair beynəlxalq ekspertlərin təkliflərinin əldə edilməsi məqsədi daşıyır. Bu təcrübələr göstərir ki, belə əməkdaşlıq ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə inkişafına təkan verir, eyni zamanda onun təbliğini və təşviqini stimullaşdırır. Ölkəmizdə dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və anlaşma əsasında qurulduğu, xarici ölkə nümayəndələri tərəfindən də qəbul olunur və Azərbaycan təcrübəsinin bir model kimi öyrənilmsinin vacibliyi qeyd olunur.

Azərbaycan respublikasının prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Azərbaycanda bunu sübut edən faktlar çoxdur, bu sahədə əldə olunan təcrübə də kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi də, ümummilli lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir və hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib. Bu da onu deməyə əsas verir ki,

Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi, sadəcə müəyyən dövrü əhatə edən bir kampaniya deyil. Bu, dövlətimizin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasətidir. Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin tolerant əsaslarının elmi müstəvidə təhlili və qorunub saxlanılması, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də, bu siyasətin əsas prioritet istiqamətlərindəndir. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyət nəzərə alınmaqla xarici ölkələrlə münasibət baxımından zəruridir.

Əslində, dünyada artmaqda olan fərqliliklər arasında toqquşma və ziddiyyətlərin fonunda bəşəriyyətin gələcəyinə əsas ümid dialoq və harmoniyadır. Çünki tarixi inkişaf boyu biz fərqli dinlər, mədəniyyətlər və sivilizasiya daşıyıcılarının eyni məkanda bərabər şərtlərlə yanaşı və birgə yaşamasının mümkün olduğu kimi, olmadığı hallarla da dəfələrlə rastlaşmışıq. Fərqli zamanlarda xristian və islam, xristian və bütpərəst, islam və bütpərəst, eləcə də Qərb və Şərq dəyər daşıyıcılarının ziddiyyəti onların bir-birindən təcrid olunmuş şəkildə yaşamasını şərtləndirmişdir və onların bir-birinə qarşı dözümlülüyünün yalnız bərabər gücə malik olduqları hallarda mümkün olduğunun şahidi olmuşuq.

Müasir dövrümüzdə isə qloballaşma proseslərinin bu qədər dərinə inkişaf etdiyi bir zamanda, artıq bu mümkün deyil. Qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mövcud ola bilməz. Artıq dünyada monokultural və monoetnik cəmiyyət və ölkə anlayışı qəbul olunmur. Beynəlxalq münasibətlərdə də istər siyasi, istər iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz. Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Dünyada çox az sayda mövcud olan monoetnik ölkələr isə ya coğrafi, tarixi, siyasi səbəblərdən təcrid olunublar, ya da bu ölkədə aparılan şovinist və dözümsüzlük siyasətinin təzahürüdür.

 

“Paralel”in

Araşdırma Qrupu

Yazı Azərbaycan

Respublikasının

Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi

Fondunun maliyyə

dəstəyilə çap olunub