Ədəbiyyat qəzeti. - 2018.- 9 iyun. - 23. - S. 10-11.

 

Klassik ədəbiyyatın həqiqi varisləri

 

Mahirə Quliyeva,

Filologiya elmləri doktoru

 

Hələ qədimlərdən əcdadlarımız sözə böyük qiymət vermiş, onu inci və qiymətli daş-qaşla müqayisə etmiş, hətta sözün dəyərini müəyyənləşdirməyə uyğun məfhum tapa bilməmişlər. Hz.Məhəmməd ona vəhy olunan Allah kəlamını sözlə bəyan etmiş, Qorqud Ata da öz müdrik düşüncələrini oğuz ellərinə sözlə söyləmişdir. Şairlər, yazarlar, alimlər, filosoflar öz duyğu və düşüncələrini sözlə çatdırmış, bəşəriyyətin elmi və mədəni uğurları da sözlə nəsildən-nəsilə ötürülmüşdür. Söz keçmişimizi yaşadaraq bugünə çatdıran və bugünümüzlə gələcəyimiz arasında ünsiyyət yaradan qasid, həblül-mətindir. Sözün məqam və dərəcəsi bəzən qılıncdan üstün sayılmış, qılıncın həll edə bilmədiyi müşkülü söz həll etmişdir. Bu səbəbdən "Qılınc yarası sağalar, söz yarası sağalmaz", söyləmişlər. Elə bir klassik ədib və şair yoxdur ki, sözün yaratdığı hünərdən, sənət möcüzəsindən bəhs etməmiş olsun. Nizami, Xaqani, Şeyx Mahmud Şəbüstəri, Nəsimi, Qazı Bürhanəddin, Xətai, Füzuli, Nəbati, Aşıq Ələsgər kimi söz ustadları sözün məqam və dərəcəsini hər bir hünərdən üstün tutmuşlar. Klassik şeirdə hər sözün özünəməxsus yeri vardır və Azərbaycan mədəniyyətində, daha doğrusu, ərəb-müsəlman mədəniyyətində söz sənəti özəllikləri ilə seçilir. Bədii sözün dəyəri isə hər şeydən öncə onun məcazlaşmış gizli qatlarında ifadə olunur. Uzun bir inkişaf yolu keçmiş söz sənətinin gizli qatlarının incəlik və əhəmiyyəti Aşıq Ələsgər yaradıcılığında belə önəmini klassik ruha uyğun tərzdə saxlaya bilmişdir:

 

Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü-gövhər süzülə,

Məcazi danışa, məcazi gülə,

Tamam sözü müəmmalı gərəkdir.

 

Quran duaları da sözlə bəyan edilir. Peyğəmbərimiz Haqqın möcüzəli kəlamını, Füzulinin təbiri ilə desək, "yoxdan var olan" və "qeyb pərdəsindən üzünü göstərən" sözlə təbliğ etmişdir.

Cavid əfəndi bunu belə ifadə edir:

 

Haqqı təbliğ üçün sənin ancaq

Rəhbərin sənəti-kəlam olacaq...

 

Söz, dil vahidi olaraq, bir böyük lüğət və sözlük daxilində məhdudlaşsa belə, bədii söz özünün kinayəli, mübaliğəli, müəmmalı və ümumən məcazlaşdırılmış qatlarının açıqlanması və şair üslubunun özünəməxsusluğu baxımından intihasız sayıla bilər. Sözün əsl mənasında intihasızlıq isə "Qurani-Kərim"in kəlamına məxsusdur.

Ədəbiyyatın daşıyıcısı olan söz öz zəngin məna tutumu ilə seçilərək Azərbaycan ədəbiyyatının təməl sütunu və əsas ölçü meyarı kimi çıxış edir. Bu ədəbiyyatın tədqiqatçısı olmaq, ona sahib çıxmaq, sahiblənmək, əsrlərin, qərinələrin müəyyən ziddiyyətli məqamlarından keçən ədəbiyyatı dövrü, mühiti, yaşam, yazılma dönəmi və nəbzinə uyğun tərzdə qoruyub hifz etmək üçün əsl alim, kamil insan, xalqına, doğma Azərbaycanına, onun mədəniyyət və ədəbiyyatına bağlı olmaq ən vacib və ümdə şərtlərdəndir. Sözün həqiqi mənasında alim adına layiq olan insan əsərləri ilə, qoyduğu ədəbi irslə zamanın hüdudlarını aşaraq, əbədi şəkildə yaddaşlara həkk olunur. Təsadüfi deyil ki, Şərqdə alimə, biliyə həmişə yüksək qiymət verilmiş və insanın ən böyük fəziləti elm sayılmışdır. Hətta hədislərdə alimlər peyğəmbərin varisi kimi dəyərləndiriliblər. "Qurani-Kərim"də isə elmli adamların digərindən üstünlüyü belə vurğulanmışdır. "Alim öldü, aləm öldü" ifadəsi heç də boş yerdən yaranmamışdır.

Klassik ədəbiyyat nümayəndələrinin, o cümlədən, Məhəmməd Füzulinin varisi olmaq, alimin yalnız məsuliyyətinə bağlı deyildir. Mütləq və mütləq ərəb və ya fars dilini, əski ərəb əlifbasını, İslam mədəniyyətini, kitab və ağla söykənərək, insanı ən yüksək mövqeyə çatdırmaq üçün lazımlı qayda və əsasları, vicdan, vəzifə, xeyir və şər, fəzilət kimi əsas anlayışları özündə ehtiva edən əxlaqı, "Qurani-Kərim"i, onun ecazkar bəlağət düzənini və məzmun tutumunu, şairin bilik dairəsini, mühitini, müasirlərini və onun xələflərinə təsir şəklini bilmək, ən azından xəbərdar olmaq lazımdır.

Azərbaycan klassik ədəbiyyatı zamanın müəyyən kəsişmələrində təzyiqə məruz qalmış, məşəqqətli yol keçmişdir. Bu baxımdan da, klassik ədəbiyyata sahiblənmək hər kəsə müyəssər ola bilməz.

Mənbələrdən bəlli olduğu kimi, qədim zamanlardan başlayaraq, XIX əsrin sonlarına qədər, hətta XX əsrdə belə Azərbaycan şairlərinin yaradıcılığında Şərq poeziyasının bədiiyyatı öz əksini tapmış, incə olduğu qədər də mürəkkəb olan poetik kateqoriyalar bədii düşüncənin özülünü təşkil etmişdir.

XVIII əsrin sonu, əsasən isə, XIX əsrin əvvəllərindən etibarən Azərbaycan xalqının ədəbi prosesində böyük dönüş başlanır. Dövrün tələbi ilə sadə, yeni məzmunlu yaradıcılıq axınına uyğun poeziya yaranır. Amma ədəbi prosesdə gedən yeniləşmə və sadələşmə heç də klassik ənənələri inkar etmir. M.F.Axundovdan tutmuş XX əsrin nəhəng simalarından biri olan Hüseyn Cavidə qədər Azərbaycanın bütün tanınmış söz ustadları klassik ənənədən bəhrələnərək, bu və ya digər şəkildə söz səltənətinə əsrin nəfəsinə uyğun yeni həyat vermişlər. Yeri gəlmişkən onu da qeyd edim ki, Hüseyn Cavid əksər hallarda, klassik ənənəyə sadiq qalmışdır.

XIX əsrin 30-cu illərindən başlayaraq, əski əlifbanın dəyişməsiylə əlaqədar olaraq Azərbaycan poetikasının klassik ənənələrinin bir qismi, xüsusilə əlifbanın özəlliklərindən irəli gələn sənətkarlıq "formalizm" adı altında unudulub. Beləliklə də, Orta əsrlər elm, tarix və mədəniyyət kateqoriyaları əsl zəminindən qoparılmaqla yabancı qəliblərə salınır. Azərbaycan ədəbiyyatşünaslığı, xüsusilə klassik poetika və ədəbiyyat nəzəriyyəsi bir sıra tədqiqatlarda öz kökündən ayrılmış və ya ikili bucaqdan tədqiq edilmişdir. Bu dövr şairlərinin əsərlərinin öyrənilməsində rus-Avropa sistemi geniş vüsət alır. Elə buna görədir ki, Azərbaycan xalqının bədii-estetik fikir, mədəniyyət tarixini, ümumən tariximizi öyrənərkən müəyyən çətinliklərlə üzləşilib, zamanın müəyyən səbəblərindən yaranmış olan boşluqlar özünü göstərib. Ancaq bu heç də o demək deyildir ki, Azərbaycan ədəbiyyatşünaslığını inkişaf etdirərkən başqa sistemlərdən yararlana bilmərik. Bu sistemlərdən müxtəlif ədəbi təhlil üsulları və metodları, nəzəri konsepsiya və yanaşma meyilləri, ayrı-ayrı ədəbi məktəb və sistemləri tədqiq edərkən istifadə edilə bilər. Milli ədəbiyyatlara gəlincə, onların istər ədəbi növləri, istərsə də bədii-üslubi ifadə üsulları və poetik quruluşun özünəməxsus xüsusiyyətləri qorunub saxlanılmalıdır.

Deməli, ədəbiyyatşünaslıqda təhlil zamanı iki cəhəti ayırd etməliyik:

1. Ümumi, müştərək və oxşar nəzəri əsaslar, tipoloji yaxınlıqlar.

2. Milli-yerli ənənələr və mənsub olduğu ədəbi-poetik sistemə xas özəlliklər və kateqoriyalar.

Söhbət, məhz hər ədəbi əsərin öz milli zəmini və nəzəri kökləri əsasında öyrənilməsindən gedir.

Məqalənin bu məqamında sovet dönəmində Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi və nəşrində, zamanın fövqündə duraraq, çox işlər görmüş alimlərimizin adlarını fəxarətlə qeyd etmək istərdim: Həmid Araslı, Məmməd Arif, Mirzağa Quluzadə, Mir Cəlal Paşayev, Məmməd Cəfər, Əziz Mirəhmədov, Pənah Xəlilov və başqaları. Ruhları şad olsun!!!

Bu məqalədə hələ məktəb illərindən əsərlərini, xüsusən Füzuli ilə bağlı tədqiqatlarını sevə-sevə izlədiyim üç müəllif, üç tanınmış alim, Azərbaycan ədəbiyyatında tədqiqatları ilə seçilən, ədəbiyyat tariximizdə silinməz izlər qoymuş Həmid Araslı, Mirzağa Quluzadə və Mir Cəlal Paşayevdən söz açmaq istərdim. Mən bir mütəxəssis olaraq, Şərq nəzəri sistemi, Füzuli sənətkarlığı ilə daha çox məşğul olmuşam, bu anlamda hələ Mir Cəlal Paşayevin 1940-cı ildə yazmış olduğu "Füzulinin poetik xüsusiyyətləri" kitabının pərəstişkarıyam. Bu gün klassik ədəbiyyatda sənətkarlığın, poetik xüsusiyyətlərin sırf yarandığı zəmin əsasında öyrənilməməsi mənim ağrılı-acılı, yaralı yerimdir. Buna görə də Mir Cəlal Paşayevin əsəri ilə bağlı fikirlərimi məqalənin sonuna saxlayıram.

Söhbətimə isə Allahın "Əsmaul-hüsna" adlarından biri ilə dünyaya göz açmış Həmid Araslıdan başlamağımın səbəbi onun Məhəmməd Füzuli irsi ilə bağlı beşcildliyi tərtib edib, elm aləminə çıxarmasına bağlıdır. Yeri gəlmişkən, haqqında söz açdığım alimlərin elmi fəaliyyətlərinin bir-birilə sıx şəkildə bağlılığını da qeyd etmək istərdim. Mir Cəlal Paşayev istər 1944, istərsə də 1958-ci illərdə Füzulinin azərbaycanca-türkçə divanının Həmid Araslı tərəfindən tərtib olunmuş elmi-tənqidi mətninə "Ön söz" yazmışdır. Xoşagələn hal ondan ibarətdir ki, bu alimlər bir-birinə dəstək olmaqla, şöhrətlənmə məqsədinə deyil, tədqiq etdikləri ədəbiyyatın bütöv bir şəkildə üzə çıxmasına xidmət etmişlər. Həmid Araslının digər elmi fəaliyyətlərini sadalamasaq, 1958-ci ildə işıq üzü görmüş "Böyük Azərbaycan şairi Füzuli" kitabını qeyd etməsək belə, onun tərtib etdiyi beşcildlik "Məhəmməd Füzuli. Əsərləri" ədəbiyyatımıza və Füzuli irsinin öyrənilməsinə əvəzsiz xidmətdir. Həmid Araslının bu böyük xidmətini Ali Nihad Tərlanın sözləri ilə təsdiqləyək: "Edebiyyat tarihi evvela metinler tarihidir. Metnin bize verdiyi şey sanatkarın iç alemidir."

Füzuli dünyasının öyrənilməsi və ya şairin öz sözləri ilə desək, /Seyti-fəsahət ilə sözüm tutdu aləmi.../ onun fəsahətli sözünün, zəngin xəzinə qapısının açılması Həmid Araslı adına bağlıdır.

Yeri gəlmişkən, bir məqama, yəni XX əsrin 50-ci illərindən bu günə qədər aparılan araşdırmalara da nəzər-diqqətinizi cəlb etmək istərdim. Bu qənaətə mən əlimdən keçirdiyim əsərlər əsasında gəlmişəm. Sözsüz ki, bütün əsərləri nəzərdən keçirsəydim, bəlkə də qənaətlərimdə nisbətən fərqlilik özünü göstərə bilərdi. XX əsrin birinci yarısı, yəni 50-ci illər, əsasən, ilkin mənbələrin toplanması, tərtibi, nüsxələr əsasında orijinal versiyaların təkmilləşdirilməsi, elmi-tənqidi mətnlərin hazırlanması ilə yaddaşlara həkk olunur. Bu dönəmdə tədqiqatların əsasında müəllif mətni, əlyazma, çap kitabı, əski əlifbada yazılmış qaynaqlar dururdu. Bu da Orta əsrlər kitab mədəniyyəti və əlyazmaya xas olan terminlərə - dibaçə, haşiyə, "əmma baadə", "aydan", kalafon, maddeyi-tarixlərə bələd olmağı və xətt nümunələrini dərindən bilməyi tələb edirdi.

XX əsrin ikinci yarısından mənbəşünaslıq və mətnşünaslıqla bağlı tədqiqatlara geniş yer verilir.

Təxminən 1980-1990-cı illərdə isə müqayisəli tədqiqatların öyrənilməsi üstünlük təşkil edir. 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Əlyazmalar fondu Ali Sovetin binasına köçürülür, 1985-ci ildə isə mərhum prezidentimizin səyi ilə SSRİ Nazirlər Kabineti Əlyazmalar fondunun instituta çevrilməsi haqqında sərəncam verir. İnstitut klassik ədəbiyyatın ən parlaq nümayəndəsi Füzulinin adı ilə fəaliyyətə başlayır. Bu dönəmdə əlyazma, əski çap kitabları və arxiv materiallarına maraq birə yüz artsa da, 90-cı illərdə bir qisim tədqiqatlar ehtimallar üstündə qurulur. Nəticədə müəllif nüsxəsi, müəllif sözü və müəllif məqsədi kölgədə qalır. Təxminən 2000-ci ildən etibarən klassik irsin təhlilində milli zəminə bağlılıq, mötəbər qaynaqlara müraciət güclənir.

 

Yaranmış tədqiqat əsərləri içərisində Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olmuş və 1965-ci ildə işıq üzü görmüş Mirzağa Quluzadənin "Füzulinin lirikası" adlı kitabını xüsusilə qeyd etmək istərdik. O, "Füzuli lirikasını yetişdirən tarixi-ictimai və ədəbi zəmin" başlığı altında Füzulini Azərbaycan bədii düşüncə və mədəniyyətinin zəngin xəzinəsində ən qiymətli incilərdən sayır və şairin öz sözləri ilə fikrini təsdiqləyir: "Dünya xalqları üçün bir söz süfrəsi açmışam. O süfrədə cürbəcür nemətlərin çeşid-çeşid növləri var. Gələn qonaq istər türk, istər ərəb, istərsə də fars olsun, xəcalət çəkmərəm... Kim istərsə gəlsin, nə istərsə yesin. Bu əbədi bir nemətdir, heç tükənməz."

Söhbət Füzuli lirikası və onun tədqiqatçısı Mirzağa müəllimdən gedirsə, onun son nöqtəsi belə yeni bir başlanğıca səbəb ola bilər. Ona görə də müəllifin nəzər-diqqətimizi cəlb edən bir müşahidəsi üzərində də dayanmaq istərdim. Kitabının "Füzulinin sənətkarlıq xüsusiyyətləri" bölməsində qəzəlin kompozisiyasını təhlil edən alim onun bir neçə mövzu və ayrı-ayrı ictimai-fəlsəfi, əxlaqi mövzuların bütöv şəkildə şairin yaradıcılığında yer aldığını qeyd edir. M.Quluzadə Füzuli qəzəllərinin bir neçə mövzu üzərində qurulmasını şairin:

 

Fəqr mülkü təxtü aləm tərki əfsərdi mana

Şükr lillah, dövləti-baqi müyəssərdir mana...

 

- mətləli qəzəlinin beytlərini təhlil etməklə izah edir. Şair "fəqr mülkünü" özünə təxt, "aləm tərki"ni isə tac hesab edərək, əbədi dövlətə qovuşmasına sevinir:

 

Zülfü rüxsari xəyalilə nədir halın demən,

Öyləyəm kim, gecəvü gündüz

bərabərdir mana.

 

Qeyd etdiyimiz qəzəli beyt-beyt nəzərdən keçirən alim onu təşkil edən bu beytlərin ayrı-ayrılıqda bitmiş bir fikir ifadə etdiyini söyləyir. Amma bununla yanaşı, qəzəl boyu beytlər arasında bir daxili vurğu və bağlantının olduğunu da qeyd edir.

Bir haşiyə çıxaraq qeyd edək ki, Şərq poetikasında şeirin əsas vahidi beytdir və hər bir beyt müstəqil şeir vahidi kimi dəyərləndirilir.

Bütöv süjetə malik olan qəzəllərə gəlincə, M.Quluzadə onu Füzulinin "Məni candan usandırdı" sözləri ilə başlayan qəzəli üstündə izah edir. Şərq nəzəri sistemində bütöv süjetə malik olan qəzələ "istidrak" əsasında (yek avaz, yek ahəng) yazılmış qəzəl deyilir. Müəllifin "istidrak" terminini istifadə etmədən belə bir qənaətə gəlməsi, onun klassik ədəbiyyatın incəliklərini sezə bilməsindən irəli gəlir. O, eyni zamanda beytlər arasındakı məntiqi vurğunu qeyd etməklə Quran üslubuna xas olan və xüsusi istedad sahibi olan şairlərin yaradıcılığında nəzərə çarpan "təhzib" sənətinə də işarə etmişdir.

Klassik ədəbiyyata yiyələnmək yəqin ki, eyni zamanda ona xas olan özəllikləri görmək qabiliyyətidir də...

Bu məqamda Həzrəti-Məhəmmədin (s.ə.s) sözlərini xatırladım: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim", deyə, buyurmuşdu. Zaman-zaman Füzuli yaradıcılığına həsr olunmuş tədqiqatların ərsəyə gəlməsi də, zənnimcə, öz ilahi qədərilə seçilən alimlərimizin öhdəsinə düşmüşdür. Belə alimlərdən biri və birincisi görkəmli ədib, alim, pedaqoq kimi fəaliyyət göstərən Mir Cəlal Paşayevdir. Məsələ burasındadır ki, klassik irsin öyrənilməsində sənətkarlıq məsələləri məzmunun açıqlanmasında çox vaxt kölgədə qalır. Bu anlamda söz sənətkarlığını ardıcıl şəkildə tədqiq edən Mir Cəlal Paşayev, əslində, klassik irsin, o cümlədən, Füzuli irsinin tam şəkildə öyrənilməsini təmin etmiş, onu silsilə-silsilə tədqiqatların obyektinə çevirmişdir. Çünki elə Füzulinin özü sözün mənadan, mənanın da sözdən asılılığını şeirinə gətirmişdir.

Mir Cəlal Paşayevin "Füzulinin poetik xüsusiyyətləri" adı altında hələ 1940-cı ildə çap etdirdiyi kitab alimin klassik ədəbiyyatın öyrənilməsində sənətkarlığın önəmliliyinə verdiyi qiymətdir. O, "Füzulinin sənətkarlığı" kitabında şairin əsərlərinin yazılmış olduğu milli zəmin və sənətkarlıq xüsusiyyətlərini əsas götürməklə yanaşı, füzulişünaslığın gələcək istiqamətlərinin müəyyənləşməsi işində də mühüm rol oynamışdır. Mir Cəlal müəllimin böyüklüyü Füzuli yaradıcılığını öyrənərkən, şairin özündən əvvəlki klassiklərdən bəhrələnmə məsələlərinə də önəm verməsidir. 1958-ci ildə çapdan çıxmış kitabının "Başlanğıc" bölümündə yuxarıda qeyd etdiyimiz fikirlə bağlı yazır: "Füzuli şeirinin xüsusiyyətlərinə yaxşı bələd olmaq üçün şairin istinad etdiyi zəngin ədəbi mirası mütləq hesaba almaq lazımdır. Məlumdur ki, Azərbaycan ədəbiyyatı Füzuliyə qədər böyük və yüksək bir dövr keçmiş, Xaqani, Nizami, Nəsimi, Xətai, Həbibi kimi simalar yetişmişdir."

Müəllifin Məhəmməd Füzuli ilə bağlı hər bir fikri böyük bir işin başlanğıcı kimi dəyərləndirilə bilər: "Bu böyük şeir dühasının əsərləri ilə dərindən tanış olanda heyrət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər mühəndisinin "könül mülkünün sultanının" hətta ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik..."

Alimin bu iki fikri bir tərəfdən müxtəlif dönəm ədəbiyyatlarının bir-birindən bəhrələnməsinə, digər tərəfdən şairləri bir-birindən fərqləndirən özünəməxsusluğa işarədir. Məhz bu səbəbdəndir ki, Füzuli yaradıcılığına səcdə etməli oluruq.

Bu anlamda sənətkarlıq xüsusiyyətlərini ardıcıl şəkildə tədqiq edən Mir Cəlal müəllim, ayrı-ayrı tədqiqatlarda fəsil daxilində öyrənilən bu önəmli məsələni silsilə kitablarının predmetinə çevirməklə Füzuli sənətkarlığı, onun poetik xüsusiyyətlərinin təməl daşını qoyan tədqiqatçı alim kimi çıxış edir. Məzmun, forma, sənətkarlıq, üslub vəhdətinin şair sənətkarlığında önəmliliyinə dəyər verən alim yazır: "O, şeirdə məzmuna, mənaya üstünlük verməklə formanın, bədii dil, üslub kamilliyinin birinci zəruri şərt olduğunu təkidlə qeyd etmişdir. Füzuli heç bir yerdə, heç bir şeirdə məna ilə şəkil vəhdətini pozmamış, bu vəhdəti bədiiliyin əsas şərti saymışdır. ...Füzuli sənəti bizə yüksək şeir mədəniyyətinin də nümunələrini verməkdədir."

Füzuli ənənələrini, onun sənət dühasının böyüklüyünü, məhz şairə xas incəlikləri, səriştəli şəkildə öyrənən alimlər sayəsində qoruyub saxlaya bilərik.

Mir Cəlal müəllimin sovetlər dönəmində yaşayıb-yaratmasına baxmayaraq, klassik ənənəyə, xüsusilə də əlifbanın dəyişdirilməsindən sonra uzun müddət "formalizm" pərdəsi altında qalmış klassik ənənənin əlifba ilə bağlı məqamlarından birinə münasibətini izləyək: "Unutmamalıyıq ki, ərəb əlifbasının bir sıra hərfləri və s. Azərbaycan dilinə yaddır. Bu hərflərlə yazılası Azərbaycan sözü, demək olar ki, yoxdur. Lakin klassizmin normalarından da kənara çıxmaq olmaz. Şair beytləri bu hərflərlə bitən qəzəllər yazmalıdır və yazmışdır."

Bu təbii haldır və o dövr ədəbiyyatının zəminində üç dilin durmasından irəli gəlir. Qeyd edilmiş fikir alimin o dövrün ədəbiyyatına ehtiramla, mühafizəkarcasına yanaşmasına bağlıdır.

Qəzəl janrı Azərbaycan ədəbiyyatında Füzuliyə qədər uzun bir yol keçmişdir. "Şairin qəzəl janrına xüsusi bir məhəbbəti, ilham qüdrəti vardır", deyən Mir Cəlal Paşayev fikrini davam etdirərək bu janrın səciyyəvi cəhətlərini də önə çəkir: "...Füzuli qəzəlin ədəb əhlinə tez çatmasına, kütləviliyinə, sevgi janrı olmasına görə başqa janrlardan üstün tutur... Füzuli qəzəli bir də ona görə üstün tuturdu ki, o zaman bədii ədəbiyyatın bu formasını yaymaq, bədii zövqü tərbiyə etmək daha asan idi."

Füzulini "qəlb şairi" adlandıran ustadımız onun qəzəlini digər şairlərin qəzəllərindən fərqləndirərək, ona yüksək dəyər verir və nə Füzuliyə qədərki şairlərimizin, nə də ondan sonra gələn şairlərin Füzuli səviyyəsində, Füzuli qədər incə tərzdə yüksək bədii keyfiyyətdə qəzəl yaza bilmədiklərini qeyd edir.

Mir Cəlal Paşayev Mirzağa Quluzadədən fərqli olaraq, qəzəlləri mövzu və məzmuna görə dörd yerə bölür: 1.Aşiqanə qəzəllər, 2.İctimai-fəlsəfi qəzəllər, 3."Təsviri" qəzəllər, 4.Münacat, nət ruhunda olan "rəsmi" qəzəllər.

Mən belə düşünürəm ki, hər iki yanaşma dəyərli və özəldir, qəzəlin mahiyyətinin açıqlanmasına xidmət edir. Sadəcə olaraq, qəzəlin kompozisiya baxımından təsnifatında məzmunu zənginləşdirən cəhətlər də önə çəkilir.

Alimin Füzuli şeirinin dili və poetik xüsusiyyətləri ilə bağlı fikri də maraqlıdır: "Füzuli şeirinin dili, bütün ədəbiyyatımızda məcazi ifadələr, təşbihlər, kinayələr, metaforalar, təlmihlər və s. fiqurlarla zəngin bədii dilin nümunəsidir. Çünki Füzuli məcazlardan kənar, ancaq adi sözlə yazılan yazıları ədəbiyyat saymır..."

Etiraf edək ki, klassik dönəm ədəbiyyatına, xüsusilə də Füzuli irsinə bu qədər həssaslıqla yanaşan alimin istifadə etdiyi istilahlar arasında müasirliklə (rus-Avropa) uzlaşan terminlər də özünü göstərir. Bu da, bir tərəfdən, o dönəmdə Şərq nəzəri sisteminin - bəlağət elminin öyrənilməməsindən, digər tərəfdən isə, istər-istəməz dövrün tələblərindən irəli gəlir. Müəllifin sənətkarlığı öyrənərkən üstünlüyü təhlillərində unudulmaqda olan terminlərdən müəmma (Veys adlı bir məmura yazılmış qəsidə) və ən çox ədəbiyyatda "Qurani-Kərim"in mətnindən istifadə zamanı işlədilən təlmihə geniş yer verməsidir.

Nəzər-diqqətimizi bir incə məqama da cəlb etmək istərdim. Bu da alimin aşağıda qeyd etdiyimiz beyti səciyyələndirməsi ilə bağlıdır:

 

Görən saatdə ol qamət

qiyamın qıymadım canə,

Qiyamət həm gələ qurtulmayam

mən bu nədamətdən,

Qiyamətdə hesabı olmayanlardandır ol qafil

Ki, fərq eylər fəraqın

şamini sübh-qiyamətdən,

Təriqi-səbr tədbiri-səlamət ləzzətin bilməz,

 

Qeyd etdiyimiz nümunəni Mir Cəlal Paşayev şərh edərək yazır ki, beytlərdə "q", "f", "s" səslərinin mütənasib işlədilməsindən ifadə nə qədər ahəngdar olmuşdur.

Şərq nəzəriyyəsinin bir sistem şəklində öyrənilməmiş dönəmində alim beytləri təhlil edərkən ləfzi gözəlliklərə mənsub olan touzi adlı poetik fiquru, şair sözünə əsasən, yetərincə düzgün şəkildə səciyyələndirmişdir.

Mən belə düşünürəm ki, klassik irsi öyrənən ustad alimimiz, məqalə boyu sadaladığımız bilikləri ilə yanaşı, incə ruhu, qəlbi, duyğusallığı və bəsirətli gözü ilə seçilən alimlərdəndir. Bu anlamda Mir və Allahın zatına məxsus Cəlal sözlərinin ehtiva etdiyi məna zənginliyi ustadımızın elmi yaradıcılığında özünü yetərincə doğrultmuşdur.

Biz, klassik irsin həqiqi varislərinin varisləri olaraq, onların yaratdığı məktəbin davamçıları kimi bu möhtəşəm irsi öz mühitinə uyğun elmlər qovşağında, şair sözünə istinadən və Şərq nəzəriyyəsi çərçivəsində tədqiq etməliyik. Bu yöndə müəyyən sanballı əsərlər olsa da, bu sayaq tədqiqatların sistemli araşdırılmasını təmin edə bilməmişik. Klassik dönəm ədəbiyyatının təhlili zamanı müasir terminologiya xüsusilə də, həmin ədəbi nümunənin ehtiva etdiyi məzmunla üst-üstə düşməyən terminlərlə bu ədəbiyyatı zəminindən uzaqlaşdırmamalıyıq.

Əgər klassik ədəbiyyatın səciyyəvi xüsusiyyətləri, məğzi, terminləri, müasirləşərsə, Azərbaycan ədəbiyyatının tarixi mərhələlərə bölünməsinin əhəmiyyəti nədir?!.

Fikrimi akademik A.B.Kudelinin sözləri ilə qüvvətləndirmək istərdim. "Eyni zamanda, tanınmış alimlərin əsərlərinin çoxunda əhəmiyyətli çatışmazlıq mövcuddur. Orta əsrlər ərəb müəlliflərinin yaradıcılıq prinsiplərinin spesifikliyi XIX-XX əsrlərin Avropa ədəbiyyatının poetikası normalarına uyğun olaraq birtərəfli izah edilmiş və qiymətləndirilmişdir ki, bu da Orta əsr şeirlərinin anlaşılmamasına və klassik ərəb şeirinin (o cümlədən, Azərbaycan klassik ədəbiyyatının) estetik əhəmiyyətinin azalmasına gətirib çıxarmışdır."