Bakı Xəbər. - 2018.- 14 iyun. - ¹ 107. - S. 10.

 

Azərbaycanlıların tarixi soyqırımlarının izi ilə - Andranikin quldur dəstəsinin Naxçıvanda, Qarabağda və Zəngəzurda törətdiyi cinayətlər...

 

İradə Sarıyeva

 

Müasir Ermənistan nəinki regionumuz, hətta bütün dünya üçün təhlükəli bir dövlət imici qazanıb. Zaman-zaman terrora bəraət qazandıran, terrorçulara, bəşəri cinayətlərə dəstək olan Ermənistan hökuməti bu xüsusiyyətini əyani şəkildə ortaya qoyur.

 

Bilirik ki, bu gün Ermənistan hökuməti əli minlərlə insanın qanına batan, faşizmə, irqi, milli ayrı-seçkiliyə rəvac verən insanlara xüsusi rəğbət bəsləyir, bunu onlara Ermənistanın müxtəlif yerlərində qoyulan heykəllər də təsdiqləyir. Bu gün Ermənistan hökumətinin əli minlərlə Azərbaycan türkünün qanına bulaşan, saysız-hesabsız cinayət, quldurluqlar törədən Andranik Ozanyanın (Uzanyan), hərbi cinayətkar, faşist Qaregin Njdenin heykəllərini qoyması və o heykəllərə səcdə etməsi bir daha onu göstərir ki, ermənilər cinayətkarlara, canilərə, insan qatillərinə xüsusi rəğbət bəsləyir, eyni zamanda da onların əməllərini davam etdirirlər.

Məlum olduğu kimi, Ermənistan hökuməti insan qatili, türk düşməni, şovinist, cinayətkar Andranik Ozanyanı (Uzanyan) özlərinin “Milli Qəhrəman”ı hesab edir. Bu da ondan irəli gəlir ki, onlar Andranikin 100 il əvvəl törətdikləri cinayətləri “qəhrəmanlıq” sayırlar. Andranikin Qarabağda, Zəngəzurda, Naxçıvanda törətdikləri çoxsaylı, kütləvi qətllər, qarətlər haqqında kifayət qədər informasiyalar mövcuddur. Tarixə qayıtmaq, yüz il bundan əvvəl baş verən cinayətləri bir daha araşdırmaq ağır olsa da, tariximizi, xalqımızın başına gətirilən oyunların baiskarlarını bir daha yada salmaq baxımından gərəklidir.  

Tarixi mənbələrdən də məlumdur ki, ermənilərdən başqa heç bir xalq Andranikə müsbət münasibət bəsləmir. Hətta bəzi mənbələrdə qeyd edilir ki, o, “Milli Qəhrəman” yox, əsl insan qəssabı olub. Bu adamın türk qanına susadığını yazan mənbələrdə bildirilir ki, xalqımıza nifrət edən Andranik və onun cinayətkar dəstəsi yüzlərlə Azərbaycan türkünü “uf” demədən qətlə yetirib.

Tarixçilər vurğulayırlar ki, 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda, Naxçıvanda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük cinayətlərə imza atıb.

Osmanlı imperiyasında anadan olan bədnam Andranik bir müddət “Qnçak” partiyasının, sonra isə “Daşnaksütun”un üzvü olub və cinayət əməllərinin əlifbasını da bu şovinst qurumlarda öyrənməyə başlayıb. Onu da vurğulayaq ki, 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında “birqulaqlı Andranik”, “qulağı kəsik Andranik”  deyirlər. Andranik həmin dövrdə Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır. 1907-ci ildə Bolqarıstanda “Daşnaksütun”un IV qurultayında iştirak edir.

1912-ci ildə müharibə başlayanda, Qaregin Njde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaradır. Burada erməni silahlı dəstələri yerli türk əhalisinə qarşı kütləvi qırğınlar törətməklə məşğul idi. Bu döyüşlərdə iştirakına görə Andranik Ozanyan Bolqarıstanın ali dövlət təltifi olan, “İgidliyə qörə qızıl xaç” ordeni ilə təltif olunur. Bundan əlavə, onu digər mükafatlarla da təltif edirlər, həmçinin, Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur.

1914-cü ilin avqustunda Andranik Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağı tapşırır. Türk ordusuna qarşı hərbi əməliyyatlarda iştirakına görə rus və fransız ordusunun komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir.

Tarixçilər yazırlar ki, 1916-cı ildə çar ordusunun komandanlığı ilə arasında yaranan problemlərə görə cəbhəni tərk edir. Andranikin Türkiyənin şərqində olduğu bütün müddət ərzində onun başçılıq etdiyi silahlı erməni dəstələri buradakı türk və kürd əhalisinin kütləvi qətli ilə məşğul olurdular.

1917-ci il fevral inqilabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa başlayır. Yaranmış vəziyyətdən istifadə edən ermənilər öz silahlı dəstələrini gücləndirir, çar ordusundan qalmış silah və sursatı mənimsəyirdilər. Bu zaman başsız qalmış Rusiyanın Qafqaz ordusunun komandanlığı Andranikə general-mayor hərbi rütbəsi verir, lakin qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə komandanlığın verdiyi rütbələr daha çox rəmzi əhəmiyyət kəsb edirdi. Andranik 1918-ci ildə Ermənistanla Türkiyə arasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. Bu dəfə Andranik bolşeviklərlə əməkdaşlıq etməyə başlayır, o, 1918-ci ilin iyulunda Stepan Şaumyana teleqram göndərir, teleqramda Andranik bildirir: “Naxçıvan qəzası özünü Sovet Rusiyasının bir hissəsi sayır, və o özü dəstəsi ilə birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır”. Lakin iyulun 19-u türk ordusu Naxçıvanı və Culfanı tutur, Andranik Zəngəzura qaçır. Zəngəzurda Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla məşğul idilər. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi.

Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A.Lalayan bunları yazır: “Andranikin başçılıq etdiyi daşnak dəstələri türk kəndlilərində uşaqların, qadınların və qocaların qətli zamanı “böyük sücaət” göstərirdilər. Daşnak dəstələri tərəfindən tutulmuş müsəlman kəndlərində sağ adamlar qalmırdı, onlar insan qalıqları ilə dolu xarabalığa çevrilirdi”.

Tarixçilər yazırlar ki, Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum edərək kütləvi qətllər törədir, kəndləri talan edirdilər. Rəsmi məlumatlara görə, bu dövrdə Andranikin rəhbərliyi ilə 115 Azərbaycan kəndi dağıdılıb, 10 mindən artıq əhalisi qətlə yetirilib, əmlakları talan edilib.

Andranikin quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin sayı-hesabı yoxdur desək yəqin ki, yanılmarıq.

Tarixi mənbələrdə qeyd edilir ki, Andranikin quldur dəstəsi Naxçıvana yürüş edən zaman yolboyu dəhşətli qırğınlar, zorakılıqlar və vəhşiliklər törətmişdi. Almalı mahalında 516 kişini qətlə yetirdikdən və gənc qadınları ayırdıqdan sonra 2000 kişini toplayaraq öldürmüş, 40 qadın və cocuğu həbs etmişlər.

Onu da vurğulayaq ki,  Kazım Qarabəkir Paşanın komandanlığında I Qafqaz Korordunun (xüsusi korpus) avqustun 1-də Naxçıvana gəlişi ilə ermənilərin Naxçıvanda törətdikləri qırğınların qarşısı alındı. Lakin Andranik öz cinayətlərini Zəngəzurda davam etdirməyə başladı. Məlumatlara görə, Andranikin nizami qoşun hissələrinin müdafiəsiz Zəngəzur qəzasında amansız qırğınları daha geniş vüsət almağa başladı. Osmanlı mənbələrində ordu qərargahının 23 avqust 1918-ci il tarixli məlumatı saxlanır və göstərilir ki, Andranikin canlı qüvvəsinin sayı 8 mindən çox idi. 28 avqust tarixli digər bir məlumatda isə yazılır: “Naxçıvanın şimal-şərq bölgəsində Andranik səfərbərlik elan edərək 15 yaşdan 45 yaşa qədər ermənilərin hamısını silaha sarılmağa çağırmışdı. O, 5 min erməni ilə Gorusun

10 km cənub-qərbində məskən salıb, 700 piyada, 400 atlı zabit, 4 pulemyot, 2 dağ topu olan erməniləri də ixtilafa çağıraraq müsəlmanları qətlə yetirməyə təşviq edir. Osmanlı mənbələrində o

da qeyd edilir ki, Andranik Qafan mis mədənlərində fransızlardan qalan zavodları yenidən işə salaraq partlayıcı maddələr, hərbi sursat da hazırlayır, bunlardan dinc əhalinin kütləvi məhvində istifadə edirdi.

1918-ci il yayın sonlarında Erməni Milli Şurasının elan etdiyi “Qarabağ (Şuşa) Respublikası” adlandırılan oyuncaq qurumla birləşmək üçün Andranik Zabux dərəsindən keçərək

Şuşaya girmək üçün üç dəfə cəhd göstərdi.

Tariximizə qanlı Zəngəzur qırğınları kimi daxil olan faciənin baiskarı cinayətkar Andranik və onun quldur dəstələri olub. Məlum olduğu kimi, erməni-daşnak quldur dəstələri 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı soyqırım törədiblər. Məlumatlara görə, bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktları hərdən səngisə də, zaman-zaman daha qəddarlıqlarla təkrar olunub. Dağlıq bölgədə yerləşən bu qəzanın əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsilmişdi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Bu qəzada Andranikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları cinayətlər törədirdi. Nizami qoşunu və erməni quldur dəstələrini ətrafında cəmləşdirmiş Andronik Ermənistan Respublikası hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxulub, müsəlman əhalidən ya Ermənistan hökumətinə tabe olmağı, ya da guya "Ermənistan Respublikasına daxil olan" bu qəzanın ərazisindən çıxmağı tələb edirdi. Qəzanın, demək olar ki, xarici aləmdən təcrid olunmuş və çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdikdə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, kütləvi soyqırımları həyata keçirmişlər.

Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilib. Vaqudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq, adamlarla birlikdə yandırmışlar. Qaniçən quldurlar həmin kənddən qaçıb canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlərlə üzmüş, İmişli kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışlar. Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andranikin başçılığı ilə həyata keçirilib. Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919-cu ilin dekabrından etibarən yenidən şiddətləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlandı. Özü də bu vaxt əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu vəhşiliklərin guya ancaq Andranikin dəstəsi və başqa erməni quldur dəstələri tərəfindən törədildiyini bildirirdi.

Onu da vurğulayaq ki, Andranikin quldur dəstəsi Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdi. 100 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovuldu, didərgin düşdü. Zəngəzurda 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Nəticədə tam olmayan məlumata görə, təkcə bu qəzada komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdi. Erməni vəhşiliklərinin qurbanları daha çox olub.

Biz xalqımıza qarşı böyük cinayətlər törədən cani Andranikin Naxçıvanda, Qarabağda, Zəngəzurda törətdikləri kütləvi qətllərin cüzi bir hissəsi haqqında məlumat verdik. Ancaq Andranikin insanlığa qarşı törətdiyi cinayətlər saysız-hesabsızdır.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.