Paralel.-2018.-13 iyun.-¹105.-S.13.

 

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir

 

Cavad Cahangirzadə: “İran və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək

səviyyəyə çatmasına ümid edirik”

 

Murtuza Abbasov

 

Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən bəyan etmişdi ki, bütün qonşularla sıfır problemlə münasibət qurmağa hazırdır. Ölkəmiz bu gün də həmin sözünə sədaqətlə yanaşır. Lakin, yalnız Ermənistanla bu səviyyədə münasibət qurmaq mümkün deyil, çünki bu dövlət torpaqlarımıza soxularaq, beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizini işğal edib. Qalan digər qonşularla, o cümlədən də İran İslam Respublikası ilə münasibətlərimiz yüksək səviyyədədir.

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Yalnız iki əsir əvvəl bu xalqlar tarixin siyasi qovğaları nəticəsində Araz çayı boyunca parçalanıb. Belə ki, İranla Rusiya arasında bağlanan 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycan ikiyə bölünüb və böyük bir hissəsi İranın tərkibində qalıb. Hazırda İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının 765 km. uzunluğunda sərhədi var. Bunları nəzərə alaraq Azərbaycan İran İslam Respublikası ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə İranla münasibətlər normal qaydada qurulub. Bakıda Qubernskaya Spasskiy küçəsinin tinində İranın nümayəndəliyi yerləşib, nümayəndəliyə konsul Saad-ül Vəzirov rəhbərlik edib.

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, lakin diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlərdən əvvəl də, tərəflər bir-birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əkbər Haşimi Rəfsəncani, 1991-ci ilin dekabrında isə xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanda səfərdə olublar. Vilayətinin səfəri əsasən İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyi ilə əlaqədar olub. Bu vasitəçilik Ermənistanın işğalçılıq hərəkətlərinə görə səmərəli alınmayıb. 8 may 1992-ci ildə Azərbaycan rəhbərliyi Tehranda Ermənistan tərəfi ilə danışıqlar aparan zaman erməni hərbi birləşmələri Şuşa şəhərini işğal edib. 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hərəkatının hakimiyyətə gəlməsindən sonra Azərbaycan-İran münasibətlərində fərqli mərhələ başlayıb. Bu dövr (1992-1993) tərəflər arasında gərginlik mərhələsi hesab olunur.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev İranın dini rəhbəri Seyid Əli Xamneyi, prezidenti Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

Ötən dövr ərzində hər iki dövlət arasında münasibətlər daim inkişaf edən templə irəliləyir, prezidentlər səviyyəsində səfərlər həyata keçirilir və birgə iqtisadi layihələr reallaşdırılır.

 

Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşuq

 

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iki ölkə arasında siyasi sahədə münasibətlərin hazırkı durumunu qiymətləndirərkən deyib ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında bir çox müştərək məsələlər mövcuddur: “Bütün bunlar iki ölkə arasında dostluq əlaqələrinə səbəb olub. Bəlkə də, bizim münasibətlərimiz bəzi zamanlarda müəyyən problemlərlə üzləşib, lakin buna rəğmən, iki ölkənin rəhbərliyi hər zaman iki dövlət arasında mövcud olan dostluq əlaqələrinin genişlənməsində israrlı olublar. Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşuq. Xoşbəxtlikdən son illər ərzində iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimizin rəsmiləri arasında da çox səmimi münasibətlər mövcuddur. İnanıram ki, gələcəkdə də münasibətlər bu səviyyədə və bundan daha yaxşı səviyyədə davam edəcək”.

Cənab səfir İranla Azərbaycanın inşa etdiyi müştərək avtomobil zavodundan danışarkən vurğuladı ki, son aylar ərzində Neftçalada avtomobil zavodu ilə bağlı çox yaxşı irəliləyişlər olub, yaxın günlərdə həmin zavodun istehsal etdiyi ilk avtomobillər Azərbaycan bazarına çıxarılacaq. Səfir əlavə edib ki, Pirallahıda olan müştərək əczaçılıq müəssisəsi ilə bağlı da son zamanlar müəyyən addımlar atılıb və bu yaxınlarda bununla bağlı ikitərəfli razılıq əldə edilməlidir.

İki ölkə arasındakı münasibətlərdən bəhs edən səfir bildirdi ki, hazırda iki ölkə arasında əməkdaşlıq üçün bir çox sənədlər mövcuddur: “Azərbaycanla İranın dəmir yolu xətlərini birləşdirən “Astara-Astara” layihəsinin tamamlanması və “Şimal-Cənub koridoru”nun istifadəyə verilməsi, iki ölkə arasında münasibətlərin dərinləşməsinə səbəb olan ən əhəmiyyətli layihələrdir. İki ölkənin müştərək iqtisadi komissiyası ardıcıllıqla fəaliyyət göstərir. Astara və Biləsuvar keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı əldə olunan razılıq ikitərəfli əməkdaşlıq və regional tranzitin inkişafında hər iki tərəf üçün böyük faydaya malikdir. Bütün bunlar iki ölkə rəhbərliyinin iradəsi ilə həyata keçən yeniliklərdir. Bu gedişatın davamlı olması ilə İran və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək səviyyəyə çatmasına ümid edirik”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan-İran ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin xüsusi çəkisi artıb. 1992-ci ildən indiyədək iki ölkə arasında imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir. İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesində, bu məhsulların ixracında, sərmayə qoyuluşunda maraqlıdır. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir. Ticarət, energetika, sənaye, tranzit və digər sahələrdə iki ölkə arasında mövcud iqtisadi münasibətlər bir-birini tamamlayır. 1993-cü ildən Bank Melli İranın Bakı filialı fəaliyyət göstərir.

Qabil Hüseyinli: “Azərbaycan indiyə qədər İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalarda iştirak etməyib, yəqin ki, indiki sanksiyalarda da iştirak etməyəcək”

Politoloq Qabil Hüseyinli İran-Azərbaycan münasibətlərini dəyərləndirərkən, iqtisadi məsələləri ön plana çəkdi: “Hazırda İranla Azərbaycan bir sıra iqtisadi layihələr həyata keçirir. Bunların içərisində ən önəmlisi “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Bununla yanaşı Neftçalada tikilən avtomobil zavodunu, Pirallahıda tikiləcək əczaçılıq fabrikini və inşaat sahəsində həyata keçiriləcək bir sıra müqavilələri misal gətirmək olar. Lakin İranla Azərbaycan arasında ən böyük layihə Xəzər dənizinin Astaraya yaxın olan hissəsindəki neft-qaz yataqlarının birgə istismarı olacaq. Bu layihə Xəzər dənizinə dair konvensiya imzalandıqdan sonra reallaşdırıla biləcək. Sözügedən yataqlar Xəzərin mübahisəli ərazilərində yerləşir. Buna görə də, İranla belə razılaşma əldə edilib ki, bu yataqların istismarı üçün ortaq müəssisə yaradılacaq və hasilat birgə həyata keçiriləcək. Bu çox böyük bir layihədir, geoloji məsələlər artıq həll edilib, indi qarşıda müqavilənin dəqiqləşdirilməsi mərhələsi durur. Zənnimcə, hər iki tərəfə fayda verəcək bu meqa-layihə uğurla baş tutacaq. Siyasi arenada da bu iki dost və qonşu ölkə arasında münasibətlər yüksək səviyyədədir. Məsələn, Azərbaycan indiyə qədər İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalarda iştirak etməyib, yəqin ki, indiki sanksiyalarda da iştirak etməyəcək.

Digər tərəfdən, bu qədər birgə iqtisadi layihələr həyata keçirən iki tərəf arasında siyasi münasibətlərin perspektivinin də yüksələn xətlə inkişaf edəcəyini proqnozlaşdırmaq olar”.

Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycanla-İran arasında olan münasibətlər yüksək səviyyədədir. Bu iki ölkə arasında münasibətlərin ideal olması, həm də Azərbaycan hökuməti üçün bir mənəvi borc sayıla bilər. Çünki İranda 35 milyondan çox soydaşımız var və Azərbaycan hökuməti onların taleyinə biganə yanaşa bilməz. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasında münasibətlərin sahmana salınmasındakı cəhdlər yüksək qiymətləndirilməlidir. Son illər həm səfər təşəbbüsləri, həm də birgə layihələrin reallaşdırılması təklifləri Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Mübahisəli yataqların birgə istismarı məsələsində də, təşəbbüs bizə məxsusdur və yaxın zamanlarda rəsmi razılaşmanın əldə olunacağı gözlənilir. Ümid edirik ki, milli, mədəni və dini bağlara malik olan iki ölkə arasında münasibətlər gələcəkdə də yüksələn xətlə inkişaf edəcək.