525-ci qəzet.-2018.-20 yanvar.-¹ 12.-S.18-19.

 

Əlimərdan bəy Topçubaşov Londonda

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

1920-ci ilin yanvarında bir ildən çox davam edən Paris sülh konfransı öz işini başa çatdırdı. Konfransın son qərarlarından biri Cənubi Qafqaz respublikalarının müstəqilliyinin de-fakto tanınması idi. Əvvəl Gürcüstan və Azərbaycan, bir həftə sonra isə Ermənistan faktiki mövcud olan, idarəçilikləri altındakı ərazilərə real nəzarət edən dövlətlər kimi tanındılar. Sülh konfransının öz işini yekunlaşdırması ilə Avropanın, eləcə də bir sıra dünya ölkələrinin taleyinin həll olunduğu siyasi mərkəz kimi Paris də öz əhəmiyyətini itirirdi. Xüsusi ilə yeni müstəqil dövlətlər üçün mühüm proseslərin baş verəcəyi yer kimi London ilk plana keçirdi.

Hələ de-fakto müstəqilliyin tanınmasından əvvəl, Azərbaycan hökumətinə göndərdiyi 28 noyabr-2 dekabr 1919-cu il tarixli məktubda Əlimərdan bəy ölkəsinə müəyyən simpatiya ilə yanaşan Londonla etibarlı əlaqələrin yaradılmasına diqqəti çəkərək yazırdı: “Müstəqil siyasi həyata qabil xalq kimi ingilislərin diqqətini cəlb etdiyimizi eşitmək bizə xoşdur. Ona görə də indi Londona getməyin zəruriliyini daha aydın dərk edirik və yəqin ki, çox tezliklə ora yola düşəcəyik. Həm də söhbət yalnız adi səfərdən getmir. Görünür, Londona köçməli olacağıq. Çünki ehtimal ki, rus məsələsi ilə əlaqədar konfrans məhz Londonda keçiriləcəkdir”.

Ona görə də şəraiti yerində qiymətləndirmək və müəyyən ilkin əlaqələr yaratmaq üçün hələ 1919-cu ilin dekabrında Azərbaycan nümayəndə heyətinin üzvü müşavirləri Ə. Şeyxülislamov və M. Mehdiyev Londona ezam olunmuşdular. Sülh konfransının Ali Şurasının iclasında Azərbaycan və Gürcüstanın de-fakto tanınmasının təşəbbüskarı kimi Böyük Britaniyanın xarici işlər naziri lord Kerzonun çıxış etməsi bu ölkəyə bəslənən ümidləri daha da artırmışdı. Ortada hələlik ilkin müzakirə səviyyəsində başqa bir layihə - müstəqilliyə aparan yoldakı təhlükələrin dəf olunması naminə İranla birlikdə Böyük Britaniya protektoratını qəbul etmək ideyası da vardı. Bütün bunlar Əlimərdan bəyin London səfərini zərurətə çevirirdi.

Xarici işlər naziri Fətəli xan Xoyski də müstəqilliyin tanınmasının ardından, 16 yanvar 1920-ci il tarixli Londona xüsusi diqqət yetirməyin vacibliyindən bəhs edərək yazırdı: “Hadisələrin indiki gedişindən, Sizin məlumatlardan, habelə mətbuata sızan xəbərlərdən də aydın göründüyü kimi, bundan sonra Avropa siyasətinin mərkəzinə çevriləcək Londonu heç vəchlə diqqətdən yayındırmaq olmaz”.

London Britaniya siyasi və hərbi elitasının aparıcı simaları - baş nazir Lloyd Corc, xarici işlər naziri lord Kerzon, baş qərargah rəisi Vilson və b. ilə görüşüb onların diqqətini bir daha Azərbaycan məsələsinə cəlb etmək baxımından da Ə. Topçubaşov üçün son dərəcə mühüm əhəmiyyətə malik  idi. Dəfələrlə müraciət etməsinə baxmayaraq, Fransa paytaxtına yalnız sülh konfransının sessiyalarına qatılmaq üçün gələn lord Kerzonla Parisdə görüşə bilməməsi onda belə bir görüşün Londonda baş tutması ümidi ilə dumanlı Albiona üz tutmağa ruhlandırırdı.

Fevralın 24-də həmkarı Ə. Şeyxülislamovla birlikdə Londona gələn Ə. Topçubaşov ertəsi gün audiensiya xahişi ilə lord Kerzona müraciət etmişdi. İki gün sonra, fevralın 27-də o, nazirin şəxsi katibindən aşağıdakı məzmunda məktub almışdı: “Lord Kerzon Azərbaycan nümayəndə heyəti ilə birlikdə Londona gəlməyinizlə bağlı məlumatın və şəxsi görüş istəyi ilə əlaqədar xahişin konfedensial şəkildə əks olunduğu məktubunuza görə Sizə minnətdarlığını bildirir.

Lord Kerzon bütün vaxtını sülh konfransı ilə bağlı keçirilən görüşlərlə sərf etdiyindən və həddən artıq məşğul olduğundan indiki vaxtda Sizi qəbul edə bilməyəcəyini təəssüf hissi ilə bildirir. Buna görə də öz adından birinci müavini, nazirinin hadisələrə baxışı və əhval-ruhiyyəsi ilə yaxından tanış olan lord Hardingin Sizi qəbul etməsini məsləhət bilib”.

Böyük Britaniya xarici siyasətinin aparıcı simalarından biri olan lord Çarlz Hardinq (1858-1944) gənclik illərində ölkəsinin İranda və Rusiyadakı səfirliklərində çalışmış, 1904-cü ildə Peterburqda  səfir olmuşdu. 1907-ci ildə ölkəsini ABŞ-da təmsil etmişdi. Aradan beş il keçəndən sonra Hindistanın vitse-kralı təyin edilmişdi. Birinci Dünya müharibəsinin başlanması ilə yenidən diplomatik işə qayıtmış, Foreign Office-də əvvəlcə A.Balfurun, sonra isə lord Kerzonun müavini kimi çalışmışdı. Diplomatik karyerasını Böyük Britaniyanın Fransadakı səfiri (1920-1922) kimi başa vurmuşdu. Çox güman ki, Foreign Office rəhbərliyi bölgənin problem və xüsusiyyətlərinə müəyyən qədər bələd olan diplomat kimi Azərbaycan nümayəndəsi ilə görüşüb müzakirələr aparmağı lord Hardinqə həvalə edərkən onun keçdiyi yolu və təcrübəsini əsas götürmüşdü.

Fevralın 28-də lord Hardinqin dəvət məktubunu alan Ə. Topçubaşov bu görüşə nümayəndə heyətinin siyasi məsləhətçisi və tərcüməçisi vəzifəsini daşıyan isveçrəli professor M. Broşe ilə birlikdə getmişdi. Görüş zamanı o, təkidli bir şəkildə Azərbaycan Cümhuriyyətinin üzləşdiyi problemləri - ordunun təchizatındakı çətinlikləri, general Vilson və admiral Bittinin bu məsələ ilə bağlı vədlərini, Xəzər donanmasının  ingilislər tərəfindən Könüllü orduya verilmiş gəmilərinin geri qaytarılması, Azərbaycanla Rusiya arasında bufer zona rolunu oynayan Şimali Qafqaz Dağlılar Respublikasının sülh konfransı tərəfindən tanınması və s. kimi məsələləri gündəliyə gətirmişdi. Qarşılığında isə lord Hardinqin Azərbaycan Cümhuriyyəti hökumətinin Osmanlı imperiyası ilə hansısa gizli anlaşmaları, Ənvər paşa və Nuru paşa kimi ittihadçıların Azərbaycanda gizlədilməsi və s. haqqında ittiham və eyhamlarını dinləməli olmuşdu.

Əsas məqamlarının söhbətin gedişində də iki dəfə vurğulandığı kimi heç şübhəsiz ki, lord Kerzonun diqqətinə çatdırıldığı söhbətin əsas məqsədi İngiltərəni Azərbaycanla daha yaxından maraqlandırmaq, eyni zamanda, de yure tanınmaq prosesi ilə bağlı ilkin kəşfiyyat aparmaq idi.

Ə. Topçubaşov Londonda bir aydan çox - 1920-ci il fevralın 25-dən aprelin 1-nə qədər qalmışdı. Bu müddət ərzində bir sıra mühüm görüşlər keçirmişdi. Bunların sırasına yeni dövlətlərin sərhədlərini müəyyənləşdirən komissiyanın sədri  M. Vansittard, “Deyli Herald” qəzetinin baş redaktoru Corc Lansberi, Cənubi Qafqazdakı Britaniya yüksək komissarı polkovnik Klod Stoks, Böyük Britaniya Parlamenti İcmalar palatasının üzvü G. Lansberi və b. ilə görüşmüş, Parlament sədrini ziyarət etmişdi. “Tayms” qəzetində Azərbaycanın ünvanına söylənən haqsız ittihamlarla bağlı təkzib verməyə nail olmuşdu.

Londonda o, siyasi gündəmi dəyişə biləcək təşəbbüslərlə də çıxış  etmişdi. Gürcü nümayəndə heyətinin rəhbəri N. Çxeidze ilə birlikdə İngiltərənin baş naziri Lloyd Corca Azərbaycan və Gürcüstanın bolşevik Rusiyası ilə sülh danışıqlarına vasitəçilik  təklifi belə təşəbbüslərdən idi.

Aşağıda Ə. Topçubaşovun Böyük Britaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi (birinci müavin) lord Ç. Hardinglə özünün yazıya aldığı söhbətinin yazısını təqdim edirəm.

 

Ə. Topçubaşovun Böyük Britaniya xarici işlər nazirinin birinci müavini

Ç. Hardinglə söhbətinin yazısı

 

1 mart 1920-ci il

Xarici İşlər Nazirliyinin binası

saat 12.30 - 13.10

 

Lord Kerzonun məktubuna əsasən müavini lord Harding məni martın 1-də, bazar ertəsi saat 12.20-də yanına dəvət etmişdi. Əlimin zədəli olmasına baxmayaraq, professor Broşenin müşayiəti ilə görüşə getdim. Taksi ilə düz məşhur Foreign Office-nin (Xarici İşlər Nazirliyi - Tərc.) demək olar ki, bomboş həyətinə daxil olduq. Qapının qabağında heç kim yoxdur. Gözdən uzaq pilləkən meydançasında əyinlərində adi paltardan  çətinliklə seçilən  uniforma geyinmiş bir neçə kuryer dayanmışdı. Özlərini çox tox tutmuşdular. Cənab Broşe yaxınlaşıb kiminlə görüşmək üçün gəldiyimizi izah edir. “Yes!” (Bəli - Tərc.) - deyə cavab verirlər. Sonra aralarından biri bizi koridorun qurtaracağına tərəf aparır. Koridor boyu əlləri əsalı, başı şlyapalı (bəzi hallarda silindrli) adamlar o baş - bu başa şütüyürlər. Burada müşayiətçimiz olan kuryer bizi başqa bir kuryerə təhvil verir və pourbuire (çay pulu - Tərc.) gözləmədən sakitcə kənara çəkilir. Yeni kuryerlə koridorun sonuna qədər gedirik. O da öz növbəsində əli ilə yaxınlıqda dayanmış üçüncü kuryeri göstərib aralanır. Yeni kuryer vizit kartımı alır və bizi heç bir cəhətdən diqqəti çəkməyən bir pəncərəli, üzlüyünün tiftikləri çıxmış  mebel (4 kreslo) düzülmüş otağa gətirir. Özü  içəri girir, təxminən 5 dəqiqədən sonra qayıdıb lord Hardingin yanına dəvət edir. Lord bizi qapının ağzına salınmış xalçanın üstündə qarşılayır. Professor Broşe ilə mən otağa paltolarımızı və şarflarımızı çıxarmadan daxil oluruq. Sol əlim sarıqlı olduğundan əvvəlcə silindrimi çıxarıb boş kresloya qoyuram, sonra lordla salamlaşıram. O, gülər üzlə əlini uzadır və oturmaq üçün mənə yer göstərir. Özü də mənim yanımda əyləşir. Professor Broşe isə üzbəüz oturur. Burada artıq heç nə yoxdur. Adi iş otağıdır. Broşe vasitəsi ilə ona müraciət edirəm.

Mən: Zati-Alinizin lütfkar məktubunu aldım, əlim zədəli olsa da,  ziyarətinizə gəlməyi özümə borc bildim. Azərbaycan Parlamentinin sədri və Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi Zati-Alinizlə görüşməkdən böyük məmnunluq duyuram. Lord Kerzona yazıb randevu istəməyi məqsədəuyğun saydım; çünki Parisdə lordun katibi onun həddən artıq məşğul olduğunu bildirmiş, Londonda görüşməyin daha asan olacağını demişdi. İndi nümayəndə heyətimiz buradadır. Ümidvaram ki, hamımız lord Kerzon tərəfindən qəbul ediləcəyik. Zati-Alinizdən də bu barədə cənab xarici işlər nazirinə məlumat verməyi xahiş edirəm. Güman edirəm ki, başqa nümayəndə heyətləri kimi bizə də belə bir imkan yaradılacaq. Görüş zamanı ilk növbədə Böyük Britaniya krallığı Xarici İşlər Nazirliyinin rəhbərinə  hörmət və ehtiramımızı ifadə etmək, həm də ona son dərəcə mühüm məsələlər haqda şəxsən məlumat vermək istərdik.

Lord Harding: Məni ziyarət etdiyinə görə  cənab prezidentə təşəkkürümü bildirirəm. Sizə deməliyəm ki, lord Kerzon indi həqiqətən də çox məşğuldur. Odur ki, bütün qonaqları mən qəbul edirəm. O, heç bir nümayəndə heyətini yanına görüşə çağırmayıb. Mənimlə söhbət zamanı toxunduğunuz bütün məsələlər aidiyyəti üzrə çatdırılacaq.

Mən: Müstəqilliyimizin de-fakto tanınmasında Böyük Britaniya nümayəndələrinin göstərdikləri təşəbbüs və yardıma görə onlara minnərdarıq. Çox ümid edirik ki, məsələ yalnız bu səviyyədə qalmayacaq, həm də de-yure tanınacağıq. Lakin indi mövcud şəraitlə əlaqədar qarşımıza çox təcili xarakter daşıyan məsələlər çıxıb. Parisdə Conseil Supreme-nin iclasında, eləcə də Müttəfiqlərin nümayəndələrinin konfransında bizə və Gürcüstana qarşı təhlükələrin mövcudluğu etiraf olundu, təhlükəsizliyimizi təmin etmək üçün nələrə ehtiyac duyduğumuz soruşuldu. Cavab verdik ki, heç kimlə müharibə etmək niyyətində deyilik, yalnız sərhədlərimizi hər cür gözlənilməz hücumlardan qorumaq istəyirik. Bildirdik ki, uzun müddətli mübarizə aparmaq imkanından məhrumuq, çünki bunun üçün zəruri  vasitələrimiz - silah, sursat, ordu üçün geyim və s. yoxumuzdur. Bu məsələlərdə bizə kömək göstəriləcəyi vəd olundu. Yardım vədi feldmarşal Vilson və dənizçilik naziri Bitti tərəfindən də təsdiq edildi. Ancaq təəssüf ki, indiyə qədər onun həyata keçirilməsi istiqamətində heç bir iş görülməyib.

Lord Harding: Zaqafqaziya respublikalarının tanınmasına görə izhar etdiyi minnətdarlıq üçün öz növbəmdə mən də cənab prezidentə təşəkkürümü bildirirəm. Biz həmişə kiçik xalqların tərəfində dayanmışıq. Ancaq  de-yure tanınmağınız haqqında indi heç bir şey deyə bilmərəm. Çox güman ki, buna müvafiq zaman və şərait yetişməlidir. Azərbaycana və Gürcüstana kömək məsələsinə gəldikdə isə cənab Vilsonla cənab Bittinin sizə nə vəd etməsindən xəbərsizəm. Lakin hansısa bir şəkildə kömək göstəriləcəyi barədə eşitmişəm.

Mən: Nədə və nə zaman?

Lord Harding: Bu barədə məlumatım yoxdur. Ona görə də sualınıza cavab verə bilməyəcəyəm.

Mən: Yardım məsələsi bizdən ötrü çox böyük əhəmiyyətə malikdir. Çünki sərhədlərimizi həm sudan, həm də qurudan qorumalıyıq. Bizim ərazidəki sonuncu şəhərimiz olan Astaradan Dərbəndə qədər sərhəd xəttinin uzunluğu təxminən 600 kilometrdən çoxdur. Gəmilərimiz isə azdır. Çünki onların bir hissəsi zamanında ingilis komandanlığı tərəfindən general Denikinə verilib. Mən bu məsələ ilə əlaqədar sülh konfransına etiraz notası təqdim etmişdim. Admiral Bitti razılaşdı ki, Könüllü orduya verilən gəmilər bizə qaytarılmalıdır. Amma indiyə qədər onları ala bilməmişik. Admiral Bitti lap bu yaxınlarda Parisdə gəmilərin qaytarılması ilə bağlı radioteleqram göndəriləcəyini  vəd etsə də, yenə heç bir dəyişiklik yoxdur.

Lord Harding: Bu məsələ mənim üçün tam aydın deyil. Çünki general Denikinin bu qədər ehtiyac duyduğu gəmiləri sizə qaytarmağa heç bir maraq gösgərməyəcəyi öz-özlüyündə anlaşılandır.

Mən: Axı həmin gəmilər bizimdir. Denikinin isə indi bolşeviklərə qarşı mübarizə aparmağa taqəti yoxdur.

Lord Harding: Bilirsiniz, bu hələ məlum deyil. Amma mən belə düşünürəm ki, Denikin  gəmiləri verməyəcək.

Mən: Hər halda indiyə qədər bizə nə vəd olunan kömək göstərilib, nə də Denikinin Petrovskda saxladığı gəmilər qaytarılıb. Digər tərəfdən Sovet Rusiyasına münasibətdə siyasətin ümumi gedişi ay yarım ərzində, bizim de- fakto tanınmağımızdan sonra kəskin şəkildə dəyişib. İndi Müttəfiqlər də, elə ingilis hökumətinin özü də Sovet Rusiyası ilə iqtisadi xarakterli danışıqlar aparmağa başlayıblar.  Ölkəmizin  Rusiya ilə iqtisadi əlaqələri kifayət qədər genişdir. Necə düşünürsünüz, bəlkə artıq bizim də Sovet Rusiyası ilə danışıqlara başlamığımızın yeri və zamanıdır? Lakin öncədən Böyük Britaniya hökumətinin fikrini bilmədən belə bir addım atmaq istəməzdik.

Lord Harding: Sovet Rusiyasına münasibətin dəyişilməsi məsələsində haqlısınız. Bizim hökumətin Azərbaycana yanaşma tərzi  Finlandiya, Latviya, Litva, Polşa və başqalarına münasibətimizdən fərqli ola bilməz. Mövqeyimizlə maraqlanan hər kəsə bildirmişik ki, istənilən ölkə fərdi maraqlarından çıxış edərək və təbii ki, bütün məsuliyyəti yalnız öz üzərinə götürərək bolşeviklərlə bu və ya digər anlaşmalar imzalamaq məsələsində sərbəstdir. İndi eyni sözləri sizə də deməliyəm: əgər hesab edirsinizsə ki, bolşeviklərlə hər hansı sahədə əməkdaşlıq etmək Azərbaycana lazımdır, o zaman məsuliyyəti üzərinizə götürüb bu addımı ata bilərsiniz.

Mən: Zati-Alinizə məlumat verməliyəm ki, bolşevik hökuməti xarici işlər komissarı Çiçerinin şəxsində Könüllü orduya qarşı ittifaq bağlamaq təklifi ilə bizə müraciət edib. Amma hökumətimiz belə bir ittifaqa qoşulmağımızın Rusiyada biri-birinə qarşı mübarizə aparan qüvvələrin daxili işlərinə müdaxilə etmək olduğunu əsas gətirərək təkliflə razılaşmayıb. Eyni zamanda, hökumətimiz bildirib ki, əgər sovet Rusiyası müstəqillik və suverenliyimizi tanımaq şərti ilə dinc, mehriban qonşuluq münasibətləri bərqərar etmək haqqında danışıqlara başlamaq istəyirsə, buna hazırıq.

Lord Harding: Çox ağıllı, eyni zamanda, ehtiyatlı cavabdır. Belə cavab verməklə düzgün iş görmüsünüz. İndi təbii ki, özünüzə sərfəli hesab etdiyiniz məqamda bolşeviklərlə danışıqlara getmək sizin üçün asan olacaq (Kiçik pauza). İndi isə icazə verin, cənab prezidentin diqqətini aşağıdakı məsələyə cəlb edim: Azərbaycanın gənc türklərlə, ümumiyyətlə türklərlə sıx əlaqələri haqqında çox danışır və yazırlar. Deyilənə görə, onlarla birgə hansısa planlarınız var. Ənvər paşa, qardaşı Nuri bəy və başqaları indi  sizin ölkənizdədirlər. Necə düşünürsünüz, bu xeyrinizə olan bir işdirmi? Bu sizə başqa xalqların rəğbətini qazandıra bilərmi?

Mən: Haqqımızda ilk növbədə hansı səbəblərdənsə bizə rəğbəti olmayanlar, bizi tanımayanlar, yaxud da yalnız başqalarının fikri əsasında tanıyanlar pis danışır və yazırlar. Bizi panislamizm, panturanizm və bolşevizmdə günahlandırırlar. Lakin Zati-Alilərini qəti şəkildə inandırıram ki, həm coğrafi şəraitimizə, həm də həyat şərtlərimizə görə biz yalnız Qafqaz istiqamətinə üstünlük veririk. Bu səbəbdən də ümumi siyasi və iqtisadi həyatımızı Türküstan, yaxud İranla deyil, qonşularımız olan Qafqaz xalqları ilə - gürcülər və ermənilərlə konfederativ başlanğıc əsasında qurmaq istəyirik. Mədəniyyət baxımından daha yüksək inkişaf etmiş xalqlarla ünsiyyət imkanı əldə etmək istəyirik. Həm də bu zaman dini zəminə deyil, daha real və  müasir xarakterli maraqlara əsaslanmağa böyük əhəmiyyət veririk. Xalqımızın yalnız dini hisslərlə yaşadığını düşünmək yanlışlıq olardı. Bizim xristian Gürcüstanla sıx əməkdaşlığımız, onlarla, habelə qonşu ermənilərlə konfederasiyada birləşmək niyyətimiz ortaya atılan iddiaların tam əksini göstərir (Lord Harding başını tərpətməklə fikirlərimlə razılaşdığını bildirir). Birinci olaraq biz Qafqaz xalqlarının konfederativ əsasda birləşmələrini təklif etmişik. Mən Azərbaycan nümayəndəsi kimi Konstantinopolda bu məsələ ilə bağlı bütün Müttəfiq dövlətlərin yüksək komissarlarına xüsusi memorandum ünvanlamışdım. Bu yaxınlarda keçirilən erməni-Azərbaycan konfransında bütün nümayəndələrimiz konfederasiya  ideyasına tərəfdar çıxdıqlarını bir daha bəyan ediblər. Türklərə gəldikdə isə  onlarla hər hansı anlaşmamız yoxdur. Mən bu günlərdə həmin məsələ ilə bağlı rəhbərlik etdiyim nümayəndə heyəti adından verdiyim təkzibdə də bunu bir daha vurğulamışam. Eləcə də guya gənc türklərin görkəmli xadimlərinin ölkəmizdə olması ilə bağlı şayiəni də təkzib edirəm.

Lord Harding: (sözümü kəsərək) Deməli, Nuri bəy də sizdə deyil?

Mən: Bu haqda heç bir məlumatım yoxdur. Əgər Nuri bəy həqiqətən də bizdə olsaydı, cənab Uordrop bundan xəbər tutar və lazımi yerə məlumat verərdi. Digər tərəfdən, mən məsələ ilə bağlı ortalıqda dolaşan şayiələr barədə eşidən kimi bunu hökumətimin diqqətinə çatdırmışam. İlk imkan yaranan kimi eyni işi bir də görərəm. İstənilən halda, Excellence, xahiş edirəm Qafqaz birliyinə meylli olduğumuzu diqqətdən qaçırmayasınız. Biz istiqlaliyyətimizi elan edən gündən bu istiqaməti əldə rəhbər tuturuq.

Lord Harding: Mən cənab prezidenti diqqətlə dinlədim və əmin edə bilərəm ki, onun dediklərinin hamısı lazımi şəxsin diqqətinə çatdırılacaqdır (Vidalaşmaq üçün ayağa qalxmaq istəyir).

Mən: (cəld onu qabaqlayıram) Zati-Aliləri, Sizi belə narahat etdiyim üçün üzr istəyirəm. Xahiş edirəm, çox mühüm bir məsələ ilə bağlı bəyanatımı dinləyəsiniz. Müxtəsər danışacağam. Zati-Alilərinizin diqqətini Şimali Qafqaz məsələsinə cəlb etmək istəyirəm. Məlum olduğu kimi, Dağlı Respublikası, onun hökuməti və Parlamenti Denikinin qoşunları tərəfindən qovulmuşdur. Bu vəziyyət Azərbaycanda böyük narahatlıq doğurub. Çünki Şimali Qafqaz ərazisində xaotik vəziyyət yaranıb. Bölgə xalqları daim əndişə içərisindədirlər. İndi, Denikinin qüvvəsinin get-gedə tükəndiyi, onun əvvəlki kimi hakimiyyəti əlində saxlamağa qüdrəti çatmadığı bir zamanda ölkədə sakitliyin təmin edilməsi baxımından yeganə çıxış yolu Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ola bilərdi. Bu barədə biz də, gürcülər də həm Conseil Supreme-nin, həm də sülh konfransının iclaslarında dəfələrlə məsələ qaldırmışıq. Mənə gəlib çatan məlumatlara görə, Şimali Qafqazda indi də xaos hökm sürməkdədir. Bizi xüsusi ilə narahat edən ölkəmizin Quba əyaləti ilə sərhəddə yerləşən Dağıstanda vəziyyətin nəzarətdən çıxmasıdır. Dağıstandakı ciddi narahatlıq doğuran şərait hökumətimizi sərhədlərimizin təhlükəsizliyini qorumaq məqsədi ilə ora kiçik də olsa hərbi dəstə göndərməyə məcbur edir. Bu, həm də Dağıstan əhalisinin özünün arzusudur. Məsələ cənab Uordropa da məlumdur.

Lord Harding: Dağlılar Respublikasının tanınması sülh konfransının səlahiyyətinə daxildir. Konfransın iclaslarında bu barədə artıq məsələ qaldırmısınız. Hökumətinizin Dağıstana qoşun göndərmək niyyətinə gəldikdə isə, düşünürəm ki, belə addımdan çəkinmək lazımdır. Əgər Dağıstanda əmin-amanlıq yoxdursa, o zaman siz oranı işğal etmək yox, öz sərhədlərinizi möhkəmləndirmək qayğısına qalmalısınız. Belə fikrə düşməyiniz general Denikin tərəfindən də müvafiq addım atılmasına gətirib çıxarar. O, Dağıstanı Rusiyanın ayrılmaz tərkib hissəsi saydığından dərhal sizə qarşı hərəkətə keçəcək.

Mən: General Denikin təkcə Dağıstanı deyil, Azərbaycanı, Gürcüstanı, ümumən bütün Zaqafqaziyanı Rusiyanın bir hissəsi sayır. Onun mövqeyi sizə məlumdur. Ancaq təbii ki, indiki halda biz general Denikinin deyil, Böyük Britaniya hökumətinin mövqeyi ilə hesablaşmaq istərdik.

Lord Harding: Mən öz hökumətimə Dağıstana hərbi birliklər göndərmək tipli addım atmağı məsləhət görə bilmərəm. Sizə gəldikdə isə bir daha təkrar edirəm: bu, Könüllü ordu ilə münasibətlərinizi daha da korlayar. Sizə ilk növbədə öz sərhədlərinizi mühafizə etmək lazımdır (Ayağa qalxır).

Mən: İcazə verin, diqqətli münasibətinizə görə Zati-Alinizə təşəkkürümü bildirim və belə bir inamımı dilə gətirim  ki, respublikamızın mühüm, təxirəsalınmaz  maraqlarının məcbur etdiyi vaxtlarda ziyarətinizə gəlməyə izin verəcəksiniz.

Lord Harding: Böyük məmnuniyyətlə! Bir daha əmin ola bilərsiniz ki, söhbətinizin məzmunu məni razı saldı  və bu barədə lazımi şəxsə məlumat çatdırılacaq (Vidalaşırıq).

 

Tərcümə: Vilayət Quliyev