Xalq qəzeti.-2018.-20 yanvar.-14.-S.5.

 

Şəhidlər xiyabanında düşüncələr

 

Zərifə Hüseynova

 

20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu... 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Sən kimsən? Adın nə?

...

Adsız insanmı olar? Təkcə insanın yox, hər şeyin adı var. Bax, bura Şəhidlər xiyabanıdır, bu, qəbir daşlarıdır, bu, şam ağaclarıdır... Görürsən, hər şeyin adı var. Bəs sənin?

...

Kimin- kimsən varmı? Haralısan? Düzdür, burada yatanların hamısı Azərbaycan övladıdır, amma insanın doğulduğu yurdu var axı...

...

Bəlkə sevdiyin vardı? Gör, nə soruşuram? Olsaydı, çoxdan axtarardı, səndən xəbər tutardı, bilərdi ki, bu yerin üstündə, göyün altında yoxsan...

...Haqqında məlumata baxıram. Əynində yun köynək, cins şalvar... Bu soyuqda çölə belə çıxardılarmı? Gödəkcə yox, palto yox, heç pencək də yox! Nəydi səni gecənin bir aləmində bayıra səsləyən? Dostunmu, qardaşınmı, həmkarın, qohumunmu?

 Yooox! Səni ora çəkən özünün hələ aydın dərk eləmədiyin kişilik, mənəmlik, mən də varamlıq cəsarəti idi. Neçə gündən, aydan bəri qarışıqlıq yaşayan şəhərin üstünü alan qara buludların göz yaşları idi. Ertədən xəbər gəzirdi axı, sovet qoşunları gəlir, tanklarla. Gələn kim idi? ...Məlum deyildi...

Əliyalın sən və sənlər neyləyə bilərdi?... Gücünüz nəyə çatardı? Əl-ələ verib tankın qabağını kəsməyə, eləmi? Güman edirdiniz ki, böyük qardaş dayanacaq, şəhərə girməyəcək, üstünüzə gəlməyəcək. Qürurunuz sizi geri çəkilməyə qoymadı. Bir-birinizə baxıb cəsarətlənmişdiniz. İçinizdəki Azadlıq, Müstəqillik, Vətən sevgisi hər şeyi unutdurmuşdu.

Azadlıq! Müstəqillik! deyə hayqıran gənclərin səsini kim eşidəcəkdi?

Əfsuslar olsun ki, düşündüyünüz olmadı, böyük qardaş dayanmadı,...

Gücünüz qan verməyə, can fəda etməyə çatdı.

 Bundan əvvəl Gürcüstanda Tbilisidə, Litvada Vilnüsdə olanları unutmuşdunuzmu? Bilmirdinizmi ki, mənfur rejim müstəqillik, azadlıq arzulayanların istəyini elə beşiyindəcə boğur.

 ...O gecə atəş səslərindən qulaq tutulurdu. Güllələr səmada şütüyürdü, səs- küydən ağız deyəni qulaq eşitmirdi. Ay oğul, ay bala! harayları gecəni qoynuna almışdı. Maşınların siqnal səsi, insanların ah-ufu, ay ana! kəlmələri göyə yüksəlmişdi.

...Şəhər səhəri dirigözlü açdı. Tanınmaz hala düşən şəhər. Bu insanlar haradan vaxt tapıb, gül tapıb asfaltın qana boyanan yerlərini qərənfillərlə dəfn eləmişdilər? Şəhərin mikrorayon tərəfdən girişi güllərlə haləyə alınmışdı. Qadınlar ağı deyirdilər. Heç bilmirdilər, tökülən qan kimin, verilən can kimindir. Bildikləri o idi ki, onlar Vətən oğullarıdır, azadlıq uğrunda candan keçənlərdir.

 Xəstəxanaların həyəti insanlarla dolu idi. Kimin balası, atası, qardaşı, nişanlısı, həyat yoldaşı gecə evə gəlməmişdisə, onu arayırdı. Gecə növbəsini bitirən həkimlər evə tələsmirdi. Yaralılar çox idi, bir yandan gətirirdilər, palatalarda yer olmadığından dəhlizlərdə stulları bitişdirib çarpayı əvəzinə istifadə edirdilər. Hər yerdən qan qoxusu gəlirdi... Həkimlərin əlac edə bilmədiklərini Semaşkoya morqa göndərirdilər. Aləm bir-birinə dəymişdi. Xəstəxananın bütün tibb personalı səhərəcən mərtəbələrlə aşağı- yuxarı qaçırdı. Yüngül yaralıları tibb bacılarının öhdəsinə buraxmışdılar. Hər yaralıya vaxt itirmək olmazdı. Qanaxmadan huşlarını, hətta, həmin andaca həyatlarını itirənlər vardı. Ağ xalatlar qan rənginə boyanmışdı. Respublika Klinik Xəstəxanasında işləyən bir həkim tanışım sonralar danışırdı ki, elektrik xətləri kəsildiyindən lampa işığında əməliyyat edirdik. Elə yaralılar vardı ki, qanı saxlamaq mümkün olmurdu. Hadisə yerinə yaxın olduğu üçün, yaralıları həm qucaqda, həm kimlərinsə şəxsi maşınında, həm də təcili yardımla daşıyırdılar. Gecə növbəsinin həkimləri çatmadığından, evdən həkimləri səfərbər etmişdik... Yaralıların bəziləri tanınmaz halda idi. Qolsuz, ayaqsız, çapalayan bədənlər insanı dəhşətə gətirirdi. Yaralıların ah-ufu, doğmalarını axtaranların səs-küyü, tibb heyətinin təlaşı bir-birinə qarışıb xaos yaratmışdı. Qan qrupunu bilən insanlar yaşamla mücadilə aparanlara könüllü qan verirdilər. Dərd hamını birləşdirmişdi. Hərə öz yaxınını axtarır, soraqlayırdı. Ağır gecə idi.

...Amma orada səni arayan olmadı. Tanıyan olmadı... Tanınası halın da yox idi axı... siman dəyişmiş, üzün əzilmişdi. Alnında güllə yeri vardı. Ölümün gözünə dik baxmışdın.

 O gecə Azərbaycan xalqının son əsarət gecəsi oldu. O gecə tariximizə şərəf tarixi kimi həkk olundu, xalq qürurunun tapdanmasına, millət olaraq istismar olunmasına, köləliyə qarşı üsyana qalxdı. Millət birliyini, yekdilliyini, Vətənə sevgi və sədaqətini, lazım gələrsə, qandan-candan keçməyə hazır olduğunu sübut etdi.

 20 Yanvar--qan yaddaşımızdır, fəxarət yerimizdir. Millətimizin əsarət boyunduruğunu sındırdığı, yekdil olaraq güclü rejimə qalib gələ biləcəyinə inandığı gündür.

 Həmin gecə küçələr qanla yuyulmuşdu... Və o qan günlərlə axıdıldığı yerdə qaldı... Üstü qərənfillərlə bəzəndi.

 Qurban təkcə etiraz üçün ayağa qalxan, tankların qarşısına cəsarətlə çıxan, ölümün gözünə şəstlə baxan sizlər deyildiniz ki. Gələn quduzlar elə təlimlatlanmışdılar ki, küçədə, balkonda, həyətdə gəzənlərə də atəş açırdılar. Gözlərinə görünəni atəşə tuturdular.

 Niyə? Nə üçün? Millətin günahı nə idi? Bu suallar hamını düşündürürdü. Sonralar AMEA-nın həqiqi üzvü, Rusiya EA-nın müxbir üzvü, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Adilə Namazova danışırdı: Fevral ayında Moskvada keçirilən sessiyada Azərbaycandan olan qadın deputatlarımız qara örpəkdə, kişilər qara kostyumda bir cərgədə oturmuşduq. M.Qorbaçov gözünü bizdən çəkmirdi. İclasdan sonra ona dedim ki, bizi qəbul etsin. Mən, Anar və Midhət Abbasov onunla görüşdük. Özümlə bir torba teleqram aparmışdım. Dedim ki, azərbaycanlıların başına bu nə oyundu gətirmisiniz? Onları niyə qırdırmısınız? Deyirsiniz ki, azərbaycanlılar rusların əleyhinə çıxıb, ayağa qalxıblar. Biz sizin deputatlarıq. Elə bir məlumat almışdınızsa, bizi çağıraydınız, danışdıraydınız, məsləhətləşəydiniz. Axı dedikləriniz həqiqət deyil. Siz rusları da qırdırmısınız. Bessantinin nəvəsi Vera Lvovna gecə su içməyə qalxanda mətbəxdə güllələnib. Larisa Mamedova dərsdən qayıdanda. O qızın anası rusdur, oxuduğu məktəbin dərs hissə müdiri rusdur, baxın, bu teleqramlarda Azərbaycan haqqında nələr deyirlər? Məlumat toplayırdınızsa, onlardan toplayaydınız. Martın əvvəlində şəhidlərin 40 mərasimidi. Adətimizə görə 40 mərasimi ölən günə bərabər tutulur və qeyd edilir. O vaxta qədər göstəriş verin, rus əsgərləri Bakıdan çıxsın. Yoxsa, əzizləri həlak olanlar onlara hücum edəcək, yeni çaxnaşma düşəcək. Mərkəzi Televiziya vasitəsi ilə Azərbaycan xalqına başsağlığı verin. Yoxsa onlar sakitləşməyəcəklər.

 Axı siz heç bilmədiniz ki, hadisənin ertəsi günü dəhşətli faciəyə kəskin etiraz olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan xalqımız ulu öndərin oradakı qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördü. Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Bu ittiham xalqda gələcəyə, müstəqilliyə, azadlığa bir inam yaratdı.

 O müdhiş gecəni yaşayanlar, cinayətə şahidlik edənlər, bir gecədə neçə il qocalanlar... Biz onları gördük, onlarla çiyin-çiyinə addımladıq, onlarla yaşadıq, yaşlandıq. 28 il az müddət deyil. Amma həmin faciə şahidlərinin bəziləri dünyalarını dəyişsələr də, o məşum günləri xatırlayanlar, saatına, dəqiqəsinə qədər unutmayanlardan əksəriyyəti hələ də aramızda, sıramızdadı.

 Sən burada tək deyilsən ki... Elə xiyabana girəndə İlhamla Fərizə boy-boya verib bəy-gəlin paltarında, dərdli təbəssümlə qarşılayırlar gələnləri. Onlar bu şəkli xiyabanda başdaşından yox, evlərinin baş divarından asmalıydılar. Zalım güllə və ölümə qalib gələn məhəbbət bu şəkli buraya gətirdi! Haradan biləsiniz ki, həmin günlərdə fələk mənim də qəddimi əymişdi. Siz dəfn olunan gün məhəbbətimin, sevgimin, sevincimin əbədi dəfn edildiyinin 40-cı günü idi.

 Xiyabandakıların çoxu elə sənin tay-tuşundu ki... Hələ səndən kiçiklər də var. Məktəblilərə-- 167 nömrəli məktəbin şagirdi İlqara, 134 nömrəli məktəbdən Larisaya, 42 nömrəli məktəbin şagirdi Nərimana baxıram. Suallar qəlbimi didir: bu yaşınızda günahınız nə idi, neyləmişdiniz?

 Xiyabanın qucaq açdığı digər şəhidlərə nəzər salıram. Anasına Kəlbəcər dərdindən sonra bir dağ da çəkən Mahir Quliyev, iki körpə qız balasını özünə həsrət qoyan Rasim Muxtarov, gözəl gözləri danışan Mehman Həsənov, baxışlarından cəsurluq yağan Tariyel Abdullayev, bir dəqiqəliyə həyətə düşüb gülləyə tuş gələn ağsaqqal Əliyusif Qocamanov, qəzet köşkünün satıcısı Sahib Həsənov, siz günahsız qurbanlar quduzlaşmış köpək sürüsünə neyləyə bilərdiniz?.. Gücünüz nəyə çatar, əliniz hara yetərdi? Əbədi gedişinizlə özünüzdən sonra neçə-neçə insanı gözü yaşlı qoydunuz.

...Təkcə səni xatırlayan yox! Eləmi düşünürsən? Yox, yox! Xalqımız qədirbilən xalqdır. Ona edilən yaxşılığı, elə pisliyi də unutmur. Sən qanını, canını azadlıq yolunda verən mücahidsən. Səni unutmaq, xatırlamamaq, anmamaq mümkünmü? Mən səni ziyarətə gələndə qəbrinin yanında hər dəfə onlarca adam görürəm. Ruhuna dualar oxuyurlar.

Mənim başdaşına Naməlum yazılan şəhidim. Bax, gördünmü, o birilərdən çox səninlə dərdləşdim, sənə ŞƏHİDİM dedim. Adın var. Özü də bütün yüksəklikdən ucalarda duran, bütün adlardan daha şərəfli olan addır.

Sən ölümünlə ölümü şərəfləndirənlərdənsən.

Sən qürur mənbəyimiz, and yerimiz, sevgimizsən.

Sən, Vətənə qurban getmək necə olur, ifadəsinin sübutusan.

Sən Azərbaycan tarixinin şanlı səhifələrinə adı qanla yazılmış Vətən oğlusan.

Sən Vətənə xidməti könüllü olaraq can verməklə yerinə yetirənsən.

Sən hələ də səni arayanların qəlbində sağsan, ərənsən, igidsən.

Sən bu fani dünyadan təkcə məzara yox, ürəklərə də köçən Allah bəndəsisən.

Unutma! Neçə ki, Azərbaycan var, xalqımız var, sən də o qədər qəlblərdə yaşayacaqsan.

Şəhidliyinin 28 yaşı mübarək olsun!