Xalq qəzeti.-2018.-20 yanvar.-14.-S.6.

 

Bakıya yeridilən sovet ordu hissələri Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədi

 

Vaqif Bayramov

 

1990-cı ilin yanvarın 19-dan 20-nə ötən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər yaşayış məntəqələrinə yeridildi, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxan çoxmillətli xalqımıza divan tutuldu.

 

Qanlı faciədən ötən 28 il o gecə baş verən dəhşətləri indiyədək insanların yaddaşından silə bilməyib. O gecənin acı xatirəsi, kədərli təəssüratları bu gün də ürəkləri göynədir, qəddarlıqlar, vəhşiliklər göz önündən çəkilmir.

Heç zaman unudulmayacaq bu qətliamla, insanlığa qarşı törədilən bu qatı cinayətlə bağlı söhbətində Sumqayıtda yaşayan tanınmış şair-publisist Əvəz Mahmud Lələdağ ürək ağrısı ilə dedi:

1990-cı ilin 19 yanvar günü Sumqayıtın ictimaiyyət nümayəndələrini, idarə və müəssisə rəhbərlərini şəhər partiya komitəsinin akt zalına toplamışdılar. Amma heç kim bura nə üçün dəvət edildiyini bilmirdi. Düzdür, şəhərdə böhranlı vəziyyət hökm sürürdü, 1988-ci ilin fevralında baş verən məlum hadisənin, necə deyərlər, havası hələ təmizlənməmişdi və bir neçə saatdan sonra dəhşətli faciənin yaşanacağını da bir kimsə belə təsəvvürünə gətirmirdi. Birdən mikrafonda kiminsə səsi eşidildi:

Bir azdan mühüm xəbər veriləcək...

Bu sözlər axşama kimi 25-30 dəqiqədən bir təkrarlansa da, mühüm xəbər barədə məlumat yox idi... Qaranlıq düşəndə qapılar bağlandı, adamlar çölə buraxılmadı. Şəhərdə nələrin baş verdiyi də bilinmirdi. Amma təxmin edirdik ki, Bakıya gediş-gəliş məhdudlaşıb... Zalda əyləşənlərdə narahatlıq getdikcə artırdı. Gecə saat ikidə qəfildən qapılar açıldı. Hamı zalı tərk edib rahat nəfəs dərdi. Silahlı, dubinkalı rus əsgərləri sıra ilə pilləkənləri qalxıb 4-cü mərtəbədə bənd aldılar. Heç kimin tanımadığı bi nəfər qapının önündəki stolun üstünə bir top qara parça gətirib qoydu. Ancaq bundan sonra mühüm xəbərin nədən ibarət olduğu barədə aydın təsəvvür yarandı...

Səhəri gün çətinliklə də olsa, Bakıya gedə bildim. Orada gördüklərimdən hədsiz dərəcədə sarsıldım. Özümə yer tapa bilmirdim. Sovet ordusunun silahlı vəhşiləri, cəlladları xalqımızın igidlərini, günahsız insanlarını qanlarına qəltan etmişdilər. Adamları tankların tırtılları altında əzərək tanınmaz hala salmışdılar. Binaların divarları deşik-deşik olmuşdu. Bir sözlə, qan su yerinə axıdılmışdı. Şəhidlərin dəfnində iştirak etdim. Gördüyüm dəhşətli sitəmləri nəzmə çəkdim:

 

...Qanın yerdə qalmaz igid qardaşım,

Qəbrin nurla dolsun ağbirçək ana!

Mənim şəhid bacım, şəhid qardaşım,

Siz vüqar oldunuz Azərbaycana!..

 

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən o dəhşətli gecədən sonra da xalqımıza tutulan divan davam etdi. Bakıya soxulan sovet qoşunlarının bir hissəsi Sumqayıtda heç nədən çəkinmədən insanlara yumruqla, təpiklə, dubinka ilə işgəncə verirdilər. Azər Babayev elə döyülmüşdü ki, 15 yaşında ömürlük əlil oldu. H.Z.Tağıyev qəsəbəsinin sakini Şakir Ağakişiyev çilingər işlədiyi Sumqayıt qaz istismar idarəsindən evə qayıdarkən yolda sovet əsgərləri tərəfindən güllələndi. Həmin qəsəbədə yaşayan, Bakı sərnişindaşıma idarəsində sürücü işləyən Elçin Baxşəliyev də faciənin qurbanı oldu.

1990-cı ilin 20 yanvar qırğınından sonra sovet ordusunun qaniçən dəstələri tərəfindən Bakı-Sumqayıt yolunda daha bir dəhşətli cinayət törədildi zirehli tank Azərbaycanın 5 nəfər kimyaçı aliminin əyləşdiyi Jiquli markalı maşının üzərindən keçdi. Bu vəhşilik günahsız elm adamlarının üçünün-- Svetlana Məmmədova, İsmayıl Mursaqulov və İbrahim ibrahimovun faciəli ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələndi.

Əsgərlər o günlərdə Sumqayıtda, ətraf qəsəbələrdə qətliamlar törətməklə bərabər, özbaşınalıq edir, mağazaları, evləri yağmalayırdılar.

M. Qorbaçovun göstərişi ilə Bakıya gələn qoşun hissələri insanlara silah qaldırmaqla, cinayət törətməklə arzularına, qarşılarına qoyduqları məqsədə nail ola, Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi. SSRİ rəhbərinin bu cinayət əməli bəşəriyyətə, insanlığa qarşı həyata keçirilən ən dəhşətli, ən amansız, bütün hüquqi-demokratik prinsiplərə zidd olan vəhşilik tarix səhifəsinə yazıldı.

Bakıda baş verən qanlı hadisədən bir gün sonra, 1990-cı il yanvarın 21-də ciddi nəzarət altında olan ümummilli liderimiz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını hər an gözləyən təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, respublikamızda törədilən hərbi təcavüzə qarşı kəskin etirazını bildirdi, M. Qorbaçovun bu qeyri-qanuni hərəkətini kəskin ittiham etdi və dedi:- Ayağa qalxan xalqın inam və iradəsini, milli azadlıq əzmini qırmaq, milli mənliyini alçatmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilən 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir.

Arxasız, kimsəsiz qalmış xalqının köməyinə gələn ulu öndərin tarixi bəyanatı xalqımızın ürəklənməsində, ümidlənməsində, öz məqsədindən dönməməsində dəyərli təkan oldu. 1990-cı il noyabrın 21-də isə böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini siyasi-hüquqi baxımdan qiymətləndirmək istiqamətində ciddi addımlar atıldı. 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında dahi öndərin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edildi. Həmin qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi...

Ümummilli liderin təşəbbüsü və rəhbərliyilə 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirildi. Ulu öndərin müvafiq sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanında qısa müddətdə məzarların üstü götürüldü və burada memorial kompleks ucaldıldı. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.

Ulu öndərin tapşırığı ilə şəhid ailələri də dövlət qayğısı ilə əhatə edildi. 20 Yanvar hadisələrində sağlamlıqlarını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı dövlət başçısının daim diqqətində oldu.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilib. Azərbaycanın iqtisadi durumunın getdikcə yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərib.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsinə böyük ehtiramını bildirir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək, Qarabağda da eyni mətinliklə qələbə qazanacağıq.

Bu qələbəyə, eyni zamanda, Azərbaycanın bugünkü sosial-iqtisadi uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlət başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin qüdrətlənməsi naminə atdığı qətiyyətli addımlar da zəmanət verir.