Xalq qəzeti.-2018.-20 yanvar.-14.-S.1,3.

 

20 Yanvar xalqımızın azadlıq arzusunun, müstəqillik uğrunda mübarizəsinin yenilməzlik günü

 

19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır.

Heydər ƏLİYEV
Ümummilli lider

 

1990-cı illərin əvvəllərində xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən illər ərzində bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin   araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşayiət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı? Cavabında isə  hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son günlərin, eləcə də ayların hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırıq.

 

Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər yanlışa  qədər çarpazlaşan mülahizələr yalnız  bir nöqtədə ortaqlaşır: belə sonluğu heç kim gözləmirdi. Bəli, doğrudan da, o zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə divan tuta bilər.Yəqin, ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə  inanmaq istəyində olmuşuq. Amma bəzən Şər, qısa müddətə olsa da, üstün gəlir. 20 Yanvar məhz Şərin Xeyiri üstələdiyi  qısa bir məqam idi. Bu Şərin gəldiyi yol isə bir aylıq, iki aylıq deyildi.

Bu, çox uzaqdan gələn bir yol idi. Bu yol Cavad xanın meydanda tək qalıb şəhid olduğu vaxtdan başlayırdı; 1813-cü ilin Gülüstanından gəlirdi, 1828-ci ilin Türkmənçayından keçirdi. Nəhayət, bu yolun bizə ən yaxın hissəsi 1920-ci ilin 28 aprelindən başlamışdı; 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acılarından, 5060-cı illərin ağır məhrumiyyətlərindən keçib gəlmişdi 20 Yanvara. Bütün bunlar çox uzun və çox üzüntülü bir hekayədirazadlıqsevər bir məmləkətin,  insanpərvər bir millətin, məğrur bir xalqın tale yazısıdır. 20 Yanvar isə bu hekayənin son fəslidir. Bu fəsildə də qarşımıza Şər çıxmışdı.

Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız vətən torpaqlarımıza göz dikmişdilər. Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəldilən məkrli əməllər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən, 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş  Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında qərarı qəbul etməsi və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında fərmanı Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı ermənilərin illər uzunu planlı şəkildə hazırladığı və nəhayət icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi.

Bütün bunlarla, eyni zamanda, Ermənistan  ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovularaq çıxarılması və bunu SSRİ rəhbərliyinin görməməsi soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz Kremlin yardımı və strategiyası ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. O zamankı Azərbaycan rəhbərliyinin isə baş verən proseslərə, sanki, heç bir şey olmamış kimi, seyrçi münasibət göstərməsi, özünü bilməməzliyə və eşitməməzliyə vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addımın atmaması xalqın əsəblərini tarıma çəkmiş, onun səbir kasasını doldurmuşdu.

Mübarizə meydanında tək qaldığını  görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi. Bütün ümidlər haqsızlığa qarşı tarixən etiraz səsini ucaltmağı bacaran,  əzəli yurdunu düşmənlərdən qanı bahasına  qorumağa hər zaman hazır olan və monolit gücünü öz milli varlığında hiss edən Azərbaycan xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq mövcud olduğu bütün  müddətdə sovet imperiyasının yürütdüyü repressiv siyasəti öz tarixinə və milli mənliyinə vurulmuş bir ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan vətən övladları bu ləkəni öz qanları bahasına da olsa yumağa hazır idilər.

O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökumət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi, bu siyasətin qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən heç bir tədbir görülməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirməklə kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atması onun antihumanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətini tam aydınlığı ilə aşkara çıxarmış oldu. Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyatını və mənliyini qorumaq əzmi ilə çıxan fədakar vətən övladları bütün gözlənilməzliklərə hazır idilar. Amma hələ də  heç kim bu qədər dəhşətli amansızlığıdövlətin öz vətəndaşına qənim kəsilməsini gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında yaşadığı dinc bir xalqa qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyi o zaman ağlasığmaz idi.

Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin.

Lakin inanmaq istədiyimiz xoş sonluqlu ehtimal özünü doğrultmadı. Soyuq 20 Yanvar səhəri açılmağa macal tapmamış  bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi.

O müdhiş gecənin səhəri Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu, Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi. Azərbaycana, nəyin bahasına olursa-olsun, milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

Nə qədər hüznlü və acı olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətən şəhidlərini layiqincə son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdiyi Vətən torpağına yüz minlərin çiyinlərində getdilər və müqəddəs torpaqda əbədiyyətə qovuşdular.

Bu müqəddəs torpaq hələ əsrin əvvəllərində19181920-ci illərdəVətənin azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş soydaşlarımızı öz qoynuna almışdı. Hələ o zaman xalqın istiqlalı uğrunda şəhid olmuş azadlıq carçılarının dəfn edildiyi Şəhidlər xiyabanı bu dəfə də eyni amal uğrunda mübarizəyə qalxmış qəhrəman oğullarını öz bağrına basdı. O qəhrəman oğulları ki, ucaldıqları məbəddən əbədi və dönməz olan istiqlaliyyət yolumuza  hər zaman şəfəq saçırlar.

O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər öz ləçək qanadları ilə şəhidlərin qəbri üstünə sərilməyə uçub gəlmişdi. Şəhidlərin məzarları üzərinə qonmuş milyonlarla qərənfil onların 20 Yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı.

Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. 

Bununla, Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi və özünün milli azadlığı uğrunda mübarizəsinin dönməz olduğuna şübhə yeri qoymadı. Prezident İlham Əliyevin dediyi kimi: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir.

Doğrudan da, qəhrəmanlıqla dolu keçmişi, dövlətçilik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli  töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən, sanki, qan damarları ilə axıb gələn  vətən sevgisi, milli özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi  hisslər qazanmış  bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində 100 il əvvəl öz tarixi dövlətçilik ənənələrinə söykənərək Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?!

Hər bir xalqın milli birliyinin,  iradəsinin və özünüdərkinin hansı dərəcədə olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara  ümumi reaksiyasında özünü göstərir. 28 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi  tariximizə Qanlı yanvar adlı yeni bir mübarizə səhifəsi yazdı.

20 Yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: Yolumuz azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və boğulduqca daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyalarının iflası artıq heç kimdə şübhə doğurmayan və  dayaqları silkələnməyə başlayan Sovet imperiyası  bu hadisəni törətməklə nəyə nail olmaq istəyirdi? Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir ölkəsində əvvəlcədən qurulmuş plan əsasıında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər?

Az sonra imperiya çökəndə aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabları yox imiş. Baş verənlər isə Azərbaycan xalqının milli  mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının yenidən  daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet imperiyası üçün sonun başlanğıcı oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi.

Lakin bir insanın yaşaya biləcəyi orta ömür qədər yaşamış imperiya özü ilə həmyaşıd olan sovet nəslinin böyüklü-kiçikli hamısına atəş açmaqla, bu ümidləri tamamilə al-üst etdi. O zamana qədər hələ də Azərbaycanın müstəqilliyinə müəyyən qədər ümidsiz yanaşanlar da bu hadisənin baş verməsi ilə artıq imperiya boyunduruğunda yaşamağın qeyri-mümkünlüyünü dərk etdilər və milli azadlıq hərəkatının fəal iştirakçılarına çevrildilər.

Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan humanist əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra kommunist partiyasından kütləvi istefalar, cəmiyyətin bütün təbəqələri tərəfindən müxtəlif formalarda ifadə olunan etirazlar ittifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı. Həmin ərəfədə SSRİ-nin bir çox respublikalarında mərkəz əleyhinə etirazlar baş qaldırmışdı. Gürcüstan və Baltikyanı ölkələrdə də sovet qoşun hissələri dinc nümayişçilərin üstünə silah qaldırmışdı. Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş 20 Yanvar hadisəsi öz qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi.

Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi.

Görünür, imperiya rəhbərliyinin xalqımıza qarşı qəzəb hissi o qədər güclü və hərbi təcavüz həyata keçirmək niyyəti o qədər qəti idi ki, törətdiyi qeyri-insanlıq aktına əvvəlcədən hüquqi don geyindirməyə belə ehtiyac duymamışdı. Baş verəcək hadisələrin və faciənin miqyası barədə məlumatların geniş xalq kütləsinə çatdırılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyasının enerji blokunun partladılması da qanlı cinayət əməlinin əvvəlcədən müəyyən edilmiş plan əsasında həyata keçirildiyini bir daha göstərir. Bununla respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı.

Ancaq həmişə millətləri qaranlıqda və məlumatsızlıqda idarə etməyə alışmış düşmənlərimiz bilmirdilər ki, bu zaman insanların səsini bir-birinə çatdıran, o səsləri xalqın səsinə çevirən yenilməz bir qüvvə vardı. Bu millətin canındakı azadlıq sevgisi idi! Bu sevgini boğmağa isə heç bir yumruğun  gücü çatmayacaqdı!.. İmperiyanın zor gücünə söykənmiş siyasəti ilə Azərbaycan xalqının  məğrurluğu və qırılmaz iradəsi qarşılaşarkən, hansı tərəfin məğlubiyyətə düçar olacağı əvvəlcədən aydın idi. Sadəcə, Mixail Qorbaçov  və onun ətrafındakı cinayətkarlar bunu anlaya bilməzdilər.

Yarandığı gündən etibarən, xalqımıza qarşı qərəzli siyasət yürüdən sovet imperiyası belə bir qəddarlıq aktı ilə özünün  düşmənçilik ənənəsindən əl çəkmədiyini bir daha göstərdi. M. Qorbaçov başda olmaqla, ittifaqın bütün vəzifəli şəxslərinin ciddi heç nə olmamış kimi davranmaları, törətdikləri qanlı cinayəti ört-basdır etmək cəhdləri Azərbaycan xalqına qarşı olan qərəzin və nifrətin açıq təzahürü idi. Azərbaycan SSR rəhbərliyinin qanlı olay barədə bəyanat belə verməməsi, belə bir çətin anda xalqın dərdinə şərik çıxmaması xüsusilə təəssüf doğuran məqam idi.

20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında dyildiyi kimi: Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi. Bu fakt bir daha hakimiyyətlə xalq arasında o zaman dərin uçurumun yarandığını və hakimiyyətdə təmsil olunan şəxslərin xalqın iradəsini ifadə etmək iqtidarında olmadığını göstərirdi.

Qanlı yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə, hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı  məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin  ən faciəvi günlərindən birini yaşayan Azərbaycanın xalqının acısına şərik çıxması onun öz xalqına olan  sonsuz məhəbbətinin ifadəsi idi. Xalqımızın qeyrətli oğlu Heydər Əliyev faciədən xəbər tutan kimi Azərbaycana göndərdiyi hüzn dolu başsağlığında bildirmişdi: Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən--dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.

 Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz xalqına başsağlığı diləyən Heydər Əliyev xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi: Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir.

Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün  imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi xalqımızın üzləşdiyi ən çətin məqamlarda ulu öndər Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığını bir daha sübut etdi.

Cinayətin törədildiyi vaxtdan keçən bir neçə illər ərzində 20 Yanvar hadisələrinə  lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən biri idi. Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın  onun rəhbərliyi tərəfindən verilən göstəriş əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətə və iradəyə malik olmadığı əvvəlcədən  məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ Baş Hərbi Prokurorluğunun hərbi qulluqçuların 20 Yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin faciəli olayların araşdırılması ilə bağlı yaratdığı istintaq komissiyasının fəaliyyətinin heç bir nəticə və heç bir əsas olmadan dayandırılması isə təəccüb  doğurmaya bilməzdi. Bu Azərbaycanın o zamankı rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi-hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi.

Təəssüf ki, daha sonra 1992-ci ilin 19 yanvarında qəbul edilmiş 1990-cı il yanvarın 19--20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi ilə bağlı ilk addımları Naxcıvanda atmışdır. Vətənə dönəndən sonra ilk üz tutduğu yer Şəhidlər xiyabanı olan ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisində aparılan müzakirə zamanı qətiyyətlə demişdi: 19--20 yanvar 1990-cı il hadisələri, Bakıda baş vermiş hadisələr faciəvi hadisədir və mən belə hesab edirəm ki, Azərbaycanın 1920-ci ildən sonrakı tarixində belə faciəvi hadisə olmamışdır... 19--20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində--heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır.

20 Yanvar hadisələrinin təkcə xalqımıza deyil, bütün insanlığa qarşı cinayət olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək, axıdılmış günahsız qanların baiskarlarının cəzalandırılması üçün siyasi, hüquqi zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər Əliyevin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında 5 yanvar 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq qərarda Qanlı yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi  tövsiyə edildi.

Beləliklə, 1994-cü ilin martında Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında xüsusi qərar qəbul etdi. Bu qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq-mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi. Bununla da, nəhayət ki, qanlı faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi.

20 Yanvar faciəsinin törədilməsindən Moskvada ali sovet rəhbərliyində istefa vermiş atası Heydər Əliyevlə bir yerdə, eyni vaxtda xəbər tutmuş Azərbaycanın indiki Prezidenti İlham Əliyev bu qanlı qətliamla bağlı həmişə öz müdrik müəllimi, siyasi sələfi ilə eyni fikirdə və mövqedə olmuşdur: 1990-cı illərin əvvəllərində-- xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ideya və əməllərini davam etdirdiyi son 15 ildə öz sələfinin 20 Yanvarla bağlı prinsipial mövqeyinə də sadiq qalmış, faciə qurbanlarının xatirəsinin əziz tutulması, şəhid ailələrinə və qırğında əlil olanlara dövlət qayğısı göstərilməsi ilə əlaqədar bütün zəruri tədbirləri yüksək səviyyədə gerçəkləşdirmişdir. Dövlət başçısının 20 Yanvar faciəsi barədə söylədiyi öyünclü mülahizə bu qanlı hadisənin əsl mahiyyətini və tarixdəki yerini çox dəqiq ifadə edir: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu.

 Faciədən 28 il keçir.Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edir. Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tutur.

Prezident İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən vurğuladığı kimi: Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

Bəli, nə qədər ki, xalqımız yaşayacaq, nə qədər ki, müstəqil Azərbaycan var olacaq--şəhidlər heç zaman unudulmayacaq. Onlar xalqın azadlığı yolunda canlarından da keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə--əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Şəhidlərin yarımçıq qırılmış ömürləri canlarını qurban verdikləri amallarda və əməllərdə davam edir.