Azərbaycan.-2018.-20 yanvar.-14.-S.3.

 

İnsanlığa sığmayan terror aktı

 

Rəhman Salmanlı

Gürzalı Nəbiyev,

Bakı şəhəri, Nəsimi rayonunun sakini, pensiyaçı

- 1988-ci ildə Ermənistandan, Göyçədən gələn qaçqın kimi Biləcəridə yataqxanada məskunlaşmışdıq. Yanvarın 19-u günü gecə metronun XI Qızıl Ordu (o vaxt belə adlanırdı) stansiyasından çıxıb Biləcəriyə, yaşadığım yataqxanaya təzəcə çatmışdım. Gəldiyim istiqamətdən, indiki mərkəzi avtovağzal və Biləcəri yoxuşu deyilən ərazidən dəhşətli insan səsləri və maşın-texnika tırıltısı eşidildi. Bütün yataqxana sakinləri narahat oldu. Qonşularımla Biləcəri enişinə gəldik, gördük ki, Xırdalan istiqamətindən gələn sovet ordusunun tankları, BMP-1lər, BMP-2-lər, BTR-lər magistral yolda böyük bir kolon yaradıblar. Saqqallı silahlıların sovet əsgərlərinin və saysız-hesabsız texnikanın şəhərə girişinin qabağını almaq üçün dinc əhali KaMAZ və QAZ-53 markalı yük maşınları ilə yolu bağlamışdılar, özləri isə yerdə oturmuşdular. Etirazçılara dəstək olmaq üçün biz də onlara qoşulduq... Bir də gördük, sovet tankları kolon boyu nazik işıq saldılar. Bu paroldan sonra Xırdalandan bəri magistralda dayanan bütün texnika bir anda hərəkətə gəldi, tırtıl səsləri aləmi bürüdü. Qabaqda tanklar, ardınca BTR-lər, BMP-lər yola düzülmüş yük maşınlarını əzib keçərək yol boyu oturan əliyalın əhalinin üstünə yeridilər. Qaçıb sağ qalanlar bir azdan yol qırağı ağacların arxasından, yolkalıqdan çıxıb magistralın ortasındakı meyitləri görəndə, yarımcan yaralılara yardım etmək istəyəndə ürəyi gedən də oldu. Kimi təcili yardıma zəng etməyə, kimi dostunu, qonşusunu, kimi də səsə gələn ətraf binaların sakinləri ilə birgə yaxınını axtarmağa başladı... Dəhşətli o idi ki, bu zaman sovet əsgərləri dinc, əliyalın əhaliyə qarşı atəşi dayandırmırdılar. İstər kişi olsun, istər qadın, istər uşaq olsun, istərsə də qoca fərqi yox idi, hamıya atəş açırdılar. Hətta yol qırağı binalarda işıq gələn pəncərələri də güllə-baran edirdilər.

Bu qanlı faciədən 28 il ötür, bu illər ərzində hər dəfə o yolu keçib gedəndə o dəhşətli mənzərəni xatırlayıram. Bunları heç vaxt unuda bilmirəm. Mən sovet ordusunda əsgərlikdə olmuşam. Çox təəssüf edirəm ki, xalqıma qarşı belə bir amansızlıq və haqsızlıq edən bir orduda xidmət etmişəm. Öz əllərimlə qəbirlərini qazdığım, dəfnlərində yaxınları kimi iştirak etdiyim o şəhidləri həmişə bayramlarda və 20 Yanvar günü gəlib ziyarət edirəm. Allah onlara rəhmət eləsin!

Bu vəhşilikləri törədən sülh carçısı kimi tanıdığımız sovet ordusunun əsgərləri idi

 

Şirməmməd Rəhimov,

Yasamal rayonu, təqaüddə olan həkim-terapevt

- O dəhşətli gecənin şahidlərindən biri də mənəm. O vaxt Bakının 9-cu mikrorayonundakı təcili-tibbi yardım stansiyasında həkim işləyirdim. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi texnikasının və əsgərlərinin hücumuna, atəşinə məruz qalan yaralı insanlara yardım göstərənlərdən biri idim. O zaman Bakı şəhərində 15 təcili yardım stansiyası var idi. Stansiyalarla əlaqə ancaq hava telefonları (ratsiya qurğuları) vasitəsi ilə saxlanılırdı. Şəhərdəki narahatçılıqdan, qeyri-sabit durumdan az-çox məlumatlı idik. Gecənin yarısı stansiyaya daxil olan məlumatdan bəlli oldu ki, Bakı-Mərdəkan yolunda sovet hərbçiləri tərəfindən bir təcili-tibbi yardım maşını vurulub, içərisindəki həkim ağır güllə yarası alıb. Bəlkə də həyatımda ilk dəfə idi ki, eşitdiklərimə inanmaq istəmirdim, təəssüf ki, bu kimi həyəcanlı xəbərlər tez-tez bir-birini əvəz edirdi.

Gecə saat 12-də indiki Mərkəzi Şəhər Avtovağzalı istiqamətindən şəhərə doğru irəliləyən tankların, tırtıllı texnikanın səsi gecənin bağrını deşirdi, havada sağa-sola şütüyən işıqsaçan güllələr insanları çaş-baş salmışdı. Təcili yardım stansiyamız metronun XI Qızıl Ordu (indiki 20 Yanvar) stansiyasına nisbətən yaxın olduğundan buraya ilkin tibbi yardıma gedənlər bizim həkim və tibb bacıları, bir də vicdanlı xüsusi minik avtomobili sahibləri və yaralılara kömək etmək istəyən vətənpərvər insanlar idi.

3-cü mikrorayonun dairəsindən Azon zavodu istiqamətinə gedən təcili-tibbi yardım maşını bır az gedib dayandı, irəli getmək mümkün deyildi. İnsanlar ağlaya-ağlaya, axın-axın üzüaşağı, Papanin deyilən Xutor istiqamətinə doğru axışır, ağacların dibində yaralı iniltisi eşidilirdi, kim isə kiminsə qoluna girib dirənə-dirənə həyəcan içində qaçmağa çalışırdı. Zülmət gecədə güllənin haradan atıldığı dəqiq bilinmirdi, yalnız dəydiyi yerdə parlayan qığılcımları görmək mümkün idi. Bir neçə ağır yaralının səsini eşidərək yaxınlaşıb onları xəstəxanaya çatdırdıq. İki-üç dövrədən sonra yaxınlıqdakı xəstəxana və poliklinikalarda yer sıxlığından təcili yardım maşınları şəhərin digər ərazilərindəki xəstəxanalara qaçmalı oldular. Sovet ordusunun qəhrəmanları küçədəki əliyalın insanlarla yanaşı, yolun kənarındakı hündürmərtəbəli binalarda yaşayanların, güllə səsinə yuxudan ayılıb otağının işığını yandıranların mənzillərini də atəşə tuturdular.

Həmin dəqiqələrdə çağırışların sayı artdığından, onlara yerindəcə ilk tibbi yardım göstərmək çətin idi, demək olar ki, mümkün deyildi. Yollar qorxulu olmaqla saqqallı hərbçilərin nəzarətində idi. Bizdən bir az aralı tankın üstündə dayanan əsgərlər təsadüfən şəhər istiqamətindən köməyə gələn Jiqulinin əvvəl təkərlərini, sonra da şüşələrini gülləbaran etdilər. Biz həmin maşının içindəki iki nəfəri, eləcə də yolun kənarında divarın dibində qan itirib heydən düşmüş yaralını götürüb ölümcül halda xəstəxanaya çatdıra bildik.

O dəhşətli qanlı şənbə gecəsindən 28 il ötməsinə baxmayaraq gördüklərimi unuda bilmirəm. Bu vəhşilikləri törədənlər özünü dünyaya sülh carçısı kimi tanıdan sovet ordusunun əsgərləri idi. Bu qanlı cinayət bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş dəhşətli terror aktı idi.