İki sahil. - 2018.- 9 iyun. - 110. - S. 19.

 

Azərbaycan Xalq Cümhuriyyətində hüquqi dövlət quruculuğu məsələləri və siyasi-hüquqi fikrin inkişafı

 

Qəhrəman Behbudov,

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri,

hüquq üzrə fəlsəfə doktoru

 

XX əsrin əvvəllərində Azərbaycan demokratik fikrinin, milli məfkurənin nümayəndələri xalqımızın zəngin mənəvi-mədəni irsinə əvəzsiz töhfələr bəxş etmiş, milli birliyin formalaşmasında, milli mənlik şüurunun yaranmasında, oyanışında, inkişafında və təşəkkülü prosesində uzun illər boyunca layiqli xidmətlər göstərmişlər. Lakin onların yaradıcılıqları uzun illər boyu ciddi araşdırmalardan kənarda qalmışdır. Ən yaxşı halda isə belə zəngin elmi-fəlsəfi irsə yanaşmalarda, tədqiqatlarda hər zaman və hər yerdə tamamilə birtərəfliyə yol verilmiş, qəlibə, çərçivəyə salınmış formada yanaşılmışdır.

Hələ XX əsrin əvvəllərində Azərbaycan demokratik fikrinin görkəmli nümayəndələri yenilikçilik, müasirlik ideologiyasına sədaqət nümayiş etdirmək yolu ilə millətini azad ola bilməklə müstəqil, azad dövlətinə sahib çıxa biləcəyi amalını gizlin-gizlin vurğulayırdılar. Xalqı, milləti bu amal uğrunda çarpışmağa çağırırdılar və onları buna hazırlayırdılar.

Güclü sosial sarsıntılar və sinfi qarşıdurmalar şəraitində yaşayıb mübarizə aparan bu görkəmli mütəfəkkirlər nəinki əməli fəaliyyətləri, habelə elmi-nəzəri araşdırmaları ilə də bütünlüklə öz həyatlarını Azərbaycan xalqının, eləcə də türk dünyasının azadlıq mübarizəsinə həsr etmiş, zəngin nəzəri irs qoyub getmişlər. Onların dövlət və hüquq haqqında təlimləri də bu qəbildəndir.

Hazırda Azərbaycanda köklü siyasi və sosial-iqtisadi islahatların həyata keçirildiyi bir dövrdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması dövlət və hüquq nəzəriyyəsinin əsas problemlərinə yeni yanaşmalar, mövcud dəyərlər sisteminə yenidən baxmağı, yeni mənəvi-hüquqi ideyalar ortaya qoymağı tələb edir.

Buna isə yalnız bəşəriyyətin, o cümlədən Azərbaycan xalqının mənəvi-siyasi təcrübəsinə istinad etməklə, görkəmli mütəfəkkirlərimizin nəzəri irsini dərindən öyrənməklə nail olmaq olar.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız ilk demokratik respublikasını, onun yaradılmasında iştirak edənlərin hamısını böyük hörmət və ehtiramla, minnətdarlıqla yad edir. Onların fəaliyyəti, gördüyü işlər xalqımızın xatirəsində əbədi həkk olunmuşdur. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının qabaqcıl, mütəfəkkir insanlarının xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edir, AXC-nin yübileyləri ilə bağlı çıxışlarında, imzaladığı sənədlərdə Cümhuriyyətin yaranmasında böyük işlər görmüş, xidmətlər göstərmiş şəxsiyyətlərin Azərbaycan xalqının həyatında, tarixində, gələcək taleyində oynadıqları böyük rola öz hörmət və ehtiramını bildirirdi. Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixi taleyində xüsusi rolunu nəzərə alaraq 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinin keçirilməsi haqqında xüsusi Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev özünün 2001- ci il, Yeni əsr və III minillik münasibətilə Azərbaycan xalqına müraciətində XX əsrdə xalqımızın əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını da qeyd etmişdir. Müraciətdə qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları - öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrilmişdir.

O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanındı.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai- siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.

Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu.

Bu Cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusufbəyli, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.

AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu bu gün də hörmətlə xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur.

Bunu Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar aşkar şəkildə ifadə edir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin, Məhəmməd Əmin Rəsulzadənin 130 illik, Əlimərdan bəy Topçubaşovun 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir.

2018-ci ildə Azərbaycan milli dövlətçilik tarixində xüsusi yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyevin ilk milli dövlətimizin 100 illiyi ilə bağlı imzaladığı Sərəncamda Cümhuriyyətin yaradılması XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi səciyyələndirilir və qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət Parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.

Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir- birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Sərəncamda göstərildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, milli- demokratik və azadlıq hərəkatına rəhbərlik etmiş qabaqcıl, mütərəqqi xadimlərin böyük rolunu bir daha təsdiq etmiş oldu. Cümhuriyyətin banilərinin və rəhbərlərinin həyatı, siyasi və dövlətçilik fəalyyəti, ictimai-siyasi baxışları ibratəmiz nümunədir. Azərbaycan milli hərəkatının görkəmli nümayəndələrinin müstəqil dövlətçiliyin təşəkkül tapmasında rolunun hərtərəfli və kompleks öyrənilməsi siyasi-hüquqi təlimlər tarixi fənni qarşısında duran mühüm vəzifələrdəndir.