Azərbaycan.-2018.-20 yanvar.-14.-S.3.

 

Can verən imperiyanın qurbanları

 

Seyran Cavadov

Mixail Qorbaçov hakimiyyətə gələndən az sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlərindən Heydər Əliyevi, Andrey Qromıkonu, Dinmuxamed Kunayevi, Vasili Şerbitskini və digər görkəmli şəxsiyyətləri müxtəlif bəhanələrlə SSRİ rəhbərliyindən kənarlaşdırdı. Elə bundan sonra milli zəmində baş verən qarşıdurmalar getdikcə genişləndi. Qazaxıstan, Gürcüstan, Özbəkistan, Pribaltika respublikalarında, habelə Rusiyanın daxilində silahlı toqquşmalar çoxlu sayda insan tələfatı ilə nəticələndi. Hiyləgər erməni millətçiləri bu dəfə rüşvətxor və xain M.Qorbaçovu ələ alaraq onilliklər boyu həsrətində olduqları məqsədlərinə çatmaqdan ötrü əzəli, əbədi torpaqlarımız olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün məkrli niyyətlərə əl atırdılar. M.Qorbaçovun hadisələri daha da dolaşdırması, xalqımızın hüquqlarını xaincəsinə pozaraq ermənipərəst mövqedə dayanması bütün Azərbaycan vətəndaşlarını hiddətləndirmişdi. O günlərdə Bir dəli quyuya bir daş atıbdı adlı şeir yazaraq qəzəb və nifrətimi ifadə etdim:

 

Gör necə söz deyib aqil babalar,

Bu sözün ardında mənalı bir sirr.

Bir dəli quyuya bir daş atıbdır,

Min ağıllı onu çıxara bilmir.

 

Daşa da ad qoyub çox əziz-xələf,

Deyir ki, qoyuram yenidənqurma.

O daş o quyuya atılan gündən

Başladı vurhavur, yenidənqırma.

 

Hərdən ip salladı özü quyuya.

Tarix naxələftək onu anmasın.

İpə bilə-bilə sabun çəkdi ki,

Xilas olunmağa ümid qalmasın.

 

Bir az sayıq olun, ölkələr, xalqlar,

Bu daşda məkrli, çirkin bir sirr var.

Biz onu quyuda qoya bilmərik,

Yoxsa bu dünyanı çəkib aparar.

 

Yaranan vəziyyət isə ermənilərin iştahasını daha da artırırdı. Sovetlər dövründə Dağlıq Qarabağ Vilayətində komsomol və partiya işində çalışmış R.Köçaryan və qatil S.Sarkisyan Xankəndidə bu işlərə bilavasitə rəhbərlik edirdilər. Onlar Qarabağda azərbaycanlı əhaliyə divan tutur, xalqımızı dədə-baba torpaqlarından qovur, mitinqlər təşkil edib Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Ermənilərin tərəfini saxlayan M.Qorbaçov qəsdən özünü bilməməzliyə vurur, deyirdi ki, kimin haqlı olduğunu bilmək mümkün deyil, guya bunu aydınlaşdırmaq lazımdır. Guya SSRİ-də bəzi məsələlərin əsl mahiyyəti hələlik məlum deyil, bunları araşdırmaq müəyyən vaxt tələb edir. Bu cür bəhanələrlə Qorbaçov ermənilərə silahlanmaq və cinayətlərini genişləndirmək üçün münbit şərait yaradırdı. Azərbaycanın o zamankı rəhbərliyi isə vəziyyətdən çıxış yolu tapıb xalqı müdafiə etmək əvəzinə, mərkəzin əlində oyuncağa çevrilmişdi və Kremlin diktə etdiklərini robot kimi icra etməkdə idi. 1988-ci ildə Topxana meşəsində ermənilər tərəfindən ağacların qırılması Azərbaycan xalqının səbir kasasını daşdırdı. Paytaxt Bakıda, respublikamızın bütün rayonlarında xalq ayağa qalxdı, torpağımızda yaşayıb çörəyimizi yeyən, suyumuzu içən, üstəlik, özümüzə qənim kəsilən ermənilərin hərəkətlərinə göz yuman mərkəzin ikiüzlü siyasətinə etirazını bildirdi. Xalq azadlıq, haqq-ədalət istəyirdi! Amma ermənilərə rəvac verən mərkəzi hökumət xalqımızın haqq səsini boğdu, nümayişi dağıtdı. Məsələ düyünə düşmədən həll oluna bilərdi, əgər Moskva düzgün mövqe tutub ocağı daha da alovlandırmasaydı. Lakin münaqişə ermənilərin hazırladığı ssenari üzrə davam edir, qurbanların sayı artır, Ermənistanda yaşayan azərbaycanlı əhali son nəfərinə kimi əzəli torpaqlarından vəhşi üsullarla qovulur, Qarabağ od tutub yanır, Sumqayıt faciəsi törədilir və günahlar hiyləgərliklə azərbaycanlıların üstünə atılırdı. Azərbaycanda isə hakimiyyət uğrunda çəkişmələr gedirdi. Onsuz da əliyalın olan xalq hiyləgər və təpədən-dırnağa qədər silahlanmış düşmənin təzyiqi altında idi. Başıpozuq silahlı dəstələrimiz isə ordu kimi birləşəcək bir vəziyyətdə deyildi. Nəhayət, 1990-cı ilin yanvarı. Xalq hərəkatı getdikcə güclənirdi. Hökumətdən Azərbaycanın haqlı tələblərinə ədalətlə baxmaq, düzgün mövqe tutmaq tələb olunurdu. Xalq azad söz demək, sərbəst fikir ifadə etmək hüququndan istifadə etmək istəyirdi. Uzun illər boyu inanıb güvəndiyimiz sovet ordusu xalqın haqq səsini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya hücum etdi. Guya fövqəladə vəziyyət həyata keçirilirmiş. Əslində, bu, can verən qırmızı imperiyanın öz ömrünü uzatmaq üçün son cəhdi idi. Fövqəladə vəziyyəti xalqa elan etmədən Qərb istiqamətindən də şəhərə soxulan ordu qarşısına nə çıxdısa, gülləbaran etdi. Tanklar avtomobilləri tırtılları altında qoyur, silahlılar dinc əhalini, uşaqları, qadınları, qocaları, hətta bu mənzərəyə çoxmərtəbəli binaların eyvanlarından baxan sakinləri avtomatlardan atəşə tuturdular. İndiki 20 Yanvar metrosunun ətrafındakı küçə və prospektlər qana bələndi. Həmin axşam və səhər qətliam davam etmişdi. Nəticədə 130-dan çox vətəndaşımız şəhid oldu. Onların arasında uşaqlar, qadınlar və qocalar da vardı, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi.

1990-cı ilin yanvarı faciəli olduğu qədər də xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. Sovet imperiyası qanlı cinayəti ilə Azərbaycan xalqını sarsıda bilmədi. Əksinə, xalqımız özündə yeni güc tapdı. Milliyyətindən, din və təriqətindən asılı olmayaraq birləşərək yumruğa döndü. Şəhidlərimiz sonsuz bir ehtiramla, izdihamla Dağüstü parkda dəfn olundular.

Şəhidlərimizdən biri Salyan şəhərində böyüyüb boya-başa çatmış Elçin İmanov idi. O, Tibb Universitetinin 4-cü kursunda oxuyurdu. Elçin də düşmən gülləsinə tuş gəldi, təhsili kimi neçə-neçə arzuları da yarımçıq qaldı. Salyan camaatı böyükdən tutmuş kiçiyə kimi Elçin İmanovla vidalaşmağa gəldi. Şəhidi Salyan qəbiristanlığında torpağa tapşırdılar. 20 Yanvar hadisələri qəlbi Vətən eşqi ilə çırpınan hər kəsi hədsiz dərəcədə hiddətləndirmişdi. Salyan rayonunun Sarvan kənd sakini, adlı-sanlı əmək adamı, fiziki cəhətdən çox sağlam olan Sakit Səmədovun ürəyi baş verən bu haqsızlığa, cinayətə, zülmə dözə bilmədi, birdəfəlik dayandı.

20 Yanvar hadisələri qırmızı imperiyaya qarşı ümumxalq hiddətini və nifrətini daha da alovlandırdı. Rayonlarda da əhali ayağa qalxaraq bu hadisəni törədənləri lənətləyir və bunun üçün cavab verməyi tələb edirdilər. Odur ki Cənub bölgəsində növbəti hədəf Lənkəran və Neftçala rayonları oldu. Yanvarın 22-də xüsusi təyinatlı qırmızı ordunun zabit və əsgərləri Lənkəran şəhərini mühasirəyə aldılar. Onların bu özbaşınalığına qarşı müqavimət göstərən adamlara divan tutuldu. Lənkəran rayon sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov həlak oldular. Hadisələrin iştirakçısı Rafiq Rüstəmovun sözlərinə görə sonrakı mərhələdə imperiya qoşunlarının silahlıları 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlamışdılar. Onlardan 1 nəfəri - Toğrul Abdullayev Ulyanovska aparılarkən vertolyotda boğularaq öldürülmüşdü.

Lənkərandan sonra yanvar ayının 25-də silahlanmış ordu qüvvələri Neftçala rayon mərkəzinə yeridilər. Burada da dinc əhaliyə amansız divan tutuldu. Rayon sakinləri Şəmsəddin Orucov, Əbülfəz Cəfərov və Nurəddin Ağahüseynov həlak oldular. Bundan başqa, 9 nəfər yaralandı, 37 nəfər həbs edildi. Həbsxanada onlar dözülməz işgəncələrə məruz qaldılar. Bu qəzəbli, kədərli günlərdə şəhidlərə olan məhəbbət və ehtiram da şeirlərə çevrilirdi:

 

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar!

Yaşayan hər ömürdə qanınız, canınız var!

 

Səs verdiniz Vətənin harayına, səsinə,

Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.

Məzarınız dönübdür ziyarət türbəsinə.

İnanın, and içirik, qanınız alınacaq!

Xatirəniz, ruhunuz həmişə anılacaq!

 

Bir ata övladından el oğluna döndünüz.

Kim deyir ki, öldünüz, kim deyir ki, söndünüz?!

Gələcək nəsillərə yetəcəkdir ününüz.

Siz bu gün də, sabah da - əsrlərlə sağsınız!

Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

 

Siz yazdınız millətin tarixini qan ilə,

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulub min çələngə, min gülə.

Tərsiniz çiçək kimi, həmişə baharsınız!

Azərbaycan köksündə həmişə yaşarsınız!

 

20 Yanvar, Xocalı soyqırımı, torpaqlarımızın zəbt edilməsi ən yeni tariximizin qanlı səhifələridir. Bütün bu həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması, cinayətkarların cəzalandırılması ilə bağlı Prezident İlham Əliyev və onun göstərişi ilə lazımi qurumlar sistemli şəkildə iş aparırlar. Görülən tədbirlər sayəsində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ haqqındakı həqiqətlər dünyaya yayılır. Lakin düşmən çirkin niyyətindən hələ də dönmək istəmir. Xarici ölkələrdə yaşayan milyonçu ermənilər də ayrı-ayrı siyasətçiləri, diplomatları, jurnalistləri ələ almaqdadır və bu istiqamətdə pullarını xərcləməkdə xəsislik etmirlər. ATƏT-ə həmsədrlik edən ölkələrin səfirləri dəfələrlə dəyişsə də, vəziyyət dəyişmir ki, dəyişmir! Onlar tutduqları ikili mövqedən əl çəkmirlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də icra olunmamış qalır!