Azərbaycan.-2018.-20 yanvar.-14.-S.5.

 

Azadlıq uğrunda mücadilə tarixi

 

Məhəmməd Nərimanoğlu

 

Xalqımızın qürur günü 20 Yanvar - şənbə gecəsi! Həmin gün sovet ordusunun ağır, zirehli texnikasının tapdağı altında qalanların fəryadlarının, ah-nalələrinin eşidilmədiyi, ağsaqqal və ağbirçəklərin, toy üstündə olan oğul və qızların qanlarına qəltan olduqları, hakimiyyət eşelonunda mürgüləyənlərə, hələ də gözlərini Kremlə dikənlərə inamın itdiyi gün kimi tarixə yazıldı.

 

20 Yanvar təkcə xalqımızın azadlıq mübarizəsinin boğulduğu deyil, həm də yetmiş illik imperiya buxovundan sıyrılıb çıxaraq müstəqillik uğrunda əzmkarlığını nümayiş etdirdiyi gün kimi də tariximizin şərəfli səhifələrindəndir.

Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi sayılan 1990-cı ilin qanlı Yanvarından 28 il ötür. Hər bir hadisədən müəyyən zaman keçdikdən sonra o, daha dərindən dərk edilir və nəticə çıxarılır. Bu, bir xalqın həm imperiyanın qəddarlığına və amansızlığına qarşı savaşı, eyni zamanda, bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. Şərəflə yaşadığımız o gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, baxmayaraq ki, oğul və qızlarımız qanlarına qəltan edildi, tankların tırtılları altında xıncım-xıncım doğrandılar... Qərənfil libaslı Bakı o müdhiş günlərdə şəhid qanında boğulsa da, xalqımızın və millətimizin azadlıq carçıları birliyə, bütövlüyə, daha doğrusu, ölümsüzlüyə - şəhidliyə yol açdı...

Həmin tarixi günlərdə xalqımızın milli birliyi dünya ictimaiyyətini heyrətə gətirmişdi. Dağüstü parkın Şəhidlər xiyabanına çevrilməsi, torpaq və azadlıq uğrunda canlarından və qanlarından keçmiş vətən övladlarının burada dəfn olunması xalqın iradəsi və hökmü ilə gerçəkləşdi. Həmin hüznlü, matəmli günlərdə yaradılan İctimai Dəfn Komissiyasının fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Milli-azadlıq hərəkatının iştirakçılarından biri, qanlı Yanvar faciəsi zamanı şəhidlərimizin dəfnini təşkil etmiş həmin komissiyanın sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə qanunsuz həbslər, hərbçilərin qəzəb doğuran hərəkətlərinin baş alıb getdiyi günlərdən söz açan Nikbin faciə, Qanlı Yanvardan 15 il keçdi... adlı dərc olunmuş qeydlərinə yeni faktlar, materiallar daxil edib 20 yaşlı 20 Yanvar kitabını çapdan buraxdırdı. O günlərin sərt fövqəladə vəziyyətdə, yerli hakimiyyət qurumlarının iflic olması, hərbi vertolyotların əsəbləri oynadan vahiməli gurultuları, vaxtaşırı şəhərin müxtəlif yerlərindən eşidilən atəş səsləri, kütləvi təqiblər, təhqiramiz yoxlamalar haqqında dolğun və təkzibolunmaz faktlar həmin topluda öz əksini çox dolğun tapdı.

Bu toplu gələcəkdə o günləri hərtərəfli əks etdirən sanballı elmi tədqiqatlar aparıldıqda, həmin hadisələrin şahidi olmuş müəllifin tarixi ardıcıllıq prinsipləri, xronoloji qaydada yazılmış qeydləri, bəzi zəruri təkrarları nəzərə almaqla, baş vermiş proseslərin obyektiv mənzərəsinin yaradılması işinə müəyyən xidmət göstərəcək: Yağışlı-yağmurlu yanvar günlərinin biri idi. Qaş qaralırdı. Pərişan və nimdaş geyinmiş 15-16 yaşlı bir oğlan uşağı göz yaşları içində İctimai Dəfn Komissiyası üzvlərinə yaxınlaşaraq, həlak olmuş və bir həftədir ki, axtardığı atasını, nəhayət, meyitxanadan tapdığını söylədi. Komissiya üzvləri və köməkçilər dərhal ora yollandılar. Rus hərbçisinin açdığı atəşin qurbanı olmuş V.V.Yermiçevin tabutu Şəhidlər xiyabanına gətirildi.

Qaranlıq havada, şam işığında hamımızın islandığımız bir vəziyyətdə şəhidi dəfn etməyə başladıq. Bu anda Boris Vasiliyeviçin oğlunun atasını tabutda deyil, azərbaycanlı şəhidlərdən biri kimi basdırılması təklifi hamımızı kövrəltdi. Komissiya üzvlərindən kimsə astaca dedi:

- Oğlum, bəlkə anan razı olmadı?

Məlum oldu ki, oğlanın anası ağır xəstədir, bacısı isə ondan xeyli kiçikdir.

Hamı bir anlıq susdu. Mən fikrimi qəti bildirdim:

- O, böyük oğul kimi indi evin kişisidir. Onun sözü bizim üçün qanundur.

Bu fakta diqqəti çəkməyim təsadüfi deyil. Amma o günlərdə şovinistlər bizi islam təməlçiliyində günahlandırırdı.

20 Yanvar hadisələrində milli oyanışı boğmağa çalışan sovet diktaturası ilk növbədə informasiya blokadası yaratdı, hərbi senzura tətbiq etdi ki, törədilən vəhşiliklərdən dünya ictimaiyyəti xəbərsiz olsun. Fövqəladə vəziyyət rejimində yaşayan Azərbaycan xalqının haqq səsini heç bir senzura boğa bilməzdi. Gizli yollarla Azərbaycana gəlmiş xarici ölkələrin müxtəlif KİV nümayəndələri 20 Yanvar hadisələri barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynadılar. ABŞ, Kanada, İngiltərə, Türkiyə, İran, Fransa, Çin, Yaponiya, Hindistan, Misir, Polşa, İtaliya, Almaniya, Macarıstan, ümumiyyətlə, 80-dən artıq ölkəni təmsil etmiş jurnalistlər səmimi etiraf edirdilər ki, Bakıya çatana kimi onların burada baş vermiş, habelə hələ də davam edən hadisələrə münasibətləri birmənalı olmamışdı.

Bakıda litvalı jurnalistin hərbçilər tərəfindən qətlə yetirilməsi, Salyan kazarmasındakı bir neçə gün davam etmiş qanlı toqquşma, Bakı limanındakı qarşıdurma, xarici tələbələrin həlak olması və yaralanması, şəhərin müxtəlif hissələrindən tapılmış insan cəsədləri, şəhidlərin dəfninə qoyulmuş ciddi maneələr, Sumqayıt yolunda elm adamlarının gülləbaran edilməsi, təqiblər, işğalçı ordunun əsgər və zabitlərinin özbaşınalığı, girov saxlanılanlar haqqında məlumatların gizlədilməsi, yaxud saxtalaşdırılması faktları xarici KİV nümayəndələrində təəccüb və qəzəb doğuraraq, M.Qorbaçov başda olmaqla, sovet demokratiyası, habelə yenidənqurmasının əsl mahiyyətini üzə çıxararaq ifşa etmişdi.

Ümummilli lider Heydər Əliyev o zaman Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet ordusunun xalqımızın azadlıq səsini boğmaq üçün Bakıya qoşun yeritməsini birmənalı olaraq qətiyyətlə pisləmiş və bu qanlı hadisənin müstəqillik uğrunda mübarizə yolunu tutmuş hər bir müttəfiq respublikada baş verməyəcəyinə kimsəni inandırmağın çətinliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Şəhidlər xiyabanında, son mənzilində uyuyan qurbanlarımız arasında Vətən məhəbbəti dastana çevrilmiş İlham və Fərizə ilə yanaşı, ölümü ilə Əzrayılı başqalarından bir anlıq da olsa, yayındıran, 1932-ci ildə Qafan rayonunda dünyaya gəlib, ömrünün ixtiyar çağlarında erməni vandalları tərəfindən yurdundan didərgin salınmış Mürvət Rəhim oğlu, poetik nəfəsi çox erkən ülviyyətə qovuşan Ülvi Bünyadzadə, sinif otağında qara partası boş qalmış İlqar, avtobusda qorxudan atasına sığınan, daim 7-ci sinif şagirdi kimi xatırlanacaq Larisa, 50 yaşlı Cəbrayıl Xanməmmədov, 66 yaşlı ağsaqqal, 13-14 yaşlı məktəbli, 45 yaşlı yəhudi həkim, 16 yaşlı qız, 43 yaşlı, 31 yaşlı tatar sürücü, 46 yaşlı ləzgi yanğınsöndürən də var...

Deməli, 20 Yanvar təkcə azərbaycanlıların deyil, eyni zamanda respublikamızda yaşayan müxtəlif millətlərin ümumi faciəsidir və azadlıq uğrunda mücadilə tarixidir!

Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: ...Dünənə qədər hər gün rast gəldiyimiz, milyonlardan biri kimi tanıdığımız bu adi cavanlar bir gecənin içində nə boyda böyük qəlbə malik olduqlarını ölümləri ilə təsdiq edib qeyri-adiləşdilər. Şənbə gecəsi onların adilikdən qeyri-adiliyə qovuşuq gecəsi oldu. Heç demə, ömrümüz boyu adlarını fəxrlə çəkdiyimiz tarixi qəhrəmanlarımız da şənbə gecəsinin oğulları kimi adi adamlarmış. Zaman keçəcək, xalq bu igidləri barəsində də əfsanəvi dastanlar yaradacaq, şair və yazıçılarımız kitablar bağlayacaq, poemalar və cild-cild romanlar yazacaqlar...

Necə unutmaq olar ki, xalqa qarşı silah işlədən hərbçilər qətlə yetirdiklərini dəfn etməyə də imkan vermir, Şəhidlər xiyabanında fitnə-fəsad törədir, silah işlədir, atəş açır və sonradan bunu təsadüf sayırdılar.

Sovet ordusunun Bakıya qəfil hücumu, amansız təcavüzünü təsdiqləyən çoxsaylı faktlardan görünür ki, 20 Yanvar hadisələri paytaxt Bakıda milli-azadlıq hərəkatını yatırmaq, onu beşiyindəcə boğmaqla yanaşı, əksəriyyəti erməni muzdlu dəstələrindən təşkil edilmiş xüsusi təyinatlılarla onlara amansız divan tutulması üçün hazırlanmış ssenarinin bir pərdəsi idi. Faktlar da bunu təsdiqləyirdi: öldürülmüş Yuri Meyroviçin cəsədində 21, D.Xanməmmədovun meyitində 10, R.Rüstəmovun qanlı bədənində isə 25 güllə yeri vardı. 25 güllə! Bu, bütöv bir avtomat sırasıdır. Yaxud da günün-günortasında yolun kənarındakı minik maşınını əzib keçən və içərisindəkiləri qətlə yetirən sovet tankının sürücüsünün hərəkətlərini ya təsadüfi, ya da əmri verilməmiş saymaq olardımı?!

Hələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır. Hələ ki Qarabağa aparan yol şəhidlikdən keçir. Qarabağın tacı, xalqımızın musiqi konservatoriyası Şuşa sındırılmış könül şüşəsidir, ona görə də şəhidlik tariximizin sonuncu səhifəsindəki andımıza nöqtə yox, nida qoyulacaq! 20 Yanvardan başlayan şəhidlik Qarabağa yol başladı. Minlərlə azadlıq aşiqi, Vətənə, yurda, torpağa bağlı gənclərimiz, ata-analarımız, qardaş-bacılarımız əsir yurdlarımızın şəhidinə çevrildi.

Şəhidlər xiyabanları Vətənimizin hər bir guşəsində al qırmızı qərənfil libası geyindi. Mübariz İbrahimov kimi cəsur, qorxmaz, igid Vətən övladları - Şəhidlər xiyabanında uyuyan milli-azadlıq mücahidlərinin ölümsüzlüklərinə and içərək qeyrətini silaha çevirdi. Demək, Vətən, uğrunda ölən var! Demək, Torpaq möcüzədir... Torpaq əzəldir... Torpaq sondur...